“Min bir gecə” baleti və ya min illərə sığmayan sənət dünyası

“Min bir gecə” baleti və ya min illərə sığmayan sənət dünyası

Mədəniyyət
22 Noyabr 2018, 14:45 422
Deyirlər dahilərin ömrü qısa olur, çünki onların bütün həyatı yaradıcılığındadır. Yaratdıqları əsərlər yaşadıqca onlar da yaşayır, tarixin yaddaşında əbədiyyətə qovuşurlar.

AZƏRTAC xəbər verir ki, bu gün anadan olmasının 96-cı ildönümü tamam olan görkəmli bəstəkar, SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı Fikrət Əmirov da belə sənətkarlardandır.

O, yaratdığı hər bir əsərinin ilk notundan son notunadək xalq musiqisindən bəhrələnib, bütün yaradıcılığını dünya musiqi mədəniyyətinin nailiyyətləri ilə üzvi surətdə birləşdirə bilib.

Fikrət Əmirov 1922-ci il noyabrın 22-də Gəncədə, tanınmış müğənni və tarzən Məşədi Cəmil Əmirovun ailəsində dünyaya göz açıb. O, Gəncədə musiqi məktəbinin tar sinfində, sonra Bakıda musiqi məktəbində təhsil alıb, 1939-cu ildə isə Bakı Konservatoriyasına daxil olub. Burada o, məşhur pedaqoq Boris Zeydmandan bəstəkarlığın sirlərini, dahi Üzeyir Hacıbəylidən Azərbaycan xalq musiqisinin əsaslarını öyrənib.

Onun diplom işi "Ulduz” operası olub. Sonra "Nizaminin xatirəsinə” simfoniyasını, "Şur” və "Kürd ovşarı” simfonik muğamlarını, "Sevil” operasını yazıb. 1942-1945-ci illərdə Fikrət Əmirov filarmoniya orkestrinin bədii rəhbəri və Gəncə musiqi məktəbinin direktoru, 1946-1947-ci illərdə Bakı simfonik orkestrinin rəhbəri, 1956-1959-cu illərdə Azərbaycan Dövlət Opera və Balet Teatrının direktoru, SSRİ Bəstəkarlar İttifaqının Azərbaycan bölməsinin katibi olub.

Fikrət Əmirov müxtəlif janrlarda əsərlər yazıb. Onun "Azərbaycan kapriççiosu”, "Gülüstan-Bayatı-Şiraz”, "Nəsimi əfsanəsi” kimi simfonik əsərləri daha populyardır.

Öz yaradıcılığında Azərbaycan muğamlarından bəhrələnmiş bəstəkar improvizə və variasiya üsullarından istifadə etməklə sanballı polifonik əsərlər yaradıb.

Fikrət Əmirov bir sıra məşhur mahnıların, dram tamaşalarına və kinofilmlərə yazılmış musiqilərin müəllifidir. Həyatının son illərində F.Əmirov balet sənəti sahəsində daha çox işləyib.

1973-cü ildə o, "Nəsimi dastanı” baletini, 1979-cu ildə isə Şərq nağılları motivləri əsasında "Min bir gecə” baletini yazıb. Bu balet sənətkara böyük şöhrət qazandırıb. Fikrət Əmirovun sonuncu irihəcmli əsəri "Nizami” baleti olub.

Azərbaycan və Şərq musiqisinin inkişafında böyük rol oynamış F.Əmirov bir çox fəxri adlara və mükafatlara layiq görülüb.

Görkəmli bəstəkar 1984-cü il fevralın 20-də Bakıda vəfat edib.