• cümə, 26 Aprel, 15:42
  • Baku Bakı 23°C

Maşın bazarında “oynayan” qiymətlər

16.02.18 13:00 1462
Maşın bazarında “oynayan” qiymətlər
Yanvar ayında Bakıdakı maşın bazarında qiymətlərin azalması müşahidə olunub. Bunu Trend-ə Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı deyib. R.Osmanlı bildirib ki, 2017-ci ilin dekabr ayında avtomobil bazarında daha çox qiymət artımı müşahidə olunmuşdu. Amma ötən ilin dekabrı ilə müqayisədə 2018-ci ilin yanvar ayında qiymətlər təqribən 6.5 faiz düşüb. Ümumilikdə isə son dövrlərdə avtomobil bazarında qiymətlərin artması müşahidə olunmaqdadır:"Onun da səbəbləri bazarda baş verən proseslərlə əlaqədardır. Yəni aksiz vergisinin artırılması, idxalın müəyyən mənada azalması buna təsir edir". R.Osmanlının sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə avtomobil bazarında qiymətlərdə təqribən 20 faizdən artıq bahalaşma müşahidə olunub. Ekspert bildirib ki, bahalaşma qiyməti 40 min manata qədər olan avtomobillərdə daha çox özünü göstərib.
Bəs görəsən maşın bazarındakı bu qiymət dəyişmələrinin səbəbi nədir? Artıb-azalma tendensiyası nə vaxta kimi davam edəcək? Ümumiyyətlə, bazardakı son durum necə qiymətləndirilir?
Məsələ ilə bağlı Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlının özü ilə əlaqə saxladıq. Ekspert bildirdi ki, indiki halda proqnoz vermək bir qədər çətindir. Çünki qiymətlərdə stabilləşmə yoxdur: "Hazırda qiymətlərdə nisbi azalma müşahidə edirik. Ötən ilin sonlarından başlayaraq qiymətlər artdı. Yanvar ayında da bu artım davam etdi. Son dövrlərdə isə qiymətlər müəyyən qədər aşağı düşdü. Bunun əsas səbəbi bazara müxtəlif informasiyaların daxil olması ilə bağlıdır. İnzibati qərarların qəbulu və müxtəlif proseslərin baş verməsi nəticəsində qiymətlər qalxdı. Həmçinin avtomobil sahibləri, eyni zamanda bu sahədə fəaliyət göstərən kiçik və orta sahibkarlar qiymət artımında maraqlı oldular. Amma tələb aşağı düşdüyünə görə və bazarda alıcı qıtlığı yaşandığına görə, indi qiymətləri azaltmağa çalışırlar. Düzdür, bu azalma və artım əvvəlki dövrlərlə müqayisədə çox aşağıdır. Amma bu proses davam edir. Mənə elə gəlir ki, yaxın bir-iki həftə ərzində bu proses davam edəcək. Çox güman ki, mart ayının ilk ongünlüyündən sonra prosesləri daha dəqiq qiymətləndirmək mümkün olacaq. Ona görə də mart ayının ortalarına qədər gözləmək lazımdır”.
Avtomobillər üzrə ekspert Eldəniz Cəfərov deyir ki, adətən ilin sonunda avtomobil bazarında qiymətlərdə enmə müşahidə olunur: "Lakin bu il bu hal müşahidə olunmadı. Yəni dekabr-yanvar aylarında qiymətlərdə xüsusi enmə olmadı. Əksinə, Nazirlər Kabinetinin avtomobillərin motor həcminə görə rüsumların artırılmasına dair qərarından sonra ümumilikdə avtomobil bazarında qiymətlər qalxdı. Bununla yanaşı, bazarda süni qiymət artımı da yaşandı. Bildiyimiz kimi, 2005-ci ildən əvvəlki illərdə istehsal olunan avtomobillər Azərbaycana gətirilmir. Ona görə də daxili avtomobil parkında istehsal tarixi köhnə olan avtomobillərin qiyməti qalxdı. Adətən fevralın ikinci yarısından sonra mart ayının sonuna qədər bazarda durğunluq olur. Bu, bazara xas bir haldır. Bu zaman avtomobil alıcılarının sayında da azalma olur. Belə olan təqdirdə, qiymətlər yuvarlaqlanır və optimallaşır. Yəni qiymətlərdə kəskin enmə və artma olmur. Bu zaman avtomobillərin real qiyməti öz yerini tapır. Deyə bilmərik ki, hazırda qiymətlərdə sürətli enmə var. Növbəti həftədən artıq hər şey aydınlaşacaq. Qeyd edim ki, ikinci əl avtomobillərin qiymətində enmə ola bilər. Amma birinci əl avtomobillərdə bu, mümkün deyil. Ola bilsin ki, rəsmi satış mərkəzləri xüsusi endirimlər etsinlər. Mart ayının sonundan başlayaraq qiymətlərdə yenidən qalxma ehtimal edilir. Yəni, Novruz bayramından sonra müəyyən artımlar ola bilər. Bu da yay-yaz aylarında avtomobilə olan tələbatın artması ilə bağlıdır. Həmçinin, bu il Azərbaycana yeni model avtomobillərin gəlməsi də ehtimal olunur. Yay aylarından müxtəlif markalı avtomobillərin yeni modelləri ölkəyə gətiriləcək. Yapon və alman istehsalı olan markalı avtomobillərin yeni modellərinin bazara axını gözlənilir. Yəni bazarda ciddi canlanma müşahidə olunacaq. Həm alıcı, həm də avtomobillərin sayı artacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər