Kaspi Təhsil Şirkətinin təşkilatçılığı ilə “Dünya Alimlər Kuboku” keçirilir - Fotolar
24.01.18 17:28
3850
Yanvarın
24-də Kaspi Təhsil Şirkətində beynəlxalq The World Scholar’s Cup (Dünya Alimlər
Kuboku) olimpiada yarışmasının açılış mərasimi oldu. Açılış mərasimində təhsil
şirkətinin təsisçisi Sona Vəliyeva, Kaspi liseyinin Bakıxanov filialının
direktoru Tural Əliyev, Dünya Alimlər Kubokunun komandası, şagird və müəllim
kollektivi, həmçinin kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak
edirdi.
Xatırladaq
ki, Dünya Alimlər Kuboku 2007-ci ildə təsis edilib, hər il 50-dən çox ölkədən 20
mindən artıq şagirdi bir araya gətirir. On ildən sonra həmin ölkələr arasına
Azərbaycan da öz adını yazdırıb. Kaspi Təhsil Şirkəti bu ilki yarışın təşkilatçısı
olmaqla yanaşı, həm də orada iştirakçı kimi də çıxış edir.
Şagirdlər elmi potensiallarını ortaya qoya
biləcəklər
Mərasimin
rəsmi açılışnı Dünya Alimlər Kubokunun
təsisçisiDaniel Berdiçevski etdi. Sonra sözü Kaspi Təhsil Şirkətinin təsisçisi Sona Vəliyevaya verdi. S.Vəliyeva
iştirakçıları və media nümayəndələrini salamlayaraq, onlara uğurlar arzuladı, bu
cür mötəbər beynəlxalq yarışın Azərbaycan və Cənubi Qafqaz regionu məktəbləri
arasında Kaspi Liseyində keçirilməsinin qürurverici olduğunu bildirdi: "Çox
yaxşı haldır ki, burada bütün şagirdlər bilik və bacarıqlarını ortaya qoya
biləcəklər. Hər bir şagird sahib olduğu elmi potensialını və yaradıcılıq
qabiliyyətini göstərəcək. Eyni zamanda, fərdi və qrupla işləmək məharətini
nümayiş etdirəcək. İnanıram ki, hər bir şagird yarışmadan uğurla ayrılacaq.
Söhbət 1-ci, yaxud 2-ci yeri tutmaqdan getmir, burada iştirakın özü belə, böyük
təcrübə toplamaq deməkdir. Bu günkü olimpiadanın iştirakçıları arasında
gələcəyin alimləri, ixtiraçıları var. Çünki hər bir ixtiraçı vaxtilə məktəb dövrünü
keçib, hansısa yaradıcılıq xəyalları qurub. Ona görə sizin aranızda da
gələcəyin böyük alimlərini görürəm. Hər birinizə, bütövlükdə olimpiadanın ümumi
işinə uğurlar arzulayıram. İnanıram ki, Kaspi liseyi bundan sonra da böyük
olimpiadalara ev sahibliyi edəcək”.
Şəxsi keyfiyyətlərin inkişafı
Sonra
Daniel və komandası bu Kubok haqqında iştirakçılara interaktiv şəkildə geniş
məlumat verib, komandalarla yaxından tanış oldular. Bildirdilər ki, Dünya
Alimlər Kuboku şagirdlərin elmi bilikləri ilə yanaşı, yaradıcı düşünmək,
fikirlərini səlis və sərbəst şəkildə ifadə etmək və digər şəxsi keyfiyyətlərini
inkişaf etdirmək məqsədi daşıyır.
Gün
ərzində şagirdlər müxtəlif aktual mövzular üzrə debat yarışları keçirdilər.
Bununla yanaşı, digər mərhələ olan Esse kateqoriyasında iştirakçılar ənənəvi
olaraq fərdi şəkildə deyil, qrup halında esseləri yazdılar. Daha sonra iştirakçıların
bilikləri interaktiv test mərhələsində sınandı. Sonda isə ən yaxşı nəticə əldə
etmiş komandalar Qrup mübarizəsində yarışdılar.
"Qlobal”
turnirdə iştirak hüququ
Yarış
haqqında liseyin direktoru Tural
Əliyevin də fikirlərini öyrəndik. O qeyd etdi ki, bu turnir dörd kateqoriya
üzrə - Debat, Esse, Alimlərin mübarizəsi (test), Qrup mübarizəsi və səkkiz
istiqamətdə həyata keçirilir. Yarışma üç mərhələdən ibarətdir: "Birinci
mərhələni, yəni "Regional” turniri keçən şagirdlər daha sonra "Qlobal” turnirdə
iştirak hüququ əldə etmək üçün mübarizə aparacaqlar. "Qlobal” turnirlərdə (20
ölkə üzrə) uğur qazanan iştirakçılar isə ABŞ-ın Yel Universitetində (YALE
University) keçirilən "Çempionlar” turnirində öz güclərini sınayacaqlar”.
Direktor
yarışa qatılan məktəblər haqqında məlumat verdi: "Turnirdə Azərbaycandan olan
komandalar - TİSA, Baku Oxford School, Avropa Azərbaycan Məktəbi, ABC
(Azerbaijan British College), Zərifə Əliyeva adına Lisey, Kaspi liseyi - Ağ
şəhər və Bakıxanov filialları, 23 nömrəli məktəb və digər özəl və dövlət
məktəbləri ilə yanaşı, Cənubi Qafqazın müxtəlif regionlarının aparıcı təhsil
qurumlarından olan komandalar iştirak edirlər. Beynəlxalq olimpiadaya yuxarıda
qeyd olunan məktəblərdən 200-ə yaxın şagird qatılıb. Bizim liseyimiz "Regional”
turnirdə on dörd komanda ilə təmsil olunur”.
"İstəyirdim ki, bu yarış Azərbaycanda da olsun”
Yarışa
qatılan şagirdlər çox sevincli görünürdülər. Və hiss olunurdu ki, bu yarışdan
gözləntiləri böyükdür. Debatlarda çox fəal iştirak edir, biliklərini
sınayırdılar. Şagirdlərdən bir neçəsi ilə söhbət edib, bizimlə təəssüratlarını
bölüşmələrini istədik.
Rumiyə Hüseynova
yarışa Kaspi liseyinin Ağ şəhər filialından qatılıb. Hazırda 7-ci sinifdə
təhsil alan Rumiyə çox həyəcanlı olduğunu dedi: "Təxminən bir aydır ki, biz bu
yarışa hazırlaşırıq. Verilən bütün mövzular haqqında araşdırma edib, məlumat
toplamışam. Bu işdə bizə müəllimlərimizin köməyi çox oldu. Boş vaxtlarımızda
kitabxanaya gedib, orada mövzularla bağlı araşdırmalar edirdik. Öz qrup
uşaqlarımızla debatlar keçirir, esselər yazırdıq”.
Cavid Rəsulzadə
isə 23 nömrəli məktəbin şagirdidir. O da bu yarışda məktəb yoldaşları ilə
birlikdə iştirak edir: "Bizə məlumat verəndə ki debat xarakterli bir yarış
keçirilir, bu mənim diqqətimi cəlb elədi. Və qərara gəldim ki, məktəbimiz
adından bu yarışa qatılım. Bu, iştirak etdiyim ilk beynəlxalq turnirdir.
Komandamız üç nəfərdən ibarətdir. Bura qatılmaqda əsas məqsədim şəxsi
inkişafıma və xarici dil səviyyəmi genişləndirməyə kömək edəcək biliklər əldə
etməkdir”.
Digər
iştirakçı Nuranə Əliyeva isə deyir
ki, bu olimpiadanın ölkəmizdə keçirilməsi onu xeyli sevindirib: "Bu yarış
haqqında məlumatım var idi. Bilirdim ki, dünyada şagirdlər arasında belə
yarışlar keçirilir. Və çox istəyirdim ki, bu yarış Azərbaycanda da olsun. Ölkəmizin
bu yarışa ev sahibliyi etdiyini öyrənən zaman qatılmaq qərarına gəldim. Bu
mənim üçün yeni təcrübədir. Ümid edirəm ki, komandamızla birlikdə növbəti
mərhələyə keçə bilərik”.
Ümumilikdə
şagirdlər bu yarışın ölkəmizdə keçirilməsindən və burda iştiraklarından çox
məmnun olduqlarını bildirdilər. Ən əsası isə, bu olimpiadanın onların dil
bilgilərinin və dünyagörüşünün genişlənməsində, intellektual səviyyələrinin
artmasında, başqa məktəblərin şagirdləri ilə əlaqələrinin yaranmasında böyük
rol oynadığını dedirlər. Onu da əlavə etdilər ki, bu turnir həyatlarında
maraqlı və xoş xatirə kimi qalacaq.
Qeyd
edək ki, yarışlar sabah da davam edəcək və qaliblər günün sonunda
müəyyənləşəcək. Qalib komandalar müxtəlif kateqoriyalar üzrə kubok və
medallarla təltif olunacaqlar.