• şənbə, 18 May, 10:01
  • Baku Bakı 11°C

Mərkəzi Asiyada nə baş verir?

10.06.16 11:12 1293
Mərkəzi Asiyada nə baş verir?
"Qazaxıstanın Aktobe şəhərində baş verən terrora bu günün hadisəsi kimi baxmaq lazım deyil. Əslində, proses altı ay öncə başlayıb və baş verənlər, əsasən Nazarbayev hakimiyyətini devirməyə yönəlmiş planın tərkib hissəsidir”. Bu sözləri "Kaspi”yə açıqlamasında politoloq Natiq Miri son günlər Qazaxıstanda yaşananlar və Mərkəzi Asiyadakı mövcud durum haqda fikirlərini bölüşərkən dedi. Xatırlatdı ki, 6 ay öncə həbs olunan biznesmen Tuleşev o şəxsdir ki, Qazaxıstanda Nazarbayev hakimiyyətinin əleyhinə mitinqlərin, etiraz aksiyalarının təşkilini təmin etmişdi: "Araşdırmalar göstərir ki, Tuleşev Rusiya Dövlət Dumasının müşaviri vəzifəsində çalışmış bir şəxsdir. Ehtimal olunur ki, onun Rusiya xüsusi xidmət orqanları ilə əlaqələri var. Rusiya ilə ciddi əlaqələri olan bir şəxsin Nazarbayev hakimiyyətini devirmək planına əl qoyması bir çox suallara cavab verir, qaranlıq məqamlara işıq salır. Son terror hadisəsinə də məhz bu kontekstdə baxmaq lazımdır. Bu gün Nazarbayev hakimiyyətinə qarşı olan güclərin bir növ, təmərküzləşməsi prosesi gedir və bu proses konkret olaraq xaricdən dəstəklənir və idarə olunur. Fikir verirsinizsə, Aktobedə ilk hücum məhz silah anbarına və mağazasına oldu. Bu, mənə Krım işğal olunmamışdan qabaq hərbi hissələrə və silah anbarlarına hücumunu xatırlatdı”.
Politoloq onu da nəzərə alır ki, Aktobe Qazaxıstanın şimal-qərbində, yəni Rusiyanın sərhədlərinə yaxın ərazidə yerləşir. Üstəgəl, Aktobe 1936-cı ilə qədər Rusiyanın tərkib hissəsi olub. Sonradan Rusiyanın razılığı ilə Qazaxıstana verilib: "Orada 100 minə yaxın rusdilli əhali yaşayır. Qazaxıstanın şimal əraziləri zamanında onlara SSRİ tərəfindən peşkəş edilib. Orada rusdilli əhali üstünlük təşkil edir. Prosesin də məhz rusdilli əhalinin yaşadığı ərazilərdə baş verməsi qətiyyən təsadüf sayıla bilməz. O da maraqlıdır ki, Aktobedə terror törədilməmişdən öncə Kremlin yaratdığı strateji araşdırmalar mərkəzinin bir eksperti belə bir açıqlama ilə çıxış etdi ki, rusların yaşadığı ərazilərdə rusdilli əhalinin öz müqəddəratını təyin etmək hüququ var və Rusiya bu hüququ ciddi surətdə dəstəkləyəcək. Bu açıqlamadan az sonra Rusiya Federal Şurasının sədri xanım Matvienko da bu yöndə açıqlama verdi. Təbii ki, belə bir açıqlamanın, davranışın ortalığa qoyulması bütün postsovet ölkələri üçün - Qazaxıstan, Ukrayna, Belarus, Moldova, hətta Azərbaycan üçün müəyyən təhlükələr yaradır. Ermənistanın adını ona görə çəkmədim ki, o, monoetnik ölkədir, orada ermənilərdən başqa heç bir millət yaşamır. Ancaq digər postsovet ölkələrinin hamısında rus əhali var. Əgər belə siyasət yürüdülürsə, rus əhalinin hüquqlarının bu cür dəstəklənməsindən danışılırsa, bu, bütün postsovet ölkələri üçün ciddi təhlükələr yaradır. Eyni zamanda, separatizm dalğasını gücləndirir, yeni savaş ocaqlarının yaranmasına rəvac verir. Fikir verirsinizsə, Qazaxıstanın xüsusi xidmət orqanları terror hadisələri nəticəsində ölmüş, həmçinin həbsdə və axtarışda olan insanların mənsubiyyəti haqqında birmənalı açıqlamalar vermir. Bu da müəyyən şübhələr yaradır. Təbii ki, Nazarbayev hakimiyyəti indiki şəraitdə Rusiyanı qıcıqlandırmamaq üçün birmənalı açıqlamalar verməkdən çəkinir. Və ən nəhayət, belə bir informasiya verildi ki, Rusiya pulsuz, hədiyyə olaraq Qazaxıstana havadan müdafiə üçün S-300 raketləri bağışlayıb”.
N.Miri eyni hadisənin Ermənistanda da yaşandığını qeyd etdi. Bildirdi ki, Rusiya Ermənistanın hava məkanını öz nəzarətinə götürmək, bu sənədin Ermənistan parlamentində ratifikasiya olunması üçün onlara təzyiq edirdi. Bunun üçün Ermənistana 200 milyon dollar civarında verdiyi kredit müqabilində silah göndərməyi ləngidirdi: "Ermənistan bu silahları almaq üçün öz hava məkanının Rusiyaya təhvil verilməsi yönündə olan sənədi parlamentdə ratifikasiya etmək məcburiyyətində qaldı. Yalnız bundan sonra kredit müqabilində veriləcək silahların göndərilmə zamanı ilə bağlı açıqlama verildi. Eyni hadisə bu gün Qazaxıstanda baş verir. Bu da o mənanı verir ki, Qazaxıstan öz hava məkanının müdafiəsi üçün Rusiyanın təkliflərinə razılıq verir. Əslində bu, birgə müdafiədən daha çox, Qazaxıstanın hava məkanının Rusiyanın nəzarətinə verməsi anlamına gəlir. Görünür, Qazaxıstan hakimiyyəti Rusiyanın təzyiqləri qarşısında geri çəkildi ki, rus raketlər ona hədiyyə edildi. Buna görə də Qazaxıstanda baş verən prosesləri Qərbin dəstəklədiyi rəngli inqilablar kimi qiymətləndirmirəm. Bunun əlamətləri görünmür. Hər şeyin Rusiyadan idarə olunan bir proses olduğunu düşünürəm”.
Politoloq Arzu Nağıyev fərqli düşünür. Onun fikrincə, Qazaxıstandakı proseslər Qərbdən idarə edilir. Həmsöhbətimiz deyir ki, həm Qazaxıstan, həm də digər Orta Asiya dövlətləri təhdidlərə məruz qalan regionda yerləşirlər. Onların Əfqanıstanla, İranla həmsərhəd olması, narkotrafikin bu regiondan keçməsi, dini radikallığın baş qaldırması mənfi məqamlardır: "Əgər yadınızdadırsa, radikal dini qruplar Türkmənistanın sərhəd dəstəsinə hücum etmişdi. Bir müddət əvvəl Özbəkistanda da radikal dini qruplar baş qaldırmışdı. Tacikistan da bu mənfi proseslərdən kənarda deyil. Bundan başqa, Orta Asiya dövlətlərinin öz aralarında da narazılıqlar var. Düşünürəm ki, istər Rusiyanın, istərsə də Qərbin xüsusi xidmət orqanları bu kimi məsələlərdən məharətlə istifadə edirlər. Qazaxıstan prezidenti son olaylarda xüsusi xidmət orqanlarının rolu olduğunu açıqladı. Əminəm ki, belə bir siyasətçi konkret faktlara əsaslanaraq danışır. Mənə elə gəlir ki, Rusiya sözügedən regionda bu cür hadisələrin baş verməsindən narahatdır. Bu ərazilərdə rusların marağı var. Düşünürəm ki, Rusiyanın addımlarına uyğun olaraq, Qərb xüsusi xidmət orqanları Moskvanın təsir dairəsində olan dövlətlərdə bu kimi məsələlərə qayıdır, dini radikal qruplaşmaları və digər narazı kontingenti ayağa qaldırır. O ərazilər son vaxtlar sanki barıt çəlləyinin üzərindədirlər. Çünki regionda maraqlar böyükdür”.
Şəfa Tapdıq
banner

Oxşar Xəbərlər