Kino çəkəndə də, beləsini çəkmək lazımdır
Və ya filmin
uğur qazanmasını şərtləndirən mahnılar
"Baxımlı və gözəl kino idi” dediyim filmlərə diqqət
etdikdə, onların musiqilərinin təsirli məqamlarda insanın zəif damarını tutmağı
bacarmaq gücündə olmasına şahidlik edirəm. Demək ki, filmin təsirli və uğurlu
alınmasında hadisələrin həssas məqamlarında istifadə edilən musiqilərin rolu
danılmazdır. Ümumi götürdükdə isə incəsənətin elə bir sahəsi yoxdur ki, musiqi
onunla sıx əlaqədə olmasın. Bu bəşəri sənət, incəsənətin bütün qollarını özünə
ram etmək iqtidarındadır. İzlədiyimiz filmlərdə musiqi amili bədii məzmunun
ideya və obrazının açılmasında ən mühüm elementlərdəndir desəm, yəqin ki,
yanılmaram. Təsvirin güclü amili olan musiqi, filmdə mühüm dramatik funksiya
yerinə yetirir.Bəs görəsən bu gün çəkilən filmlərimizin musiqi seçimi
necə aparılır? Bəstəkarla rejissor ümumi ortaq məxrəcə gələ bilirmi? Filmin
hansı hisslərində musiqidən istifadə edilməlidir? kimi suallara cavab tapmaq üçün ekspertlərə
müraciət etdik. Aldığımız cavablar isə müxtəlif oldu.
Xalq artisti, bəstəkar Faiq Sücəddinov musiqinin
nəinki filmdə, teatrda, təsviri incəsənətdə müstəsna xidməti olduğunu deyir: "Kino
çəkən peşəkar rejissor ssenarini
bəstəkara göstərir və onunla
fikir mübadiləsi edir ki, filmin hansı hissələrində musiqiyə ehtiyac duyulur.
Musiqi filmin təsir gücünü artırır. Bu baxımdan film hazırlanarkən ümumi
müzakirədə ssenarist, rejissor və bəstəkarın fikirləri üst-üstə düşdükdə, bu,
vəhdət təşkil etmiş olur. Gəlinən ortaq məxrəc ümumi nəticəyə də təsirsiz
ötüşmür. Ancaq yaradıcı insanların fikirləri üst-üstə düşməyəndə, bu zaman
kaprizlər özünü göstərməyə başlayır ki, söhbət uzandıqca uzanır, xoşagəlməz bir
mühit yaranır. Belə ki, bəstəkar bir epizod üçün daha uzun və təsirli musiqi
hazırlamağa çalışsa da, rejissor ona mane olur. "Filan epizodda musiqi iki
dəqiqə deyil, bir dəqiqə olmalıdır” - deyərək musiqiləri kəsir. Onda da musiqi
tam olaraq özünü göstərə bilmir, yarımçıq musiqi də təsir gücünü itirir. Ancaq
bir şeyi anlamırlar ki, musiqinin keyfiyyəti kinonun uğurunun 50 faizini təşkil
edir. Misal üçün Tofiq Quliyev "Ögey ana” filminin musiqisini hazırlayıb.
Filmdə səslənən musiqilər bu gün də sevilir və dinlənilir. Meşədə İsmayılın
oxuduğu "Quşlar” mahnısını uşaqdan böyüyə hər kəs əzbər bilir. Bu mahnının
şöhrəti həmin kinodan da böyükdür. Nəinki "Ögey ana”, eyni zamanda "Bəxtiyar”, "Onu
bağışlamaq olarmı?”, "Bizim Cəbiş müəllim” kimi bir çox filmlərimizin
musiqiləri həyatımıza məhz kinodan daxil olub. Siz musiqinin böyüklüyünə baxın. Yəni kino
çəkəndə də, beləsini çəkmək lazımdır”.
Bəstəkar
bizimlə söhbətində filmlərdəki musiqiləri iki hissəyə ayırdı: "Biri var filmdə dinləmək
üçün olan musiqi, biri də var ki o
hissi, həyəcanı ötürmək üçün istifadə olunan ton musiqiləri. Misal üçün filmdə
həyəcanlı anlar başlayanda həyəcanverici tonlardan istifadə edilir və musiqi
bizi öncədən yaşanacaq hadisə ilə bağlı xəbərdar
edir, hadisənin effektini artırır. Musiqi də
var ki, filmdə ön, arxa fon və ya sevgi mövzusuna uyğun səslənir. Bir də
filmin əsas qəhrəmanının musiqisi olur ki, o bütün kinonun gedişatında istifadə
edilir. Filmdə musiqi ilə göstərilən
kadrlar o qədər gözəl və təbii görünür ki, hərdən ancaq musiqiyə qulaq asırsan,
kadr yaddan çıxır”.
Müasir
filmlərə gəlincə isə tanınmış bəstəkar hazırda daha çox serialların çəkildiyini
və orada musiqilərdən az istifadə edildiyini bildirdi: "Yeni çəkilən seriallar
heç bir mahiyyət kəsb etmir. Seriallar təhqirdən, qara-qışqırıqdan başqa
tamaşaçılara heç bir mesaj ötürmür. Sonuncu
dəfə C.Məmmədquluzadənin "Ölülər”
əsərinin əsnasında çəkilən "XXI sər Ölülər” filmi üçün musiqi yazmışam. Filmdə peşəkarlar olmalıdır. Əvvəllər Rasim
Ocaqov, Arif Babayev kimi peşəkar rejissorlarımız var idi ki, onlar film
çəkməyə başlayanda bəstəkarlarla məsləhətləşirdi. Bu gün çəkilən filmlərin ömrü
5 gündür. 5 gündən sonra unudulub gedir”.
Bir çox
filmlərin müəllifi olan prodüser İlkin Həsəni deyir ki, film
çəkərkən onun musiqisinə xüsusi önəm verir: "Elə filmlərimiz olub ki, bəstəkarla
birlikdə işləmişik. Konkret olaraq filmin bəstəkarı, musiqi tərtibatçısı ilə
danışmışıq. Filmdəki bütün musiqilər
yalnız bir bəstəkara aid olub. Daha sonra isə bu prosesin bir az çətin olduğunu görüb, növbəti filmlərimizdə
internet üzərindən ödənişli, müəllif hüquqlarını qoruyan, musiqi satışı ilə
məşğul olan saytlarla işlədik. Hansı ki, dünyaca məşhur olan saytlarda hər janra, hadisəyə uyğun musiqilər
yerləşdirilib. Siz o musiqiləri birdəfəlik olaraq da əldə edə bilərsiniz. Həmin
saytlar sizə bu imkanı da təqdim edir. Çəkdiyimiz son filmlərimizdə internet üzərindən olan
saytlara müraciət etmişik. Çəkilən filmdə musiqinin ən xırda detalına kimi bəstəkarın
əməyindən istifadə edilir. Biz hər il film istehsal etdiyimiz üçün vaxt
baxımından həmin bəstəkarla işləyə bilmirik. Çünki bu, bizə xeyir vermir”.
İ.Həsəni vaxt
azlığından bəstəkarlarla işləyə bilmədiyini deyir və bildirir ki, saytlardan
aldıqları musiqi onlara heç də asan başa gəlmir: "Bu saytlarda musiqini ucuz
qiymətə almırıq. Hər film üçün 8-9 min manata yaxın pul xərcləyirik. Bu üsulla musiqi almaq, bir növ,
müasir dövrün tələbidir. Əvvəllər epizoda uyğun musiqi tapmaq çətin olsa da,
indi böyük şirkətlərə aid olan həmin saytlar işimizi asanlaşdırır. Dünyada barmaqla sayıla
biləcək bir neçə şirkətlər var ki, onlar
məhz bu işlə tanınıblar və məşhur rejissorlar onlara müraciət edir. Əvvəl kimsə
janra uyğun musiqi axtarırdısa, indi artıq hadisələrə görə saytda musiqilər
yerləşdirilir. Əgər filmdə komik bir hadisə baş verirsə və saytda ona uyğun
musiqilər təqdim edilir. Saytda yaşanan bütün hissləri özündə ehtiva edən
musiqilər yer alıb. Orada yüz, min musiqidən söhbət getmir, milyonlarla
musiqilər var. O milyonlarla musiqinin içindən filmdə sizə lazım olan epizoda,
səhnənizə uyğun gələnini əldə edə bilirsiniz”.
Prodüser film çəkərkən musiqinin yaratdığı
problemlərdən də danışdı: "Olub ki, filmi çəkib bitirdikdən sonra baxmışıq ki,
orada musiqi tam olaraq yerinə oturmayıb.
Həmin filmi musiqilərinə görə yenidən işləyib, dəyişiklik etmişik. Filmin musiqi
tərtibatçısı olmalıdır ki, bütün musiqi nömrələrini o yönləndirsin. Bu sahədə
bizdə çox az sayda peşəkar musiqi tərtibatçıları var. Bəzən olur ki, rejissor
və montaj rejissoru bu işi öz öhdəsinə götürərək deyir ki, filmin musiqisi
mənim zövqümə uyğun yığılacaq. Nəticədə filmlərin musiqiləri elə onların zövqü
ilə yığılır”.
Ssenarist Valeh
Əhmədov isə deyir ki, filmdə musiqi nə rejissorun, nə də ssenaristin
zövqünə görə hesablanmalıdır. Musiqi, yazılan ssenariyə görə hazırlanmalıdır
ki, bu işi də peşəkarlara həvalə etməkdə fayda var: "Film çəkiləndən sonra bəstəkara
həvalə edilir və o da situasiyalara uyğun mahnılar bəstələyir. Film hazırlanarkən
bəstəkara ümumi mövzu ilə bağlı məlumat verilir, ssenari ilə tanış olduqdan
sonra bəstəkar həmin mövzunun ruhuna uyğun musiqi hazırlayır. Mövzunu ilə tanış
olan bəstəkar artıq öz işini bilir. Dünyaca məşhur olan "La La land” filminin
bu qədər uğur qazanmasının əsas sirri odur ki, bu filmdə rejissorla bəstəkar
yaxın dost olublar və onlar birlikdə belə bir film ərsəyə gətiriblər. Demək ki, insan ortaq bir dil tapanda və
fikirləri üst üstə düşəndə, ortaya gözəl məhsul çıxır”.
Ssenarist keçmiş filmlərimizdəki
musiqiləri hələ də sevərək dinlədiyimizi bildirir: "Azərbaycan kino tarixinə
nəzər salanda görürük ki, "Azərbaycanfilm” kinostudiyasında istehsal olunan bir
çox filmlərə yazılmış kino musiqisi - mahnılar və musiqi lövhələri qısa vaxt
keçəndən sonra ayrıca yaşamaq hüququ qazanıb. Bu mahnılar xalq arasında geniş
yayılıb. Bizim yerli və müasir filmlərimizdə gəldikdə isə bəzən
filmlərdə məşhur sənətkarların və gündəmdə olan ifaçıların mahnılarından
istifadə edilir. Təbii ki, bu da epizoddan
asılıdır. Elə bir formada işləyirlər ki, o mahnını həmin situasiyada istifadə
edəndə insana təsir edir”.
Xəyalə Rəis