AZE | RUS | ENG |

Minsklə Moskva arasında münasibətlər gərginləşə bilər

Minsklə Moskva arasında münasibətlər gərginləşə bilər
Belarus derusifikasiya prosesinə start verib

Postsovet məkanına daxil olan ölkələrdə rus dilinə mənfi münasibətdən söhbət düşəndə, dərhal Ukrayna və yaxud Baltikyanı dövlətlər xatırlanır. Ermənistanı da bu sıraya daxil etmək mümkün olsa da, nədənsə, buna az yer ayrılır. Belə ki, bu ölkədə heç rus dilində məktəblər belə qalmayıb. Əvəzində bu dəfə artıq Belarusda vəziyyətin gərginləşdiyi bəyan edilib. "Lenta.ru” yazır ki, derusifikasiya prosesi Rusiyanın 20 ildən artıqdır ki, İttifaq münasibətlərində olduğu "qardaş” Belarusda gedir. Düzdür, Kiyevdə olduğu kimi, proses aqressiv ritorika ilə müşayiət olunmasa da, hər halda bu, Minsklə Moskva arasında münasibətlərə ciddi təsir edə, cəmiyyətdə parçalanmaya gətirib çıxara bilər. Portal Belarus hakimiyyəti və müxalifətinin milli dilin hegemonluğuna necə nail olmasını araşdırıb. Qeyd edilir ki, 2015-ci ildə Belarusda ilk dəfə olaraq ədəbiyyat üzrə Nobel mükafatçısı Svetlana Aleksiyeviç peyda olub. Bu xanım ali mükafatı alan sayca altıncı rusdilli laureat olsa da, onun yazdığı rus dili ilə münasibətləri mürəkkəbdir. 2017-ci ildə verdiyi müsahibələrin birində bildirib ki, Ukraynada rus dilini Ukrayna millətinin "bərkidilməsi” məqsədilə qadağan edə bilərlər. Eyni zamanda Belarusdakı vəziyyətlə paralellər aparıb və yazarın qənaətincə, ölkəsində zorla "ruslaşdırılma” prosesi aparılır: "Əhali demək olar ki, bir nəfər kimi rus dilində danışır”.
Məqalədə də bildirilir ki, Belarusda millətçi əhval-ruhiyyə ötən əsrin 20-ci illərində start götürüb. O zaman bolşeviklər hər bir respublikada "köklü” ziyalı təbəqə, Moskvaya loyal təbəqə yerləşdirməyə çalışırdı. Analoji proses Ukraynada da gedirdi. Lakin Belarusdan fərqli olaraq, orada o qədər də uğur qazana bilmədi. Belarusda milli ədəbiyyat çiçəklənməyə başladı – Yanka Kupala və Yakub Kolas kimi nümayəndələr hazırda  "belaruslaşdırma” prosesinin tərəfdarı olanların kumiri hesab edilirlər. Bununla belə, illər uzunu "belaruslaşdırma” prosesi uğur qazana bilmədi. Yalnız müəyyən millətçi qrup və ziyalılar arasından olan liberallar buna sadiq qaldılar. Böyük şəhərlərin əksəriyyətində rus dili əsas dili kimi qalıb, kənd yerlərində isə surjiklər - (hər iki dil -rus və Belarusun qarışığı) müxtəlif dialektlər geniş yayılıb. Millətçi əhval-ruhiyyəni növbəti dəfə qaldırmaq cəhdi ölkə müstəqillik əldə etdikdən sonra start götürdü. Ölkə rəhbərliyi aktiv şəkildə 1918-ci il Belarus Xalq Respublikasının simvollarından istifadə etməyə başladı. Bu dövlət Belarus dövlətçiliyinin "əsl” suveren və demokratik simvolu kimi təbliğ olundu. Lakin Lukaşenkonun 1994-cü ildə prezident seçilməsi ilə millətçi qanad bir qədər kənara çəkildi. Rusiyayönümlü prezident 1995-ci ildə referendum yolu ilə rus dilinə dövlət dili statusunu geri qaytardı: "Belarus dili yoxsul dildir. Dünyada iki ən məşhur dil mövcuddur - rus və ingilis”. 1999-cu ildə isə iş iki ölkə arasında İttifaq Dövləti yarandı. A.Lukaşenko birdəfəlik olaraq avropayönümlü mövqeni darmadağın etdi, millətçiliyi müəyyən siyasi marginal qrupların mövqeyinə çevirdi. Bütün bunlar ona rusofil mövqe gətirdi və rus dili ölkədə birdəfəlik olaraq təhlükəsizlik əldə etdi. Lukaşenkonun ən sevimli sözü də "biz ruslar deyil, bela ruslarıq” idi. Lakin son beş ildə Minskin siyasi kursu əhəmiyyətli şəkildə dəyişdi. Krımın Rusiya tərəfindən ilhaqından sonra Lukaşenko bu ssenarinin ölkəsinə qarşı tətbiq oluna biləcəyindən ehtiyat etməyə başladı. Onun çıxışlarında daha çox Belarus dili, belaruslar kəlmələri tez-tez səslənməyə başladı. Milli mədəniyyəti geniş şəkildə yayılmağa başladı - ilk olaraq toponimikadan başlanıldı. Rusdilli göstəricilər küçələrdən tamamilə yığışdırıldı. Əvəzində Belarus dilində sözlər yayıldı. Və bu da rus dilindən daha çox istifadə edənlər üçün problemlər yaratmağa başladı. Yollarda işarələrin milli dildə yazılmasının təşəbbüskarı, barəsində əvvəllər heç kimin eşitmədiyi ekspert-linqvist İqor Kopılov oldu. Düzdür, onun adı hallansa da, göstərişin hakimiyyətdən gəldiyi bəlli idi. Hökumət həm də ictimai fəallar və müxalifətin Belarus dilinin populyarlaşması ideyasına loyallıq nümayiş etdirməyə başlayıb. Bundan əlavə, yüksək rütbəli məmurların da ölkə dilinə marağının artırılmasına çalışıb. Məsələn, təhsil naziri olmuş Mixail Juravkov 2015-ci ildə dərsliklərin yarısının Belarus dilinə çevriləcəyinin bəyan etdi. Lakin  bu arzusunu reallaşdıra bilmədi - bir il sonra onu istefaya göndərdilər. Son beş ildə Belarusda mili dilin statusunun möhkəmləndirilməsi və təmizliyi uğrunda yeni sosial təbəqə formalaşıb. Düzdür, onlar Ukraynadakı "həmkarları” kimi uğurları ilə fəxr edə bilməsələr də, amma getdikcə səsləri daha gur çıxmağa başlayıb. Hələ ki, bu təbəqə,  sosial şəbəkələrdə və xidmət sahələrində milli dilə hörmətsiz yanaşanlarla mübarizə aparırlar. Məsələn, bloger Qleb Lobodenko prokurorluğa yazdığı şikayətdə mənzil kommunal xidmətinin onun müraciətinə rus dilində cavab verdiyini bildirib. Nəticədə xidmətin rəhbərliyi cərimə olunub. 2013-cü ildə baş verən bu insidentdən sonra proses aktiv müstəviyə keçdi. Xüsusilə 2017-ci ildən proses qızışmağa başladı. Rusca danışan müəllimlərin cərimə olunmasından tutmuş, məmurların cərimələnməsinə kimi ən müxtəlif hallara rast gəlmək mümkündür. Ən azı üç nəfər, belaruslu fəal İqor Sluçakın şikayəti əsasında cərimə olunub. Bu şəxs hətta onkoloji xəstə uşağın Belarus dilini "ölü dil” adlandırmasına görə də şikayətçi olub. Bu proses ölkədə geniş rezonans doğurmuş, hətta narazılıqlara gətirib çıxarmışdı.
Ekspertlər hesab edir ki, bütün bu əhval-ruhiyyəni məqsədli şəkildə gündəmə gətirilməsinin bir hədəfi var – Rusiya ilə danışıqlarda əlavə üstünlüklər əldə etmək. Kreml heç bir halda Belarus hakimiyyəti ilə neft və bir sıra iqtisadi prefenslər məsələsində güzəştə getmək istəmir. Belarus prezidenti Rusiyaya göstərmək istəyir ki, baxın görün, ölkəmdə əhval-ruhiyyə necədir. Məqalənin sonunda müəllif bu qənaətə gəlir ki, millətçi siyasətin davam etdirilməsi Moskva ilə Minsk arasında inteqrasiya proseslərinin üzərindən birdəfəlik xətt çəkmiş olur.
 
Azər NURİYEV
 

Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946