• cümə, 26 Aprel, 07:14
  • Baku Bakı 12°C

Masallıda yeni infrastruktur layihələrinə başlanılıb - Fotolar

17.06.15 18:46 1106
Masallıda yeni infrastruktur layihələrinə başlanılıb - Fotolar
Son illər Masallı rayon İcra Hakimiyyəti ölkənin, eləcə də regionun aparıcı jurnalistləri ilə ardıcıl görüşlər keçirir. Bu qəbildən olan görüşlərdən biri iyunun 13-14-də Masallı rayon İcra Hakimiyyətində təşkil olunmuşdu. Ölkənin 15 tanınmış qəzet və sayt redaktorlarının iştirak etdiyi görüşdə Masallıda icra olunan yeni infrastruktur layihələrindən söz açılıb.
İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov əvvəlcə Yaponiya hökumətinin maliyyə dəstəyi ilə Seybətindəki 4 hektarlıq zibilliyin ləğv olunaraq yerində bərk tullantılar üçün sex tikildiyini qeyd edib. Onun sözlərinə görə, bu müəssisə yaxın günlərdə istifadəyə veriləcək.
* * *
İnşası davam etdirilən Masallı park-bulvarından danışan İcra Başçısı bildirib ki, hazırda layihə üzrə sahilbərkitmə işləri aparılır: “Burada işi elə qurmağa çalışırıq ki, həmin ərazi təkcə istirahət yeri yox, həm də daşqın zamanı rayonun təhlükəsizliyinə xidmət etmiş olsun. Rayonun baş planında Viləş çayının üzərində 2-ci körpü də nəzərdə tutulub. 7 hektar sahəni əhatə edəcək bulvarın hazırda 1,5 kilometri istifadəyə hazırlanır. Gələcəkdə bu məsafə 5 kilometrə qədər uzadılacaq”.
R.Hüseynov Ümummilli lider Heydər Əliyevin adını daşıyan parkda inşa edilən Diyarşünaslıq Muzeyi və İncəsənət Məktəbi barədə də danışıb. Onun sözlərinə görə, bu obyektlər regionlarda inşa edilən analoji layihələrin hamısından fərqlənəcək.
İcra başçısı Masallıda həyata keçirilən yeni layihələr sırasında “ASAN XİDMƏT” Mərkəzini xüsusi vurğulayıb. Qeyd edib ki, 10-dan artıq rayonu əhatə edəcək “ASAN XİDMƏT” Mərkəzinin fəaliyyətə başlaması Masallının tarixində yaddaqalan hadisəyə çevriləcək. Ətraf rayonlardan Masallıya axın olacağını hesablayan ekspertlər də o qənaətdədirlər ki, “ASAN XİDMƏT”in fəaliyyətə başlaması Masallıya bir çox üstünlüklər verəcək ki, bu xüsusda da daha ciddi nəticələr sosial-iqtisadi sahədə müşahidə olunacaq. 2,5 hektar sahəni əhatə edəcək bu obyektdə kafe, restoran, əyləncə mərkəzləri və kitabxana fəaliyyət göstərəcək.
İcra Başçısı bildirib ki, hazırda rayonda Regional Kollec fəaliyyət göstərir: “Qarşıdakı illərdə sözügedən təhsil müəssisəsi üçün də yeni binanın tikintisi planlaşdırılır. Bundan başqa, Masallıda daha bir neçə regional idarə də fəaliyyətə başlayacaq”.
* * *
Görüşdə “Azərsun Holdinq”in Masallıda icarəyə götürdüyü ərazilərdə, (Qızılağacdakı tərəvəz (100 ha), Kolatanda çay (100 ha) sahələri) görülmüş işlərdən də geniş şəkildə bəhs olunub.
İcra başçısı qeyd edib ki, 1-2 ucqar kənd istisna olmaqla rayonun bütün kəndlərinin qazlaşması ilin sonuna kimi başa çatdırılacaq. Bundan başqa, içməli su problemi də tamamilə aradan qaldırılacaq.
“Biz turizmdən daha böyük fayda əldə etməyi hədəfləyirik” - deyən İcra Başçısı gələcəkdə Qodman və Qəriblər kəndlərinin arasında Turizm kəndinin salınmasının da planlara daxil olduğunu bildirib.
Masallıya qonaq gəlmiş jurnalistlər həmin axşam Heydər Əliyev parkında Qurtuluş günü ilə bağlı təşkil olunmuş konsertə tamaşa ediblər. Konsertdən sonra isə İcra Başçısı və rayonun rəhbər şəxslərinin iştirakı ilə qonaqların şərəfinə ziyafət verilib.
* * *
Jurnalistlərin Masallıya səfərinin 2-ci günü onlar şəhərdə icra olunan yeni layihələrlə yaxından tanış olublar.
Daha sonra onlar Qızılağac kəndindəki 100 hektarlıq tərəvəz sahəsi ilə tanış olublar. “Azərsun Holdinq”in Türkiyədən gəlmiş aqronomu Tofik Salih qonaqlara məlumat verib ki, istifadəsiz qalmış bu ərazini qısa müddətdə canlandırıblar. Burada pomidor, xiyar, badımcan, kartof və sair tərəvəz məhsulları əkilib. Əvvəllər bu torpağa görə kənd bələdiyyəsinin hesabına 100 hektara görə 400 manat pul köçürülürdüsə, hazırda bələdiyyə ildə 19 min manat icarə haqqı alır. Bu isə bələdiyyənin məsrəflərinin ödənilməsinə tamamilə kifayət edir. Burada əsasən Qızılağac kəndinin sakinlər çalışır və ayda 250-300 manat arasında məvacib alırlar. Bu isə o deməkdir ki, “Azərsun”dan Qızılağac kəndinə hər ay təxminən 90 min manat vəsait daxil olur.
Türkiyəli aqronom bildirib ki, tərəvəz sahəsi tam yeni texnologiya ilə işlənilir. Şitillər çiləmə üsulu ilə suvarılır, torpağa ən yüksək keyfiyyətli, ziyansız, tez parçalanan kübrələr verilir: “Qarşıdakı illərdə əkin sahəsinin həcmini bir neçə dəfə artırmaq istəyirik. Yerli sakinlər burada yeni texnologiyanı öyrənir və onlar özləri də bizsiz bu üsuldan istifadə etməklə hər il xeyli gəlir əldə edə bilərlər”.
***
Elə həmin gün jurnalistlər Kolatan kəndinin mərkəzindən 6 kilometr aralıda - dağlar qoynunda salınmış çay plantasiyaların da baş çəkiblər. İcra başçısının müavini Nəsir Muxtarlı bildirib ki, çox çətin ərazidə yerləşən bu sahəyə daxili imkanlar hesabına yol çəkilib: “Tam istifadəsiz sahədə “Azərsun Holdinq” 100 hektarlıq çay plantasiyası salıb. Bu sahədə yaxın vaxtlarda 500 nəfərin işləyəcəyi gözlənilir. Burada yetişdirilən çay dünyanın ən keyfiyyətli çaylarından olacaq. Bu əraziyə görə də “Azərsun Holdinq” kənd bələdiyyəsinə icarə haqqı ödəyir”.
Günün ikinci yarısında jurnalist qonaqlar Miyankü kəndindəki Qamo İstirahət Mərkəzində olublar. Yüksək səviyyədə təşkil edilmiş kotteclər, kafelər, üzgüçülük hovuzu, süni şəlalələr jurnalistlərin böyük marağına səbəb olub.
Səfərin sonunda jurnalistlər R.Hüseynov başda olmaqla onlara xüsusi diqqət ayırmış və səmimi münasibət göstərmiş İcra başçısının müavinlərinə və digər rəsmi şəxslərə təşəkkürlərini bildiriblər.

banner

Oxşar Xəbərlər