• cümə axşamı, 25 aprel, 18:23
  • Baku Bakı 21°C

“Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır”

22.05.20 17:02 5366
“Korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır”
Azərbaycanın uğurlu və dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır

Prezident İlham Əliyev ötən gün Ağstafa və İmişli rayonlarına yeni təyin olunan icra başçılarını videoformatda qəbul edərkən Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı aparılan mübarizədən danışıb. Bildirib ki, Ağstafa və İmişli rayonlarının həbs olunan əvvəlki icra hakimiyyəti başçıları tərəfindən yol verilmiş pozuntular digər rayonlarda da mövcud olub və bir neçə icra hakimiyyəti başçısı artıq istintaqa cəlb edilib. Onun sözlərinə görə, bu, bir daha onu göstərir ki, Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa, talançılığa qarşı mübarizə sözdə yox, əməldə aparılır və bundan sonra da aparılacaq. Dövlət başçısı qeyd edib ki, indi həm yerli, həm də mərkəzi icra orqanlarının fəaliyyəti araşdırılır və yol verilmiş bütün pozuntular üzə çıxacaq.

Prezident ilham Əliyev yeni təyin olunan icra başçılarına tövsiyə və tapşırıqlarını da verib: "Azərbaycanda korrupsiyaya, rüşvətxorluğa qarşı mübarizə amansız aparılmalıdır. Bu məsələ ilə bağlı mən öz fikirlərimi bildirmişdim, bir daha demək istəyirəm ki, Azərbaycanın uğurlu inkişafı, ölkəmizin dayanıqlı inkişafı üçün xoşagəlməz hallara son qoyulmalıdır. Siz də rəhbərlik edəcəyiniz rayonlarda bütün xoşagəlməz hallara qarşı öz işinizlə ciddi mübarizə aparmalısınız. Korrupsiyanın, rüşvətxorluğun, talançılığın kökü kəsilməlidir. Bu sahədə sizin dövlət tərəfindən böyük dəstəyiniz olacaqdır, eyni zamanda, geniş ictimaiyyəti də bu işlərə cəlb edin. Çünki ictimai nəzarət xoşagəlməz hallara qarşı mübarizədə çox önəmli amildir. Mən şadam ki, son müddət ərzində ictimai nəzarət mexanizmləri təkmilləşir. Birinci növbədə siz vəziyyəti təhlil etməlisiniz və insanları narahat edən problemləri həll etməlisiniz. Sizin həll etməyə gücünüz çatmayan məsələlər barədə müvafiq mərkəzi icra orqanlarına məlumat verin ki, bu məsələlər operativ şəkildə öz həllini tapsın. ...Ədalət sizin işinizdə əsas prinsip olmalıdır”.

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü Naqif Həmzəyev mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında bildirib ki, Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyi sistemini daim təkmilləşdirilir və bu istiqamətdə düşünülmüş, ölçülüb-biçilmiş addımlar atılır. Onun sözlərinə görə, bu zaman, ilk növbədə xalqın və dövlətin maraqları, milli mənafeləri nəzərə alınır. Millət vəkili deyib ki, mütəmadi olaraq yeniliklərə can atan, köhnə stereotiplərdən uzaqlaşmağa, yeni yanaşmalara üstünlük verməyə cəhd göstərən gənclərin rəhbər işlərdə irəli çəkilməsi ümumilikdə ölkənin, cəmiyyətin xeyrinədir: "Dövlət başçısı bundan əvvəl və hazırda vəzifəyə yeni təyin etdiyi icra hakimiyyəti başçıları ilə görüşdə ilk növbədə onlara öz gündəlik fəaliyyətini nümunə göstərir. Belə ki, ölkə rəhbərinin hər zaman vətəndaşının yanında olması sevincinə, dərdinə şərik çıxması xalqa xidmət missiyasının ən yaxşı nümunəsi kimi göz önündədir. Cənab Prezident dəfələrlə məmurların diqqətinə çatdırıb ki, qarşılarında duran əsas vəzifə rəhbərlik edəcəkləri rayonların sosial-iqtisadi inkişafına nail olmaqdır. Eyni zamanda, yeni kadrlar daim vətəndaşlarla ünsiyyət əsnasında rayonun problemlərini və insanları narahat edən məsələləri daha dərindən öyrənib adekvat tədbirlər görməlidirlər. Əks təqdirdə ciddi şəkildə cəzalandırılacaqlar”.


Ölkədə siyasi və iqtisadi islahatların vəhdət təşkil etməsini zəruri sayan deputat N.Həmzəyev təəssüflə vurğulayıb ki, bəzi hallarda Azərbaycanın inkişafına çox böyük zərbələr vuran korrupsiya və rüşvətxorluq hallarına da rast gəlinir: "Mövcud vəziyyətdən şəxsi maraqları naminə istifadə edən, vətəndaşların və dövlətin qanunla qorunan mənafelərinə zərər vuran, hakimiyyət orqanlarının fəaliyyətinə kölgə salan məmurlar da tapılır. Diqqətəlayiq haldır ki, göstərilən etimaddan sui-istifadə edən, əhalinin sosial rifahını yaxşılaşdırmağa hesablanmış, aztəminatlı ailələrin payına göz dikmək kimi mənfi əməllər törədən vəzifəli şəxslər ölkəmizdə tez bir zamanda ifşa edilir, layiqli cəzalarını alırlar. Prezident İlham Əliyev yeni Baş prokuror Kamran Əliyevi videoformatda qəbul edərkən də bu məsələyə toxunub. Korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin hüquq-mühafizə orqanları qarşısında prioritet sahə kimi dayanmalı olduğunu diqqətə çatdırıb. O, bütün dövlət məmurlarını xəbərdar etdiyini dilə gətirib. Prezident tələb edib ki, əgər hansısa dövlət məmuru öz işində düzəlişlər edə bilmirsə, yaxud da bunu istəmirsə, özü könüllü şəkildə dövlət işindən istefa versin. Bu tələbin ardınca əməli tədbirlər həyata keçirilir. Vəzifə səlahiyyətlərindən sui-istifadə edən rayon icra hakimiyyəti başçılarının, habelə bir sıra şəhər-qəsəbə icra nümayəndələrinin, Mədəniyyət Nazirliyinin və Dövlət Sərhəd Xidmətinin yüksək vəzifəli şəxslərinin qanunazidd əməllərinin qarşısı qətiyyətlə alınır. Bu, Azərbaycanda kimliyindən, statusundan, tutduğu vəzifəsindən asılı olmayaraq hər kəsin qanun qarşısında bərabər olduğunu bir daha nümayiş etdirir”.


Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü, "İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə söyləyib ki, Prezident İlham Əliyev yeni təyin olunan icra hakimiyyəti başçılarını videoformatda qəbul edərkən bölgələrdə görülən tədbirlərdən, həyata keçirilən infrastruktur layihələrindən, abadlıq-quruculuq işlərindən geniş bəhs edib. Onun fikrincə, Prezident birmənalı şəkildə bəyan edib ki, bölgələrdə görülən işlərin mənbəyində xalqın iradəsi dayanır: "Artıq regionların sosial-iqtisadi inkişafı ilə bağlı dördüncü Dövlət Proqramı icra olunur. Bütün proqramların tərtib edilməsində yerlərdən gələn təkliflər əsas yer tutur. Məhz cənab Prezident bütün bunları əsas götürərək yerli icra hakimiyyəti orqanları qarşısında təxirəsalınmaz vəzifə qoyub. Bildirib ki, bölgələrdə işlər öz həllini gözləyir, insanlar əziyyət çəkir. Ona görə vəziyyəti təhlil edərkən icra başçıları ilk növbədə, vətəndaşları narahat edən məsələləri aşkarlamalıdırlar. Dövlətimizin başçısı İlham Əliyev daim dövlət məmurlarını xalqla bir olmağa, insanların qayğıları ilə maraqlanmağa və həlli istiqamətində ciddi addımlar atmağa, inkişafa, quruculuğa böyük töhfələr verməyə, səyləri birləşdirib konkret addımlar atmağa çağırışlar edir. Ölkə Prezidenti bu məqamı hər bir icra başçısını vəzifəyə təyin edərkən xüsusi vurğulayır: İnkişaf, quruculuq, səmərəli iş, təvazökarlıq və insanlara xidmət. Hər bir məmur ona həvalə olunan vəzifəni layiqincə və şərəflə icra etməli, etimadı doğrultmalıdır. Çünki, ölkəmizdə həyata keçirilən inkişaf siyasətinin mərkəzində şəffaflığın təmin olunması, vətəndaşlara layiqli xidmətin göstərilməsi dayanır”.
Rufik İSMAYILOV
banner

Oxşar Xəbərlər