Kirayə və sosial evlərlə bağlı qərarlar mənzil bazarına təsir edəcək, yoxsa...
Azərbaycanda
sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərin sosial, mənzil, təhsil
problemlərinin həlli və asudə vaxtlarının səmərəli keçirilməsinə yönəlmiş
tədbirlər həyata keçiriləcək. Bununla bağlı "Gənclər siyasəti haqqında” qanuna
dəyişikliklər edilir. Yeni layihə Milli Məclisin fevralın 12-də keçiriləcək
plenar iclasında müzakirəyə çıxarılacaq.
Son dövrlərdə
aztəminatlı gənc ailələrin mənzil əlçatanlılığını təmin edilməsi üçün müxtəlif
işlər görülür. Buna misal olaraq sosial evlərin satışa çıxarılması, kirayə
evlərlə bağlı qəbul edilən yeni qərarı nümunə göstərmək olar. Bəs görəsən
atılan addımlar mənzil bazarında qiymətlərə necə təsir edəcək?
İqtisadçı-eskpert Rəşad Həsənovdeyir ki, bu sahədə yeni mexanizmlərin formalaşdırılması müsbət addım kimi
qiymətləndirilə bilər: "Xüsusilə aztəminatlı ailələrin mənzil əlçatanlığı kifayət
qədər aşağıdır. Müəyyənləşdirilən kateqoriyalar aztəminatlı vətəndaşların
mənzil təminatının yüksəldilməsinə və proqramın aktivliyinin təmin olunmasına
imkan vermir. İpoteka kreditlərinin və həmçinin güzəştli mənzillərin verilməsi
zamanı əsas parametr ödəmə qabiliyyəti hesab olunur. Müəyyənləşdirilən
kateqoriyalar dövlət sektorunda çalışanlara bu imkanlardan yararlanmağa daha
çox imkan yaradır. Ümumiyyətlə götürdükdə isə vəsaitlərin həcmi azdır. Son
illər ərzində ümumi olaraq mənzil satışı 3-4 minə yaxın olub. Əvvəlki dövrlərdə
bu göstərici daha da aşağı idi. Bəzi hallarda bu göstərici min mənzilə qədər
çatmırdı. İl ərzində ölkədə təqribən 30-40 minə yaxın gənc ailə qurulur. Bu
ailələrin isə mənzilə ehtiyacı böyükdür. Müasir iqtisadi şərtlər daxilində
onların əksəriyyəti güzəştli formada mənzil problemini uzun müddət həll edə
bilmir. Bu məqamları nəzərə alsaq, düşünürəm ki, hələlik sözügedən istiqamətdə
mövcud mexanizmlər ciddi nəticələrə gətirib çıxarmayıb. Düzdür, sosial evlərlə
bağlı ilkin addımlar atılmaqdadır. Amma hələlik bu qurumun özünün də fəaliyyəti
məhdud hesab olunur. Çünki proqramda il ərzində bazara 3 minə yaxın mənzilin
təklif olunması nəzərdə tutulub. Amma hələlik bazara cəmi 400 mənzil təklif
olunub. Sürətin zəif olması, eyni zamanda, maliyyə məhdudluğu kimi məsələlər bu
istiqamətdə geniş miqyasda fəaliyyətlər həyata keçirməyə və təsir
formalaşdırmağa uyğun şərait yaratmır. Kirayə mənzillərlə bağlı yeni qaydaların
təsdiqlənməsi xeyli müsbət addımdır. Çünki bu qərar digərlərindən bir qədər
fərqlənir. Bu fərqlərdən ən önəmlisi isə ilkin tələb olunan məbləğin aşağı
olmasıdır. Yəni qaydaya əsasən,
gəlirlərin təsdiqlənməsi məsələsi prioritet hesab olunmur. Gəlirlər
təsdiqlənmədən də mənzilləri satmaq şərti ilə kirayəyə vermək nəzərdə tutulur.
Hesab edirəm ki, bu addım müəyyən qədər daha effektiv nəticələrə gətirib çıxara
bilər. Aztəminatlı ailələrin mənzil probleminin həllində bu qərar mühüm rol
oynayacaq. Amma il ərzində nə qədər mənzilin bazara təklif olunması əhəmiyyətli
məqamlardandır. Yaxın gələcəkdə bu qərarın nəticələrini görəcəyik. Ümumiyyətlə,
hesab edirəm ki, yaranmış şərait müəyyən çağırışlar formalaşdırır. Yaradılan
yeni mexanizm də bu çağırışların fonunda yaradılır. Ötən il daşınmaz əmlak
bazarında müəyyən qədər durğunluq müşahidə olunurdu. Bu mənada aktivliyin bərpa
edilməsinə ehtiyac var. Tikilən mənzillərin böyük əksəriyyəti mövcud
mexanizmlərlə alınır. Sektorda aktivliyi artırmaq və tələb formalaşdırmaq üçün
müəyyən amillər şərtdir. Əhalinin alıcılıq qabiliyyəti əvvəlki illərdə olduğu
səviyyədə deyil. Ona görə də, alternativ mexanizmlərin formalaşdırılmasına
ehtiyac yaranır. Atılan addımlar mənzil bazarında
qiymətlərə müəyyən qədər təsir edir. Güzəştli mənzil strategiyası öz hədəfinə
çatarsa, yəni il ərzində bazara 3000 mənzil təklif olunarsa və eyni zamanda ipoteka
fondu bundan sonrakı fəaliyyətini daha da genişləndirərsə, bazarda müəyyən
qiymət balonlarının qarşısı alına bilər. Bu, eyni zamanda qiymətlərin daha
əlçatan olmasına şərait yarada bilər. Hazırda qiymətlər üzərində əsas təzyiq
alıcılıq gücünün zəifləməsinə görə formalaşır. Faktiki olaraq sektorda tikilib
satılmayan mənzillərin sayının çox olması, qiymətlərin daha da aşağı düşəcəyini
deməyə əsas yaradır”.
"MBA
Group" konsaltinq şirkətinin baş direktoru, mənzil məsələləri üzrə ekspert
Nüsrət İbrahimov söylədi
ki, Azərbaycanın
mənzil bazarı tipik xüsusiyyətlərə malikdir: "Ümumilikdə götürdükdə, mənzil
bazarında bir milyondan bir qədər çox mənzil var. Bazardakı stabillik tez-tez
pozulur. Bu isə yaxşı göstərici demək deyil. Mənzil bazarının tutumunun kiçik
olması qiymətlərin tez-tez qalxıb-enməsinə gətirib çıxarır. Ona görə də,
bazarın ümumi tutumunu artırmaq lazımdır. Mənzil bazarındakı stabillik iqtisadi
inkişafa təkan verir. Son dövrlərdə aparılan siyasət məhz bu məqsədi güdür.
İnsanların mənzil problemini həll etmək üçün müxtəlif addımlar atılır, qərarlar
qəbul olunur. Əslində gənc ailələrin mənzil problemi dünyanın bütün ölkələrində
aktualdır. Dünyanın müxtəlif ölkələrində bu problemlərin həlli üçün müxtəlif
addımlar atılıb. Mənzil probleminə görə gənc ailələrin əksəriyyəti tez bir
zamanda dağılır. Düşünürəm ki, zamanla bu məsələ öz həllini tapacaq. Bunun üçün
isə davamlı şəkildə layihələr həyata keçirilməlidir”.
Şəbnəm Mehdizadə