• şənbə, 27 Aprel, 01:58
  • Baku Bakı 14°C

Mənzil fondunun idarə olunmasına dair tədbir keçirilib

11.11.14 15:18 1940
Mənzil fondunun idarə olunmasına dair tədbir keçirilib
Bu gün Bakı Biznes Mərkəzində (BBM) İqtisadiyyat və Sənaye Nazirliyi (İSN) və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə “Azərbaycanda mənzil fondunun idarə olunmasında yeni münasibətlərin formalaşması” mövzusunda tədbir keçirilib. İSN mətbuat xidmətindən “Kaspi”yə bildirilib ki, tədbirdə müvafiq dövlət qurumlarının, beynəlxalq təşkilatların və mənzil mülkiyyətçiləri müştərək cəmiyyətlərinin nümayəndələri iştirak ediblər.
İSN-nin müavini Sevinc Həsənova Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu sosial-iqtisadi siyasət nəticəsində bütün sahələrdə olduğu kimi, mənzil-kommunal təsərrüfatının inkişafı istiqamətində də mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb. Qeyd edib ki, bu sahədə qanunvericilik təkmilləşdirilib, beynəlxalq tələblərə cavab verən Mənzil Məcəlləsi qəbul edilib. Onun sözlərinə görə, yeni Mənzil Məcəlləsi vətəndaşların mənzil hüququnun maneəsiz həyata keçirilməsi, əlverişli və təhlükəsiz yaşamaq şəraitinin təmin olunması, sosial infrastrukturun inkişaf etdirilməsi, kommunal xidmətlər sisteminin təkmilləşdirilməsi və əhalinin kommunal xidmətlərlə təminatının yaxşılaşdırılması, eləcə də mənzil fondunun idarə olunması və saxlanması sahəsində böyük əhəmiyyət kəsb edir. S.Həsənova ölkədə böyük tikinti-quruculuq işlərinin həyata keçirildiyini bildirərək, son 20 ildə mənzil fondunun 30 faiz artaraq 166,4 mln. kvadratmetrə çatdığını vurğulayıb. Nazir müavini mənzil fondunun idarə olunmasında yeni metodların tətbiqinin əhəmiyyətini qeyd edib.
GİZ-in Azərbaycan üzrə direktoru Henninq Tvesten çıxışında tədbirin əhəmiyyətindən danışaraq, bu sahədə əməkdaşlığın davam etdiriləcəyini qeyd edib.
“GAG Ludviqshafen am Rayn” şirkətinin nümayəndələri Sonya Müller-Zaman “Almaniyada mənzil mülkiyyətinin növləri və onların idarə olunması”, “Almaniyada mənzil mülkiyyətçiləri və mənzil idarəçiləri arasında münasibətlərin qurulması, öhdəliklər və vəzifələr”, Klaus Şeffner isə “Almaniyada çoxmənzilli binaların təmiri və bərpası. Tikililərin energetik müasirləşdirilməsi” mövzularında təqdimatlarla çıxış edərək, mənzil fondunun idarə edilməsi sahəsində beynəlxalq təcrübə barədə məlumat veriblər.
Tədbirdə Binəqədi rayon İcra Hakimiyyətinin şöbə müdiri Ramiz Göyüşov, Sumqayıt Bələdiyyəsinin katibi Akif Kərimov və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin sektor müdiri Asif İsmayılov mənzil-kommunal sahəsinə dair müxtəlif mövzularda məruzələrlə çıxış ediblər.
Sonra təqdimatlar və məruzələr ətrafında geniş müzakirələr və təcrübə mübadiləsi aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara İSN tərəfindən hazırlanmış “Mənzil fondunun yeni idarəetmə üsullarına dair sənədlər toplusu” və digər maarifləndirici materiallar paylanıb.
R.İSMAYILOV
banner

Oxşar Xəbərlər