• cümə, 26 Aprel, 22:10
  • Baku Bakı 22°C

Kənd təsərrüfatını inkişaf etdirəcək prioritet vəzifələr

25.04.18 10:00 787
Kənd təsərrüfatını inkişaf etdirəcək prioritet vəzifələr
Azərbaycan RespublikasıPrezident Administrasiyasının rəhbəriRamiz Mehdiyevyeni təyin olunmuş kənd təsərrüfatı naziri İnam Kərimovu nazirliyin kollektivinə təqdim edib.Ramiz Mehdiyevnazir İnam Kərimovun keçdiyi həyat yolu barədə ətraflı məlumat verərək qeyri-neft sektorunun, xüsusilə də kənd təsərrüfatının ölkə iqtisadiyyatında əhəmiyyətli rol oynadığını, bu sahənin inkişafı ilə bağlı böyük potensial imkanların olduğunu diqqətə çatdırıb. İ.Kərimov ölkə başçısının ona göstərdiyi yüksək etimada görə təşəkkürünü bildirib, qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcəyini qeyd edib. O, ölkə başçısının rəhbərliyi ilə respublikamızda bütün sahələrdə olduğu kimi, qeyri-neft sektorunun, xüsusilə, kənd təsərrüfatının uğurla inkişaf etdirildiyini bildirib. Kənd təsərrüfatı naziri kollektivə təqdim olunarkən öz çıxışında 3 əsas fəaliyyət prinsipini açıqlayıb. Nazir fəaliyyət prinsiplərində düzgün və səmərəli idarəçilik, kəndli və fermerlərə yaxınlıq (şəffaflıq, səmərəlilik, hesabatlılıq) və innovasiyaların tətbiqinin əsas götürüləcəyini qeyd edib. İnam Kərimov fermerlərin qarşılaşdıqları problemlərin araşdırılması və həlli yollarının tapılması, diqqət və qayğını artırmaqla onlara daha yaxın olmaq, innovasiyaların, xüsusilə "Elektron Kənd Təsərrüfatı” layihəsinin tətbiqinin genişləndirilməsi istiqamətində tədbirlərin həyata keçiriləcəyini vurğulayıb.
İqtisadçı-ekspert Qadir İbrahimlideyir ki, bu fəaliyyət prinsipləri kifayət qədər pozitiv siqnallardan xəbər verir: "Önəmli olan bu prinsiplərin kağız üzərində deyil, təcrübədə tətbiq olunmasıdır. Qeyd olunan prinsiplər həyata keçiriləcəksə, kənd təsərrüfatı tez bir zamanda inkişaf edəcək. Bu, həm də ölkə iqtisadiyyatına böyük gəlirlər gətirə bilər. Hələlik bu barədə danışmaq üçün tezdir. Yeni nazir öz hədəflərini bəlli edib. Amma bütün hallarda, hesab edirəm ki, kənd təsərrüfatı məhsullarının satış bazarlarının formalaşdırılması mühümdür. Emal sənayesinin davamlı inkişafı kənd təsərrüfatı ilə vəhdət təşkil etməlidir”.
İqtisadçı Rəşad Həsənov deyir ki, şəffaflığın təminatı ən vacib məsələdir: "İlk növbədə onu qeyd etmək lazımdır ki, nazirin vurğuladığı üç ümumi yanaşma çox əhəmiyyətlidir. Ölkədə məşğul əhalinin böyük bir hissəsi məhz bu sektorda çalışır. Digər tərəfdən aqrar sektor ölkənin ixrac qabiliyyətli sektorlarından biri hesab olunur. Aqrar sahə, eyni zamanda Azərbaycan üçün ənənəvi sahələrdən biridir. İqtisadiyyatın şaxələndirilməsi və ixrac qabiliyyətinin artırılması baxımından aqrar sahə Azərbaycan üçün mühüm əhəmiyyət kəsb edir. Amma təəssüflər olsun ki, bu günə qədər bu istiqamətdə aparılan islahatlar və islahat xarakterli dövlət proqramları effekt verməyib. Əgər, 2000-ci illərin əvvəllərində bu sektorun iqtisadiyyatda payı 15 faizdən yuxarı idisə, bu gün bu rəqəm 5 faizə qədər azalıb. Kənd təsərrüfatı digər sahələrlə müqayisədə daha az böyüyən sektordur. Ona görə də iqtisadiyyatda ümumi payını itirməkdədir. Sektorun inkişafına hədəflənən subsidiyaların böyük bir hissəsi müxtəlif formada korrupsiya predmetinə çevrilib. Kənd təsərrüfatının texniki imkanlarının genişləndirilməsi məqsədi ilə həyata keçirilən proqramlarda iri həcmli yeyintilər onu göstərir ki, bu sahədə ciddi şəkildə şəffaflığın təmin edilməsinə ehtiyac var. Düşünürəm ki, yeni nazir bu problemlərin öhdəsindən uğurla gələ biləcək”.
Ekspert qeyd etdi ki, bir sıra hallarda fermerlər öhdəlikləri yerinə yetirən qurumlar tərəfindən aldadılır: "Qeyd etdiyim kimi, Azərbaycanda əhalinin böyük əksəriyyəti öz gəlirini bu sektor vasitəsi ilə qazanır. Belə bir şəraitdə azərbaycanlı fermerlər ciddi problemlərlə üzləşirlər. Bu sahənin inkişafı üçün ilk növbədə şəffaflığa təminat verilməli, elektron hökumətin imkanlarında maksimum istifadə edilməlidir. Yeni nazir bu istiqamətdə kifayət qədər təcrübəli bir şəxsdir. Onun bu sektorda effektiv fəaliyyətinə şərait yaradılmalıdır. Əgər kimlərinsə maraqlarına uyğun gəlmədiyi üçün aparılan islahatların qarşısı alınarsa, heç bir nəticə əldə edə bilmərik. Bu baxımdan, yeni nazirin effektiv idarəetmə qabiliyyəti və bacarıqları bu çatışmazlıqları aradan qaldırmağa kifayət edir. Bütün hallarda, sözügedən sahədə ciddi islahatların olacağı gözlənilir. Göstərilən fəaliyyətin effektivliyi təmin edilərsə, sektorda digər istiqamətlərdə də dəyişiklikləri görmək mümkün olacaq”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər