Müasir siması ilə göz oxşayan Sumqayıt - Fotolar
Əhalisinin
sayına və sahəsinə görəBakıdanvəGəncədənsonra üçüncü
böyük şəhərimiz olan Sumqayıtın şəhər statusu almasından 69 il ötür.
94.17km² ərazisi olan Sumqayıt son illərdə görkəmini dəyişib. Əvvəllər
töküntülü, bərbad yolları, təmirsiz binaları ilə yaddaşımıza həkk olunmuş şəhərdən
indi əsər-əlamət qalmayıb. Bura Azərbaycanın inkişaf etmiş və qısa zaman çərçivəsində
müsirləşmiş bir şəhərinə çevrilib.
Noyabrın
24-də kütləvi informasiya vasitələrinin bir qrup nümayəndəsi üçün Sumqayıt şəhərinə
təşkil olunmuş səfər çərçivəsində buna bir daha şahid olduq. Bizi Sumqayıt Şəhər
İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi
Eyvaz Qocayev qarşıladı. Heydər Əliyev parkında, Heydər Əliyev Mərkəzi, Şahmat
məktəbi, Uşaq İncəsənət Məktəbi, "Kimyaçı” mədəniyyət sarayı, Sumqayıt bulvarı,
Bayraq Muzeyi və Sumqayıt Dövlət Dram Teatrını gəzərək burada görülmüş işlərlə
tanış olduq.
E.Qocayev
şəhərin inkişafı, son illərdə görülən işlərlə bağlı danışaraq, şəhər statusu
almasının 69 illiyini qeyd edən Sumqayıtüçün bu inkişafın qısa zaman kəsiyində
baş versə də, geniş miqyaslı olduğunu bildirdi.
Ən
böyük xalçanın saxlandığı saray
Ərazi
idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri Gündüz Əliyev
Sumqayıt şəhərinin tək Azərbaycanın deyil, bütün Cənubi Qafqazın mühüm sənaye mərkəzi
və ən gözəl ünvanlarından biri olduğunu qeyd etdi. O, Sumqayıtın ötən əsrin
40-cı illərində salındığını desə də, məhz ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərliyi
illərində şəhərə yeni nəfəs gəldiyini vurğuladı: "Azərbaycana birinci rəhbərliyi
illərində ulu öndərin xüsusi diqqət və qayğısını sumqayıtlılar hər zaman hiss
ediblər. Sumqayıt müəyyən dövrdə itirdiyi sənaye şəhəri adını son illər özünə
qaytarır və bu istiqamətdə inamla irəliləyir. Ona görə əminliklə deyə bilərik
ki, Sumqayıt Azərbaycanın müasir sənaye mərkəzidir. Şəhərin iqtisadi
strukturuna kimya və neft-kimya, qara və əlvan metallurgiya, maşınqayırma,
elektroenergetika, yeyinti və yüngül sənaye, tikinti materialları istehsalı müəssisələri
daxildir. Cənab prezident İlham Əliyevin sərəncamı ilə Zakir Fərəcov 2015-ci
ildə Sumqayıt şəhərinə icra başçısı təyin olunub. Qısa müddət ərzində,
prezidentin təbirincə desək, burada möcüzəvi işlər görülüb. Sizi bura çağırmaqda
məqsədimiz sizləri bu işlərlə yaxından tanış etməkdir. İstərdik ki, Sumqayıtda olan inkişafı özünüz görəsiniz”.
Dövlət Neft Şirkətinin "Azərikimya”
İstehsalat Birliyinin "Kimyaçı” Mədəniyyət Sarayının direktoru Ədalət Quliyev
bizi bina ilə tanış etdi. O, çıxışında bu sarayın Sumqayıtda yaşayan gənclərin asudə
zaman keçirmələri üçün əlverişli bir məkan olduğunu qeyd etdi: "Sarayın yenidən
qurulması işləri yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Üçmərtəbəli
binanın ümumi sahəsi 6900 kvadratmetrdir. Saraydakı 750 tamaşaçı yerlik konsert
zalı yüksək səviyyədə qurulub. Zalın yenidən qurulması zamanı müasir akustik
sistemlərdən istifadə olunub. Həmçinin binada qonaq, qrim və rejissor otaqları
yaradılıb. Sahəsi 270 kvadratmetr olan rəqs zalı, kafe və dərnək otaqları da mədəniyyətsevərlərin
ixtiyarına verilib”.
Sarayda qonaq olarkən burada təsviri
və tətbiqi incəsənət, əl ilə toxuma dərnəklərinin
fəaliyyət göstərdiyinin şahidi olduq. Gənclər burada incəsənətin müxtəlif növləri ilə məşğul olmaq imkanına malikdirlər.
Burada Xalidə Seyidovaya məxsus
olan böyük bir xalça mövcuddur ki, o, 1980-ci ildə toxunub. Ədalət
müəllim deyir ki, yun tərkibli xovsuz toxunuşlu, sadə və mürəkkəb keçirtmə əl
işi olan xalça bir-birinə birləşdirilmiş altı hissədən ibarətdir. Onlar
sonradan birləşdirilərək indiki görkəmini alıb. Ara sahənin üzərində Azərbaycanın
görkəmli tarixi şəxsiyyətlərinin və mədəniyyət xadimlərinin portretləri,
Qobustan qayaüstü təsvirləri, xalça naxışları təsvir
olunub.
Saraydan sonra Sumqayıt Dənizkənarı
Bulvarı ilə tanış olduq. Bir neçə il bundan öncəyədək bu ərazi baxımsız
və səliqəsiz idi. Sanki bu əraziyə sehrli çubuqla toxunublar. Ümumi sahəsi 106 hektar, uzunluğu 4,2 kilometr olan
Sumqayıt bulvarının ərazisində Bayraq Meydanı
tikilib. Bundan başqa, sahilə gəzinti gəmilərinin
yan alması üçün dənizin içərisinə doğru 500 metr uzunluğunda tərsanə inşa
edilib. İndi Sumqayıta gələn, bulvarı gəzən hər kəs
sözsüz ki, bu şəhərdən xoş təəssüratlar
və sevgiylə ayrılır... Bu məkan sumqayıtlıların istirahət
etməsi üçün ən əlverişli məkandır.
69 yaşlı şəhərin 50 yaşlı teatrı
Bulvardakı
Bayraq Meydanında Azərbaycan Respublikasının dövlət bayrağı 42 metr
hündürlüyündəki dirək üzərində dalğalanır.Yaxınlıqda isə böyük Bayraq
muzeyi fəaliyyət göstərir. Bu binanın inşasına 2017-ci ilin fevralında
başlanılıb və sentyabr ayında tikinti işləri başa çatdırılıb. Ümumi ərazisi 10
min kvadratmetr olan muzeyin üçmərtəbəli binasında iki sərgi zalı, inzibati və
yardımçı otaqlar yaradılıb. Sərgi zallarında 6 bölmə fəaliyyət göstərir. Burada
Azərbaycan xanlıqlar dövrünün xəritəsi, bayraqları, orta əsrlərə aid döyüşçüləri
əks etdirən fiqurlar nümayiş olunur. Muzeyin eksponatları arasında XIX əsr Azərbaycan
şəhərlərinin gerbləri, qədim metal sikkələr, kağız pullar, Azərbaycan Xalq
Cümhuriyyəti dövrünə aid sənədlər, keçmiş Azərbaycan SSR-nin və müstəqil Azərbaycan
Respublikasının konstitusiyaları, gerblər, bayraqlar var. Ekspozisiyalarda müxtəlif
illərə aid poçt markaları, orden və medallar da nümayiş olunur.
Eyvaz
Qocayev deyir ki, muzeyin məhz bu ərazidə inşa edilməsi şəhər sakinləri ilə
yanaşı, qonaqların da eksponatlarla tanış olmalarına imkan yaradır.
Sumqayıtda
yeni tikilib istifadəyə verilən Heydər Əliyev Mərkəzində də olduq. Binanın
foyesində ümummilli lider Heydər Əliyevin büstü ucaldılıb. Foyedə, həmçinin ulu
öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkəmizdə gənclərə göstərdikləri
yüksək diqqət və qayğını əks etdirən fotolardan ibarət guşələr yaradılıb.
Mərkəzin
bələdçisi bildirdi ki, binanın tikintisinə ötən ilin noyabrında başlanılıb.
Tikinti-quraşdırma işləri daxili imkanlar hesabına aparılıb. Üç mərtəbədən və
mansardan ibarət olan binanın ümumi sahəsi 4100 kvadratmetrdir. Burada iki
konfrans zalı, nikah otağı, gənclər üçün müzakirə zalları, elektron kitabxana
yaradılıb. Mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs
zalı fəaliyyət göstərir.
Şəhərin
ziyalı təbəqəsinin yetişməsində, gənclərin milli-mənəvi dəyərlərə bağlı olmasında
əsas rollardan birini də teatr oynayır. Bu mədəniyyət ocağının təmirdən sonrakı
vəziyyəti ilə də tanış olduq. Sentyabrda Sumqayıt Dövlət Dram Teatrının
yaranmasının 50 illiyi tamam olub və bu yubiley təntənəli şəkildə qeyd edilib.
Sumqayıt Dövlət Dram Teatrının binasında əsaslı təmir və yenidənqurma işlərinin
yüksək zövqlə və keyfiyyətlə başa çatdırıldığının şahidi olduq. Teatrın
direktoru, Əməkdar artist Mübariz Həmidov bizi teatrla tanış etdi, təmirdən
sonra teatrda baş verən ən son yeniliklərdən danışdı.
Daha
sonra təmir olunan teatr binasını gəzdik. Teatrın 500 yerlik tamaşa və 100
yerlik konfrans zalı ən müasir avadanlıqlarla təchiz olunub, 360 dərəcə
fırlanan səhnə tamamilə yenidən qurulub.
Burada ən müasir səs-akustika sistemi quraşdırılıb. Teatrın ekspozisiyasının
daha cəlbedici görünməsi üçün milli arxitektura nümunələrindən istifadə edilib.
Binanın bütün xidməti, dekorasiya və qrim otaqları müasir üslubda tərtib
olunub.
Sumqayıt
şəhərinə səfər çərçivəsində son olaraq Zeynalabdin qəsəbəsində "Nümunəvi həyət”in
açılışında iştirak etdik. Yerli sakinlər bu açılışa sevinir, çoxdandır övladlarının
istirahəti üçün parka ehtiyac duyduqlarını bildirirdilər.
Beləliklə,
günü-gündən gözəlləşən və müasirləşən 69 yaşlı Sumqayıtdan xoş təəssüratlarla
ayrıldıq.
Xəyalə Rəis