• cümə, 19 Aprel, 22:14
  • Baku Bakı 24°C

Müğənni filmin bəzəyidirmi?

13.04.16 13:35 3471
Müğənni filmin bəzəyidirmi?
Son bir neçə ildir ki, çəkilən yeni filmlər və serialların əksəriyyətində əsas obrazlar müğənnilərə, şou əhlinə həvalə olunur. Bir çox rejissorlar hesab edir ki, tanınan, gündəmdə olan müğənnilər onların filmlərində rol alarsa, çəkilən film böyük reytinq toplayar. Nəticədə isə rejissorlar bunun əksi ilə qarşılaşırlar. Belə ki, heç bir kurs keçməmiş, obrazın mahiyyətinə belə varmayan ifaçıya obraz həvalə edilir, o isə rolunun öhdəsindən süni şəkildə gəlir. Beləliklə, filmə çəkilən xərc də hədər olur.
Mövzu ilə bağlı ekspertlərə müraciət etdik. Müğənnilər bu işə az da olsa bələd olduqlarını, rejissorlar isə istedadlı insanın istənilən peşədə uğur qazana biləcəyini bildirdilər.
Tanınmış rejissor Rövşən İsax bildirdi ki, müğənnilərin, şou nümayəndələrinin filmlərə cəlb edilməsi məsələsi dünya kino industriyasında var. Hollivudda Cenifer Lopezin özü saysız filmlərə çəkilib. Hansı ki, onun çəkildiyi filmlər reytinqlərdə də birincidir və kifayət qədər sevilir. Müğənniləri filmlərinə dəvət etmək haqqında düşünmədiyini deyən rejissorun sözlərinə görə, müğənnilər aktyor və aktrisalardan daha çox məşhurdurlar: “Ola bilsin ki, müğənnilərin seriala, filmə dəvət olunması həmin sənət əhlinin gündəmdə olması ilə əlaqədardır. Yəqin elə hesab edirlər ki, əgər çəkdiyim filmə müğənni dəvət edərəmsə, həmin film tamaşaçıların marağında olacaq, onlar filmi izləyəcəklər. Ancaq onu da qeyd edim ki, müğənnilərin içərisində kifayət qədər bu işi bacaranları az deyil. Açığını desəm, Azərbaycanda müğənnilərin çəkildiyi filmə və ya seriala baxmamışam. Bilirəm ki, hansısa müğənnilər filmlərə, seriallara çəkilib. Ancaq sırf onların oyunlarını izləmək üçün nə efirdə, nə də kinoteatrda obrazlarına baxmamışam”.
Tarixə nəzər yetirdikdə, ifaçılarımızın filmlərdə rol aldığını və onların canlandırdıqları obrazların yetərincə sevildiyini deyən rejissor, xalq artisti Flora Kərimovanı buna bariz nümunə hesab etdi: “Sovet dövründə də bizim ifaçılarımız filmlərdə rol alıb. Elə götürək “Qanun naminə” filmini. O, filmdə Flora xanımın obrazı çox gözəl alınıb. Yəni deməyim odur ki, bu bizim praktikamızda olan bir şeydir. Əsas odur ki, film çəkərkən doğru insanı axtarıb tapasan. Ancaq nə qədər seçici olsaq da, hesab edirəm ki, müğənnilər psixoloji yükü ağır olan rolları heç zaman aktrisadan yaxşı oynaya bilməzlər. Nəinki müğənnilər, digər sahənin insanları da buraya daxildir. Bu işdə müğənnilərin xarici görünüşü də böyük əhəmiyyət kəsb edir. Onlar filmlərdə daha çox psixoloji yükü olmayan, yüngül melodrama, bəlkə də epizodik rolların öhdəsindən gələ bilərlər. Hətta gəliblər də. Ancaq ağır rollar ki var, çətin ki, kimsə o peşənin sahibindən yaxşı oynaya bilsin”.
Rejissor müğənnilərin filmlərə çəkilməsinə pis baxmır: “İndiyə kimi heç bir müğənnini filmimə çəkməmişəm. Yaxamı da kənara çəkmirəm ki, mən heç zaman müğənniləri çəkmərəm. Həyatdır, hər şey ola bilər. Elə bir vəziyyətə düşsəm, çalışaram ki, axtarıb ən layiqli müğənnini çəkim. Çəkmək məcburiyyətindəyəmsə, ssenarini ona uyğunlaşdıraram. Elə etməyə çalışaram ki, tamaşaçı bizə baxanda “Rejissor bunu niyə çəkib?” deyə sual verməsin”.
Məsələ ilə bağlı xalq artisti Gülyanaq Məmmədova ilə əlaqə saxladıq. Müğənni “Qız atası” serialında qeybətçi xanım obrazını canlandırdığından danışdı. İfaçı müğənnilərin serial və filmlərə çəkilməsində heç bir qəbahətin olmadığını dedi: “Reytinqi müğənnilər özləri qazanır. Bizim Gülyazla iştirak etdiyimiz “Qız atası” serialında peşəkar komanda heyətinin işinə şahidlik etdik. Mən hər zaman serial və filmlərimizin təbiiliyindən şikayət etmişəm. Ancaq özüm o işin içərisində olanda gördüm ki, onlar öz işlərinin peşəkarıdırlar. Biz serialda Albadam və Gülbadam obrazını canlandırırdıq. Bizim simamız həmin obraza uyğun gəldiyi üçün bizi seriala dəvət etdilər. Hesab edirəm ki, hər bir müğənni aktrisalığı da bacarmalıdır. Çünki biz oxuduğumuz mahnıları tamaşaçılara səsimizlə bərabər, eyni zamanda hərəkətlərimizlə də çatdırmağı bacarmalıyıq. Hər zaman demişəm ki, müğənnilər aktyor sənətinə yiyələnməlidirlər. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində ikinci dəfə məhz buna görə oxudum. Bəs necə olur, aktyorlar müğənnilik edə bilirlər, müğənnilər aktyorluq edə bilmirlər? Bunun nəyi pisdir ki? Bəlkə onun istedadı müəyyən yaşdan sonra büruzə verib? Elə insanlar var ki, aktyorluq sənətini oxumayıb. Ancaq o insan doğuluşdan istedadlıdır. Onun efirdə çıxıb obraz yaratmasının nəyi pisdir ki? Əgər potensialı varsa, obrazı tam şəkildə çatdıra bilirsə, niyə də oynamasın? Dünyanın müxtəlif ölkələrində tanınmış müğənnilər, aparıcılar aktrisalıq edirlər. Məgər onların filmləri baxılmırmı, sevilmirmi? Hətta müğənnilər haqqında film də çəkilir. Aktyorun mahnı oxumağına da pis baxmıram. Kimin istedadı, bacarığı varsa, getsin oynasın”.
Uşaqlıq arzusunun aktrisalıq olduğunu qeyd edən xalq artisti bildirdi ki, ifaçılıq sənətinə məhz aktrisalığa olan həvəsinə görə gəlib. Opera və Balet Teatrında “Leyli və Məcnun”operasında Leylinin mahir ifaçısı olan Gülyanaq xanım deyir ki, xanəndəliklə yanaşı, ifaçıdan aktyorluq da tələb edilir: “Səhnəyə çıxanda əlinə qaval alıb xanəndə kimi ifa edə bilərsən. Səs orada ilişə də bilər, ölüm səhnəsində xırıldaya da bilər. Ancaq bunun özü də obraza bir gözəllik verir. Vacib deyil ki, sən orada ancaq oxuyasan. Oxuya-oxuya obrazı çatdırmalısan. Xanəndələr də aktyorluğu bacarmalıdırlar. Bizim canlandırdığımız obrazlar aktyorların işindən də çətindir. Filmlərdə aktyorlar 4-5 dubla çəkildiyi halda, biz səhnəyə bir dəfə çıxırıq”.
Əməkdar artist, aktyor Mirzə Ağabəyli isə yeni çəkilən milli kinolara və teleseriallara aktyorun əvəzinə müğənnilərin, modellərin çəkilməsinə narazı olduğunu mediada ifadə edib: “Maddi dəstək verilməsindən aydın olur ki, dövlət kino və teleserial sənayesinin inkişafında maraqlıdır. Dəstək göstərir. Bəli, qloballaşma proseslərinin intensiv xarakter aldığı müasir dünyada Azərbaycan xalqının milli-mənəvi dəyərlərinin, zəngin mədəni irsinin qorunması və təbliği mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda yerli televiziya kanalları həmin istiqamətdə telefilmlər yayımlamalıdır, ölkənin ictimai-siyasi və mədəni həyatında gündən-günə daha böyük rol oynamalıdır. Etiraf etmək lazımdır ki, son illərdə mədəniyyət tariximizin parlaq səhifələrini şərəflə yazan milli teatr, milli kino sənayesində yeni mərhələyə qədəm qoymuşuq. Dövlət mədəniyyət sahəsinə dəstək və qayğısını həmişə göstərir. Amma dövlətin qayğı və dəstəyini hər kəs müsbət dəyərləndirmir. Etimadı doğrultmur. Milli filmlərə, teleseriallara müğənniləri, modelyerləri dəvət edirlər. Onlardan aktyor düzəltmək istəyirlər. Aktyorlar yol gözləyir, dəvət gözləyir. Nədənsə onları dəvət etmirlər. Çağırmırlar. Müğənnilər, xanəndələr, modelyerlər özlərinə hobbi yaradıblar. Aktyorluğu özləri üçün hobbi ediblər. Yəni, guya onlar aktyorluq sənətini də bilirlər. Bəzən olur ki, özləri yazıb, özləri çəkib, özləri də oynayırlar. Yəni ssenari müəllifi olurlar, həm rejissorluq, həm də aktyorluq edirlər”.
M.Ağabəyli bildirib ki, son zamanlar bayram şənliklərində aktyorların əvəzinə müğənnilər kiçik səhnəciklərdə iştirak edirlər: “Bu, şoudur. Bunu haradasa anlamaq, qəbul etmək olar. Bu əyləncədir. Qəbahət yoxdur. Amma televiziya filmlərinə onların çəkilməsi arzuolunmazdır. Dövlət səviyyəsində filmlərin çəkilməsinə dəstək və qayğı var. Bu qayğını dəyərləndirmək, məsuliyyətli olmaq, işini bilmək gərəkdir”.
“Öz” film şirkətinin direktoru, kinoprodüser Fehruz Şamıyev bizimlə söhbətində müğənnilərin son dönəmlər çəkildiyi filmləri xatırlamasa da, müəyyən seriallarda şou-biznes nümayəndələrinə rastladığını bildirdi: “Müğənnilərin çəkilən yeni filmlərdə rol alması daha çox həmin audiovizual məhsulun reklam olunması ilə bağlıdır. Hansısa müğənni filmə çəkilirsə, onun izləyiciləri mütləq sevdiyi ifaçının rol aldığı həmin filmi də izləməyə çalışacaq. Bu da çəkilən filmin gəlir gətirməsinə müəyyən qədər təsir edir”.
O ki qaldı müğənnilərin rollarının öhdəsindən yetərincə gəlməməyinə, prodüser deyir ki, bu daha çox həmin filmin və ya serialın rejissorundan asılıdır. Belə ki, filmə çəkilən müğənni işinə məsuliyyətlə yanaşıb aktyor dərsi ala bilər: “Bununla tam olmasa da, məhsulun keyfiyyətli alınmasında bir addım atmış olar. Hansısa müğənninin rolunun öhdəsindən layiqincə gəlməməyi birbaşa filmin prodüserinin, rejissorunun günahıdır. Həmin obraz üzərində işləmək üçün peşəkar aktyor dəvət etməlidirlər. Peşəkar aktyor çəkiləcək müğənniyə həmin obraz üzərində işləməkdə kömək etməlidi. Bizdə hər kəs özünü dahi hesab edir. Buna görə də müğənnilərimiz özlərini ixtisaslı kadr kimi yetişdirmək üçün kurslara yazılmağı özlərinə əskiklik bilirlər. Bu da onların nə qədər dayaz düşüncəli olduqlarından xəbər verir. Onlar ən azı, qonşu Türkiyə film sektoruna nəzər yetirsinlər. Türkiyədə hansısa serial qəhrəmanı tənqidçilərin hədəfinə tuş gəldikdə, mütəmadi şəkildə öz üzərində çalışır, yenidən başqa bir kurs keçir, özlərini təkmilləşdirirlər. Hətta Türkiyədə bir ildə neçə dəfə kurslara yazılan serial qəhrəmanları var”.
Rejissor Ramil Ağasıyev isə bildirdi ki, biz hələ bu prosesi öyrənməli və onu zamanla tətbiq etməliyik: “Əgər müğənniləri çəkilən filmlərə reytinq qazanmaq üçün dəvət edirlərsə, bu heç də doğru fikir deyil. Bir il bundan əvvəl bir film çəkdilər. Filmdə demək olar ki, iştirak edənlərin əksəriyyəti müğənnilər idi. Film kassada cəmi 500 manat pul yığa bilmişdi”.

Xəyalə Rəis
banner

Oxşar Xəbərlər