Karantin müddətini fürsətə necə çevirək?
Mütəxəssislər deyirlər ki, karantin dövrünə tətil kimi yanaşmaq olmaz
Koronavirusla bağlı ölkədə karantin müddəti elan olunub. Bu səbəbdən bir çox sahələrdə çalışan şəxslərin, tələbələrin zamanı evdə keçir. Bundan dolayı sosial şəbəkələrdə film, kitab oxumaqla bağlı paylaşımların sayı da çoxalıb. Eyni zamanda vaxtını yeyib-yatmaqla keçirənlər də az deyil. Ancaq karantin müddəti bir çox şəxslərə çoxdan axtardıqları "boş vaxt” imkanını da vermiş oldu. Nəzərə alaq ki, bu müvəqqətidir və tezliklə bitməsi gözlənilir. Maraqlıdır, qısa müddətlik karantin dövrünü fürsətə necə çevirə bilərik?
Ü.Səttarovanın sözlərinə görə, əgər tələbənin təhsil aldığı universitet o imkanları vermirsə, bu zaman tələbələr özləri üçün faydalı olan resursları fərqli mənbələrdən tapmağa çalışmalıdırlar: "İnternet resurslarının imkanları bu cəhətdən köməklərinə gələ bilər. Düzdür, Azərbaycan dilində video dərslər, təlimlər azlıq təşkil edir. Ancaq rus-ingilis-türk dillərində digər ölkələrin universitetlərinin saytında onların ixtisasları ilə bağlı olan video dərslər, təlimlərdən yararlana bilərlər. Əsas odur ki, boş qalmasınlar. Dil biliklərini inkişaf etdirmək üçün də internet imkanlarından istifadə edə bilərlər”.
Ü.Səttarova bildirdi ki, karantin müddəti klassik ədəbiyyat nümunələri oxumaq üçün gənclərə fürsət vermiş olur: "Gənclərlə söhbət edəndə, klassik ədəbiyyat oxumamalarına səbəb kimi vaxt olmadığını bəhanə gətirirlər. Gənc nəslin əsas problemlərindən biri də klassik ədəbiyyatları oxumamaqlarıdır. Ancaq öz ixtisaslarından əlavə özlərini başqa yöndən də inkişaf etdirmək üçün də kitablar oxumalıdırlar. Bəzən gənclərə klassik ədəbiyyat oxumlarını məsləhət görəndə, "vaxt yoxdur” deyirdilər. Bax indi o vaxt yaranıb”.
E.Əzimli deyir ki, karantin müddətində hər kəs kitab oxumalı, filmə baxmalı deyə bir şey yoxdur: "İnsan bu vaxtı öz ehtiyaclarına əsasən keçirsə, daha faydalı olar. Mən indi kitab oxuyuram, amma sırf kitab oxuyum deyə yox. Bu kitabı oxumaq istəyirdim. Hər zaman kitab oxumağa vaxt ayırırdım, indi bu cəhətdən zamanım daha boldur. Yaxud faydalı, maraqlı olduğunu eşitdiyim filmlər var idi, onları izləyirəm. Kitab oxumaq, filmə baxmaq standarta çevrilib. Amma bunları vaxtı öldürmək yox, dəyərləndirmək üçün istifadə etməliyik. Oxuyuruq, amma nə? Yüngül ədəbiyyat var, onlar sadəcə baş qatmaq üçündür. Bir də ciddi ədəbiyyat var. O ədəbiyyatlar ki insana nə isə qatır, bir müddət sonra unudulacaq şeylər deyil. Filmlər də eyni şəkildə. İnsanın ehtiyacına, maraq dairəsinə baxır. Həqiqətən nə istədiyini bilməlidir. Biz başqalarına baxıb nəyisə təkrarlamamalıyıq. İnsan ehtiyacı içində hiss etməlidir. Bəzən insanlar işlərindən hobbilərinə vaxt ayıra bilmirlər, indi onunla doya-doya məşğul ola bilərlər. Yaxud hansısa bacarığını inkişaf etdirmək istəyib, amma iş-gücü buna imkan verməyib, indi edə bilər”.
E.Əzimli qeyd etdi ki, karantin müddətində vaxtını yeyib-yatmaqla keçirənlər üçün rutin həyata qayıtmaq heç də asan olmayacaq: "İndi insanların özlərini inkişaf etdirmələri üçün çox yaxşı fürsətlər var. İnsan adi vaxtda necə yaşayırsa, kanartin müddətində də elə davam edir, sonra da çox güman ki elə olacaq. Lakin bu karantin müddəti müəyyən vərdişləri dəyişmək üçün fürsət ola bilər. Evdə qalmaq passiv həyat kimi qəbul edilməməlidir. Yeyib-yatanların sonra aktiv həyata uyğunlaşmaqları asan olmayacaq. Həyatlarının qiymətli vaxtını itirirlər”.
A.Qəhrəmanovun sözlərinə görə, karantindən sonra bazarda ciddi dəyişiklik olacaq və şirkətlər indiki müddəti o dəyişikliyə hazırlaşmağa sərf etməlidirlər: "Bu dövrdə dayanan, yaxud həyacandan, qorxudan səhv addımlar atan şirkətlər itirəcəklər. Kimlər ki, vəziyyəti təhlil edib maksimum ziyanı aradan qaldırmağa çalışacaq, onlar qazanacaqlar. Karantindən sonra bazarda dəyişiklik olacaq. Böhran vaxtı başqasının müştərisini qazanmaq da asan olur. Çünki belə dönəmlərdə şirkətlərin müştəriləri ilə münasibətlərində problemlər, soyuma əmələ gəlir. Bu müddətdə rəqibimiz müştərisi ilə yaxşı ünsiyyət qurmursa, biz onun müştərisini qazana bilərik. Bu baxımdan belə imkanlar da var. Yerində dayanan bata bilər.
Bununla bağlı bir misal çəkmək istəyirəm. İki qurbağa südün içinə düşür. Biri deyir ki, onsuz da boğulacağıq, heç nə etmir. O biri isə hey tullanıb-düşür, axıra qədər cəhd edir. O biri boğulur. Bu biri tullanıb düşdükcə süd çevrilib qatıq olur. O da qatığın üstündə qalib xilas olur. İndi vəziyyət təxminən belədir. Təbii ki bazar kiçiləcək, dövriyyə azalır, insanların alıcılıq qabiliyyəti aşağı düşür. Amma indi əsas məsələ sağ qalmaqdır. Əgər bazarda 10 rəqibin var idisə, indi bunun 4-5-i sıradan çıxacaq. Çalış ki qalanlardan olasan. Çünki sonra bazar o 5 nəfərin arasında bölüşdürüləcək. Bu mənada indiki dövrü passiv keçirmək olmaz. Fasilədə itiririk, itirməmək üçün doğru istifadə etmək lazımdır. Təkmilləşmək, inkişaf etmək, planlamaq, təhlillər aparmaq, hədəflər qoymaq üçün vaxtımız var”.
Aygün Əhmədova