• çərşənbə axşamı, 23 aprel, 21:19
  • Baku Bakı 20°C

Müəllimlərin işini yüngülləşdirən qərar

30.06.20 09:30 1498
Müəllimlərin işini yüngülləşdirən qərar
Və ya şagirdlərin hər birinə fərdi yanaşmaq üçün geniş imkan
Ümumtəhsil məktəblərinin siniflərində şagirdlərin sıxlığı məsələsi yeni problem deyil. Bu amil həmişə təhsilalanların keyfiyyətli biliyə yiyələnməsində əsas maneələrdən sayılıb. Bəzi siniflərdə 30 və ya 40-a çatan şagird sayı həmişə valideynləri də narazı salır. "Belə siniflərdə hansı keyfiyyətli təhsildən danışmaq olar?” - deyə onlar haqlı olaraq gileylənirlər: "Əgər təhsilin məqsədi uşaq və yeniyetmələrə müəyyən biliklər aşılamaqdırsa, şagird sayı çox olan siniflərdə bu vərdişlər ötürülmür”. Oğlu ibtidai sinfin rus sektorunda təhsil alan valideyn İ.Qurbanova bildirir ki, həmin sinifdə 40-dan çox şagird oxuyur: "Dərsin fərdi şəkildə izahı, demək olar ki, mümkün deyil. Məcbur qalıb övladımı əlavə hazırlığa yazdırmışam”. Şagird nisbətinin arzu olunandan yuxarı səviyyədə olması ilə bağlı valideynlərin çoxsaylı narazılıqları illərdən bəri səslənsə də, həlli istiqamətində addım atılmamışdı. "Yaxşı müəllim” və ya "yaxşı sinif” axtarışı ilə məktəblərə üz tutan valideynlər bu problemi həll etməkdə, təbii ki, çarəsiz idilər.
Nazirlər Kabinetinin bu yaxınlarda "Dövlət ümumi təhsil müəssisəsində siniflər üzrə şagird sıxlığı normaları”nı təsdiq etməklə, nəhayət, bu sahədə mövcud problemlərin həll olunacağına ümid yaradıb. Qərara əsasən, dövlət ümumi təhsil müəssisəsində ibtidai (I-IV siniflər), ümumi orta (V-IX siniflər) və tam orta (X-XI siniflər) təhsil səviyyələri üzrə siniflər (təmayül siniflər istisna olmaqla) şagirdlərin sayı 20 nəfərdən az olmamaqla təşkil edilir. Belə ki, dövlət ümumi təhsil müəssisəsi üzrə bir sinifdə şagirdlərin ümumi sayı 20 nəfərə çatmadıqda, sinif mövcud şagird sayı ilə təşkil (bu normalarda müəyyən edilmiş hallar istisna olmaqla) edilir. İbtidai təhsil səviyyəsinin bir sinfində şagird sayı 10 nəfərdən az olduqda, həmin sinif ibtidai təhsil səviyyəsinin şagird sayı 10 nəfərdən az olan digər bir sinfi ilə birləşdirilərək komplekt siniflər təşkil olunur. Bu tip siniflər şagird sayı 18 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni bir sinifdə şagirdlərin sayı 30 nəfərdən çox olduqda və ya şagirdlərin bir sinifdə tədrisinə sinif otağının ölçüsü imkan vermədikdə, həmin sinif üzrə ikinci paralel sinif təşkil edilir. Tədris ilinin birinci yarısında hər hansı səbəbdən sinifdə şagirdlərin sayı 3 nəfərdən çox azaldıqda və ya artdıqda, sinif bu normalarla müəyyən edilmiş say həddində birləşdirilir və ya paralel sinif təşkil edilir. Qərarda qeyd edilir ki, tədris ilinin birinci yarısında sinifdə şagirdlərin sayının azalması tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində sinfin iki qrupa bölünməsinə məhdudiyyət yaratmır. Tam orta təhsil səviyyəsində təmayül siniflər 15 nəfərdən az və 20 nəfərdən çox olmamaqla təşkil edilir. Eyni təmayül sinfində şagirdlərin sayı 20 nəfərdən çox olduqda paralel siniflər təşkil edilir. Tədris ili ərzində təmayül sinfində şagird sayının azalması bu sinfin həmin və ya növbəti tədris ilində fəaliyyətinin davam etdirilməsinə, həmçinin tədris planı ilə müəyyən edilmiş müvafiq fənlərin tədrisində iki qrupa bölünməsinə məhdudiyyət yaratmır.
Qeyd edək ki, ümumtəhsil müəssisələrində şagird sıxlığı normalarının həllinə yönələn qərarı valideynlərlə yanaşı, təhsil ekspertləri də dəstəkləyir. Belə ki, ekspertlər də uzun illərdir ki, problemi aidiyyəti qurumların diqqətinə çatdırmağa çalışıblar.
Əməkdar müəllim Almaz Həsrət bildirdi ki, şagird sayı 40 nəfərdən çox olan siniflərdə müəllimlərin əziyyət çəkməsi ilə bağlı fikirləri illər öncə mətbuatda, sosial şəbəkələrdə də səsləndiriblər: "Sinifdə 15-20 şagirdin olması kifayətdir. Dərsin öyrədilməsində, xüsusən də yeni texnologiyalarla, onların, diskussiya yaradaraq interaktivliyinin şagirdlərə ötürülməsində təhsilalanların sayının artıq olması, həqiqətən, müəllimlərin üzərinə böyük yük gətirirdi. Xüsusən də, şagird sayının çoxluğunda qiymətləndirmədə əziyyət çəkirdilər. Bu qədər müddət ərzində müəllimlər, həm şagirdlərlə interaktiv yolla, yeni təlim metodları ilə dərsin aparılmasında, həm də dərsin qiymətləndirilməsində çox çətinliklərlə qarşılaşırdılar. Bu da əlavə yük kimi müəllimləri yorurdu. Axır ki, müəllimlərin yükü azalacaq, şagirdlər sinifdə daha sərbəst olacaq”. Ekspertin fikrincə, xüsusən pandemiya dövründə şagird sayının siniflərdə azalması qərarının verilməsi təqdirəlayiqdir. Belə ki, artıq karantin dövrünü nəzərə alsaq, şagirdlərin sinifdə sıxlığı cəmiyyət üçün daha çox ziyan gətirə bilər: "Önəmlisi odur ki, məktəblərdə təhsil almağa gələn şagirdlər sağlam olsun və şəxsiyyət kimi yetişsinlər. Daha sonra onların təhsil və bilik məsələsidir. Tərbiyəsi yerində olan şagirdin təhsili də yüksək səviyyədə olacaq. Siniflərdə şagird sayının azaldılması ilə bağlı verilən qərar göstərir ki, həqiqətən, məktəblərdə müəllimlərin işlərinin yüngülləşdirilməsi istiqamətində tədbirlər görülmək üzrədir. Sevindirici haldır ki, müəllimlər artıq çətinlik çəkməyəcəklər. Tövsiyə edirəm ki, müəllimlər hər bir sinifdə dərs deyəcəkləri şagirdlərin yeni metodologiyasını hazırlasınlar. Şagird sayı az olacaqsa, onlarla işləmə mexanizmi daha yüngül formada olacaq. Şagirdlər hər öyrənilən məzmunu daha tez qavrayacaq. Müəllimlər 15-20 şagirdlə daha tez və əhəmiyyətli tədris qura biləcəklər. Nəticəsi də uğurlu olacaq. Çünki şagirdlərin hər birinə fərdi yanaşma üçün geniş imkanlar açacaq”.
Təhsil eksperti Qoşqar Məhərrəmov bu qərarı, əslində çoxdan gözlənilən addım kimi dəyərləndirir. Onun fikrincə, siniflərdə şagird sıxlığı öyrənənin effektivliyinə birbaşa təsir edir: "Tövsiyə edirik ki, müəllimlər şagirdlərlə müəyyən qədər individual olaraq məşğul olsunlar. Hər bir şagirdin ehtiyacı nəzərə alınsın. Müəllim hər bir şagirdin mövcud biliklərinə bələd olsun, onu tanısın və sinfə gətirdiyi bilik fundamentini müəyyən etsin və ona görə şagirdə yanaşsın. Belə bir yanaşma, əlbəttə, 40 nəfərlik sinifdə çox çətindir, hətta mümkün deyil”. Ekspert hesab edir ki, sinifdə şagird sayı 20-22 nəfəri keçməməlidir. Yalnız bu yolla şagirdlərlə fərdi işləmə üçün şərait yaranar: "O zaman hamının tədrisi, inkişafı mümkün ola bilər. Amma 40 nəfərlik bir sinifdə həyatda qalma mübarizəsi gedir” deyə bilərik. Bu cür siniflərdə bacarıqlı uşaqlar önə çıxacaq və digər şagirdləri, birmənalı olaraq, bilik və bacarıqları ilə geridə qoyacaq. Zəif olan, evdən dəstək görməyən şagirdlər isə müəyyən bir mənada sinfin geri planında, həmçinin müəllimin qayğısından kənarda qalacaq. Bu isə birbaşa onun tədris prosesinə mənfi təsir edəcək. Cütlərlə iş, qruplarla iş, qiymətləndirmənin aparılması, tədqiqat sualının müzakirəsi, debatlar - hamısı 40 nəfərlik bir sinifdə müəllim üçün çətin situasiyaya çevriləcək. Müəllim də bu qədər şagirddən ibarət bir sinifdə ancaq mühazirə üsullu dərs keçməyə meyilli olacaq. Çünki hamını sakit saxlayıb dərsi izah etmə məsuliyyətindən qurtulma, özünü yaxşı hissetmə daha asan bir yoldur, nəinki hamını dərs prosesinə qoşma və hamını məşğul etmək. Bu, sinifdə idarəetməni çətin bir hala gətirə bilər. Ona görə, tövsiyə olunan optimal sinif 22 nəfəri keçməməlidir. Tədrisin effektivliyi bu sayla mümkündür. Beləliklə, bu siniflərdə müəllim, şagirdlərlə bir-bir işləyə, onlarla məşğul ola bilər. Biz yeni təlim üsullarını 40 nəfərlik siniflərdə tətbiq edə bilmərik”.
Ümid yaranır ki, yeni qərar ümumtəhsil məktəblərində biliyin ötürülməsinin maksimum həddə çatmasında, sinifdə səs-küyün səviyyəsinin azalmasında, sinfin idarə olunmasında, yeni metodlarla tədrisin aşılanmasında və s. müsbət dəyişikliklərə imkan yaradacaq. Əlbəttə, qaydalara tam əməl və nəzarət olunsa...
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər