AZE | RUS | ENG |

Konsert yaxşıdı, suallar pis?

Konsert yaxşıdı, suallar pis?
Bakıda konsert verməyə hazırlaşan Ebru Gündeş media ilə görüşməmək tələbi qoyub

Bu gün ölkəmizin konsert salonlarında daha çox xarici müğənnilərin konsertləri keçirilir. Azərbaycanda kifayət qədər tamaşaçı kütləsi toplayan xarici ifaçılar burada həm sevənləri ilə görüşür, həm də əlidolu öz ölkələrinə geri dönürlər.

Ötən gün "musavat.com” saytında bir xəbər diqqətimi çəkdi. Deməli, Türkiyənin tanınmış ifaçısı Ebru Gündeş noyabrın 3-də Heydər Əliyev Sarayında konsert proqramı ilə çıxış edəcək. Bakıda ən çox konsert verən əcnəbi müğənni adını alan Ebrunun konsert öncəsi maraqlı tələbləri yenə özünü göstərib. O, konsertində jurnalistləri görmək istəmir. Türkiyədə konsert verdiyi məkanların sahiblərinə bildirir ki, zalda jurnalist olsa, o məkanda bir daha çıxış etməyəcək. Buna səbəb isə həyat yoldaşı Rza Zərrabın həbs olunmasıdır. Ebru Gündeşin konsertinə yalnız telekanallar və konsertin informasiya dəstəkçiləri buraxılacaq.

Konsertin təşkilatçısı olan "A.M. Prestige Production”-ın direktoru Leyla Xəlifəli açıqlamasında deyib: "Mən heç kəsə deyə bilmərəm ki, konsert haqqında xəbər yazma. Bu sizin hüququnuzdur. Amma hər xəbər yazan saytı ora yığa bilmərəm. Mən çox istərdim ki, Ebru xanım jurnalistlərlə görüşsün. Amma ifaçı mətbuat konfransına razı olmadı. Reportaj və material lazım olsa, mən sizə göndərərəm. Amma akkreditasiya telekanallara və dəstəkçilərə aiddir”.

Əgər ifaçı hər hansı bir ölkədə konsert proqramı ilə çıxış etməyə razıdırsa, o ölkənin mediası ilə nə üçün görüşmək istəməsin? Bu kimi suallarımızı ekspertlərə ünvanladıq. Onlardan müğənniyə haqq qazandıranlar da oldu, onu tənbeh edənlər də. 
 
 
 
"Müğənninin müsahibə verməmək və media ilə görüşməmək haqqı var”
 
Uzun müddətdir, nəinki yerli ifaçıların, hətta xarici ifaçıların konsertlərinin təşkili işi ilə məşğul olan Samir Xəttab bizimlə söhbətində bildirdi ki, media nümayəndəsi tamaşaçı kimi də oturub konsertə baxa bilər: "Səhnədə ifa edən müğənni zalda jurnalistin olub-olmamasını necə təyin edə bilər? AZİS-in Bakıdakı konsertində heç bir telekanalı zala buraxmamışdım və bu mənim şəxsi qərarım idi. Heç bir media orada yox idi. Yalnız KATV Chat Box kanalını buraxmışdım. O özü də mətbuata müsahibə verməyə razılıq verməmişdi. Çox müğənnilər mətbuata müsahibə verməkdən yayınırlar”.
 
Təşkilatçı deyir ki, əgər müğənninin şərtləri medianın konsertində buraxılmamasıdırsa, burada heç bir şeyi dəyişmək mümkün deyil: "Müqavilədə qeyd olunmur ki, sən açıqlama verməyə borclusan. Məndə belə bir məsələ olmuşdu. Müğənniylə danışmışdıq ki, o, kanallarımızın birində çıxış edəcək. Öncədən razılıq olduğu üçün gəldi çəkildi. Müqavilə şərtlərində onlar yer almır. Problem ortaya çıxanda yenidən müzakirə olunur. Müğənninin müsahibə verməmək və media ilə görüşməmək haqqı var. İstər son anda olsun, ya da ondan əvvəlki anlar. Amma təşkilatçı əgər söz verirsə ki jurnalistlər orda olacaq, deməli o, dəvət etmək gücündədir. Heç vaxt indiyə kimi jurnalistlərə xəbər göndərməmişəm ki, bunu yayımlayın, sizi konsertə dəvət edəcəm. Bu mənim üçün reklam deyil. İndiyə kimi heç bir konsertimdə informasiya dəstəyi olmayıb. Çünki bu saytların heç biri mənə satış vermir. Elə bundansa, pullu səhifələrdə, "facebook”da ondan yaxşı effektiv reklam əldə edirəm. Jurnalistin yazdığı sadəcə xəbər effekti daşıyır, o da reklam vermir. Orada nə mənim afişam, nə də əlaqə nömrəm yazılır. Reklam xarakterli heç nə önəmli olmur. 16 illik təcrübəmdə bunu görmüşəm. Zaman dəyişir, zaman dəyişdikcə də şəraitlər və şərtlər də dəyişir. Hər təcrübəmdə yeni şərtlərlə qarşılaşıram. Ən kaprizli müğənni Halil Sezayi olub. Ən çətin Dima Bilan olub. Halillə televiziyaya çıxmaqla bağlı problem yaşamışdıq. Təşkilatçı əvvəlcədən danışıbsa, televıiziyaya gedib deyə bilməz ki, üzrlü hesab edin, müğənni efirə çıxmaq istəmir. Son anda bir yol tapıb məsələni həll etdim. Onun istəklərini oxuduqdan sonra dedim ki, mən onun konsertini təşkil etmək istəmirəm. İnsan kulislə səhnənin arasındakı məsafəni təyin edir. Kulisdəki, otaqdakı temperatura qədər istəkləri var idi...” 
 
 
 
"Hər şey prodüser və təşkilatçılardan asılıdır”
 
Prodüser, rejissor Ər-Toğrul bildirir ki, Azərbaycanda konsert vermək üçün istər Türkiyə, istər digər ölkələrdən gələn müğənnilər bilirlər ki, yerli insanlar onların konsertinə bilet alıb sevdiyi sənətçini izləmək istəyirlər: "Azərbaycan xalqı üçün konsert verən bir sənətçinin demək ki, bizim xalqımıza sevgisi var. Əgər yerli mediamıza açıqlama, müsahibə verməkdən imtina edirsə, bu birbaşa həmin müğənnilərin Azərbaycanda işini görən prodüser və təşkilatçılardan asılıdır. Onlar deməlidirlər ki, əgər Azərbaycanda konsert verirsənsə, mətbuata da açıqlama verməlisən. Çünki o bileti Azərbaycan vətəndaşları alacaq. O zaman Valeri  Meladze, Murat Boz Azərbaycana gələndə onlarla birlikdə oldum və bu məsələ ilə bağlı təcrübəm var. Orda gördüm ki, media ilə bağlı məsələlərdə qətiyyən ifaçıların özlərinin günahı yoxdur. Müğənni təşkilatçıya deyə bilər ki, mən bu verilişə çıxıram, digərinə çıxmıram. Bu məsələləri prodüser həll edir. Əgər onlar mətbuata açıqlama vermirlərsə, bu, qətiyyən yolverilməzdir. Əgər müğənni konsertə 3-4 gün qalmış deyirsə ki mən açıqlama və ya müsahibə verməyəcəm, bu çox yanlış hərəkətdir.  Deməli, adamın mediaya çıxara biləcəyi bir materialı, məhsulu yoxdur. Müğənni üzdə olan insandır. Media da onun haqqında hər hansı bir xəbər əldə etmək hüququna malikdir. Açıq konsert keçirilirsə və mətbuat iştirak etmirsə, bu çox qəribədir. Konsertdə tamaşaçı və mətbuat olmalıdır. İstənilən halda bu mənim fikrimdir”. 
 
 
 
"Onları çox şişirdirik”
 
Dekabrın 21-də Bakıda türkiyəli məşhur ifaçı Murat Boz konsert proqramı ilə çıxış edəcək. Konsertin media ilə əlaqələndiricisi, jurnalist Dilarə Zamanova deyir ki, onların işlədiyi müğənni Murad Bozun media ilə görüşmək istəməmək kimi bir tələbi yoxdur və konsert günü təşkilatçılar tərəfindən yaradılan şəraitdə o, media nümayəndələri ilə görüşəcək.
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN