• cümə axşamı, 25 aprel, 13:11
  • Baku Bakı 23°C

“Mesajımız hamı üçün fərqli olacaq”

08.10.13 16:43 1492
“Mesajımız hamı üçün fərqli olacaq”
“Teatrla bağlı təşəbbüs uzunmüddətli proqramın vacib hissəsidir. Həmin proqram çərçivəsində teatr aktyorlarının bacarığı və peşəkarlığı artırılır. Bu layihənin hədəflərindən biri Azərbaycan teatrını dünya teatr səhnəsinə inteqrasiya etməklə bağlıdır”. Bu fikirlər “British Council” təşkilatının Böyük Britaniyanın «1927» teatr şirkətinin ifasında «Heyvanlar və uşaqlar küçələri zəbt etdilər» tamaşasının təqdimatı ilə bağlı keçirdiyi mətbuat konfransında səslənib.
British Council-ın direktoru Elizabet Uayt Mədəniyyət və Turizm Nazirliyi ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihənin Azərbaycan teatrına dəstək xarakteri daşıdığını bildirib: “Biz bu proqramla bağlı nazirliklə sıx əməkdaşlıq aparmışıq”. «Heyvanlar və uşaqlar küçələri zəbt etdilər» tamaşasının dünyanın bir çox ölkələrində insanların məhəbbətini qazandığını qeyd edən E.Uayt builki payızın Azərbaycandakı Britaniya konsulluğu üçün böyük əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Çünki biz bu payızda təşkilatımızın 20 illiyini qeyd edirik. British Council artıq 20 ildir ki, Azərbaycanda uğurla fəaliyyət göstərir. Yubileyimizlə bağlı Britaniya Konsulluğunun sizə təqdim edəcəyi şou, konsert, festival və digər tədbirlərdən hələlik birini sizə təqdim edirik. Məmnunuq ki, tamaşa artıq Bakıdadır”.
Teatrın aktrisası Luis Barfut teatrın «1927» adlanması ilə bağlı jurnalistlərin sualına aydınlıq gətirib: “1927-ci il səssiz filmlərdən səsli filmlərə keçidi ilə əlaqədar olub. Həm də o illərdə incəsənətdə böyük hadisələr baş verib. Ona görə də biz bu rəqəmləri rəmzi olaraq götürdük. Təmsil etdiyimiz teatr şirkəti müstəqildir. Teatrımız isə 2006-cı ildə yaranıb. Fəaliyyətə kiçik tamaşalarla başlasaq da, indi artıq dünyanın çox ölkələrini gəzirik. Britaniya konsulluğunun dəstəyi olmasaydı, biz Bakıya gəlib təşkilatla əlaqə qura və ya tamaşa oynaya bilməzdik”. L.Barfut «Heyvanlar və uşaqlar küçələri zəbt etdilər» tamaşasının dünyanın bir çox ölkələrində yüksək mükafatlara layiq görüldüyünü qeyd edib: “Milli London Teatrında 5 həftə ərzində keçirilən 40 nümayiş ərzində bir dənə də olsun satılmamış bilet qalmamışdı. Tamaşa bütün böyük teatr festivallarında və Bermingemdən tutmuş Pekinə qədər bütün dünya teatrlarında nümayiş etdirilib. İndi isə bu tamaşa Bakıdadır”. Böyük Britaniya mətbuatında «Heyvanlar və uşaqlar küçələri zəbt etdilər» tamaşası ilə əlaqədar səslənən rəyləri xatırlayan aktrisa qeyd edib ki, «The Times» qəzeti öz səhifələrində «1927»: Bu tamaşanın oxşarı yoxdur», «The Scotsman» nəşri «1927» şirkətinin ticarət markası arxa fonda qüsursuz çəkilmiş cizgi filmilə sintez olunmuş canlı musiqi və ifadan ibarət tamaşası ilə texniki məharət nümunəsinə çevrilmişdir…» deyə yazıb. «The Guardian» qəzeti isə «1927» şirkəti böyük ustalıqla düşünülmüş alleqoriyanın yaradıcısıdır…” deyə teatrın fəaliyyətini dəyərləndirib. “Müxtəlif ölkələrdə çox maraqlı tamaşaçı auditoriyaları ilə qarşılaşmışıq. İsveçrədə tamaşanı çox sakitliklə seyr etdilər. Çində də zal sakit idi, amma tamaşadan sonra bizə yaxınlaşıb minnətdarlıq edirdilər. İspaniyada tamaşaçıların qəlbinə daha çox yol tapdıq. Tamaşa bitəndən sonra onlar səhnəyə gül dəstələri atırdılar. Tamaşanın insanların həyatından bəhs etməsi onların hisslərini oyadırdı. İordaniyada tamaşanı oynayanda böyüklər bizi alqışlarla qarşıladılar. Məktəblilər isə az qala səhnəyə çıxıb bizi qucaqlayırdılar. Bu reaksiyaları görmək bizim üçün çox xoşdur”.
“Aktyor ifası, animasiya, film və musiqili komediya qarışığından ibarət qeyri-adi tamaşa, teatrı heç zaman təsəvvür etmədiyiniz tərzdə sizə yenidən tanıdacaq” deyən teatrın aktrisası Syu Eplbi tamaşanın süjetindən danışaraq qeyd edib ki, səhnə əsərində real faktlar, vahiməli nağıllar, qara yumor, kabare mahnıları abstrakt fəza ilə qarışır: “Əla sinxronlaşdırılmış canlı musiqi, ifa və rəvayətin müşayiəti ilə real aktyorlar cizgi obrazlarla təmas yaradır. Kinematoqrafiya və animasiya elementlərinin təəccübləndirici sintezi ilə yaradılmış bu tamaşa Britaniyanın teatr incəsənətinin orijinallığına və cəsurluqla tətbiq edilən yeniliklərinə işarədir. Bu tamaşa beynəlxalq hitə çevrilmiş nağıldır”.
Tamaşada bir aktyorun bir neçə rolu ifa etməsi ilə bağlı danışan aktrisa Elenor Buxan qeyd edib ki, bu, heç də teatrda aktyorların azlığı ilə bağlı deyil: “Bu, tamaşaçıya effekt verir. Biz tamaşada tələsirik və pərdə arxasına keçərək geyimimizi dəyişirik. Biz öz enerjimizi tamaşaçılara veririk. Tamaşaçılar da bu dəyişikliyi maraqla izləyirlər. Tamaşanın mesajı tək-tək insanların düşüncələrinin böyük dəyişikliklərə təkan verə biləcəyi ilə bağlıdır və insanların bunu anlaması üçün müxtəlif əbədi elementlərdən istifadə olunub. Əlbəttə, bu mesaj hamı üçün fərqli olacaq. Biz bunu tamaşaçının öz ixtiyarına buraxırıq”.
Qeyd edək ki, «Heyvanlar və uşaqlar küçələri zəbt etdilər» tamaşası 11 və 12 oktyabr tarixlərində Rus Dram Teatrında nümayiş etdiriləcək. Tamaşa rus və Azərbaycan dillərinə sinxron tərcümə olunmaqla, ingilis dilində ifa oynanılacaq.
Təranə Məhərrəmova
banner

Oxşar Xəbərlər