Karyera qurmaq üçün məsləhəti kimdən alaq?
Ekspertlərin fikrincə, əmək bazarının tələblərinə
uyğun maarifləndirmənin aparılması üçün
bu yöndə fəaliyyət göstərəcək assosiasiyanın yaradılmasına ehtiyac
var
«Oxumağa
hara getməli» sualı əksər yuxarı sinif şagirdlərini, abituriyentləri və onların
valideynlərini dərindən düşündürür. Onlar bu sualın dəqiq cavabını gələcək
uğurlu karyeralarının təminatı kimi görürlər. Eyni zamanda, ekspertlər hesab
edirlər ki, karyera üçün əsas, ali məktəbin yox, peşənin seçimidir. Rusiyanın
Ural şəhərində yaradılan Karyera Məsləhətçiləri Assosiasiyasında hesab edirlər
ki, bu vacib məsələnin cavabı üçün üç mühüm sualın - «Nə ilə məşğul olmaq istəyirsən?»,
«Bu sənət üçün səndə lazımı bacarıqlar varmı?» və «Bu peşə əmək bazarı üçün nə
qədər tələb olunandır?» suallarının cavabı tapılmalıdır.
Karyera
Məsləhətçiləri Assosiasiyası yeni peşələri öyrənməyə, əmək fəaliyyətini dəyişməyə
kömək edir. Məqsəd karyera inkişafı sferasında peşəkarları birləşdirmək,
kouçinq xidmətini və ixtisaslaşmanı, qarşıya qoyulan məqsədlər istiqamətində
sivil bazar təkliflərini qabartmaq və onların keyfiyyətini artırmaqdır.
Baxmayaraq ki, karyera məsləhətçisi sənəti Rusiyanın özündə də yeni yaranıb,
ancaq bu, əmək bazarının trendlərini analiz etməyi bacarır. Mütəxəssislər iddia
edirlər ki, bu gün yaradıcılıq, müasir dünyada əsas bacarıq hesab olunur.
Karyera Məsləhətçiləri Assosiasiyasının köməyi ilə valideynlər, yaşlı adamlar
da öz fəaliyyət sferalarını dəyişə bilərlər. Analitiklərin qərarı belədir ki,
bir sənət seçimi ömür boyu uğurlu olmaya bilir. Bu baxımdan, peşə seçimini
bütün yaşlarda dəyişmək mümkündür. Amma fərq budur ki, əgər yaşlı nəsil öz iş
müddətində, məsələn 5-ə qədər ixtisas dəyişirsə, gənclər, ümumiyyətlə, bir yerdə
uzun müddət qərar tuta bilmir və özlərini axtarmağa başlayırlar.
Qeyd edək
ki, artıq Rusiyanın digər şəhərlərində də məsləhət baxımından ixtisaslaşma
sferasında kifayət qədər inkişaf hiss olunur: «Başa düşmək lazımdır ki,
ixtisaslaşma dəfələrlə baş verən hadisə və yaxud üz tutduğun həkimin təyin
etdiyi «diaqnoz» deyil. Bu, daim özünüaxtarma prosesidir. Özünün hər hansı peşəni
seçmək maraqlarınla bağlıdır»- deyə Assosiasiyanın sədri Svetlana Filatova
bildirib. Sədrin sözlərinə görə, gənclər tez-tez «universiteti necə seçməli?»
sualı ilə quruma konsultasiyaya müraciət edirlər. "Belə məqamda onlara başa
salmaq lazımdır ki, instituta daxil olmaq və diplomun özü özünüifadə etmə məqsədi
deyil. İxtisası düzgün seçmək və seçimin variantlarını göstərmək əsas məsələdir.
Bunun üçün bugünkü əmək bazarını öyrənmək kifayət deyil”. Ekspertlər gənclərə gələcəyə
boylanmağı təklif edirlər. Məsələn, 2030-cu ilə qədər ayrı-ayrı ölkələrin
elmi-texnoloji inkişafı ilə bağlı proqnozlarla tanışlıq məsləhət görülür.
Təbii
ki, eyni suallarla bu gün bizim orta məktəbi bitirməkdə olan şagirdlər və
onların valideynləri də qarşılaşır. Çox vaxt onlar seçimlərini kor-koranə edirlər.
Bu gün "Mövcud əmək bazarının tələbləri nədir» sualı onlar üçün əksər vaxt
çözülməmiş qalır. Valideynlər az qala son qəpiklərini də xərcləyib övladlarını
repetitor yanına göndərir, onlara gələcək karyeralarını qurmaq üçün dəstək göstərməyə
çalışırlar. Təəssüf ki, onların canfəşanlıqları bəzən istənilən nəticəni
vermir. Valideynlərin ümidinə qalanda, onlar ali məktəb və sənət seçimində əksər
vaxt səhv edirlər. Belə ki, onların özünün də bu istiqamətdə məsləhətə ehtiyacı
yaranır.
Təbii
ki, qarşıya "Bəs bizdə problemi necə həll etmək, valideynlərə, karyera qurmaq,
sənət seçmək istəyən gənclərə, nəhayət ixtisasını günün tələblərinə uyğun dəyişmək
istəyənlərə necə məsləhət vermək olar?” sualı çıxır. Oxşar qurumun bizdə də
yaradılmasına ehtiyac yoxdurmu?
Təhsil eksperti Qoşqar Məhərrəmov hesab edir ki, sivil işlərin az olmasına səbəb, sivil
təşəbbüslərə dəstəyin az olmasıdır: "Ümumiyyətlə, ölkəmizdə assosiasiyaların,
ictimai birliklərin az olması faktdır. Paralel olaraq fəaliyyətlərini
dayandıran assosiasiya və ictimai birliklər də mövcuddur. Əgər sivil təşəbbüslər
gəlir əldə edə bilmirsə, ayaqda da qala bilmir. Ona görə də belə bir karyera mərkəzinin
«gəlir mənbəyi nə olacaq?» sualı hamının beynində ilk yaranan sual olur. Diqqətlə
müşahidə edəndə görürsən ki, Avropa ölkələrində çalışan insanların işdən sonra
vaxtları çox olduğu və ya çalışma saatları az olduğu üçün bu tip assosiasiyalar
qurulub. Bizdə də bununla bağlı ilk təşəbbüsü ixtisas.az saytı edib. Onlar
şagirdlərin ixtisas seçimində daha şüurlu və məlumatlı ola bilmələri üçün sayt
hazırlayıblar. Artıq müxtəlif peşə sahibləri ora videoçarxlar, müxtəlif peşələrlə
əlaqədar məlumatlar yerləşdirirlər. Hər hansı bir şagird sayta daxil olmaqla
müxtəlif peşələr haqqında bilgiyə sahib olur, mentorlardan ixtisasla bağlı
suallarına cavab ala bilir. Bunun bir ictimai birlik olmasa da, yaxşı bir
platforma olduğunu deyə bilərəm. Hesab edirəm ki, belə bir təşəbbüs geniş vüsət
ala və assosiasiya halına gətirilə bilər. Çünki hamının internetə və ya kompüterə
əlçatanlığı yoxdur. Xüsusən də valideynlərin və yaşlı nəslin nümayəndələrinin
bu istiqamətdə məsləhətləri media və sosial şəbəkələrlə bərabər, məkan halında
bir qurumdan ala bilməsi əhəmiyyətli ola bilər”.
Ekspertin fikrincə, insan istədiyi
yaşda istədiyi peşəyə yiyələnməli və fəaliyyətə davam etməlidir. "İnsan öz
seçiminə məhkum olaraq yaşamamalıdır. Əgər insan bir dəfə seçim edibsə, müəyyən
vaxt keçdikdən və o peşədən doyduqdan sonra başqa bir peşəyə istiqamətlənə bilər.
Bunun üçün də birmənalı şəkildə peşələrarası likvidillik, axıcılıq artmalıdır.
Bir peşədən digər peşəyə keçənlərin sayı çoxalmalıdır. Biz bunun nümunələrini Qərb
ölkələrinin və ABŞ-ın təcrübəsində görürük. Ancaq bu riskləri olan bir məsələ
olduğu üçün Şərq ölkələrində və inkişaf etməkdə olan ölkələrdə bu kimi nümunələrə,
peşələrarası keçidə az rast gəlirik. Bu mənada mən ölkəmizdə də belə bir
assosiasiyanın qurulmasına ehtiyac olduğunu düşünürəm”.
Q.Məhərrəmov bu vaxta qədər
belə bir qurumun olmamasının səbəbini isə onların maliyyə ehtiyacları ilə üzləşməsi
və qeydiyyatdan keçmə prosesinin çətinliyi ilə əlaqələndirir: "Buna görə fiziki
şəxs və MMC şəklində ortaya çıxan təşəbbüslər var. Bu baxımdan insanlara məkan
və ya qurum şəklində maarifləndirici karyera məsləhətləri verilməsi və bu
istiqamətdə məsləhətçilərin fəaliyyət göstərməsindən daha çox, internetdə,
sosial mediada bu mövzularla bağlı məlumatlara rast gəlmək olur. Karyera kouçu, karyera məsləhətçisi ölkəmizdə
çatışmır. Bu baxımdan bu sahələrin inkişafı, onların ölkə miqyasında görəcəyi
işləri genişləndirmək üçün belə bir assosiasiya qurula bilər. Nə qədər çeşidi
olsa, nə qədər böyük coğrafiyanı və əhalini əhatə etsə, o qədər ölkəmiz üçün
daha faydalı ola bilər”. Ekspert həmçinin belə bir təşəbbüsün indiyə kimi
olmamasının səbəbini insanların təşəbbüskarlıqlarının az olması ilə əlaqələndirir:
" Eyni zamanda, QHT-lər də çox vaxt düzgün istiqamətdə çalışmırlar və nəticədə
onlara göstərilən maliyyə dəstəyi azalır. Əgər onların fəaliyyət istiqaməti
düzgün seçilsə, bu cür təşəbbüslər də yarana və inkişaf edə bilər”.
Tarix müəllimi Pərviz Ağalarovun sözlərinə görə, bizim ölkəmizdə şagird və
abituriyentlərə, o cümlədən valideynlərə bu tip məsləhətləri, adətən müəllimlər
verir: "Şagirdlərin özlərini də, valideynlərini də bəzən istiqamətləndirir,
hansı ixtisasın daha perspektivli olması ilə bağlı onlara yol göstərməyə
çalışırıq. Bizdə ixtisaslaşma artıq 10-cu sinifdən başlayır. Şagird faktiki
olaraq 9-cu sinfin sonunda ixtisasını seçməyə məcbur olur və sonradan
ixtisasını dəyişmək məsələsi problemə çevrilir. Tutaq ki, şagird qrupu 9-cu
sinfi qurtaranda seçirsə, məsələn, iqtisadiyyat təmayüllü və yaxud humanitar təmayüllü
ixtisaslara gəlincə, bu, dəyişmir. Bu baxımdan, seçim məsələsinə müəllimlərin
müdaxiləsi daha çoxdur. Ayrı-ayrı sosial qruplar, sosial şəbəkə qrupları da var
ki, bu seçimə kömək edirlər”. P.Ağalarov hazırda ölkəmizdə bu istiqamətdə fəaliyyət
göstərən, şagirdlərə, abituriyentlərə ixtisas seçimində istiqamət verən hər
hansı qurumu tanımadığını deyir: "Hesab edirəm ki, bu cür qurumun olması
vacibdir. Valideynlər də, abituriyentlər də, ixtisası dəyişmək istəyənlər də məsləhət
üçün həmin quruma müraciət edə bilərlər. Xüsusən hazırkı dövrdə - abituriyentlərin
əmək bazarının tələblərinə uyğun ixtisas seçimləri istiqamətində təlimatlanmaları
üçün bu cür qurumun yaradılması əhəmiyyətli olar”.
Təranə Məhərrəmova