AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti

Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti

Cəmiyyət
28 May 2020, 21:40 276
Milli dövlətçilik tariximizin qürur mənbəyi: Azərbaycan Xalq Cümhuriyyəti.
 
XX əsrin əvvəllərində dünyanın qabaqcıl dövlətlərinin və xalqlarının universal hüquq və azadlıqlar ideyasını hələ yenicə mənimsəməyə başladığı bir vaxtda Azərbaycan xalqının öz istiqlaliyyəti, hüquq və azadlıqları uğrunda şərəfli mübarizəyə başlaması milli dövlətçilik tariximizin ən parlaq səhifələrindən biridir. Bu mübarizənin başlıca hədəfi Rusiya imperiyasından qopmaq, Azərbaycan xalqının tarixi dövlətçilik ənənələrini bərpa etmək və yeni formalaşdırılacaq dövlət modelində irqindən, dinindən, milliyyətindən asılı olmayaraq bütün insanların azad və xoşbəxt yaşaması üçün demokratik, hüquqi prinsiplərin hökm sürdüyü bir cəmiyyətin yaradılması idi.
Hələ XIX əsrin ortalarından başlayan maarifçilik hərəkatı, daha sonra milli mətbuatın təməlinin qoyulması, tənqidi ruhlu realist-demokratik ictimai-ədəbi mühitin meydana gəlməsi Azərbaycanda siyasi elitanın formalaşmasında, xalqımızın milli özünüdərk ideyalarının güclənməsində, çar mütləqiyyəti və müstəmləkəçilik rejiminə qarşı ardıcıl mübarizənin təşkilində önəmli rol oynamışdır. Mirzə Fətəli Axundzadə, Həsən bəy Zərdabi, Cəlil Məmmədquluzadə, Mirzə Ələkbər Sabir, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev və digər görkəmli şəxsiyyətlərin davamlı səyləri nəticəsində Azərbaycanda milli teatrın, milli məktəbin və milli mətbuatın yaranması cəmiyyəti bu proseslərə hazırlayan vacib hadisələr idi. Mirzə Fətəli Axundzadə ilə başlayan yaradıcı ziyalıların intellektual hərakatı cəmiyyətin həyatında və şüurunda köklü dəyişikliklər yaratmışdı. Getdikcə dərinləşən mədəni maariflənmə isə öz növbəsində siyasi təşkilatlanmaya, xalqımızın hüquq və azadlıqları uğrunda mübarizəyə qoşulmasına təkan vermişdi. Milli azadlıq hərəkatının ilk aparıcı siyasi təşkilatları olan "Müsavat" və "Difai" kimi qurumların yaranması da müstəqilliyə gedən yolda mühüm tarixi hadisələr idi.
 
Bütövlükdə, İslam dünyasında siyasi-mədəni dekadansın yaşandığı bir dövrdə Azərbaycan xalqının demokratik-hüquqi dövlət quruculuğu uğrunda mübarizəyə qoşulması həmin dövr üçün unikal siyasi hadisə idi.
 
Çar Rusiyasının zəifləməyə başladığı, "xalqlar həbsxanasında" milli-ideoloji cərəyanların gücləndiyi XX əsrin əvvəllərində milli dövlət yaradılması ideyası güclənməyə başlamışdı. Azərbaycan xalqının əsas hədəfi çağdaş milli ideologiyanı milli ideyalar təməlində möhkəmləndirməkdən və itirilmiş dövlətçilik ənənələrini bərpa etməkdən ibarət idi. Bu məqsədlə, Məhəmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Fətəli xan Xoyski, Əlimərdan bəy Topçubaşov, Əhməd bəy Ağaoğlu kimi şəxsiyyətlərin öncüllüyündə Cümhuriyyət ideyalarının insanlar arasında kütləviləşdirilməsi istiqamətində ardıcıl siyasi fəaliyyət aparılırdı. Əli bəy Hüseynzadənin bütünlüklə türk dünyasına münasibətdə irəli sürdüyü "türkləşmək, islamlaşmaq və avropalaşmaq" fikri Azərbaycan Xalq Cümhuriyyətinin qurulmasına aparan yolda xalqımızın milli, dini köklərə, mütərəqqi və bəşəri ideyalara sadiqliyinin əyani təzahürü idi.
 
1918-ci ilin 28 mayında olduqca mürəkkəb siyasi-hərbi şəraitdə istiqlaliyyəti elan edilən Azərbaycan Xalq Cümhuriyyəti müsəlman Şərqində və türk dünyasında yaranan ilk demokratik, dünyəvi Respublika oldu. Yarandığı gündən demokratik, hüquqi dövlət quruculuğu, universal insan hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sistemli tədbirlərin həyata keçirilməsi çar mütləqiyyətindən qurtulmuş digər xalqların da yeni dövlətçilik təcrübəsinin formalaşmasına və modernləşməsinə ciddi təsir göstərdi. Təsadüfi deyildir ki, vətəndaşların mülki və siyasi hüquqlarının qorunması, bütün xalqların və hər bir vətəndaşın milli, dini, irqi və cinsi mənsubiyyətindən asılı olmayaraq, bərabərhüquqlu inkişafı üçün münbit şəraitin yaradılması Azərbaycan Xalq Cümhuriyyətinin İstiqlal Bəyannaməsində də birbaşa əksini tapmışdı. 18 yaşına çatmış bütün vətəndaşlara, o cümlədən qadınlara səsvermə hüququnun verilməsi isə həmin dövr üçün bir çox Avropa dövlətlərində belə gündəmə gətirilməsi mümkün olmayan elə bir demokratik dəyər idi ki, bu fakt azadlıq və demokratiya beşiyi sayılan Avropa ölkələrində bu gün də heyranlıq və qibtə doğurmaqdadır. 
Artıq 1918-ci il dekabrında Bakıda yeni hökumətin formalaşdırılmasından dərhal sonra müttəfiq dövlətlərin Bakıdakı nümayəndəsi general Tomson Azərbaycan hökumətini tanıması barədə xüsusi bəyanat verdi. Həmin bəyanatda bütün Azərbaycan ərazisində milli hökumətin qanuniliyi təsdiqlənir və müttəfiq hərbi qüvvələr komandanlığının bu hökumətə dəstək göstərəcəyi bildirilirdi. Həmçinin, milli hökumətin nümayəndələri ilə mütəmadi görüşlərdən sonra general Tomson Paris Sülh Konfransında Xalq Cümhuriyyəti nümayəndələrinin iştirakına dəstəyini də ifadə etdi.

Həmin dövrdə Birinci Dünya müharibəsindən qalib çıxmış Antanta ittifaqına daxil olan dövlətlərin birlikdə və hər birinin ayrıca olaraq Qafqazda və xüsusilə Azərbaycanda mühüm siyasi-iqtisadi, hərbi məqsədləri və maraqları var idi. Xalq Cümhuriyyəti hökumətinin qarşısında isə gərgin siyasi-hərbi şəraitdə, məhdud resurslarla milli maraqların müdafiə olunması kimi olduqca çətin bir vəzifə dayanırdı. Əlimərdan bəy Topçubaşovun rəhbərliyi altında Paris Sülh Konfransında iştirak edən nümayəndə heyətinin Xalq Cümhuriyyətinin dünya birliyi tərəfindən tanınması üçün ardıcıl səyləri qısa müddət ərzində öz bəhrəsini verdi. 1919-cu ilin mayında Azərbaycanın istiqlaliyyəti məsələsi ABŞ Prezidenti Vudro Vilsonun təşəbbüsü ilə ABŞ, Böyük Britaniya, Fransa və İtaliyanın hökumət rəhbərlərinin təmsil olunduğu Dördlər Şurasının iclasında geniş müzakirə edildi. 1920-ci ilin yanvarında isə Böyük Britaniyanın təşəbbüsü ilə çağırılmış Paris Sülh Konfransı Ali Şurasının sessiyasında Xalq Cümhuriyyəti də daxil olmaqla, Cənubi Qafqaz respublikalarının müstəqilliyinin tanınması məsələsi qaldırıldı. Həmin ilin 11 yanvar tarixində Paris Sülh Konfransının Ali Şurası tərəfindən qəbul edilmiş qərarda müttəfiq dövlətlər tərəfindən Azərbaycanın de-fakto tanınması bəyan edildi.
Beləliklə, bütün regionun siyasi mənzərəsini dəyişən Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra həm ölkədaxili, həm də regional və beynəlxalq miqyasda dövlətçiliyin əsaslarının möhkəmləndirilməsi, beynəlxalq hüququn müstəqil subyekti statusunun əldə edilməsi məqsədilə ardıcıl tədbirlər görülməyə başlandı. Həmin dövrdə ölkənin dövlət rəmzlərinin təsis edilməsi barədə qərarın qəbul edilməsi, Azərbaycan dilinin dövlət dili elan olunması, hakimiyyətin qanunverici, icraedici və məhkəmə hakimiyyətinə bölünməsi prinsipi əsasında dövlət idarəetməsinin əsasının qoyulması, milli valyutanın tədavülə buraxılması, kifayət qədər peşəkar kadrlardan ibarət olan 40 min nəfərlik milli ordunun yaradılması qısa müddət ərzində həyata keçirilmiş çox mühüm tədbirlər idi. Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti yenicə müstəqilliyinə qovuşmuş dövlətin qanunvericilik əsaslarını yaratmaq istiqamətində mühüm addımlar ataraq milli parlamentarizmin təşəkkülünə yol açdı. İl yarımlıq fəaliyyəti dövründə parlament tərəfindən qəbul olunan qanunlar Xalq Cümhuriyyətinin müstəqilliyinin möhkəmləndirilməsinə, ölkədə siyasi və iqtisadi tərəqqiyə, mədəniyyət, maarif və təhsil sahələrində ciddi irəliləyişə səbəb oldu.

Bu ərazilərdə məskunlaşdıqdan sonra Qafqaz birliyi ideyasına, regionda konstruktiv əməkdaşlıq mühitinin formalaşmasına hər zaman böyük zərbə vuran ermənilər XX əsrin belə həssas dönəmində də öz məkrli planlarını həyata keçirmək üçün bütün vasitələrdən istifadə edirdilər. 114 min kvadrat kilometrlik əraziyə sahib olan Azərbaycan Xalq Cümhuriyyətinin bütün bölgələrdə öz suverenliyini təmin etməsinə başlıca maneə törədən erməni-daşnak birliklərinin dağıdıcı fəaliyyəti ölkədə islahatlar prosesini, quruculuq tempini ləngidirdi. Yenicə yaranmış dövlət bütün siyasi səylərini, maliyyə və hərbi resurslarını daşnak-bolşevik birləşmələrinin təcavüzünün qarşısının alınmasına yönəltməyə məcbur olurdu. Yalnız 3 aydan sonra – 1918-ci ilin sentyabrında Nuru Paşanın rəhbərliyi ilə Qafqaz İslam Ordusu tərəfindən Bakının erməni-daşnak birliklərindən təmizlənməsindən sonra Xalq Cümhuriyyəti hökuməti ölkə ərazisində əhəmiyyətli dərəcədə sabitliyin bərqərar edilməsinə nail oldu və siyasi-diplomatik fəaliyyətdə, iqtisadi-sosial sahələrdə ciddi uğurlar əldə etməyə başladı.
Azərbaycanda Xalq Cümhuriyyətinin yaranması ölkədə ictimai-siyasi həyatda olduğu kimi, mədəni, ədəbi, təhsil sahəsində də ciddi canlanmaya səbəb oldu. 1918-ci ilin avqustunda "Xalq maarifinin, məktəblərin milliləşdirilməsi haqqında" qərarla tədris müəssisələrində təhsilin ana dilində aparılmasına başlandı. 1919-cu ilin sentyabrında Xalq Cümhuriyyəti Parlamenti tərəfindən Bakı şəhərində universitet açmaq haqqında qanun qəbul edildi. Bakı Dövlət Universitetinin Nizamnaməsinin qəbul edilməsi və onun fəaliyyətə başlaması milli və peşəkar kadrların hazırlanması istiqamətində atılmış mühüm addım idi.
Xalq Cümhuriyyəti dönəmində Məhəmməd Hadi, Hüseyn Cavid, Cəlil Məmmədquluzadə, Üzeyir bəy Hacıbəyli, Əbdürrəhim bəy Haqverdiyev, Abdulla Şaiq, Cəfər Cabbarlı, Əhməd Cavad, Almaz Yıldırım, Əzim Əzimzadə kimi görkəmli yaradıcı şəxsiyyətlərin timsalında müstəqil Azərbaycanda mədəniyyət, ədəbiyyat və incəsənət öz intibah dövrünü yaşadı. Eyni zamanda, ana dilində qəzet və jurnalların nəşri xalqımızın mədəni inkişafında və maariflənməsində mühüm rol oynadı. Bu dövrdə nəşr edilən "Azərbaycan", "İstiqlal", "Açıq söz" kimi qəzet və dərgilər ölkə əhalisinə mühüm informasiyaların çatdırılmasında əsas vasitələr kimi çıxış edirdi. Azərbaycanda milli iqtisadiyyatın, milli sahibkarlığın, milli burjuaziyanın dayaqları yaradılırdı. Birinci Dünya müharibəsindən sonra dövlətlərarası münasibətlərdə gərginlikliklərin yaşandığı bir zamanda Azərbaycan ən müxtəlif vasitələrlə dünya miqyasında əməkdaşlığa can atırdı. Siyasət, diplomatiya, hərb, iqtisadiyyat, təsərrüfat, elm, təhsil və mədəniyyət sahələrinin hər biri ölkənin daxili həyatında və digər dövlətlərlə təmasında yeni fəaliyyət mexanizmlərini hərəkətə gətirirdi...
Belə bir ağır siyasi durumda erməni birləşmələrinin azərbaycanlılara qarşı törətdiyi kütləvi qırğınlar və ölkədə sabitliyin pozulmasına yönələn cəhdlər Xalq Cümhuriyyətinin bolşevik təcavüzünə qarşı müqavimətini azaldırdı. Bu baxımdan, 1920-ci ilin əvvəllərində erməni nümayəndələrinin Moskvaya ərazi güzəştləri müqabilində Xalq Cümhuriyyəti hökumətini devirməyi təklif etməsi əsl erməni xislətini, xəyanətkarlığını göstərən tarixi faktlardan biridir.
Cümhuriyyət qurucularının əksəriyyəti – Məhəmməd Əmin Rəsulzadə, Fətəli xan Xoyski, Nəsib bəy Yusifbəyli, Əlimərdan bəy Topçubaşov, Xosrov bəy Sultanov, Məmmədhəsən Hacınski, Xəlil bəy Xasməmmədov, Məmməd Yusif Cəfərov, Əkbər ağa Şeyxülislamov, Xudadat bəy Məlik-Aslanov, Camo bəy Hacınski, Xudadat bəy Rəfibəyli, Behbud xan Cavanşir, İsmayıl xan Ziyadxanov, Aslan bəy Səfikürdski, Səməd bəy Mehmandarov, Rüstəm xan Xoyski və başqaları yüksək təhsil almış ziyalılar, siyasətçilər idilər. Onlar yaxşı başa düşürdülər ki, yaranmış yeni tarixi-siyasi şəraitdə Azərbaycan öz böyük dövlətçilik ənənələri üzərində müstəqil demokratik respublikanı ərsəyə gətirməsə, bu imkan birdəfəlik əldən çıxacaq. Cümhuriyyətin süqutundan sonra həyatını itirmiş, əksəriyyəti isə 1920-ci ildə bolşeviklər tərəfindən öldürülmüş bu insanlar böyük millət qəhrəmanlarıdır. Məhz cümhuriyyətçilərin fədakarlığı sayəsində Azərbaycan bu gün də Qafqazın ən böyük dövləti olaraq yaşamaqdadır. Əgər cümhuriyyətçilər 1918-1920-ci illərdə müstəqilliyin təməlini qoymasaydılar, Azərbaycan və digər Qafqaz ölkələri XX əsrin sonlarında Sovet İttifaqından suveren respublika kimi ayrıla bilməyəcəkdilər. Azərbaycan Xalq Cümhuriyyəti ilə müasir Azərbaycan Respublikasını cəmi 70 il ayırır. Lakin bu 70 ildə də bizi ayıran yox, birləşdirən dəyərlər xalqımızın ruhunda həmişə yaşayıb. 1920-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin süqutu xalqımızın dünyəvi-universal dəyərlərə bağlılığını, istiqlal əzmini sarsıtmadı, əksinə, fədakar cümhuriyyətçilər öz mübarizələrini yeni siyasi şəraitdə daha uyğun platformalarda aparmağa davam etdilər. Xüsusilə Azərbaycanının siyasi mühacirət nümayəndələri Cümhuriyyət ideyalarının yaşadılması, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması işində yorulmaz səylərini davam etdirdilər.
Azərbaycan Xalq Cümhuriyyəti qarşısına qoyduğu məqsədlərə tam nail olmadan süquta uğrasa da, onun xalqımızın şüurunda bərqərar etdiyi istiqlaliyyət məfkurəsi demokratik, hüquqi dövlət prinsiplərinə əsaslanan müstəqil Azərbaycanın yenidən qurulmasında əvəzsiz rol oynadı. Bu səylər və xalqımızın 70 il ərzində qəlbində yaşatdığı azadlıq idealları
 
1991-ci ildə Azərbaycanın müstəqilliyinin bərpa olunması ilə sonuclandı. Azərbaycan Xalq Cümhuriyyəti zaman baxımından az müddətdə mövcud olsa da, mahiyyət etibarilə Azərbaycan xalqının dövlətçilik təfəkküründə dərin izlər buraxdı.
 
Bu gün siyasi sabitliyin, dayanıqlı inkişafın mərkəzi olan Azərbaycan Respublikası Azərbaycan Xalq Cümhuriyyəti dövründə gerçəkləşdirilməsi mümkün olmayan ideya və məqsədləri əzmkarlıqla həyata keçirməkdədir. Azərbaycan Xalq Cümhuriyyətinin yaranması və mövcudluğu uğrunda mübarizə aparmış şəxsiyyətlərin ruhuna ən böyük ehtiram da məhz demokratik, hüquqi dövlət quruluşunun əsaslarını möhkəmləndirməkdən, insan inkişafına əsaslanan rifah dövləti yaratmaq uğrunda ardıcıl fəaliyyəti davam etdirməkdən ibarətdir.
 
Cavanşir Feyziyev
Millət vəkili, fəlsəfə doktoru