"Kaspi" Təhsil Şirkəti yeni əməkdaşlıq yolunda - Fotolar
Daim müxtəlif xarici təhsil müəssisələri ilə əlaqələr quran "Kaspi” Təhsil Şirkəti
bu dəfə Rusiya Federasiyası Prezidenti yanında Xalq Təsərrüfatı və Dövlət
Qulluğu Akademiyası ilə yeni əməkdaşlığa imza atıb. "Kaspi”nin qonağı olan
Akademiyanın "Dövlət və bələdiyyə idarəçiliyi” fakültəsinin dekanı, "Dövlət
siyasəti və dövlət idarəçiliyi” kafedrasının müdiri Lixtin Anatoliy Alekseyeviç
"Kaspi” liseylərində və KTŞ-nin
filiallarında olub, 11-ci sinifdə təhsil alan şagirdlərlə görüşüb, onlara
Akademiya haqqında, Akademiyada təhsil-tədris proqramı, tədris olunan
ixtisaslar, təqaüdlər, əlavə imkanlar və üstünlüklər barəsində məlumat verib,
şagirdlərin suallarını cavablandırıb.
Qeyd edək ki, "Kaspi” Təhsil Şirkəti Rusiya Federasiyası Prezidenti yanında
Xalq Təsərrüfatı və Dövlət Qulluğu Akademiyası ilə əməkdaşlığa 2016-cı ildən
başlayıb və Akademiyanın respublikada yeganə rəsmi nümayəndəsi olmaq hüququnu
qazanıb. Akademiyaya qəbul və qeydiyyatla bağlı bütün məsələlər və prosedurlar
da KTŞ-nin "Kaspi Global” şöbəsi tərəfindən həyata keçirilməkdədir. Bundan
başqa, Akademiyada təhsil almaq istəyən, lakin rus dili biliyi zəif olan
abituriyentlər üçün də rus dilinin məhz akademik istiqamətdə tədrisi "Kaspi”
kursları tərəfindən təşkil olunur.
Sözügedən təhsil müəssisəsində azərbaycanlı namizədlər həm bakalavriat, həm də
magistratura pillələrində, Dövlət və Bələdiyyə İdrəetməsi və Hüquq profillərində
təhsil ala bilərlər. Digər bir üstünlük isə onların həm qiyabi, həm də əyani şəkildə
təhsil almaq imkanlarının olmasıdır. Əlavə olaraq tələbələr yataqxana, yeməkxana,
zəngin kitabxana, elektron təchizat və s. imkanlarla təmin olunurlar. Burada təhsil
alan tələbələr Akademiyanın onlara yaratdığı fürsətdən istifadə edərək beynəlxalq
tələbə mübadilə proqramlarına qoşula, təhsillərini Norveç, İsveç, Finlandiya,
Fransa, Almaniya, İtaliya, Türkiyə və Çin universitetlərində davam etdirə bilərlər.
Onlar həmçinin, Akademiyanın 15 ölkədən olan universitet və təşkilatları ilə həyata
keçirdiyi elm və təhsil yönümlü layihələrdə, sosial fəaliyyət və tələbə təşkilatlarında
da fəal iştirak edə bilərlər.