• şənbə, 23 Noyabr, 04:49
  • Baku Bakı 13°C

Molla Pənah Vaqif - 298

06.04.15 06:05 2957
Molla Pənah Vaqif - 298
Bu gün XVIII əsrin qüdrətli Azərbaycan şairi, məşhur siyasi və ictimai xadim, Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin baş vəziri Molla Pənah Vaqifin anadan olmasının 298-ci ildönümü tamam olur.
AZƏRTAC xəbər verir ki, Molla Pənah Vaqif Azərbaycan poeziyasının orta əsrlər ənənələri ruhunda və yeni tipli, realist üslubda, şifahi xalq poeziyasına yaxın, qoşma janrında şerlər yazan ən istedadlı nümayəndələrindən biridir. Onun yaradıcılığı milli poeziyanın gələcək inkişafına böyük təsir göstərib.
Vaqif yaradıcılığı ilə Azərbaycan şеiri tarixində yeni bir dövr başlanıb. Realist şеrin ilk nümunələri Molla Pənah adı ilə bağlıdır və onun lirikası ilə poeziyada yeni bir səhifə açılır, nikbin əhvali-ruhiyyə, həyati və dünyəvi gözəlliyə pərəstiş hissləri qüvvətlənir.
Vaqif yüksək zövq, incə hisslər, dərin və nikbin duyğular şairidir. Onun yaradıcılığında məhəbbət lirikası, dünyəvi gözəllik əsas yer tutur. Klassik şеrimizin əsas mövzusu olan gözəllik şairin lirik qoşmalarında yeni bir məna, yeni bir təravət kəsb edir.
Vaqif 1717-ci ildə Qazax mahalının Qıraq Salahlı kəndində dünyaya göz açıb. Belə bir fikir var ki, onun əcdadları Məhəmməd Füzulinin mənsub olduğu Bayat tayfasından olub.
Vaqif yaxşı təhsil görmüşdü. O, fars və ərəb dillərində yaxşı danışır, astronomiya, riyaziyyat, musiqi və poetika üzrə geniş biliyə malik idi. O, Qazağın Daş Salahlı kəndində tanınmış ilahiyyatçı alim və pedaqoq Şəfi Əfəndidən dərs almışdı. Bəzi salnaməçilər belə hesab edirlər ki, sonrakı təhsilini Gəncədə və yaxud Təbrizdə davam etdirmişdi. O da məlumdur ki, Vaqif təhsilini başa vurduqdan sonra əvvəlcə Qazaxda, sonra isə Qarabağda məscid nəzdində fəaliyyət göstərən mədrəsədə dərs deyib və elə buradakı fəaliyyətinə görə də Molla Pənah adını alıb. Bu zaman onun alimliyi haqqında xəbərlər çox-çox uzaqlara yayılır. Hətta xalq arasında belə bir məsəl də yaranır: “Hər oxuyan Molla Pənah olmaz”.
XVIII əsrin ortalarında Gürcüstan sərhədində gərginlik yaranır və bir çox ailələr Qazaxdan Qarabağ və Gəncəyə köçürülürlər. Vaqifin ailəsi də köçkünlərin arasında idi. Bu ailə Qarabağın Tərtərbasar kəndində sığınacaq tapır. Vaqif burada da müəllimliklə məşğul olur.
Qarabağa gəldikdən az sonra Vaqif Tərtərbasardan Şuşaya köçür. Burada məktəb açan şair tez bir zamanda şəhər sakinləri arasında həm gözəl müəllim, həm də istedadlı şair kimi tanınmağa başlayır. Şairin şöhrəti Qarabağ hakimi İbrahimxəlil xana çatır və onu saraya dəvət edir. Vaqifin saraya gəlməsi barədə bir neçə rəvayət mövcuddur.
Şair ömrünün son günlərinə qədər sarayda yaşaması məlumdur. O, əvvəlcə eşik ağası, daha sonra isə baş vəzir kimi fəaliyyət göstərib. Özünün yüksək savadı və elmi biliyi ilə o, sarayda da hamının rəğbətini qazanır.
M.P.Vaqif 1797-ci ildə oğlu Əli bəylə birgə Cıdır düzündə edam olunur və külliyyatı yandırılır.
Vaqifin yaradıcılığını ilk dəfə Mirzə Camal Cavanşir Qarabaği, sonra Əziz Şərif və nəhayət məşhur Azərbaycan ədəbiyyatşünası Firudin bəy Köçərli tərəfindən tədqiq edilərək, hafizələrdən yazıya köçürülüb. Xanəndələr hər zaman onun qəzəllərinə müraciət edib.
Xalq şairi Səməd Vurğun ilk dəfə böyük şairə həsr etdiyi “Vaqif” dramı ilə ona yenidən əbədiyaşarlıq qazandırıb.
banner

Oxşar Xəbərlər