Kənd təsərrüfatını etibarlı sahəyə çevirəcək addım

Kənd təsərrüfatını etibarlı sahəyə çevirəcək addım

İqtisadiyyat
20 Avqust 2019, 18:21 13706
Prezident İlham Əliyev "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının 2019-cu il 27 iyun tarixli 1617-VQ nömrəli Qanununun tətbiqi və Aqrar Sığorta Fondunun yaradılması barədə Fərman imzalayıb. Fərmana əsasən, "Aqrar sığorta haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsinə uyğun olaraq, Azərbaycan Respublikasında aqrar sığorta sisteminin təşkilini, inkişafını və dayanıqlılığını, habelə idarəedici qurumun formalaşdırılmasını təmin edən və onun fəaliyyətinə nəzarəti həyata keçirən "Aqrar Sığorta Fondu" qeyri-kommersiya hüquqi şəxsi (bundan sonra – Fond) yaradılır. Azərbaycan Respublikasının Nazirlər Kabineti 2 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının "Aqrar sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etməli, Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir.
 
Fondun ilkin nizamnamə kapitalı 1 000 000 (bir milyon) manatdır və dövlət büdcəsinin vəsaiti hesabına formalaşır. Fondda ictimai əsaslarla fəaliyyət göstərən və 5 üzvdən – Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin (2 nəfər), Azərbaycan Respublikası Maliyyə Nazirliyinin (1 nəfər), Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının (1 nəfər) və fermerlər assosiasiyasının (1 nəfər) nümayəndələrindən ibarət Himayəçilik Şurası yaradılır. Fondun Himayəçilik Şurasının sədri Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsidir. Fondun fəaliyyətinin idarə edilməsi qaydası ilə bağlı digər məsələlər Azərbaycan Respublikası Mülki Məcəlləsinin 115.6-cı maddəsinə uyğun olaraq onun nizamnaməsi ilə tənzimlənir.
Yaradılacaq fondun növbəti mərhələdə kənd təsərrüfatının inkişafına necə təsir edəcəyini öyrənməyə çalışdıq.
 
Aqrar sığortanın həyata keçirilməsi mexanizmindən danışan Kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli qeyd edir ki, ilk növbədə kənd təsərrüfatında risklərin xəritəsi bizə aydın olmalıdır: "Aqrar sığorta məsələsi uzun müddətdir müzakirə olunan mövzudur. Aqrar sığorta haqqında qanunun qəbul edilməsi çox yaxşı oldu. Çünki qanunvericilik bazası yox idi, bu sahədə ciddi boşluq vardı. Növbəti mərhələdə ikinci ən mühüm addım isə mexanizmlərin formalaşmasıdır. Dünya təcrübəsinə nəzər yetirsək, hər bir ölkədə bu sistem özünəməxsus şəkildə formalaşır. Elə ölkələr var ki, bu iş sırf özəl sektorun üzərindədir, başqalarında isə bizdə olduğu kimi, dövlət dəstəyi daha çox hiss olunur. Aqrar sığortanın həyata keçirilməsi mexanizminə gəldikdə isə ilk növbədə kənd təsərrüfatında risklərin xəritəsi bizə aydın olmalıdır. Yəni günümüzdə kənd təsərrüfatı istehsalı üçün risklər təkcə təbii fəlakətlər deyil, xəstəliklər, ziyanvericilər, viruslar nəzərə alınaraq ciddi təhlildən keçirilməli və buna uyğun mexanizmlər tətbiq edilməlidir. Beləcə, aqrar sığortanın predmeti müəyyən olunacaq. Çünki hər təhlükə predmet kimi qəbul edilə bilməz. Məsələn, fermer öz sahəsinə aqrotexniki qulluq göstərmir, alağa qarşı mübarizə aparmır və məhz bu səbəbdən istehsal aşağıdırsa, bu, aqrar sığortanın predmeti ola bilərmi? Əvvəlcə bu kimi məsələlər müəyyənləşdirilməlidir. Ona görə, istehsala təsir göstərən bütün amillər ciddi təhlil olunmalıdır. Bununla bəlli olacaq ki, hansı təhlükələr subyektiv, hansıları təbii riskdir”.  
 
Ekspert, ümumilikdə, fondun əhəmiyyətindən danışaraq bunun ilk növbədə dövlət dəstəyi, təminatı olduğunu bildirdi: "Bu fond ona görə dövlət təminatıdır ki, çünki bizdə 18 aqrar sığorta şirkəti fəaliyyət göstərir. Ancaq onlardan 3-ü, o da böyük təsərrüfatlara aqrar sığorta verir. Ancaq belə bir fondun yaradılması fermerlərə birmənalı dəstəkdir. Həmçinin kənd təsərrüfatı istehsalçıları arasında böyük inam yaradacaq. İkinci ən böyük əhəmiyyəti odur ki, aqrar sığorta bazarının iştirakçıları artacaq. Yəni 18 aqrar sığorta şirkəti vardısa, indi onların sayı artacaq. Kənd təsərrüfatı artıq etibarlı sahəyə çevriləcək. Bu günə qədər dövlət yalnız subsidiya dəstəyi verirdi. Yaradılacaq fond fermerə dövlət dəstəyinin yeni formasıdır”. 
 
İqtisadçı ekspert Pərviz Heydərov  deyir ki, bu sahədə tətbiq ediləcək sığorta sistemi digər sahələrdəkindən daha mükəmməl xarakter daşımalı və işlək olmalıdır: "Ölkəmiz son illərdə qeyri-neft sektorunun inkişafını sürətləndirməyi özünə prioritet məsələ seçib. Qeyr-neft sektorunun isə əsas sahələrindən biri kənd təsərrüfatıdır. Kənd təsərrüfatı iqtisadiyyatın elə spesifik hissəsidir ki, orada risk amili digər sektorlardan fərqli olaraq yüksək xarakter daşıyır. Bu baxımdan da kənd təsərrüfatı sahəsində sığortanın təşkili və tətbiqi çox mühüm məsələlərdəndir. Bu sahədə tətbiq ediləcək sığorta sistemi digər sahələrdəkindən daha mükəmməl xarakter daşımalı və işlək olmalıdır. Bu mənada müvafiq qanunun qəbul edilməsi yüksək qiymətləndirilməlidir. Əslində, düşünürəm ki, bu, gecikmiş fərmandır. Çünki inkişafı prioritet seçilən bir sahə ilə bağlı sığorta sisteminin tətbiqi daha əvvəl olmalı idi. Lakin bununla belə, sözügedən qanunun qəbul edilməsi çox yaxşıdır. Qanun, girişində də yazıldığı kimi ölkədə aqrar sahədə risklərin müştərək sığorta mexanizmi vasitəsilə sığortalanması ilə bağlı münasibətləri tənzimləyərək, aqrar sığortanın hüquqi, iqtisadi və təşkilati əsaslarını müəyyən edəcək. Onu da qeyd edim ki, qanunun qəbul edilməsi hələ ilkin addımdır. Yəni qanun bu sahədə olan münasibətləri tənzimləyəcək. Amma konkret olaraq mexanizmin təşkili və tətbiqi, qarşıda duran ən mühüm məsələdir”.
 
Günel Azadə