• cümə axşamı, 25 aprel, 00:09
  • Baku Bakı 19°C

Kaspi Liseyinin “qızıl məzunlar”ı

21.09.20 13:09 2102
Kaspi Liseyinin “qızıl məzunlar”ı
"Hədəfim Nobel mükafatı almaqdır”
Ümumi təhsil müəssisələrinin məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında təhsil naziri Emin Əmrullayevin 2019-2020-ci tədris ili üzrə imzaladığı əmr bir çox məzunlara böyük sevinc hissi yaşatdı. Ötən tədris ilinin XI sinif məzunlarından 125 nəfərin qızıl, 76 nəfərin isə gümüş nişanla təltif olunması qürurunu məzunlarla bərabər onların valideynləri də, təhsil aldıqları məktəbin pedaqoji heyəti də bölüşür.Qeyd edək ki, ümumi təhsil məktəblərində təhsil aldığı müddətdə təhsildə xüsusi nəticələri ilə bərabər, nümunəvi davranışı ilə də fərqlənən şagirdlər qızıl və ya gümüş nişanlarla təltif olunurlar.

Qızıl nişan alan məzunların siyahısında Kaspi Liseyinin iki məzunu - Heydərova Nuranə Arif qızı və Hüseynov Əzizağa Fərid oğlunun da adları var. Liseyin məzunlarının qızıl nişana layiq görülməsini təhsil ocağının uğurlu fəaliyyəti ilə bərabər, məzunların əzmkarlığı kimi də dəyərləndirən Kaspi Liseyi Bakıxanov filialının direktoru Sahil Əliyev bu nailiyyəti liseyin təhsilə yanaşmasının fərqliliyi ilə izah edir: "Biz VI-VII siniflərdən başlayaraq şagirdləri, sadəcə dərslərə, imtahanlara və olimpiadalara deyil, eyni zamanda həyata, cəmiyyətə hazırlayır, onları əsl vətəndaş kimi yetişdiririk. Əzizağa Hüseynov və Nuranə Heydərova bu hazırlığın meyvələridir”. S.Əliyevin sözlərinə görə, Əzizağa Hüseynov həmçinin liseyin komandalarının tərkibində müxtəlif respublikadaxili və beynəlxalq yarışlarda iştirak edib və uğurlar qazanıb: "Əzizağa, dərslərində olduğu qədər sosial həyatında da uğurlu şagird olub. Məktəbin dərnək fəaliyyətlərində də həmişə aktivlik göstərib.Məzunlarımızın uğuru, həmçinin liseyin hərtərəfli təhsil verməsinin bariz nümunəsidir”. Direktor, Nuranə Heydərovanı da məktəbin fəal və istedadlı şagirdi kimi dəyərləndirir: "Nuranə artıq üçüncü ildir ki, liseydə Azərbaycan dili fənni üzrə təqaüdlə təhsil alır. O, Ana dili və ədəbiyyat üzrə Respublika fənn olimpiadasında qızıl medal qazanıb və 100 faiz təqaüdlə Kaspi Liseyinə qəbul olunub. IV ixtisas qrupu üzrə hazırlaşaraq uğurlu nəticələr əldə edib. Nuranə Tibb Universitetində təhsilini davam etdirəcək”. S.Əliyev qeyd edir ki, Kaspi Liseyi, iki şagirdi qızıl nişana layiq görülən yeganə liseydir. Belə ki, TN-nin siyahısında 3 özəl məktəbin adı yer alıb ki, onlardan yeganə olaraq Kaspi Liseyindən iki şagird qızıl nişana layiq görülüb: "Hər iki şagirdimizin bu medala layiq görülməyə haqqı çatırdı. Onların nəticələri medala layiq görülmək üçün tələb olunan meyarlara tamamilə uyğun idi. Bu uğur bizi çox sevindirdi. Gələcəkdə daha çox məzunlarımızın bu siyahıda yer almasına çalışacağıq”.


Məzun Əzizağa Hüseynov layiq görüldüyü qızıl nişanı 11 illik zəhmət və əziyyətinin bəhrəsi adlandırır: "Bu medal hər şeydən əvvəl Azərbaycan dövlətinin, Təhsil Nazirliyinin istedadlı gənclərə verdiyi dəyərin göstəricisidir. Ümumi orta təhsil sahəsində bundan ali mükafat yoxdur. Bu, məktəbin Nobel mükafatıdır”. Ə.Hüseynov üçün layiq görüldüyü mükafatın sevinci əvəzolunmazdır: "Hər il minlərlə gənc məzun olur. Onların arasından cəmi 125 nəfər qızıl medala layiq görülüb. Onlardan biri də mənəm. Bu mənə aşırı xoşbəxtlik hissi verir, uşaqlıqdan qarşıma qoyduğum məqsədə çatmağın qürurunu yaşadır”. Ə.Hüseynov əldə etdiyi nailiyyətdə Kaspi Liseyinin müəllimlərinin böyük əməyi olduğunu vurğulayır: "Müəllimlərimin fənni yüksək səviyyədə tədris etmələri, peşəkarlıqları, şagirdlərə fərdi yanaşmaları bizim uğurumuzda böyük rol oynayıb”.

Ə.Hüseynov hazırda İstanbul Medipol Universitetinin Beynəlxalq Tibb fakültəsinə daxil olub. İxtisası ilə bağlı arzuları böyükdür: "Hədəfim Nobel mükafatı almaqdır. Vətənim, xalqım üçün savadlı həkim olmaq, insanlara fayda vermək ən böyük arzumdur”.

Liseyin məzunu Nuranə Heydərova qızıl medala gedən yolunun Respublika olimpiadasından başladığını deyir: "Respublika olimpiadasının birincisi olandan sonra 11-ci sinifdə medal almağa ümidim yarandı. Buna görə daha əzmlə oxudum. Diqqətimi imtahanlara ciddi yönəltdim. Zəhmətim öz bəhrəsini verdi, nəticələr də əla oldu. İndi məktəbin, ailəmin qüruru olduğumu düşünürəm”. N.Heydərova qazandığı uğurda təhsil aldığı liseyin rolunu danılmaz hesab edir: "Təbii ki, uğurumda Kaspi Liseyinin müəllimlərinin əməyi çox böyükdür. Onların hər birinə minnətdaram!”

N.Heydərova təhsilini Tibb Universitetində davam etdirəcək. Arzusu peşəkar həkim olmaqdır: "İnsanlara yardım etmək, gərəkli vətəndaş olmaq istəyirəm”.
Məzunlara bundan sonrakı həyat yolunda uğurlar arzulayırıq!
Siyahı ilə aşağıdakı linkdəntanış ola bilərsiniz:https://edu.gov.az/upload/file/emr/2020/emr-No-437-qizil-ve-gumush-nishanla-teltif.pdf

banner

Oxşar Xəbərlər