• çərşənbə, 18 Dekabr, 16:19
  • Baku Bakı 10°C

Mədəniyyətimizə yeni nəfəs gətirən rəssam

23.04.16 13:09 5086
Mədəniyyətimizə yeni nəfəs gətirən rəssam
Mən onu ilk dəfə uşaq vaxtı doğma kəndimizdə - indi yadlar tapdağı altında qalan Urudda görmüşdüm. Orta boylu, ağ saçlı, eynəkli Hüseyn Əliyevin doğma el-oba ilə hər görüşü əsl toy-bayrama çevrilərdi. Həmişə də kəndə jurnalist Xudu İsgəndərovla qoşa gələrdi. Bazarçayın sahilində əyləşərək suların min bir rəngini, təbiətin gül-çiçəyinin, əzəmətli Babək qalasının vüqarını kətana köçürərdi. Onu bütün günü dağda, dərədə, meşədə görmək olardı. O, bu yerlərin vurğunu idi. Hüseyn müəllimin köksündə yurd sevgisi elə dərin kök salmışdı ki, o, hər dəfə kəndin cavanları ilə görüşəndə bu yerlərin təbiətindən məhəbbətlə danışmaqdan doymazdı.
Hüseyn Əlirza oğlu Əliyev 1911-ci il aprelin 22-də Zəngəzur mahalındakı Qarakilsə bölgəsinin Comərdli kəndində anadan olmuşdur. Dünyaya gəlişi bahar fəslinə təsadüf etmişdi. Gözünü açandan gördüyü təbiət, dağ, şəlalə - bir sözlə, min bir gözəllik kiçik yaşlarından qəlbinə hakim kəsilmişdi. Təsadüfi deyildir ki, ilk təbiət mənzərəsini çəkəndə onun 12 yaşı vardı. Bu ilk cığır sənət həvəsli gənci öz arzularına qovuşdurdu.
Bakıda Rəssamlıq Texnikumunda oxuduğu illərdə (1927-1932) «Molla Nəsrəddin» jurnalında müxtəlif eybəcərlikləri qamçılayan karikaturaları, rəsm əsərləri çap edilərdi. Azərbaycan mətbuatının inkişafında çox möhtəşəm mərhələ olan, işıqlandırdığı mövzuları bu gün də aktual səslənən «Molla Nəsrəddin»in Hüseyn Əliyevin rəssam kimi formalaşmasında böyük rolu vardı.
Xalq rəssamı Tahir Salahov öz xatirələrində yazır: «Qəlbimdə Xalq rəssamı Hüseyn Əliyevin işıqlı, cazibəli xatirəsi yaşayır. O, Azərbaycan rəssamlıq ənənəsini Bəhruz Kəngərli və Əzim Əzimzadədən alıb davam etdirmişdir. Biz nəsil rəssamlar incəsənətə xeyli sonralar gəlmişik. Həmişə bu qocaman ağsaqqalımıza minnətdarlıqla yanaşır, onun yaradıcılığını və mədəniyyətə gətirdiyi yeni nəfəsi yüksək qiymətləndiririk. O, rənglərlə işləməyin ustası idi. Xüsusilə də məzmunun mənasını açmağa kömək edən atribut və rəmzləri öz əsərlərində məharətlə tətbiq edirdi. Onun rənglərində musiqinin ritmi və ahəngi duyulurdu. Bu canlılıq hər rəssama xas olmur».
Hüseyn Əliyev Leninqrad Rəngkarlıq, Heykəltəraşlıq və Memarlıq İnstitutunu bitirdiyi ildən (1935) təqaüdə çıxanadək qəzetdə rəssam işləyib. Qəzetçiliyin gündəlik qayğıları, operativlik bir rəssam kimi onun vaxtını çox alsa da, öz istedadı və zəhməti sayəsində Hüseyn Əliyev sənət imtahanından həmişə qalib çıxıb. 1939-cu ildə Mirzə Fətəli Axundovun portretini yaratmaq üçün elan edilmiş respublika müsabiqəsində gənc rəssamın təqdim olunan əsəri mükafata layiq görülmüşdür. Dövrün, zamanın tələbləri ilə bağlı çəkdiyi onlarca plakatı ictimai-siyasi məzmununa, sadəliyinə və eyni zamanda orijinal həllinə görə fərqlənirdi.
İkinci Dünya müharibəsi başlayanda bir çox vətən oğlu kimi Hüseyn Əliyev də cəbhəyə gedib. Təşviqat alayında rəssam kimi fəaliyyət göstərib. Bu ağır illərdə qanlı döyüşlərin, qəhrəmanlıqların şahidi olan Hüseyn Əliyev neçə-neçə döyüşçünün portretini yaradıb. O, «Qafqazın müdafiəsinə görə», «1941-1945-ci illərdə arxa cəbhədəki şərəfli əməyinə görə», «Böyük Vətən müharibəsinin 30 illiyi» medalları və «Xalqlar dostluğu» ordeni ilə təltif olunub. Hüseyn Əliyev bacarıqlı rəssam kimi üç dəfə Azərbaycan, bir dəfə Ukrayna Ali Sovetinin fəxri fərmanlarına layiq görülüb. 1940-cı ildən Rəssamlar İttifaqının üzvü olan Hüseyn Əliyev 1976-cı ildə Əməkdar rəssam, 1982-ci ildə Xalq rəssamı fəxri adına layiq görülüb.
Əsasən qrafika ilə məşğul olmuş Hüseyn Əliyev həm də mənzərə ustası kimi məşhur idi. O, doğma vətənin füsunkar təbiətini seyr etməkdən xüsusi zövq alardı. Rəssamın duyğuları isə rənglərdən ibarət nəhəng bir çələngə çevrilərdi. 1960-1970-ci illərdə yaratdığı peyzajlar sənətin məhz bu janrına yeni nəfəs və ruh gətirmişdi. Doğma yerlərin bənzərsiz təbiəti Hüseyn Əliyevin fırçası ilə kətan üzərində canlandıqca sanki yeni bir möcüzə ilə qarşılaşırdın. Yoluna, izinə, dağına, dərəsinə bələd olduğumuz yurd yerlərinin əzəməti, gözəlliyi önündə bir daha valeh olursan. Rəssamın Göygölün təsvirinə həsr edilmiş silsilə əsərləri xüsusi diqqət cəlb edir. Xalq rəssamı Azərbaycan təbiətinin incilərindən sayılan bu mavi gözlü gözəlin müxtəlif variantlarda təsvirini yaratmışdı. Gah dağların qoynunda məskən salmış Göygölün mavi sularını kətanda əks etdirir, gah da hər hansı təkrarolunmaz gözəlliyindən yeni mövzu tapırdı. Onun qurduğu kompozisiyalar, rəng ötürmələri, koloritlik öz bənzərsizliyi ilə seçilirdi. İki il ərzində Kəpəz dağının 25-dən artıq akvarel görünüşünü kətana naxışlayan Hüseyn Əliyev həqiqətən möcüzə yaratmışdı.
Xalq rəssamı Mikayıl Abdullayev sənət dostunun bu uğurundan vəcdə gələrək yazırdı: «Dünya təcrübəsində yalnız italyan rəssamının bir dağın on görünüşündən başqa heç kim bir obyektin 25 görüntüsünü kətan üzərində əks etdirməyib». Təəssüf ki, bu əsərlərin yalnız 13-ü əlimizdədir, 3 əsərinin slaydı, 1 əsəri isə fotoşəkil formasında qorunub saxlanılmışdır. Ötən illərdə Hüseyn Əliyevin «Göygöl mənzərələri» adlı çap edilən albomunda rəssamın 17 mənzərəsi verilmişdi.
Hüseyn Əliyevin Naxçıvan və Zəngəzurla bağlı analoqu olmayan əsərləri var. Xalq rəssamının böyük məharətlə yaratdığı «İlanlı dağ» tablosu son dərəcə orijinal və qeyri-adi gözəlliyə malik əsər kimi bütün sənətsevərlərin diqqətini çəkir. «Urud qalası» peyzajı rəssamın yaradıcılığında ən yaxşı və şah əsərlərdən biridir. Bu sənət nümunəsi təkcə orijinal kompozisiyası, quruluşu, obrazlı həllin gözəlliyi ilə deyil, həm də dağ qalasının özünəməxsusluğunun təbii boyalarla verilməsi ilə fərqlənir. Hüseyn Əliyevin Zəngəzur mövzusuna həsr etdiyi akvarel seriyalar da maraqlıdır. Doğma yurdun hər qarışını böyük məhəbbətlə öz duyğularından, təxəyyülündən yaradıcılıqla keçirən görkəmli rəssamın «Zəngəzur mənzərəsi», «Zəngəzur dağları», «Şəki şəlaləsi», «Comərdli mənzərəsi», «Meşədə qış», «Payız», «Qürub çağı» kimi əsərləri incə müşahidə qabiliyyətinin məhsulu idi.
Hüseyn Əliyev portret çəkən rəssam kimi də çox böyük uğur və şöhrət qazanmışdı. O, əslində bu janrın ustadı idi. Çəkdiyi portretin hər biri insanın daxili dünyasını, sənətini əks etdirmək baxımından maraq doğurur. Məsələn, əlləri qoynunda dayanmış Hüseyn Cavidin portreti çox canlı və mənalıdır. Böyük şairin duruşu, baxışı, uzaqdan görünən Araz çayı, İlanlı dağ tamaşaçıya nələr söyləmir?! Eləcə də Nizami Gəncəvinin portreti düşündürücü təsir bağışlayır. Hüseyn Əliyevdən bizə ərməğan qalan bir sıra portretlər var ki, tarixilik baxımından böyük əhəmiyyət daşıyır.
Unudulmaz rəssamın Azərbaycan təsviri sənətindəki xidmətlərindən çox danışmaq olar. Hüseyn Əliyevin yaradıcılıq sahəsi olduqca geniş idi. İstifadə etdiyi rənglərin çalarları al-əlvandır. 2004-cü ildə bir fərəhləndirici hadisə həm rəssamın pərəstişkarlarını, həm də ümumiyyətlə Azərbaycan mədəniyyətinin vurğunu olan insanları çox sevindirdi. Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi şəhərində görkəmli rəssamın əsərlərindən ibarət sərgi təşkil edildi. Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə həyata keçirilən bu tədbir yüksək dəyərləndirildi. Xarici ölkə vətəndaşları azərbaycanlı rəssamın rənglərin musiqisini təbiətin rəngində tablolara əks etdirmək məharəti qarşısında məmnun qalmışdılar. Bu xoş münasibət hər kəsdə böyük qürur doğururdu ki, o, Azərbaycan adlı bir məmləkətin vurğunu olduğu və qarış-qarış gəzdiyi doğma torpağını kətanlara köçürərək bir-birindən gözəl, nəfis, orijinal əsərlər yaradıb. Bu əsərlər isə onu seyr edənləri daim heyrətə gətirməkdədir.
Onun rənglərlə işləmək məharəti o qədər canlı və təbii idi ki, bu gün də həmin yadigarlara baxanda inana bilmirsən ki, gördüklərinin arxasında nəhəng təbiətin özü yox, kətan dayanır. Hüseyn Əliyev təkcə istedadlı rəssam deyildi. O, təbiəti etibarilə çox səmimi və təbii insan idi. Bəlkə də elə bu məziyyətləri ona bir rəssam kimi də yardımçı olurdu. Bu səbəbdən də Hüseyn Əliyevi kiminləsə müqayisə etmək, onun hansısa bir əsərinin analoqunu axtarmaq əbəsdir. Çünki Hüseyn Əliyev bu əsərlərə öz rəngləri və onlara olan münasibəti ilə elə bir möhür vurub ki, bu rəssamın yaradıcılığına az-çox bələd olan hər kəs ilk dəfə gördüyü əsərinin müəllifini tanıya bilir. Qəribə cazibə qüvvəsi var Hüseyn Əliyevin əsərlərində. Baxdıqca rənglərin dünyasına düşürsən. Nə xoş ki, belə bir rəssamın müasiri olmuşuq, onu yaxından tanımışıq.
Bu unudulmaz rəssamın yaradıcılığında mənzərələr, tablolar, portretlər, natürmortlarla bərabər, başqa janrlarda işlədiyi əsərlər də çoxdur. O, uzun müddət nəqqaşlıqla da məşğul olub, su boyaları ilə işləyib. Alleqorik əsərlərə müxtəlif məzmunlu karikaturalar, təsvirlər çəkib, kitablara illüstrasiyalar işləyib. Bütövlükdə Hüseyn Əliyev yaradıcılığının ətraflı öyrənilməsi, onun təsviri sənətimizdəki yeri haqqında mükəmməl tədqiqatların aparılması vacibdir.
Əsl sənətkar və vətəndaş ömrü yaşayan Hüseyn Əliyev Azərbaycan təsviri sənətinin ən unudulmaz nümayəndələrindən biridir. Bu istedadlı rəssamın yaradıcılığında portret və təbiət mənzərələri daha çox üstünlük təşkil edirdi. Hüseyn Əliyevi bəzən də jurnalist kimi təqdim etmək istəyirsən. Çünki uzun illər indiki «Xalq qəzeti»nin («Kommunist») bədii tərtibat şöbəsində əvvəlcə baş rəssam, sonra da bədii tərtibat şöbəsinin müdiri vəzifəsində çalışan Hüseyn Əliyev təkcə fırça ilə deyil, qələm ilə də işləyirdi.
Hüseyn Əliyev böyük rəssam idi. Bu, danılmaz faktdır. Mənim üçün isə Hüseyn Əliyev çox böyük vətəndaş idi! Onu ilk dəfə doğma kəndimizdə gördüyüm günləri xatırlayıram. Yaxşı yadımdadır, «Azərbaycan müəllimi» qəzetində işlədiyim illərdə tez-tez görüşərdik. Həmişə deyərdi ki, sən rəhmətlik anama çox bənzəyirsən. Mənim cizgilərim əsasında onun portretini işləmək istəyirdi. Təəssüf ki, qismət olmadı. Mərd, istiqanlı, mehriban insan idi Hüseyn müəllim... Çoxumuzun boynunda haqqı var. Onu kim unudar ki?.. Bu, heç mümkün də deyil. Bu yer, bu göy, bu məmləkət qədər əbədidir Hüseyn Əliyev və həmişə bizimlə bərabər gələcəyə yol gedir...
Flora XƏLİLZADƏ,
Əməkdar jurnalist
banner

Oxşar Xəbərlər