• çərşənbə, 17 Aprel, 01:11
  • Baku Bakı 14°C

Ölkə ərazisində epidemioloji coğrafiya qorunmalıdır

01.07.20 12:30 812
Ölkə ərazisində epidemioloji coğrafiya qorunmalıdır
Ekspertlər deyir ki, insanların həssas davranışları vərdiş halı alarsa, daxili turizmin açılması haqda düşünmək olar
Hazırda koronavirus pandemiyasından dolayı tətbiq edilən karantin rejimi ilə bağlı paytaxtdan respublikanın bölgələrinə gediş-gəliş məhdudlaşdırılması davam edir. İlk vaxtlar bununla bağlı etirazlar çox olmasa da, yayın gəlişi, insanların bölgələrə getmək istəyini artırdı.Belə fikirlər səsləndirilir ki, regionlara gediş-gəlişə məhdudiyyətin qoyulması mənasızdır, bu, yoluxmanın qarşısını almır, regionlardakı istirahət mərkəzlərinə gedilsə, hər hansı problem yaranmaz və s. Maraqlıdır, bu məhdudiyyətin aradan qaldırılması nəyi dəyişər? Tutaq ki, məhdudiyyət sərbəst gediş-gəlişlə əvəz olundu, daxili turizmin imkanlarından istifadə imkanı əldə etdik, bəs həmin obyektlər virusla mübarizəyə nə dərəcədə hazırdırlar?
Tibbi ekspert Adil Qeybulla deyir ki, regionlarda virusla mübarizə cəhətdən geniş tibbi yardım təşkil etmək imkanı olmadığı üçün epidemioloji coğrafiya qorunmalıdır: "Rayonlarda yoluxma potensialı müəyyən qədər var. Çünki onsuz da insanlar müxtəlif yollarla rayonlara gedib-gəlirlər. Karantin də azərbaycansayağıdır. Amma bir məsələ var ki, Bakı və Abşeron yarımadasında əhalinin yoluxma potensialı çox yüksəkdir. O baxımdan da, burda proses kollektiv immunitetin yaranmasına doğru gedir. Azərbaycan əhalisi rayonlarda seyrəkdir. Rayon əhalisinin böyük əksəriyyəti ya Bakıdadır, ya Rusiyada, ya da başqa yerlərdə. Ona görə, çalışmaq lazımdır ki, mümkün qədər epidemioloji coğrafiya qorunsun. Çünki regionlarda virus yayılsa, vəziyyət ürəkaçan olmayacaq. Bizim rayonlarda geniş şəkildə tibbi yardımı təşkil etmək imkanlarımız yoxdur”.
A.Qeybullanın sözlərinə görə, insanlar karantin qaydalarına tam məsuliyyətlə yanaşsalar, regionlara gediş-gəlişdəki məhdudiyyətin aradan qaldırılması problem olmaz: "Əgər insanlar karantin rejimi qaydalarını tamlıqla ciddiyə alsalar, sosial məsafə gözləsələr, mistik fikirlərə inanmasalar, regionlara istirahətə getmək də olar. İnsanlar normal həyatlarını sürərək də bu infeksiya ilə birgə yaşaya bilər. Təəssüf ki, belə deyil. Xeyli adam var ki, qaydaları çox da riayət etmir. Karantin qaydaları yumşaldılanda, biz Bakı bulvarında, küçələrdə insanların heç bir sosial məsafə gözləmədən, maska geyinmədən gəzməsini, öpüşüb-görüşmələrini, qucaqlaşmalarını gördük. Əlbəttə, bu, infeksiyanın xeyli yayılmasına səbəb oldu. Biz onun nəticələrini hazırkı statistikada görürük”.
Turizm eksperti Ceyhun Aşurov deyir ki, bölgələrə gediş-gəlişə məhdudiyyətin qoyulması turizmə mənfi təsir edir, ancaq indi daha çox sağlamlıq istiqamətinə fokuslanmaq vaxtıdır: "Regionlardakı turizm obyektləri böyük ümidlə gözləyirdilər ki, ilk olaraq daxili turizm obyektləri açılacaq, insanlar regionlara səfər edəcəklər və s. Hətta, bəzi otellər, yerləşdirmə müəssisələri bununla bağlı kampaniyalara da başlamışdılar və buna tam hazır olduqlarını bildirirdilər. Ancaq yoluxma sayındakı mövcud vəziyyət bir az da sərtləşdirməyə məcbur etdi. Ölkə üzrə yoluxmanın təxminən yarısının Bakı şəhərinə, Abşeron ərazisinə düşdüyünü nəzərə alsaq, verilən qərarla barışmamaq olmur. Dövlət rəsmiləri də bildirir ki, vəziyyətin nəzarətdən çıxmaması üçün bu cür karantin rejiminə gedilir. Burda iki seçim var. Birincisi, bütün obyektləri açmaq, regionlara gediş-gəlişi sərbəstləşdirməkdir. Bu zaman insanların sağlamlıqları risk altına düşür. İkincisi isə insanların sağlamlığını qorumaq və mümkün qədər səbirli davranmaq. Ona görə də, düşünürəm ki, istənilən halda, sağlamlıq və təhlükəsizlik məsələləri varsa, burda hər hansı turizmdən söhbət gedə bilməz”.
Ekspert bildirir ki, insanların hamısının məsuliyyətli davranacağına öncədən zəmanət vermək mümkün deyil, ona görə, turizmi düşünüb belə bir addımı atmaq da riskli olardı: "Cəmiyyətdə virusa inanmayan, şübhə ilə yanaşanlar olsa da, bu faktdır ki, bütün dünyada pandemiya şəraiti mövcuddur, artıq yoluxanların sayı milyonlarla ölçülür, ölkəmizdə də günük 500-dən çox yoluxma qeydə alınır. Bu da onu deməyə əsas verir ki, insanların ölkə boyu tam sərbəst hərəkəti, səyahəti yolverilməzdir. Bütün insanların məsuliyyətli davranacağına heç kim zəmanət vermir. Mən o mövqe ilə razılaşıram ki, biz bu virusla paralel yaşamağı öyrənməli, özümüzü, yaxınlarımızı qorumağa çalışmalıyıq. Bu xəstəliyin belə bir tərəfi var ki, bəzən insan yoluxur, amma özünü normal hiss edir, o adam başqaları ilə ünsiyyətdə olanda, artıq onlara da virus keçirir. Düşünürəm ki, bu istiqamətdə verilən qərarlar doğrudur, təəssüf ki turizmə mənfi təsir göstərir. Amma biz bir az da səbirli olmalıyıq”.
C.Aşurovun sözlərinə görə, regionlardakı istirahət mərkəzləri artıq virusla mübarizə cəhətdən hazırlıqlara başlayıblar: "Təbii ki, bununla bağlı müəyyən layihələr var. Azərbaycan Turizm Bürosu, Dövlət Turizm Agentliyinin, Otellər Assosiasiyasının, Qida Təhlükəsizliyi Agentliyinin birgə iştirakı ilə Sahman – Sanitariya və Gigiyena Metodları və Normaları hazırlandı. Bununla bağlı onlayn təlimlər keçirilir, həmin yerləşdirmə müəssisələri "Sahman” fərqlənmə nişanı alırlar ki, otelləri daxilində müştərilərə yönəlik sanitar-gigiyenik normalara riayət edirlər. Burda da məqsəd odur ki, insanlar, getdikləri, qaldıqları məkanlarda onlara tam şəkildə sanitar gigiyenik normalara cavab verən xidmət göstərildiyindən, öz həyatlarını təhlükəyə atmadıqlarından, müəyyən qədər qabaqlayıcı tədbirlər görüldüyündən əmin olsunlar”.
Ekspert qeyd etdi ki, müəssisələrin bu tədbirləri görməsi həm öz əməkdaşları, həm də müştərilərinin sağlamlığını qorumaq cəhətdən vacibdir: "Bir çox ölkələrdə bu cür layihələr, hazırlıqlar var. Burda müştəri davranışları da dəyişir. Müştərilər getdikləri yerin tam təhlükəsiz, sanitar-gigiyenik normalara tam cavab verdiyini, bu qaydaların müəssisə rəhbərliyi, personalı tərəfindən nə dərəcədə nəzarətdə saxladığını görmək istəyirlər. Müəssisə virusla mübarizə tədbirləri görməklə həm işçisinə, həm müştərilərinə dəyər verdiyini, onların sağlamlıqlarını qoruduğunu göstərmiş olur. Hazırkı vəziyyət müəyyən dərəcədə təhlükəli sayıldığı üçün hələ ki, gözləmə mövqeyidir. Ancaq gələcəkdə müştəri qəbulu məhz bu qaydalar çərçivəsində olacaq. Yoluxma sayında azalma, yoluxma tempinin yavaşıması, insanların həssas davranışları vərdişə keçdikdən sonra, düşünürəm ki, yenə də ilk olaraq regionlarda turizm canlanmağa başlayacaq. Əslində turizm sənayesi buna hazırdır, indi də turist qəbul etmək imkanı var. Lakin burda həm sahibkarlar, həm də müştərilər məsuliyyətli davranmalıdır ki, vəziyyəti daha da çətinləşdirməyək”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər