Məhkəmə hakimiyyətinin islahatçı orqanı
Məhkəmə-Hüquq Şurası yeni hakim korpusunun
formalaşmasında, məhkəmələrin müasir səviyyəyə çatmasında əhəmiyyətli rol
oynayıb
Ölkəmizdə aparılan islahatlar nəticəsində məhkəmə
hakimiyyətinin özünüidarə orqanı olan Məhkəmə-Hüquq Şurası təşkil olunub və
2005-ci ilin fevral ayından fəaliyyətə başlayıb. Bu yeni təsisat, əsasən
hakimlərdən formalaşıb. Eyni zamanda onun tərkibinə hakimiyyətin digər
qollarının, habelə məhkəmə prosesində tərəf olan prokurorluğun və vəkilliyin
nümayəndələri də daxil olub. Hakimlərin ilkin və davamlı tədrisinin təşkili,
fəaliyyətinin qiymətləndirilməsi, iş yerinin dəyişdirilməsi, vəzifədə irəli
çəkilməsi, intizam məsuliyyətinə cəlb edilməsi və onların fəaliyyəti ilə bağlı
digər məsələlər bu orqanın səlahiyyətinə aid edilib. Həmçinin hakimlərin
intizam məsuliyyətinə cəlb edilməsi proseduruna yenidən baxılıb və bu zaman
məhkəmə hakimiyyətinin müstəqilliyinin təmin olunmasına xüsusi diqqət
yetirilib. Məhkəmə-Hüquq Şurasının fəaliyyətinin əsaslarını Azərbaycan
Konstitusiyası, ölkəmizin tərəfdar çıxdığı beynəlxalq müqavilələr,
"Məhkəmə-Hüquq Şurası haqqında”, "Məhkəmələr və hakimlər haqqında”
qanunlarımız, digər normativ hüquqi aktlarımız təşkil edir.
Daimi
fəaliyyət göstərən müstəqil qurum
Məlumat üçün onu da qeyd edək ki, Məhkəmə-Hüquq
Şurası daimi fəaliyyət göstərən müstəqil orqandır və təşkilati, maliyyə, habelə
hər hansı başqa cəhətdən qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanlarından, yerli özünüidarə orqanlarından, hüquqi və fiziki şəxslərdən
asılı deyil. Məhkəmə-Hüquq Şurası qanunvericilik, icra və məhkəmə hakimiyyəti
orqanları, Vəkillər Kollegiyası, elmi təşkilatlarla qarşılıqlı fəaliyyət
göstərir. Məhkəmə-Hüquq Şurasının sədri
Ədliyyə naziri Fikrət Məmmədovdur. Şura sədrinin mətbuata açıq olan
hesabatından aydın olur ki, 2019-cu il məhkəmə fəaliyyətinin təkmilləşdirilməsi
üzrə dərin islahatlar ili kimi yadda qalıb. Prezident İlham Əliyevin
"Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 3 aprel
2019-cu il tarixli Fərmanı bu islahatların müasir çağırışlara uyğun yeni
mərhələdə aparılmasına, hüquqların məhkəmə müdafiəsinin güclənməsinə rəvac
verib. Fərmanın icrası üzrə ədalət mühakiməsinin səmərəliliyinin artırılması, o
cümlədən yeni məhkəmələrin təşkili, vahid məhkəmə təcrübəsinin
formalaşdırılması, məhkəmə ekspertizası fəaliyyətinin təkmilləşdirilməsi, cəza
siyasətinin humanistləşdirilməsi və digər məsələlərlə bağlı 40-dək yeni qanun
layihələri hazırlanıb. Dövlət başçısının qanunvericilik təşəbbüsü ilə bir sıra
mühüm qanunlar qəbul olunub. Sahibkarlıq fəaliyyəti ilə bağlı mübahisələrə daha
peşəkar və çevik baxılmasını təmin etmək məqsədilə regional kommersiya, habelə
inzibati məhkəmələr yaradılıb, hakimlərin sosial müdafiəsi əhəmiyyətli dərəcədə
gücləndirilib, məhkəmə fəaliyyətinin təminatı yaxşılaşdırılıb.
Yüksək
nəzəri və praktiki hazırlıq
Məhkəmə-Hüquq Şurası sədri F.Məmmədovun sözlərinə
görə, ötən il yeni yaradılmış məhkəmələrin müvafiq bina, avadanlıq, digər
təşkilati-texniki vasitələrlə təmin edilməsi, aparatlarının formalaşdırılması
üzrə zəruri tədbirlər görülüb. Şura tərəfindən onların ərazi yurisdiksiyası,
hakim ştatlarının sayı müəyyən olunub. Cari ilin yanvar ayının 1-dən fəaliyyətə
başlayan bu məhkəmələr dövlət başçısının sərəncamları ilə yüksək nəzəri və praktiki
hazırlığa malik hakimlərlə komplektləşdirilib. Həmçinin, vahid məhkəmə
təcrübəsinin formalaşdırılması məqsədilə işlək mexanizmlər müəyyən edilib, Ali
Məhkəmə tərəfindən bu sahədə müvafiq monitorinqlər aparılması təsbit olunub.
Bununla əlaqədar Şura tərəfindən monitorinqlərin keçirilmə üsullarını və hüquqi
nəticələrini müəyyən edən Qaydalar qəbul olunub.
Yeni
ayrılan ştatların komplektləşdirilməsi
Məhkəmə-Hüquq Şurası sədrinin sözlərinə görə, ölkə
başçısı İlham Əliyevin "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi
haqqında” Fərmanı ilə ötən il hakimlərin ştat sayının mövcud korpusun üçdə biri
qədər - 200 vahid artırılması məhkəmə sisteminin inkişafında mühüm hadisə olub.
Yeni ayrılan ştatların komplektləşdirilməsi məqsədilə Şura tərəfindən hakimlərin
seçim qaydası təkmilləşdirilib, bu prosesdə çeviklik artırılıb. İmtahanların
müasir texnologiyalar tətbiq edilməklə, 200-250 nəfərlik qruplarla, fasiləsiz
olaraq keçirilməsi, namizədlərin sualları kompüter vasitəsilə cavablandırması
və nəticələrin dərhal elanı təsbit olunub. Bununla yanaşı, ötən il hakimliyə
namizədlərlə qeyd olunan üsullarla yazılı və şifahi imtahanlar keçirilib.
İmtahanlarda uğur qazanmış 44 nəfər tədris kursuna buraxılıb. Namizədlərin
hakimlik fəaliyyətinə hazırlanmaları üçün Ədliyyə Akademiyasında keçirilən
həmin kursda nüfuzlu ekspertlərin iştirakı ilə mühüm və aktual mövzular tədris
olunur, namizədlərin məhkəmələrdə, həmçinin, beynəlxalq təcrübəni öyrənmələri
məqsədilə xarici dövlətlərdə staj keçmələri təşkil olunur. Eyni zamanda növbəti
müsabiqə üzrə yazılı imtahanlarda müvəffəqiyyət qazanan 64 nəfər hakimliyə
namizədlə şifahi imtahanlara başlanılıb, sənədlərini təqdim etmiş daha 200
namizədlə test imtahanının keçirilməsi üzrə təşkilati tədbirlər görülür.
Aşkar
edilən pozuntular
Şura sədri bildirib ki, son dövr ərzində obyektiv
səbəblərlə yanaşı, görülmüş tədbirlər, o cümlədən yeni hakimlərin təyinatı, bir
sıra işlərin məhkəmədənkənar asan həllinin müəyyən olunması, kiçik iddialara
dair işlər üzrə sadələşdirilmiş icraat prosedurunun, iqtisadi işlər üzrə
icraatın yalnız elektron aparılması qaydasının təsbit edilməsi nəticəsində
hakimlərin mülki işlər üzrə iş yükü 2 dəfədən çox azalıb. Yeni ayrılmış hakim
ştatlarının komplektləşdirilməsi və cari ildən mübahisələrin məhkəmədənkənar həllində
mühüm vasitə olan mediasiya institutunun tətbiqinə başlanılması, məhkəmələrdə
iş yükünün bir az da azalmasına, işlərə daha keyfiyyətlə baxılmasına xidmət
edəcək. F.Məmmədovun sözlərinə görə, "Məhkəmə-hüquq sahəsində islahatların
dərinləşdirilməsi haqqında” Fərmanla qarşıya qoyulmuş məsələlərin həlli, o
cümlədən məhkəmə fəaliyyətinə müdaxilə və digər neqativ halların aradan
qaldırılması, aşkarlığın və qərəzsizliyin təmin edilməsi məqsədilə ötən il
Şurada "Korrupsiyaya qarşı mübarizə və məhkəmə monitorinqi”, "İnformasiya
texnologiyaları və innovasiyalar” sektorları təsis edilib. "Qaynar Xətt”
yaradılaraq, 2500-dək müraciətə baxılıb, 50-dən çox məhkəmədə monitorinq
aparılıb. Aşkar edilən pozuntular hakimlərin və məhkəmə sədrlərinin diqqətinə
çatdırılıb, daha kobud pozuntularla bağlı isə intizam icraatları başlanılıb.
Yol verilən nöqsanların yerində aradan qaldırılması məqsədilə hər həftə
məhkəmələrdə qəbulların keçirilməsi təcrübəsi yaradılıb. Ümumiyyətlə, ötən il
fəaliyyətlərində nöqsan və qanun pozuntularına yol verdiklərinə, o cümlədən
korrupsiya hüquqpozmalarına şərait yaratdıqlarına görə, 48 hakim intizam
məsuliyyətinə cəlb edilib, 2 nəfərin səlahiyyətlərinə xitam verilib, 7 nəfər
tutduğu vəzifədən azad olunub. 18 hakimin səlahiyyət müddəti uzadılmayıb.
Məhkəmə səhvlərinin aradan qaldırılmasında hakimlərin tədrisinin əhəmiyyəti
nəzərə alınaraq, Ədliyyə Akademiyası ilə birgə 50-dən çox tədris tədbiri
keçirilib.
Şuranın
gələcək fəaliyyəti üçün yol xəritəsi
Konstitusiya
Araşdırmaları Fondunun prezidentiƏliməmməd NuriyevMəhkəmə-Hüquq Şurasının fəaliyyəti ilə bağlı
fikirlərini qəzetimizə bölüşərək deyib ki, Şura ilk növbədə hakimlərin
özünüidarəetmə qurumudur. Hüquqşünasın fikrincə, bütövlükdə hakimlərin seçilməsi,
yerləşdirilməsi, onların fəaliyyətinin qiymətləndirilməsi və sair məsələlər də
birbaşa Şuranın fəaliyyətinə daxildir: "Şura Məhkəmə hakimiyyətinin
səmərəliliyinin, effektivliyinin artırılması istiqamətində çox mühüm işlər
görür. Məhkəmə-Hüquq Şurası eyni zamanda Məhkəmə hakimiyyətində islahatların mühüm
bir həlqəsidir. İndiyə qədər Şura vakansiya hakim yerlərinə seçkilərin təyin
edilməsi, imtahan prosesinin təşkili, imtahan-seçki komissiyasının yaradılması,
imtahanların təşkili, həmçinin yeni məhkəmələrin təşkili ilə bağlı təkliflərin
hazırlanması, hakimlər üçün tədris kurslarının təşkil edilməsi, onların
fəaliyyətinin qiymətləndirilməsi istiqamətində çoxsaylı işlər görüb. Bütün
bunlar məhkəmə hakimiyyətinin güclənməsinə, məhkəmələrin səmərəliliyinin
artırılmasına töhfələr verib. Lakin bu, o demək deyil ki, Məhkəmə-Hüquq
Şurasının görəcəyi işlər artıq yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin
imzaladığı "Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında”
Fərmandan irəli gələrək Şura qarşısında mühüm vəzifələr qoyulub. Bu Fərman
Şuranın gələcək fəaliyyəti üçün yeni yol xəritəsidir”.
Yeni
hakim korpusunun formalaşması
Vətəndaşların
Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri, Azərbaycan Respublikası Vəkillər
Kollegiyasının üzvü Sahib Məmmədov da Məhkəmə-Hüquq Şurasının məhkəmələrin özünüidarə
qurumu olduğunu diqqətə çatdıraraq, Şura üzvlərinin hakimiyyətin 3 qolundan
təşkil olunduğunu vurğulayıb. Hüquqşünas qeyd edib ki, Şura yaranan gündən onun
fəaliyyətini yaxından izləyir, keçirilən genişlənmiş iclaslarına vətəndaş cəmiyyətinin
nümayəndəsi olaraq dəvət alır: "Məhkəmə-Hüquq Şurası ilə yanaşı, Hakimlərin
Seçki Komitəsi də fəaliyyət göstərir. Həm Hakimlərin Seçki Komitəsinin, həm
Məhkəmə-Hüquq Şurasının hakimlərin seçilməsi prosesində, imtahan müddətində
əvvəldən axıra qədər iştirak etmişəm. Hələ 2005-ci ildə bu proseslə bağlı
televiziyalarda çıxışlarım, müzakirələrim də olub. O zaman ilk dəfə idi belə
imtahanlar keçirilirdi. Fəaliyyətinə yaxından bələd olduğum üçün, həyata
keçirdiyi tədbirləri real olaraq gördüyüm üçün Məhkəmə-Hüquq Şurasının
fəaliyyətini müsbət qiymətləndirirəm. Hər bir qurum haqqında tənqidi qeydlər də
dilə gətirmək mümkündür. Amma ümumilikdə, Məhkəmə-Hüquq Şurası yeni hakim
korpusunun formalaşmasında, məhkəmələrin müasir səviyyəyə çatmasında
əhəmiyyətli rol oynayıb. Hazırda Məhkəmə-Hüquq Şurası ictimaiyyətə ən açıq
qurumlardan biridir. Şuranın elə bir tədbiri yoxdur ki, orada vətəndaş
cəmiyyəti və media təmsilçiləri iştirak etməsin”.
İslahatlar
beynəlxalq aləmdə təqdir olunur
Ekspertlərin fikrinə əlavə olaraq onu da qeyd
edək ki, Azərbaycanda aparılan məhkəmə islahatı beynəlxalq aləmdə təqdir
olunur. Yeni ixtisaslaşmış məhkəmələrin yaradılması, məhkəmə fəaliyyətinin
rəqəmsallaşdırılması, elektron məhkəmə sisteminin təkmilləşdirilməsi, mediasiya
institutunun tətbiqi Dünya Bankının "Doing Business 2020" hesabatında
müsbət dəyərləndirilib. Eyni zamanda mütərəqqi təcrübəmizin yayılması Avropa
Şurasında təşviq edilib. Təbii ki, bütün bu uğurların əldə edilməsində
Məhkəmə-Hüquq Şurasının rolu böyükdür.
Rufik
İSMAYILOV
Yazı Ədliyyə Nazirliyi və Mətbuat Şurasının birgə
elan etdiyi "Məhkəmə-hüquq islahatları: müasir çağırışlar və innovativ
təcrübələr" mövzusunda müsabiqəyə təqdim olunur