AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Minnesotada Azərbaycan Günü

Minnesotada Azərbaycan Günü

Cəmiyyət
26 Fevral 2021, 19:37 871
Günel Rallis: "Qarabağ müharibəsi zamanı da türklər, yəhudilər, ukraynalılar, somalililər tərəfindən böyük dəstək aldıq”
 
Amerika Birləşmiş Ştatlarının Minnesota ştatı fevralın 26-nı Azərbaycan günü elan etmişdi. Ştatın qubernatoru Tim Volzun Azərbaycan Günü elan edilməsi ilə bağlı bəyanat imzalaması Minnesota Azərbaycan Assosiasiyasının rəhbəri Günel Rallisin təşəbbüsü ilə baş tutub. G.Rallis "Kaspi”-yə müsahibəsində yaşadığı ştatda ölkəmizin tanıdılması istiqamətində gördükləri işlərdən danışdı:
 
- Minnesotada Azərbaycan Assosiasiyası 2018-ci ilin avqust ayında yaradılıb. Bu təşkilat 3 il ərzində ilk dəfə olaraq Azərbaycan maraqlarını əhatə edən işlər görüb. Biz ilk dəfə olaraq beynəlxalq festivallarda iştirak etdik. Azərbaycan mədəniyyəti, tarixi, mətbəxinə xitab edən tədbirlər keçirərək ölkəmizi təbliğ etdik. Azərbaycan kino gecəsi,  Mətbəx günləri, Qarabağ münaqişəsi, torpaqlarımızın ermənilər tərəfindən işğalı ilə bağlı tədbirlərimiz olub. Ümumiyyətlə, ölkəmizi və icmamızı tanıtmaq məqsədilə bir çox işlər görmüşük.
 
- Yaşadığınız ştatda azərbaycanlıların həmrəyliyi sizi qane edirmi?
- Bu günə qədər təşkil etdiyim tədbirlərdə çoxlu azərbaycanlılar iştirak edib. Başqa ştatlarda keçirilən tədbirlərdən də müşahidə edirəm ki, azərbaycanlılar daha çox şən tədbirlərə üstünlük verirlər. Bu da yaxşı haldır ki, xalqımız birgə olmaq istəyir. Amma siyasi, diplomatik və ya mədəni tədbirlər olanda, daha az aktivlik görmək olur. Hazırda mən bu istiqamətdə çalışıram. Hesab edirəm ki, getdikcə azərbaycanlıların marağı bu cür tədbirlərə daha çox olacaq.
 
- Deyə bilərsinizmi, nə üçün ermənilərin diasporu təkcə ABŞ-da deyil, dünyanın hər yerində daha fəaldır?
- Ermənilərin Amerikada məskunlaşma tarixi 100 ildən çoxdur. Azərbaycanlılar isə 30-40 ərzində mühacirət etməyə başlayıblar. Ona görə də, biz yenicə hərəkət etməyə başlayırıq. Ermənilər gələndən fondlar yaradır, müxtəlif instansiyalara çıxışlar axtarırlar. Bizimkilərin Amerikaya gəlməkdə mövqeləri bir qədər fərqli idi. Çoxları daha çox öz şəxsi maraqlarını güdürdü. Qarabağ məsələsi ilə bağlı insanlarda vətənpərvərlik hissləri daha çox oyanıb. Ümid edirəm ki, biz bundan sonra daha böyük işlər görə biləcəyik.
 
- Vətən Müharibəsi zamanı azərbaycanlılar yaşadığınız ştatda necə həmrəylik göstərdilər? Hansı  tədbirləri həyata keçirdiniz?
-Biz 2-ci Qarabağ müharibəsi günlərində vətənimizə daha çox dəstək göstərdik. İnformasiya müharibəsində fəal olduq. Bir icma olaraq piketlər təşkil etdik. Dövlət tərəfdən Diaspora Komitəsi də bizə çox dəstək göstərdi. Azərbaycan həqiqətlərini yaymaq üçün lazım olan vəsaitləri təqdim etdi.
 
- Xocalı faciəsinin baş verdiyi 26 fevral tarixinin, yaşadığınız ştatda Azərbaycan Günü elan edilməsi necə oldu?
- Yanvar ayında Minnesota qubernatoruna 2021-ci il 26 fevral tarixinin tanınması ilə bağlı bəyannamə imzalanması üçün müraciət etdim. Onlar əvvəlcə "Biz xalqlararası münaqişələrə girmək istəmirik. Daha çox sülh, əmin-amanlıqla bağlı bəyannamələrə imza atırıq”-deyə rədd cavablı verdilər. "Siz bizim  tariximizə və faciəmizə hörmətlə yanaşıb bunu öz bəyannamələrinizdə tanımalısınız” - deyə onlara təklif etdim. Bir neçə həftə davam edən danışıqlardan sonra ermənilərə aid olan cümlələri çıxarmaqla bağlı razılığa gəldik.  İlk göndərdiyim bəyannamənin hər cümləsində ermənilərin bizə olan vəhşiliyindən söhbət gedirdi. Son qərar olaraq güzəştə gedib ermənilərə aid olan cümlələri çıxardıq və Azərbaycan xalqının Xocalı soyqırımından əziyyət çəkən xalq  olmasından,  mədəniyyətindən, tarixindən və azərbaycanlıların bu ştatda rolundan, həmçinin Minnesota ştatı üçün önəmli olması ilə bağlı məqamlar yer aldı. Qubernator bəyannamədə "Minnesotanı özünə ev bilən azərbaycanlı-amerikalıların sayı artmaqdadır.  Azərbaycanlı minnesotalıların uzun bir köklü irsi bizə tariximizin həm qürurlu, həm də ağrılı fəsillərini xatırladır. Bugünkü Azərbaycan Minnesota İcmasının əksəriyyəti Xocalı Soyqırımından sağ qalanların nəsilləridir. Azərbaycanlıların Minnesotanın keçmişdə oynadıqları əvəzolunmaz rollara, o cümlədən dövlətə gətirdikləri zəngin müxtəlifliyə hörmət edirik. Minnesota Azərbaycanlı İcmasının, Minnesota ştatında Azərbaycan mədəniyyətini, dilini, tarixini və irsini qorumaq və təbliğ etməklə dövlətimizi zənginləşdirdi”- deyə qeyd edib.  Qeyd edim ki, artıq qubernatorla əlaqələr qurdum. Onu da deyim ki, qubernator ilk dəfə azərbaycanlıların Minnesotada varlığından xəbər tutdu və rəsmi şəkildə azərbaycanlılara öz diqqətini göstərdi. Bu, əlaqələrin qurulmasında ilk addım oldu. Artıq gələcəkdə onlarla əlaqələri daha da sıxlaşdırmağa çalışacaq, daha böyük bayramlarımızda onların bizim yanımızda olmasını xahiş edəcəyəm. Sözsüz ki, Minnesota üçün əhəmiyyətli olan günlərdə Azərbaycan icmasının da onların yanında olmasını təklif edəcəyəm. ABŞ xalqların birləşdiyi ölkə kimi tanınır. Həmçinin Minnesotada da bir çox xalqların nümayəndələri yaşayır. Biz onlarla yaxşı münasibətdəyik. Onlar da hər zaman ehtiyacımız olanda, bizim yanımızda olurlar. Qarabağ müharibəsi zamanı da türklər, yəhudilər, ukraynalılar, somalililər tərəfindən böyük dəstək aldıq. Onlar bizim ölkəmizə və xalqımıza böyük hörmət edirlər.
 
- Xocalı faciəsi ilə bağlı yaşadığınız ştatda hansı tədbirləri keçirməyi planlaşdırırsınız?
- 26 fevralla bağlı bəyannaməni elan etdik. Fevralın 22-dən Xocalı soyqırımı ilə bağlı billbord magistral yolda yerləşdirildi. Bu, ayın sonuna qədər magistral yolda qalacaq.  Pandemiya ilə bağlı ictimaiyyətin bir yerə toplaşması qadağandır. Fevral ayı bu ştatda ən soyuq aydır. Küçədə qalıb ictimaiyyətə hər hansı məlumatları çatdırmaq mümkün deyil. Magistral yolda reklamın yerləşdirilməsi iki həftə ərzində Xocalı haqqında həqiqətləri çatdırmaq üçün böyük fürsətdir. Azərbaycan Diaspora Komitəsi də bu fəaliyyətimizdə bizə dəstək oldu.
 
- Assosiasiya olaraq gələcək planlarınız nədir?
- Görmək istədiyimiz işlər çoxdur. Həm Qarabağ Müharibəsi ilə bağlı həqiqətləri, həm tariximiz, mədəniyyətimizlə bağlı məlumatları bu ştatdakı insanlara çatdırmaq istəyirik. Ən böyük arzum Minnesota ştatının Azərbaycanın tərəfdarı olmasıdır. Bəyannamənin imzalanması bu arzuma doğru bir addım hesab oluna bilər.
 
Söhbətləşdi
Təranə Məhərrəmova