AZE | RUS | ENG |

Jurnalistikada toqquşma - Fotolar

Jurnalistikada toqquşma - Fotolar
Köhnə və yeni dövr jurnalistikasının nümayəndələri son 20 il ərzində baş verən dəyişikliklərdən danışdılar

"Bizim dövrümüzdə sənətə, sənətkara qiymət verilirdi”, "Bizim zamanımızda əsil jurnalistlər və əsil jurnalistika vardı” - bu kimi ifadələri demək olar ki, tez-tez eşidirik. Bəzən özüm-özlüyümdə sual verirəm ki, "axı nədir sizin dövrünüzdə olub da, bizlərə gəlib çatmayan?” Zəmanə dəyişir, yeni texnologiyalar həyatımıza daxil olub. Amma bu bizim günahımız deyil ki. Əksinə, bir çox hallarda, bu, böyük üstünlükdür. Nəsillər arasında qarşıdurma hər zaman olub. Orası düzdür ki, müasir jurnalistika son 20 il ərzində yeni keyfiyyət mərhələsinə qədəm qoyub. Bu da informasiyanın maksimum operativliyinə şərait yaradan yeni texnologiyaların inkişafı ilə bağlıdır. Jurnalistika yeni texnologiya və vasitələrlə zənginləşib və yeni anlayışlar, həmçinin yeni jurnalistika alətləri ilə üzləşib ki, bu da yeni və köhnə nəsil jurnalistləri üz-üzə qoyur. Mövzu ilə bağlı ekspertlərlə danışdıq və onlardan 20 il əvvəlki jurnalistika ilə indiki jurnalistikanın fərqlərini soruşduq.  
 


AzVision.az xəbər portalının baş redaktoru Vüsal Məmmədov deyir ki, bu günün jurnalistikası sosial media ilə üz-üzə gələrək onun yaratdığı reallıq çərçivəsində mövcud olmağa məhkumdur. Bu isə jurnalistikanın qarşısındakı missiyaları dəyişib: "Əvvəllər jurnalist xəbəri yayan insan idi. Əlbəttə ki, bu çox ciddi bir missiyadır. O zamanlar jurnalist xəbər yaymaq funksiyasını yerinə yetirirdi. İndi isə demək olar ki, bütün sosial şəbəkə istifadəçiləri xəbər yaya bilmək imkanına malikdir. Fərqi yoxdur - jurnalistdir, yoxsa başqa peşə sahibi. Bu da müəyyən mənada jurnalistikanın bir nömrəli missiyasının əlindən alınmasına gətirib çıxarır. Hesab edək ki, dünyadakı bütün jurnalistlər bir həftə işləmədilər. Sosial media var və hər kəs müəyyən mənada informasiya paylaşır. Jurnalist artıq xəbər yayan insandan xəbəri yayan, təkzib edən, xəbər yayımına nəzarət funksiyasını yerinə yetirən şəxsə çevrilir. Blogerlərdən, sosial media aktivlərindən fərqli olaraq jurnalist məlumatı dəqiqləşdirən, düzgün istiqamət verən, maarifləndirici rol oynayan birinə çevrilir. Təbii ki, burada söhbət əsil jurnalistlərdən gedir. Müasir jurnalist bu reallıqda mövcud olmağa məhkumdur. Jurnalistin əsas missiyası xəbər yaymaq deyil, maarifləndirmək, xəbərin düzgünlüyünə nəzarət etməkdir. 20 il bundan əvvəl çalışan jurnalistlərlə bugünün jurnalistləri arasındakı fərq bundan ibarətdir”. 
 

 
Vüsal Məmmədov deyir ki, qəzet jurnalistikasından onlayn jurnalistikaya sürətli keçid zamanı buna tam olaraq uyğunlaşa bilib. Hətta yarızarafat "onlayn jurnalistikaya tam alışmış suda balıq kimiyəm” - deyərək fikrini əsaslandırdı: "Qəzet jurnalistikası mənim üçün daha rahat idi. Orada əsil jurnalist idin, oxucu ilə birbaşa təmasın olmurdu. Qəzet sistemi jurnalistin fikrini daha çox yazıya cəmləmə imkanları verirdi. İndi hamının müəyyən mənada jurnalist olduğu bir dövrdür. Belə ki, sənin yaydığın xəbəri hər kəs bildiyi kimi yayır. Sən burada bir media əhli olaraq öz xəbərini müdafiə edən şəxsə çevrilməlisən. Məcbursan ki, qılınc-qalxanı götürüb öz yaydığın xəbər uğrunda mübarizə aparasan, onu müdafiə edəsən. Qarşı tərəfin də əsas silahı təhqir və söyüşdür”. 
 
 
 
Müsahibimizdən yaşlı nəsillə aralarında jurnalistikaya baxışda bağlı hər hansı ziddiyyətin olub-olmadığını da xəbər alırıq. Deyir ki, onların yetişdiyi dövr 90-cı illərə təsadüf edir və o zamanlar Azərbaycan jurnalistikası daha çox xarici qrantların hesabına maliyyələşirdi: "Belə olduğu halda, yerli mediamız qrant verənlərin dəyərlərini təbliğ etməyə başlamışdı. Onların meyarlarına görə, jurnalistin vətəndaşlıq anlamı olmamalıydı və jurnalist heç nəyə müdaxilə etmədən, mövqeyini ortaya qoymadan xəbər nədirsə onu yaymalı, heç bir milli marağı nəzərə almamalı idi. Sonrakı 20 ildə məlum oldu ki, bu ideologiyanı ötürən insanlar öz ölkələrində bu cür sistemlə işləmirlər. İstənilən xarici dövlətin mediası ilk növbədə öz ölkəsinin milli maraqlarından çıxış edir. Sonrakı 20 il isə bizim püxtələşmə dövrümüzə düşdü. Biz bu stereotiplərlə mübarizə aparmalı olduq. Tərbiyə olunmuş oxucu ilə işləmək məcburiyyətində qaldıq. Bu mənada bizim aramızda yaşlı nəsil jurnalistlərlə müəyyən toqquşmalar baş verdi. Mən və mənim nəslimin bir çox jurnalistləri anlayırdıq ki, jurnalist mövzusuna baxmadan nə gəldi yazmalı deyil, mütləq milli-ictimai, dövlət maraqlarını nəzərə almalıdır”. 
 


"Bakı-Xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev 20 ildə jurnalistikamızın böyük inkişaf yolu keçdiyini vurğuladı: "O dövrün jurnalistlərini müasir jurnalistlərlə bir çox mənada müqayisə etmək və bərabərləşdirmək olmaz. 20 il bundan öncə jurnalistikamız müəyyən inkişaf yolu keçərək öz neqativ cəhətlərindən, mənfi tendensiyalarından azad olmuş, inkişaf yolunda kamilləşmiş mərhələyə gəlib çatmışdır. Bugünkü jurnalistikamız 20 il əvvəlkinin varisidir. Hesab edin ki, bugünkü jurnalistika o təməlin üzərində yaranıb. Bugünkü jurnalistikada daha çox vətənpərvərlik, dövlətçilik mövqeyinin olduğunu müşahidə edirəm. Əlbəttə ki, əvvəlki jurnalistikamızda da vətənpərvərlik ruhu var idi. Bu mövzuda tarixdə bir çox mərhələlər var. Həsən bəy Zərdabinin dövründə jurnalistikamızın vətənpərvərlik keyfiyyətləri indiki keyfiyyətlərlə müqayisə oluna bilməz. Həsən bəy Zərdabi müstəqil Azərbaycan dövlətinin olmadığı bir şəraitdə yazıb-yaratmışdı. Ancaq indi bizim jurnalistlərimiz müstəqil Azərbaycan dövlətində dövlətçiliyin himayəsi altında fəaliyyət göstərdiklərinə görə daha çox vətənpərvərlik mövzusunda yazmaq imkanına malikdirlər. Hazırda bu sahədə çox böyük imkanlar var. Həsən bəy Zərdabi və onun komandası böyük basqı altında çalışırdı. Onlardan jurnalistikanın milli əlamətlərini və dəyərlərini nümayiş etdirmək böyük cəsarət tələb edirdi və bu, təzyiqlərlə nəticələnirdi. Ona görə onlar real mənzərəni bir qədər pərdələməyə çalışırdılar. Ancaq biz bu gün real prosesləri daim qabartmaqda maraqlıyıq. Bunun üçün dövlət jurnalistlərə hər cür şərait yaradır. Azərbaycanda jurnalistikanın inkişafına dövlət dəstəyi var. Heç vaxt bugünkü qədər Azərbaycan jurnalistikasının dəyəri olmayıb. Dövlətçilik mövqeyindən imtina edən media orqanları zaman-zaman fəaliyyətlərini dayandırıblar. Bu gün dövlətçilik mövqeyində olmaq bizim jurnalistlərin güclü və inamlı olmasına şərait yaradır. Bu gün Azərbaycan jurnalistikası dövlət idarəçiliyinin həyata keçirilməsində fəal iştirak edən çox böyük qüvvəyə çevrilib”.
 
 

Musavat.com saytının baş redaktoru Xalid Kazımlı 20 il əvvəlki jurnalistika ilə indikinin arasındakı fərqlərdən danışarkən o vaxt qəzet və teleradio, indi isə sayt və sosial şəbəkə jurnalistikasının olduğunu bildirdi. Fikirlərini əsaslandıraraq xəbərlərin hazırlanmasında, yayılmasında dinamiklik və operativliyin qat-qat artdığını dedi: "O vaxt bir yazı yazıb qəzetə verirdik və o oxucuya ən tezi 10-12 (bəzən 20) saatdan sonra çatırdısa, indi jurnalistlərin yazısını oxucu 20 saniyədən sonra oxuya bilir. Onlayn jurnalistika artıq qəzetləri, televiziya və radioları sıxışdırıb. Bu, son illərdə xüsusilə inkişaf edib və aradakı fərq özünü bariz şəkildə göstərir”.
 


Qəzet jurnalistikasından onlayn jurnalistikaya keçən və bu sahədə kifayət qədər uğur qazanan müsahibim, 10 ildir Musavat.com saytına rəhbərlik edir. Müasir jurnalistikanın durumuna dair xeyli tənqidi fikirləri də var. Yarızarafat deyir ki, o fikirləri yazsa, bir kitab olar: "Başda ümumi məlumatsızlığı, savadsızlığı qeyd edə bilərəm. İndiki gənc nəsil jurnalistlər sələflərindən fərqli olaraq nə ədəbiyyatı, nə coğrafiyanı, nə mədəniyyət və incəsənəti, nə də tarixi yaxşı bilirlər. Yazanda çoxlu hərf səhvi buraxırlar. Hiss olunur ki, bu sənətə başqa iş tapmadıqları, başqa fakültələrə balları çatmadığı üçün gəliblər. Amma indiki yaşlı nəsil jurnalistlərin o zamanlar yazılarında bir hərf səhvi olmazdı”. 
 


"Yeni Çağ” analitik internet qəzetinin baş redaktoru Aqil Ələsgərisə qeyd edir ki, o illər informasiya əldə etmək bugünə nisbətən çox çətin idi: "20 il əvvəlki jurnalistlərdə jurnalistikaya daha böyük sevgi var idi. Çünki o dövrün yazarlarının əllərinin altında internet yox idi. Hər hansı məlumatı öyrənmək, nəyisə soruşmaq üçün heç kim müsahibinə sosial şəbəkədə sual göndərib cavab almırdı. Jurnalist gedib informasiyanı yerində öyrənməli, canlı müsahibələr almalı idi. O illər jurnalistikaya gələn qələm əhlində olan həvəs indikilərdə yoxdur. Çox istərdim ki, bu günün jurnalistləri haqqında pozitiv danışım. Jurnalistikada olan yazılmamış qanunlar təəssüf olsun ki, bu gün yoxdur. Məsələn, 20 il əvvəl hər hansı ağsaqqal jurnalist bir məclisdə fikir bildirirdisə, jurnalistlərin heç biri onun sözünü kəsmirdi. Hansısa baş redaktor bir məclisdədirsə, nə zamansa onun işçisi olan müxbir durub sözünü kəsməz, böyük-kiçik hörməti saxlayardı. Bu gün sosial medianın gətirdiyi özünəvurğunluq problemləri jurnalistikamıza mənfi təsir edir. Nəsillərin dəyişməsi jurnalistikamıza mənfi təsirini göstərir. Bu gün jurnalistləri redaksiyadan çıxarıb reportaja göndərmək çətindir. Biz bir gün ərzində 7-8 tədbirə gedirdik. Hazırda isə canlı ünsiyyətdən daha çox virtual ünsiyyətə üstünlük verilir. Bir gün virtual aləmdə problem olanda isə, insanların bir-biri ilə əlaqəsi itir. Köhnə jurnalistlərin telefon və qeyd kitabçaları var idi. Bugünkü gənclərin əksəriyyətində bu ənənə yoxdur. Bu gün siyasətdən yazan jurnalistlərin bəziləri siyasətçiləri o qədər də yaxşı tanımır. Bu, mədəniyyətə, iqtisadiyyata, sosiala da aiddir. Ümid edirik ki, hər şey yaxşılığa doğru gedər”. 
 

 
Azxəbər.com saytının baş redaktoru Hacıbəy Heydərli  XXI əsrdə dünyanın bütün ölkələrində internetin hegemon olduğunu xatırlatdı. Qeyd  etdi ki, internet mediası və ya onlayn media hər yerdə əsas söz sahibidir: "Misal üçün, qardaş Türkiyədə ən nüfuzlu qəzetlərin tirajı 250-300 min arası dəyişir, ancaq həmin qəzetlərin saytlarına giriş sayı 2-3 milyon arasıdır. Yəni, eyniadlı mətbu orqanın qəzeti ilə saytı arasında ən az 10 dəfə fərq var. Eynilə ABŞ-da da "Vaşinqton Post” və "Nyu-York Times” qəzetinin tirajı 1 milyon, saytlarına giriş sayı isə 10 milyondan çoxdur. Yəni, dünyada çağdaş jurnalistika ənənəvi medianı üstələyir. Ancaq ənənəvi medianı da silib atmaq, üstündən xətt çəkmək olmaz. Faktdır ki, araşdırma yazıları, köşə yazıları, reportajlar, özəl məlumatlar ənənəvi mediada daha çox yayımlanır və onlayn media bundan istifadə edir. Bayağı xəbərlər də qəzetlərdə olmur, çünki qəzetlərin İP problemi yoxdur. Bir faktı da mütləq qeyd etmək lazımdır ki, Azərbaycanın ən peşəkar telejurnalistləri, sayt əməkdaşları, radio aparıcılar qəzet məktəbi keçənlərdir. Çağdaş jurnalistikanın isə ən böyük özəlliyi operativlik və multimedia imkanlarıdır. Bu gün oxucu daha çox görüntülü xəbərləri sevir, video-foto olan məlumatları izləyir, yenilənən xəbərlərə maraq göstərir, bu dediyim amillər isə qəzetlərdə mümkün deyil. Məhz bu səbəbdən də onlayn media ənənəvi medianı üstələyə bilir”. 
 
 
 
Yaşlı nəsillə öz arasında jurnalistikaya baxış fərqinə gəldikdə isə, müsahibim jurnalistikanı yaşlı və gənc nəslə bölməyin tərəfdarı olmadığını deyərək etiraz etdi: "Yaşlı nəsil jurnalistlərin əksəriyyəti gənc nəslin müəllimidir, onları mediaya gətirən və dəstək olan şəxslərdir. Həm də yaşlı nəsil təcrübədir, onlardan öyrəniləsi çox şey var. Gənc nəsil isə daha dinamikdir, daha emosionaldır və hadisələrə daha çılğın reaksiya verəndir. Gənc nəslin ən böyük üstünlüyü ondadır ki, onlar keçid yaşamayıblar. Yəni, yeniyetməlik dövründən yalnız internetlə böyüyüblər, qəzetçilik məktəbinə çox yaxşı bələd deyillər. Həm də gənc nəsil internetin verdiyi multimedia imkanlarına daha yaxşı bələddir. Gənc nəsil sosial şəbəkələrdə də aktivdir, çünki belə demək mümkünsə, onlar bu şəbəkələrdə böyüyüb, gözlərini açan gündən çatlarda, forumlarda vaxt keçiriblər. Bu gün Azərbaycanda vətəndaş jurnalistikası çox parlaq dönəmini yaşayır. Hətta deyərdim ki, xəbərin mənbəyi artıq insanlarımızdır. Harada nə hadisə baş verirsə, insanlar onu çəkib bizə göndərir. Bu da xəbərin oxucuya daha tez çatmasına şərait yaradır. Onu da qeyd edim ki, yaşlı nəsil də məhz dövrün tələblərinə uyğun olaraq kollektivlərində gənclərə üstünlük verir, onlar da çağdaş media ilə ayaqlaşmaq üçün işlər görür və deyə bilərəm ki, bunu bacaran media qurumları da az deyil”. 
 
Xəyalə Rəis


Paylaş:

Facebook-da

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
USD 1 1 ABŞ dolları 1.7
EUR 1 1 Avro 1.8816
GEL 1 1 Gürcüstan larisi 0.5812
GBP 1 1 İngiltərə funt sterlinqi 2.0788
IRR 100 100 İran rialı 0.004
SEK 1 1 İsveç kronu 0.1756
CHF 1 1 İsveçrə frankı 1.7256
KWD 1 1 Küveyt dinarı 5.5885
TRY 1 1 Türkiyə lirəsi 0.2946