• cümə axşamı, 28 mart, 22:12
  • Baku Bakı 13°C

Ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə yüksəlir - Deputat

23.01.21 16:30 374
Ölkələrimiz arasında əməkdaşlıq yeni mərhələyə yüksəlir - Deputat
Bu gün Xəzəryanı ölkələr arasında geniş əməkdaşlıq münasibətləri mövcuddur. Bu platformanın yaradılmasında və funksionallığının təmin olunmasında Azərbaycanın rolu əvəzsizdir. Azərbaycan hər zaman Xəzərdə dialoq, qarşılıqlı anlaşma, əməkdaşlıq və sabitlik mühitinin formalaşdırılmasına böyük səy göstərib və dənizinin hüquqi statusunun müəyyənləşdirilməsi üçün ilk təşəbbüs göstərən ölkələrdən biri kimi çıxış edib. Xəzəryanı dövlətlər arasında qarşılıqlı kompromis və mövqelərin yaxınlaşması nəticəsində 2018-ci ildə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanın imzalanması da buna bariz nümunədir.
Bu fikirləriKaspi.az-a açıqlamasında Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.
Sevinc Fətəliyeva bildirib ki, Xəzərin hüquqi statusunun müəyyənləşməsinə sanballı töhfələr verən Azərbaycan, həmçinin dənizin karbohidrogen resurslarının qarşılıqlı əməkdaşlıq çərçivəsində işlənməsi istiqamətində bir ilkə imza atıb. Belə ki, Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra ulu öndər Heydər Əliyevin apardığı uzaqgörən siyasət nəticəsində 1994-cü il sentyabrın 20-də Bakı şəhərində dünyanın aparıcı transmilli şirkətləri ilə Xəzər dənizində neft yataqlarının işlənilməsi və hasilatın pay bölgüsü haqqında tarixə "Əsrin müqaviləsi” kimi düşən sənəd imzalandı. "Əsrin müqaviləsi”nin imzalanması Xəzərin mineral sərvətlərindən istifadəsi üçün dünyanın aparıcı neft şirkətlərinin və xarici investisiyaların cəlb edilməsi üzrə çox mühüm siyasi addım olmuş, bu istiqamətdə dənizdə beynəlxalq əməkdaşlığa yol açılmışdır. "Əsrin müqaviləsi”ndən sonra Xəzər dənizinin zəngin resurslarının işlənməsinə dair yeni kontraktlar imzalandı. Hazırda əksər region dövlətləri, eləcə də Avropanın ayrı-ayrı ölkələri özlərinin enerji təhlükəsizliyini respublikamızın təşəbbüsü və fəal iştirakı ilə yaradılan şaxələndirilmiş mənbələr və dəhlizlər vasitəsilə təmin edirlər.
Deputatın sözlərinə görə, Azərbaycanın "Kəpəz”, Türkmənistanın isə "Sərdar” adlandırdığı "Dostluq” yatağı zəngin neft-qaz ehtiyatlarına malikdir. Azərbaycan Prezidenti İlham Əliyev bundan əvvəl respublikamızın neft-qaz hasilatı, nəqli, ölkəmizin enerji potensialının daha da yüksəldilməsi istiqamətində yeniliklərin olacağını anons etmişdi. "Dostluq” yatağının işlənilməsi üzrə memorandumun imzalanması ilə dövlətimizin başçısının verdiyi mesaj həyatda öz təsdiqini tapdı. Bu layihə Azərbaycanın neft-qaz sənayesinin perspektiv inkişafı baxımından böyük əhəmiyyətə malikdir. Yataqdan hasil olunacaq neft və qaz Azərbaycanın mükəmməl infrastrukturu, ixrac kəmərləri vasitəsilə daşınacaq. Neft və qaz ixracatçısı olan Azərbaycanın həm də tranzit ölkə kimi önəmi artacaq. Memorandumun imzalanması Azərbaycanla Türkmənistan arasında energetika və nəqliyyat-kommunikasiya sahələrində əməkdaşlığın yeni mərhələyə yüksəldilməsi baxımından çox önəmli addımdır.
"Eyni zamanda, bu layihənin çox böyük beynəlxalq və regional əhəmiyyəti var. Sözügedən sənədin imzalanması sübut edir ki, Xəzər dənizində bütün məsələlər dialoq və əməkdaşlıq mühitində həll oluna bilər. Memorandum Xəzər dənizi regionunda enerji və nəqliyyat-kommunikasiya layihələrinin həyata keçirilməsi və xarici investorların bu layihələrə cəlb edilməsi, habelə Azərbaycanın nəqliyyat-tranzit potensialının möhkəmlənməsi üçün yeni imkanlar yaradır”, - deyə, S.Fətəliyeva vurğulayıb.
banner

Oxşar Xəbərlər