Müəllimlərin işə qəbulu üzrə müsabiqədə güclü rəqabət mühiti formalaşıb
Azərbaycanda müəllimlərin işə qəbulu üzrə müsabiqədə bir sıra
ixtisaslar üzrə güclü rəqabət mühiti formalaşıb.
APA-nın xəbərinə görə, Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin
müdir müavini Eşqi Bağırov bildirib ki, ingilis dili, Azərbaycan dili və
ədəbiyyatı, riyaziyyat üzrə namizədlərin sayı çox, nəticələri daha yüksək
olduğundan vakansiya seçimi mərhələsində çox bal yığanlar yer tutmaq hüququ
əldə edib.
Onun sözlərinə görə, fiziki tərbiyə, musiqi və təsviri incəsənət
müəllimliyi ixtisaslarını seçənlərin praktik bacarıqlarının qiymətləndirilməsi
də başa çatıb: "Onlar eyni zamanda müsahibədə də iştirak ediblər. Bu il ilk
dəfə olaraq musiqi, fiziki tərbiyə və təsviri incəsənət fənləri üzrə müsahibə
mərhələsi vakansiya seçimindən əvvəl həyata keçirilib.
Avqustun 11-dən etibarən start verilən bu mərhələdə fiziki tərbiyə
müəllimləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında, musiqi
ixtisası üzrə Mədəniyyət və İncəsənət Universitetində, təsviri incəsənət
müəllimləri Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında praktik bacarıqlarını
nümayiş etdirib və müsahibədən keçiblər.
Yalnız bu üç ixtisas üzrə
vakansiya və müsahibə mərhələsinin yeri dəyişdirilib. Bu gündən həmin
ixtisaslar üzrə namizədlər vakant yerlərin seçiminə başlayacaq. Proses bazar
günü gecə saatlarınadək davam edəcək”.