AZE | RUS | ENG |


Lənkərana gələn “moskvalı gəlin”in macəraları

Lənkərana gələn “moskvalı gəlin”in macəraları
Cənub bölgəsinin mədəniyyət ocağında mövsümün sonuncu tamaşası olan “Ay Lolu və ya moskvalı gəlin” maraqla qarşılandı

Uzun müddət idi ki, Nəcəf bəy Vəzirov adına Lənkəran Dövlət Dram Teatrı ilə əməkdaşlıq edirdim və orada baş verən hadisələrdən, yaradıcılıq prosesindən qiyabi də olsa xəbərdar idim. Teatrın səsi-sədası qonşu ölkələrdən eşidilir, uğurları haqqında tez-tez xəbərlərə rast gəlirdik. Ancaq nə qədər paytaxtda oturub bölgə teatrı ilə əlaqələr saxlamağa çalışsaq da, yerində gözünlə görmək tamam başqadır. "100 eşitməkdənsə, bir görmək daha yaxşıdır” prinsipini əsas götürərək Lənkəran teatrında mövsümün sonuncu tamaşası olan "Ay Lolu və ya moskvalı gəlin” tamaşasını izləməyə getdik. Tamaşa haqda danışmamışdan əvvəl deyim ki, lənkəranlılar çox istiqanlı, mehriban və qonaqpərvərdirlər.
İyulun 15-də qonağı olduğumuz teatrda təntənəli şəkildə 126-cı mövsümün bağlanış  mərasimi keçirildi. Rəsmi hissədən sonra nümayiş olunan "Ay lolu və ya moskvalı gəlin” tamaşası səviyyəsinə görə heç də paytaxtda göstərilən tamaşalardan geri qalmırdı. Belə ki, aktyor oyunu, səhnə tərtibatı, musiqi seçimi - hamısı birlikdə həmahənglik təşkil edir, zövq oxşayırdı.

Bu gəlin kimdir?

Lənkəranda yaşayıb-yaradan yazıçı-publisist Hafiz Mirzəyə məxsus bu tamaşada hadisələr keçmiş sovetlər dövründə cərəyan edir. Moskvada ordu sıralarında xidmət edən Güləli Vətənə qayıdarkən özü ilə Nataşa adlı bir qızı da gətirir. Anasının rus gəlinini qəbul etmədiyini gördükdə isə, Güləli Nataşanı etnoqraf tələbə kimi qələmə verir, valideynlərini ələ almağa nail olur. Bu halda hamı etnoqraf qonağa hörmət edərək, onun bir neçə ay qalıb xalqımızın etnoqrafiyasını içdən öyrənməsinə şərait yaradır. Amma sonradan bunun hiylə olduğunu başa düşən Güləlinin anası Gültamam arvad Nataşaya qəsdən elə bir həyat tərzi göstərir ki, o, buralardan baş götürüb geri qayıtmalı olur. Nataşa guya etnoqrafiyanı canlı şəkildə öyrənir deyə, çox məşəqqətlərə, çətinliklərə dözür, yerli adət-ənənələrə uyğun həyat tərzi keçirməyə çalışır. Gültamam arvad hətta cindar Mircəfərin köməyindən də yararlanmaq istəyir. Bu zaman o, cindarın qarşısında bir vaxtlar Dərviş Məstəli şah Parisi dağıtdığı kimi, Moskvanın dağıdılması tapşırığını qoyur.
Hadisələrin sonunda Gültamam və Gülağa rus qızı Nataşanı oğlanları Güləli üçün almağa və onu gəlin kimi qəbul etməyə razılaşsalar da, Nataşa artıq axşam qatarı ilə qaçıb Moskvaya qayıdır. Bu isə 1991-ci ildə Moskvada dövlət çevrilişi - "QKÇP" ilə eyni günə təsadüf edir. Gültamam və Gülağa bu hadisələrin cindar Məmmədcəfərin yazdığı duanın təsirindən baş verdiyini, Nataşanın da məhz buna görə baş götürüb qaçdığını düşünürlər.

Tamaşadan çıxan mesajlar

Bəli, bu molla, cindar, dərviş məsələləri bu gün də aktualdır. Elə bilirsiniz, molla məsələsi, rus gəlini təkcə SSRİ dövründə aktual olub? Xeyr, bu məsələ elə indi də gündəmdədir. Nədənsə bizim ailələrdə analar, ələlxüsus da, əcnəbi gəlinləri qəbul etmək istəmirlər. Adətən analar oğlanlarına öz istədikləri, daha açıq desək, öz bacısı və ya qardaşı qızlarını almaq istəyirlər. Çox zaman da istəklərinə nail olurlar. Bu gün bu üsulla qurulan ailələr azdırmı? Nəticədə, irsi xəstəliklər və qohum evliliklərindən xəstə uşaqların doğulması halları günü-gündən artmaqdadır. Əslində, bu, başqa yazının mövzusudur...
Bəhs etdiyimiz tamaşada Gültamam rolunu teatrın tanınan aktrisası Qızılgül Quliyeva canlandırırdı. Öz rolunun öhdəsindən məharətlə gələn aktrisa əsl Azərbaycan tipajlı ana obrazı ilə çıxış edirdi. Tamaşa zamanı rejissor onu o qədər danışdırmışdı ki, tamaşa boyu bu obraz ancaq səhnədə özünü ifadə etməklə məşğul idi, öz daxili aləmini büruzə verməyə çalışırdı. Səhnədə bir aktrisanın bu qədər danışdırılması, sözünün çox olması sözün əsl mənasında həm aktrisanı yorur, həm də tamaşaçının bir qədər diqqətini yayındırır. Bütün səhnələrdə Gültamam obrazını dolğunluqla tamaşaçıya çatdıran aktrisanın tər içində səhnənin o baş, bu başına qaçdığını görürük. Sanki bu obraz məhz Qızılgül xanımın düz əyninə biçilmişdi. Bu, onun ən yaxşı rollarından biridir desək, yəqin ki, yanılmarıq.
Evin yeganə oğlu olan Güləli obrazı isə mənim ən çox sevdiyim obrazlardan oldu. Şirin ləhcəsi və oyun tərzi ilə tamaşaçılar arasında böyük rəğbət qazanan aktyor Gültamam ananın gözünün ağı-qarasıdır. Əslində, ananın bir neçə qızı olsa da, o bütün ümidini oğluna bağlayır. Bu gün cəmiyyətimizdə qadınların oğlan dünyaya gətirmək məqsədi yenə də aktualdır. Bəzi ailələrdə qız övladını övlad payı hesab etmirlər. Demək olar ki, hər gün mətbuatda bu tip xəbərlərlə rastlaşırıq. Gündəlik problemlərin də cəm olunduğu tamaşada izləyicilərə sətiraltı mesajlar ötürülür. Təbii ki, o da anlayana. Gültamam ana qədər tamaşada mühüm əhəmiyyət kəsb edən Gülağa obrazının mahir ifaçısı Sücəddin Mirzəyevin isə həyata baxışı bir qədər fərqlidir. Onun başqa dünyası var. Oğlunun rus qızı ilə evlənməsinin tərəfdarı olan ata obrazının öhdəsindən peşəkarcasına gələn Sücəddin müəllim öz işinin ustasıdır.
Gəldik çıxdıq rus qızımıza - Nataşa xanıma. Teatrın istedadlı aktrisası Şəbnəm Hüseynovanın canlandırdığı bu obrazda tamaşaçılar azərbaycanlı gəlini olmaq istəyən, yarıazəri, yarırusca danışan bir xanım gördülər. O bütün əziyyətlərə qatlaşmağa razı idi, təki sevdiyi şəxs olan Güləli ilə ailə həyatı qursun. Səhnənin yaraşığına çevrilən Nataşanın danışığında bir qədər problemlər olsa da, tamaşaçı onu çox aydın başa düşürdü. Sahə müvəkkili rolunu canlandıran Allahverən Babayev də həyatda bəxti gətirməyən atalardandır. Qısa rolu ilə əsl kənd qızı obrazının öhdəsindən məharətlə gələn Ülkər Quliyevaya da alqış düşür.
Ümumiyyətlə, tamaşa öz baxımlılığı və axıcılığı ilə diqqətçəkən idi. Mədəni istirahət ocağı hesab edilən Lənkəran Teatrında bizə bu ləzzəti yaşatdıqları üçün tamaşanın quruluşçu rejissoru, respublikanın əməkdar artisti Adil Zeynalova və Əlibala Əsgərova təşəkkür edirik.

Maraqlı səhnə tərtibatı...

Səhnədə sərgilənən dekor gözoxşayan və diqqətçəkən idi. Siz o dekorasiyaya baxan kimi, biləcəksiniz ki, hadisələr harada və hansı həyətdə baş verir. Bunun üçün tamaşanın quruluşçu rəssamı Məzaim Qurbanova "afərin” demək lazımdır. Onu deyəcəkdim axı, cənub bölgəsinə məxsus olan "Ay Lolu” mahnısı ilə tamaşa başladı və öz axarı ilə, ritmik mahnılarla davam etdi. Qələm Fərəcov tamaşanın tərtibatına tamamən uyğun olan musiqi seçmişdi.
Bir sözlə, aktiv fəaliyyəti və uğurlu layihələri ilə hər zaman ön sıralarda olan Lənkəran Teatrından xoş xatirələrlə ayrıldım. Yaradıcı kollektivə yeni-yeni uğurlar arzulayırıq!
Xəyalə Rəis
Teatrşünas


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0045
GEL 1 Gürcü larisi 0.7079
GBP 1 İngilis funt sterlinqi 2.1926
TRY 1 Türk lirəsi 0.4822
KWD 1 Küveyt dinarı 5.6337
SEK 1 İsveç kronu 0.2093
EUR 1 Avro 1.9963
CHF 1 İsveçrə frankı 1.7687
USD 1 ABŞ dolları 1.7008