AZE | RUS | ENG |

Kinoteatrlarımızda ana dilinin normalarına uymayan altyazılar

Kinoteatrlarımızda ana dilinin normalarına uymayan altyazılar
Bu hala görə disribütor şirkətləri günahlandıran kinoteatrlar, filmlərin onlara hazır şəkildə gəldiyini deyirlər

Bəzən asudə zaman keçirmək üçün üz tutduğumuz kinoteatrlarda fərqli situasiya ilə rastlaşırıq. İzləmək üçün seçdiyimiz xarici filmlərdə daha çox subtitrlərin olduğunu və bəzən də altyazıların yanlış tərcümə olunduğunu görürük. Çox az hallarda yerli dublyajlardan istifadə edən kinoteatrlarımız xarici filmlərdə subtitrlərdə, sözün əsl mənasında böyük yanlışlıqlara yol verirlər.   
 
Mədəniyyət və Turizm Nazirliyinin 2011-ci ilin 15 iyul tarixli qərarına görə, ölkədə fəaliyyət göstərən kinoteatrlarda xarici filmlər Azərbaycan dilinə tərcümə edilərək (subtitrlərlə və ya dublyaj olunaraq) nümayiş etdirilir. Di gəl ki, nümayiş olunan subtitrlərdə Azərbaycan dilinin qaydaları pozulur, sözlər yanlış tərcümə edilir. Bəs görəsən bu nöqsanlar nədən yaranır? Niyə kinoteatrlarımızda subtitrlər ədəbi dilin normalarına uyğun deyil və belə ciddi nöqsanlar özünü göstərir? Bunun üçün ekspertlərimizə müraciət etdik. 
 

 
"Subtitrlərlə bağlı problem ilk növbədə tərcümədən başlayır”
 
Prodüser, rejissor Fehruz Şamıyev deyir ki, kinoteatrlarda xarici filmlərin nümayişi qanuna əsasən Azərbaycan dilində olmalıdır. O, hesab edir ki, kinoteatrlarımız bir müddət bu qaydaya əməl etməsə də, müəyyən vaxtdan sonra bu məsələ öz həllini tapıb: "Hazırda kinoteatrlarda nümayiş olunan xarici filmlər ya dublyaj olunmuş halda, ya da subtitr vasitəsilə göstərilir. Bildiyim qədəri ilə, artıq ölkənin aparıcı kinoteatr şəbəkələrindən biri öz dublyaj studiyasının fəaliyyətinə xitam verib. Məncə, bu maliyyə problemlərinə görədir. İlk növbədə qeyd edim ki filmin Azərbaycan dilində səsləndirilməsi bir addım kimi yüksək qiymətləndirilməlidir. Amma təəssüf ki, maliyyə dayanıqlığı olmadan bu prosesi davam etdirmək çətindir. Bu baxımdan da ölkəmizdəki bütün kinoteatrlar xarici filmləri ancaq altyazı ilə nümayiş etdirirlər. Hər bir işdə problemlər olduğu kimi, subtitrlərdə də müəyyən problemlər var. Bir müddət öncə tamaşaçılar kinoteatrlarda nümayiş zamanı subtitrlərdə olan xətaları gülüş obyektinə çevirərək, sosial şəbəkələrdə yaymağa başladılar. Bundan sonra kinoteatr rəhbərləri bu işə daha məsuliyyətlə yanaşdılar. Əslində subtitrlərlə bağlı problem ilk növbədə tərcümədən başlayır. Filmin tərcüməsi sıradan bir tərcüməçiyə həvalə olunur. Çox vaxt filmin mətni ingilis və ya rus dilindən tərcüməçiyə verilir. Tərcüməçi də filmdəki situasiyanı bilmədən, görmədən cümlələri tərcümə edib yayım şirkətinə təqdim edir. Filmi görmədən tərcümə etmək bu işin ən böyük problemidir. Bu ilin əvvəlində bizim ÖZ film şirkətinə xarici şirkətlərdən biri müraciət edərək Azərbaycanda yayımlanacaq filmi tərcümə etməyi təklif etmişdi. Həmin müzakirədə məlum oldu ki, filmlərin əksəriyyətini görmədən tərcümə etməli olacağıq. Məsələyə bu aspektdən yanaşdıqda, filmi izləyərkən bəzən tərcümənin səhv olduğu açıq görünür. İkinci bir tərəfdən səhvlər texniki xarakterlidir. Subtitrlər filmin üzərinə yerləşdirilərkən yetərincə hərf səhvlərinə rast gəlmək olar. Bu iş sadəcə həmin texniki heyətin məsuliyyətsizliyindən və ola bilər ki Azərbaycan dilini yaxşı bilməməsindən irəli gəlir. Məncə, bu istiqamətdə fəaliyyət göstərən şirkətlərdə azərbaycandilli peşəkar redaktorlar çalışmalıdır. Texniki heyətin hansı dildə təhsil alması çox da önəmli deyil. Əgər film Azərbaycan dilində subtitrlə nümayiş olunacaqsa, deməli ana dili Azərbaycan dili olan və savadlı, zövqlü redaktor mütləq o komandada olmalıdır”.
 

 
"Bu diqqətsizlik tamaşaçını ciddiyə almamaq deməkdir”
 
Dublyaj ustası, aktyor Kamal Yaşar məsələnin kökündə maliyyənin dayandığını, kinoteatrların maliyyədən yayınmaq üçün hazır məhsula üstünlük verdiklərini qeyd etdi: "Kinoteatrlar ona görə subtitrə müraciət edirlər ki, dublyaja pul vermək istəmirlər. Çünki dublyajda kifayət qədər pul xərclənir. Əgər kinoteatr özü filmi dublyaj edəcəksə, bunun üçün bir neçə aktyor cəlb etməli, onlar filmi səsləndirməlidir. Bundan başqa, kinoteatrda səsləndirmə üçün studiya yaradılmalı, oraya səs rejissoru, redaktoru cəlb edilməlidir. Bütün bu məsrəflərdən uzaq olmaq üçün isə kinoteatrlarımız hazır məhsul almağa daha çox üstünlük verirlər. Kinoteatrlar o xərcin altına girib dublyaj etməkdən və məsrəflərdən qaçmaq üçün bu yola əl atırlar. Mən özüm də dəfələrlə kinoteatrlarda kino izləyərkən filmin altyazısında qeyd olunan  ifadələrdə böyük problemlərin, anlaşılmazlıqların şahidi olmuşam”.

K.Yaşar bildirir ki, kinoteatrda çalışan hər bir tərcüməçinin kino terminindən xəbərinin olması vacib amillərdəndir: "Orada filmlərin tərcüməçiləri digər tərcüməçilərdən üsluba görə fərqli olmalıdır. Çünki filmdə müəyyən jarqonlar, üslub ifadələri səslənir. Bunun üçün filmi kinonu bilən adamın tərcümə etməsi daha yaxşıdır. Kino mədəniyyəti ilə məşğul olan tərcüməçilər məşğul olsalar, daha müsbət nəticə əldə etmək olar. Hər tərcüməçinin film tərcümə etməsi doğru deyil. Əgər kinoteatrlar dublyajdan imtina edib, altyazıdan istifadə edirlərsə və onda da yanlışlıqlara yol verirlərsə, bu diqqətsizlik tamaşaçını ciddiyə almamaq deməkdir. Dublyajdan yayınmaq istəyirlər, yayınsınlar, ancaq bunu niyə bu şəkildə təqdim edirlər? Bizə filmlərin çoxu rus dublyajı ilə gəlir. Bu o deməkdir ki, ruslar daha yaxşı dublyaj edir və bizdə dublyaj edən yoxdur. Sonra deyirlər ki, tamaşaçı istəyir, orijinal versiyada baxsın. Ancaq tamaşaçı da bilmir ki, o, orijinala deyil, tərcüməyə baxır. Əgər ingilis filmləri rus dilində tərcümə olunub bizim kinoteatrlara ayaq açırsa, demək bizim dildə də tərcümə oluna bilər. Bizim kinoteatrlarımız subtitrlərdən istifadə edirlər və onu da bu şəkildə təqdim edirlər”. 
 

 
"Ədəbi dilin normalarını qorumaq üçün xüsusi redaktor tutduq”
 
Amerikada yaşayan azərbaycanlı rejissor, ssenarist Sevinc Səfərova bu yay Bakıda "7 nömrəli mənzil” adlı film çəkdi. Sözügedən film beynəlxalq festivallar üçün nəzərdə tutulsa da, onu azərbaycanlı aktyorların ifasında lentə aldı. Azərbaycan dilində ərsəyə gələn film ingilis dilində subtitrlərlə hazırlandı. Sevinc Səfərova deyir ki, filmdə altyazının istifadə edilməsi filmin gücünü daha da artırır: "Mənim üçün beynəlxalq festivallarda təqdim etdiyim filmdə azərbaycanlı aktyorların oynaması, filmin onların dili ilə səslənməsi daha vacib idi. Onun üçün istədim ki, filmdə yerli aktyorlarımızın səsi tam olaraq eşidilsin. Filmin təbiiliyini pozmamaq üçün subtitrdən istifadə etdik. Baxmayaraq ki mən və övladlarım ingilis dilində təmiz danışmağı bacarırıq, biz ədəbi dilin normalarını qorumaq üçün xüsusi redaktor tutduq ki, filmdə istifadə edilən fikirlərin çatdırılmasında heç bir yanlışlıq olmasın. Əgər dünya standartlarına uyğun film çəkməyə çalışırıqsa, hər şeyin ən yaxşısı olmalıdır. Mən bu məsələlərə xüsusi önəm verirəm. Dil məsələsinə bir qədər həssas yanaşmaqda fayda var”.
 

 
"Biz filmlərin üzərinə subtitr və yaxud da səsləndirmə əlavə etmirik”
 
Nizami Kino Mərkəzinin kino işləri üzrə direktor müavini Arzu Əhədovabildirir ki, onlara film hazır şəkildə gəlir: "Bizim kinoteatrda tərcüməçilərimiz yoxdur. Biz filmləri distribütordan hazır şəkildə alırıq. Bəzən bizə hazır şəkildə təqdim edilən filmlərin altyazılarındakı ifadələrlə uyğunsuzluq olanda, filmi aldığımız distribütorlara narazılığımızı bildiririk. Ancaq indi əvvəlkinə nisbətən xeyli irəliləyiş var. Belə ki, əvvəllər biz yeni filmlər təqdim etdikdə, subtitrlərdə xeyli problemlərlə üzləşirdik. Tədricən distribütorlar bunu aradan qaldırdılar. Kinoteatrımızın dublyaj studiyası yoxdur. Biz filmlərin üzərinə subtitr və yaxud da səsləndirmə əlavə etmirik. Elə filmlər var ki, tam dublyaj olunur, elələri də var ki, bizə altyazı ilə təqdim olunur. Filmi aldığımız distribütorlara etirazımızı bildirəndən sonra daha ehtiyatlı olmağa çalışırlar. Əvvəllər bu kimi hadisələri daha çox bizə təqdim edilən türk filmlərində yaşayırdıq. Onu da qeyd edim ki, son illər yerli filmlərimizə maraq daha da artıb”. 
 
Digər kinoteatr mərkəzləri də Arzu xanımla həmfikirdir. Belə ki, onlar qeyd edirlər ki, xarici filmləri altyazılarla təqdim etmək üçün əcnəbi kinostudiyalar tərəfindən müxtəlif şirkətlərə sifariş olunur və kinoteatr bu prosesə müdaxilə edə bilmədiyindən, tərcümələrin qeyri-səlisliyinə görə məsuliyyət daşımır. Buna baxmayaraq, altyazılarda səhv aşkar ediləndə, xarici yayım şirkətlərinə dərhal məlumat verilir, səhvlərin aradan qaldırılmasında təkid olunur. Walt Disney. FOX, Universal, Warner Bros. və digər nəhəng kinostudiyaların yayım şirkətləri təqdim etdiyi filmlərin Azərbaycan dilinə dublyaj olunması təklifinə müsbət cavab vermədiyindən, o filmlər yalnız xarici dillərdə onların təqdim etdiyi altyazılar ilə nümayiş etdirilir. Altyazıların Azərbaycan dilinə tərcüməsi müxtəlif şirkətlərə sifariş olunur və kinoteatrlar bu prosesə müdaxilə edə bilmir. Həmçinin Azərbaycan dilinə o filmləri dublyaj etmək təklifləri də dəfələrlə rədd olunub.
 
Xəyalə Rəis 


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8751
GEL 1 1 Gürcüstan larisi 0.5731
GBP 1 1 İngiltərə funt sterlinqi 2.1685
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1732
CHF 1 1 İsveçrə frankı 1.704
KWD 1 1 Küveyt dinarı 5.5979
TRY 1 1 Türkiyə lirəsi 0.287