AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Kənd təsərrüfatı virus epidemiyasından zərər çəkməyib

Kənd təsərrüfatı virus epidemiyasından zərər çəkməyib

İqtisadiyyat
06 Aprel 2020, 17:06 342
Sahələrdə mövsümi işlər davam etdirilir, bu il yüksək məhsuldarlıq gözlənilir

İqtisadiyyatın təməl sahələrindən biri də kənd təsərrüfatıdır. Dünyadakı mövcud vəziyyət ölkələrdə həyatın bütün sahələrinə öz mənfi təsirini göstərir. Azərbaycanda da o cümlədən. Amma buna baxmayaraq, kənd təsərrüfatı sahəsində işlər davam etdirilir. Çünki nəzərə almalıyıq ki, qarşıdan məhsula, yəni meyvə-tərəvəzə tələbatın daha çox ehtiyac duyulduğu yay ayları gəlir. Bunun üçün də bağlarda, bostanlarda əkin və digər mövsümi işlər görülür. Mütəxəssislərlə danışıb hansı işlərin görüldüyünü, bu sahədə vəziyyətin necə olduğunu öyrənməyə çalışdıq.
 
Aqrar məsələlər üzrə ekspert Nicat Nəsirlinin sözlərinə görə, bu dövrü aparılan işlərin istiqamətindən asılı olaraq iki hissəyə bölə bilərik: "Birincisi, payızlıq əkinlərə yaz qulluq işləri dövrüdür. Burada təxminən 1 milyon hektarda əkin aparılıb. Əksəriyyəti də taxıl və taxıl məhsullarıdır. Aprel ayının 15-20-nə qədər isə yaz yemləmə gübrələrinin verilmə prosesi gedir. Xüsusilə də azot tərkibli gübrələr verilir. Bunu da qeyd edim ki, hazırda karantin rejim olsa da, bu gübrələnmə prosesi təhlükəsiz şəraitdə həyata keçirilir. Çünki burada söhbət kifayət qədər böyük ərazilərdən gedir və yaz gübrələmə prosesi tamamilə mexaniki üsulla həyata keçirilir. Yəni böyük traktorlar vasitəsilə çiləmə üsulu ilə bu gübrələnmə olur, insanların kütləvi hərəkətinə ehtiyac yoxdur. Ona görə də burada virusa yoluxma amili istisnadır. Aprel ayının ikinci yarısından etibarən isə, yazlıq bitkilərin əkininə başlanılacaq, hansı ki, bu proses də tamamilə mexaniki yolla aparılır. Yəni, bu dövrdə də insanların sahələrdə kütləvi əməyinə ehtiyac duyulmur. Bu dövrə isə günəbaxan, pambıq, çuğundur və s. bitkilərin əkini daxildir, təxminən 300-400 min sahəni əhatə edir və mayın əvvəllərində proses başa çatacaq”.
 
Ekspert məhsuldarlığın hansı səviyyədə olacağından da danışdı: "Nəzərə alsaq ki əsas, yəni taxıl və taxıl məhsullarının əkini payız dövründə olub, həmin vaxt virus olmadığına görə fermerlər sahələrdə rahatlıqla əkin işlərini görüblər. İndi isə əsas olan iş aqrotexniki qulluqdur. Bu qulluğa isə yaz yemləmə gübrələrinin verilməsi, müxtəlif zərərvericilərə qarşı mübarizənin aparılması daxildir. Digər tərəfdən, son bir-iki həftədir ki, əlverişli iqlim şəraiti formalaşıb, xüsusilə aran regionlarında yağıntılar sistemli şəkildə düşməyə başlayıb. Təbii ki, belə olan şəraitdə bitkilərin vegetativ inkişafı sürətlənəcək. Paralel olaraq, hava şəraiti stabilləşərsə, temperatur 18-20 C-dən yuxarı qalxarsa, məhsuldarlığın yüksək olmasına nail ola bilərik. Fikrimcə, taxılçılıqda minimum keçən ilki məhsuldarlığa nail olacağıq”.
 
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun idarə heyətinin sədri Elmar Allahverdiyev tərəvəzçilik sahəsində aparılan işlərdən danışdı: "Bu istiqamətdə bir çox işlər görülür. Hazırda yaz tarla əkinlərinin vaxtıdır və tərəvəzlərin əksəriyyəti yaz aylarında əkilir. Düzdür, payızlıq tərəvəzlər də var. Kələm, sarımsaq və bu kimi digər tərəvəzlər payızda əkilib. Məhsulu isə yazın sonunda, yəni may-iyun aylarında yığılacaq. Amma elə tərəvəzlərimiz var ki, mart-aprel aylarında onların əkin vaxtıdır. Məsələn, soğanın toxumla əkilməsinə fevralın sonu martın əvvəllərindən başlanılıb. Hazırda görülən əsas işlərdən biri isə torpağın hazırlanma prosesidir. Şitillərin əkilməsi üçün hazırlıq işləri aparılır”.
 
E.Allahverdiyev qeyd edir ki, növbəti mərhələdə məhsuldarlığın yüksək olması üçün müxtəlif profilaktik tədbirlər görülməlidir: "Yaz tarla əkinləri hazırlanan müddətdə ilkin olaraq alaq otları ilə mübarizə tədbirləri aparılır. Bunun üçün isə müxtəlif tərkibli herbisitlərdən istifadə edilir. Herbisitlər mütləq şəkildə əkin sahələrinə vurulmalıdır ki, torpaqda olan bütün növ alaqlar məhv olsun. Alaq otları məhv olduqdan sonra həmin torpaq sahəsində normal şəkildə bitkilər əkilə bilər. Alaqların tam məhv edilməməyi sonradan ciddi problemlər yaradar. Bu da mədəni bitkilərin məhvi ilə nəticələnər. Bundan başqa, gübrələnmə işləri aparılmalıdır. Yəni bitkilər əkilən zaman birbaşa olaraq torpağa üzvi, mineral və orqanik gübrələrin verilməsi məsləhət olunandır”.
Meyvəçilik və Çayçılıq Elmi Tədqiqat İnstitutunun direktoru İlham Qurbanov bildirir ki, hazırda bütün bağlarda bağsalma, təmizlik, yəni budama, həmçinin dərmanlama işləri görülür: "Məhsuldarlığın yüksək olması üçün aqrotexniki qulluğun rolu böyükdür. Hazırda yeni bağ əkənlər bağsalma işlərini bitiriblər. Köhnə bağlarda isə budama işləri görülür, təmizlik və yaz müalicəsi aparılır. Mövcud inkişaf prosesinə əsasən deyə bilərik ki, alma, armud, gilas, gavalı kimi meyvələrdə yüksək məhsuldarlıq gözlənilir. Məsələn, müasir bağlarda 1 hektardan 50 ton, intensiv bağlardan 20-25 ton, ekstensiv bağlardan isə 3-7 ton arası alma götürmək mümkün olacaq”.
 
Günel Azadə