• çərşənbə axşamı, 19 mart, 12:49
  • Baku Bakı 8°C

“Koronavirusa inanmayıb yoluxan o qədər xəstəmiz var ki”

28.11.20 14:30 1680
“Koronavirusa inanmayıb yoluxan o qədər xəstəmiz var ki”
Natiq Əliyev: "Kritik vəziyyətdə olanlar bu qədər gətirilirsə və klinikalarda yer problemi yaşanırsa, deməli, xəstəliyi ağır keçirənlərin sayı çoxdur”

Koronavirusla bağlı vəziyyətin payız və qışa doğru daha da pisləşəcəyi deyiləndə, bu qədərini gözləmirdik. Amma proqnozlar özünü doğrultdu. Son vaxtlar COVİD-19-a yoluxma sayı gündəlik 3500-dən çox olur, ətrafımızda virusa yoluxanlar günü-gündən artır. Biz daha çox statistika və ətrafımızda olanlara əsasən durumu qiymətləndiririk. Bəs klinikalarda durum necədir? Mərkəzi Neftçilər Xəstəxanasının həkim-infeksionisti Natiq Əliyevləbu istiqamətdə söhbətləşdik.
- İlk olaraq koronavirusla bağlı hazırkı vəziyyətdən danışmanızı istəyirəm. Biz gündəlik yoluxmada böyük artım müşahidə edirik. Bəs klinikalarda vəziyyət necədir?
- COVİD-19-la bağlı bütün dünyada vəziyyət kritikdir. Bunu yoluxanların və virusdan dünyasını dəyişənlərin sayına baxaraq da demək olar. Bizim ölkədə də yoluxma sayı artan templə gedir. Gündəlik yoluxma rəqəmləri hər kəsə məlumdur. Sırf öz çalışdığım klinikanın mənzərəsini ifadə etsəm, xəstə axını kifayət qədər çoxdur. Ən pisi də odur ki, xəstələrin çoxu ağırlaşmış vəziyyətdə gətirilir. Bu da klinikalardakı mənzərəni daha da dəhşətli edir.
- Ağırlaşma halları niyə çoxdur? Axı belə fikirlər səsləndirilir ki, COVİD-19 mutasiyaya uğrayıb, əvvəlki qədər ağır keçirilmir...
- Mutasiyaya uğramaq məsələsi tam deyil. Çünki xəstəliyi ağır keçirən kifayət qədər xəstə qəbul edirik. Hazırda klinikaya gələn xəstələrin böyük hissəsi orta ağır və ağır vəziyyətdə olur. Təbii ki yüngül, simptomsuz keçirənləri klinikaya gətirmirlər. Amma kritik vəziyyətdə olanlar bu qədər gətirilirsə və klinikalarda yer problemi yaşanırsa, deməli, xəstəliyi ağır keçirənlərin sayı çoxdur. Ola bilər ki, mutasiyaya uğrasın. Amma indi payız fəslindəyik. Mövsümi infeksiyalar, xüsusilə də bakterial infeksiyalar geniş yayılıb. Bu infeksiyalar da yayıldığı üçün insanlar bəzən COVİD-19-a deyil, payızda həmişə adət etdikləri virus infeksiyalarına yoluxduqlarını düşünürlər. Bu zaman COVİD-19-un müalicəsi gecikir. Başqa virus infeksiyaları kimi müalicə edirlər. Doğru müalicə aparılmırsa, təbii ki, bunun faydası olmur və xəstəlik daha da ağırlaşır. Nəticədə klinikaların xəstə qəbul etmək imkanları çətinləşir.
- Koronaviruslu xəstələrin müalicə aldığı klinikada işləməyə nə vaxt başlayıbsınız?
- Mart ayından, virus yayılandan iş başındayam.
- Deməli, lap əvvəldən prosesin içindəsiniz. Yoluxmanın daha az rəqəmlərlə ifadə olunduğu yay aylarında klinikalarda vəziyyət necə idi?
- Gündəlik yoluxmanın az olması həm də o deməkdir ki, klinikalarda kifayət qədər xəstə qəbul etmək üçün boş çarpayılarımız var idi. Amma hazırda bu durum biz həkimləri sıxıntılı hala salıb. Çünki yoluxma sayının 3500 üzərində olması bütün yükün xəstəxanaların, tibb işçilərinin üzərinə düşməsinə gətirib çıxarır. Yoluxma sayı az qeydə alınanda, proses idarəedilən halda olur.
- 3500 yoluxma olur, ancaq bir məsələ də var ki, indi vəziyyəti ağır olan xəstələri klinikalara qəbul edirlər, qalan hissə evdə təcrid olunur, müalicə alır.
- Bununla belə, yer problemi yaşanır. Çünki gündəlik yoluxmanın 3500 üzərində olması böyük göstəricidir. Digər tərəfdən də, dediyim kimi, gələn xəstələrin hamısı ağır vəziyyətdə olanlardır. Ağır xəstələrin klinikada müalicə almaq, burda qalmaq müddəti də uzanır. Xəstə 7-10 gün deyil, 14-20 gün xəstəxanada qalmalı olur. Xəstənin vəziyyəti ağırdırsa, müalicə prosesi uzun çəkir. Bu halda onları evə buraxmaq olmaz. Bu da yerlərin gec boşalmasına gətirib çıxarır və yer problemi ilə üzləşirik.
- Bəzən COVİD-19 testinin nəticəsi pozitiv çıxan xəstəni Təcili Tibbi Yardım klinikaya aparmır, xüsusi müalicə də təyin etmir. Bu zaman xəstələr narahat olurlar. Deyirlər ki, virus varsa, müalicə getməlidir və hansısa həkimə mütləq resept yazdırıb müalicə alırlar. Müalicəsiz, bu xəstəliyə orqanizmin qalib gəlməsindən danışaq...
- Yüngül keçirən, heç bir simptomu olmayan xəstənin müalicə alması mütləq deyil. Müalicə almadan da orqanizm bu virusa qalib gələ bilir. Ancaq burada əsas məsələ immun sisteminin üzərinə düşür. İmmun sistemi bunun öhdəsindən gəlirsə, dərmana ehtiyac qalmır. COVİD-19-un müalicəsində antiviral dərmanların ilkin dövrlərdə verilməsi vacibdir. Klinik şikayətlər davam etdiyi 10 gündən sonra antiviral dərman verməyin heç bir təsiri olmayacaq.
- Bəzən deyirlər ki, mənim qədər qorunan, qaydalara riayət edən yox idi, yoluxdum. Bəzən də deyirlər ki, çox fikir verməyəndə, inanmayanda, yoluxmursan. Bunlar bir az zarafatyana fikirlərdir. Maraqlıdır, xəstələr bu haqda nə deyirlər?
- Fərqli fikirlər səsləndirən xəstələr var. Aralarında çox yaxşı qorunub, təsadüfən laqeydlik edib onun nəticəsində yoluxanlar da var, ümumiyyətlə, laqeyd yanaşıb yoluxanlar da. Koronavirusa inanmayıb, amma yoluxan xeyli ağır xəstəmiz var. İnanmayanların işi daha ağırdır, çünki onlar ilk vaxtlar virus olduğunu qəbul etmirlər, başqa virus infeksiyası bilirlər, yanlış müalicə edirlər. Nəticə də ağırlaşmaya gətirib çıxara bilir.
- Natiq bəy, mütəxəssislər payız ayları üçün koronavirusla bağlı bədbin proqnozlar səsləndirəndə, biz bu cür nəticə gözləmirdik. İndi də qış ayları ilə bağlı xoş olmayan fikirlər eşidirik. Qışda bizi nə gözləyir?
- Payız aylarında, əslində belə halların yaşanacağı gözlənilən idi. Çünki digər virus infeksiyaları da soyuq havalarda aktivləşir. Əlamətlərin bir qismi eyni olduğu üçün hələ də onlarda koronavirus olduğuna ilk dövrlər inanmaq istəməyən insanlar çoxdur. Prosesi yubadırlar. Bu da ağırlaşmalara səbəb olan faktorlardandır.
Qışda bizi nə gözlədiyinə gəlincə, artım bu tendensiya ilə davam edərsə, qışda daha ağır vəziyyətlə üzləşə bilərik. Hazırda havaların soyuması və koronavirusa gündəlik yoluxma sayının bu şiddətlə artması ilə bərabər, insanlarda ikincili bakterial infeksiyalar da aktivləşir. İmmun sistemi zəiflədiyi üçün bakterial infeksiyalar da olacaq. Bu zaman ikili infeksiya olacaq və insanlar daha ağır keçirəcəklər.
Hər kəsə məsləhət görərdim ki, qripal bir infeksion, burun axıntısı, halsızlıq, temperatur kimi şikayətlərdən biri olduqda mütləq şəkildə, ilk növbədə COVİD-19 testini versinlər. Bu, həm həmin insanların özlərinin sağlamlıq durumunun tez nəzarətə alınması deməkdir, həm də nə qədər tez onlarda bu virusun olduğunu bilsələr, o qədər də ətrafdan tez təcrid olunarlar və yoluxma sayının artmasında payları azalar.
- Gündəlik ölüm sayı da çox olur...
- Yoluxanların sayı artdığı üçün ölüm sayında da artım qeydə alınır. Amma tək səbəb bu da deyil. Xəstənin yanaşı xəstəlikləri olur və bu zaman ölümə gətirib çıxara bilir. Digər tərəfdən, ölüm sayını artıran səbəb gec müraciətlərdir. Gec müraciət edirlər, ev şəraitində qrip bilib qeyri-peşəkar müalicə aparırlar. Yüngül olduğu halda, təbii, onları evdə təcrid edirlər, ev şəraitində müalicələri gedir. Amma xəstəliyi ağır keçirən bir xəstənin ev şəraitində uzun müddət qalması və səhv müalicə alması da sağlamlığını təhlükəyə atır. Ona görə, bir daha təkrar edirəm ki, simptomlar olan kimi mütləq koronavirus ola biləcəyini unutmasınlar.
- Mart ayından koronaviruslu xəstələrlə işləyirsiniz. Yəqin ki çox yorulubsunuz.
- Bəli, mart ayının əvvəlindən hər gün 12 saat fasiləsiz iş rejimi ilə çalışıram. Təbii ki, artıq tükənmişik. Bütün tibbi heyət olaraq hər kəs tükənir. Çünki dövrü olaraq həkimlərdən virusa yoluxanlar, bu müddətdə işdən ayrılanlar olur və bizim iş yükümüz artır. Həm psixoloji, həm də fiziki cəhətdən həkimlər üçün ağırdır. Həm rejim, həm də geyimlər zamanla həkimlərin immun sisteminə də mənfi təsir edir. Bu səbəbdən artıq tükənmişik.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər