İxrac məhsullarının həcmi və çeşidi artacaq
İqtisadiyyat Nazirliyinin dəstəyi ilə xarici ölkələrə ixrac
missiyalarının təşkili üçün ayrılması nəzərdə tutulan vəsaitin həcmi
artırılıb.Prezidentİlham Əliyevbununla bağlı "Xarici
ölkələrə ixrac missiyalarının təşkilinə, xarici bazarların araşdırılması və
marketinq fəaliyyətinə, "Made in Azerbaijan” brendinin xarici bazarlarda
təşviqinə, yerli şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və
patent almasına, ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə
çəkilən xərclərin dövlət büdcəsi hesabına ödənilən hissəsinin
müəyyənləşdirilməsi və ödənilmə mexanizminin tənzimlənməsi Qaydası”nın təsdiq
edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 oktyabr
tarixli 1063 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə” fərman verib.
Bu Qayda xarici ölkələrə ixrac missiyalarının
təşkilinə, xarici bazarların araşdırılması və marketinq fəaliyyətinə,
"Made in Azerbaijan” brendinin xarici bazarlarda təşviqinə, yerli
şirkətlərin ixracla bağlı xarici ölkələrdə sertifikat və patent almasına,
ixracla əlaqəli tədqiqat-inkişaf proqram və layihələrinə çəkilən xərclərin
dövlət büdcəsinin vəsaiti hesabına ödənilən hissəsini və ödənilmə mexanizmini
müəyyən edir. Bu Qaydada nəzərdə tutulmuş dəstək tədbirlərinin
maliyyələşdirilməsi, təşkili və idarə edilməsi Azərbaycan Respublikası dövlət
büdcəsinin vəsaiti hesabına həyata keçirilir. Dəstək tədbirlərinin təşkili və
dəstək məbləğinin ödənilməsi İqtisadiyyat Nazirliyi tərəfindən həyata
keçirilir.
Qüvvədə olan Qaydaya əsasən, hər bir bazar
araşdırmasına görə ödənilən dəstək məbləği 20 min manatdan artıq ola bilməzdi.
Dəyişikliyə görə,bu məbləğ 20 min manatdan 30 min manata qaldırılıb. Eyni
zamanda indiyə qədər hər ixrac missiyasının müddəti 4gündən və hər ixrac
missiyasında iştirak edən ixracatçıların sayı 20 nəfərdən artıq ola bilməzdi.
Dəyişikliyə əsasən ixrac missiyasının müddəti ilə 6 gün, hər ixrac missiyasında
iştirak edən ixracatçıların sayı üçün hədd isə 30 nəfərə
qaldırılıb.İndiyə qədər təşkil edilən ixrac missiyasının sayı təqvim ili
ərzində 10-dan çox ola bilməzdi. Dəyişikliyə əsasən bu hədd də 25-ə qaldırılıb.
Edilən dəyişikliyin növbəti mərhələdə ixraca
necə təsir edəcəyini və hansı əhəmiyyətə malik olacağını öyrənməyə çalışdıq.
AzMarketinq şirkətinin
direktoru, iqtisadçı marketoloq Seymur Quliyev deyir
ki, güclü brend ölkə üçün güclü imic deməkdir: "Güclü brend
uzunmüddətli tarixi, mədəni, siyasi və iqtisadi inkişafın nəticəsidir. Məhz bu
amilləri nəzərə alaraq Azərbaycan da bu marketinq alətinə əl atdı və "Made in
Azerbaijan” proqramını həyata keçirməyə başladı. "Country Branding” adlanan
ölkənin brendləşdirilməsi zamanı müxtəlif faktorlar nəzərə alınır və əsasən
ixrac təşviq olunur. Bu yolda uğurlu addım atan ölkə rəhbərliyi Azərbaycanın dünya
ölkələri arasında rəqabətə davamlı imicə sahib olması üçün milli brendin
yaradılmasına qərar verdi. 2017-ci ildə Prezident İlham Əliyevin sədrliyi ilə
qeyri-neft ixracatçılarının respublika müşavirəsində diqqətçəkən məqamlardan
biri günümüzün başlıca tələbi olan "Made
in Azerbaijan” brendinin dünyada tanıdılması oldu”.
Şirkət direktoru qeyd
edir ki, Avropa iqtisadiyyatının ayrılmaz parçası olan Azərbaycanda gedən
iqtisadi proseslər, aparılan islahatlar bu hədəfi daha da aktuallaşdırır: ""Made
in Azerbaijan” brendinin dünyada tanınması, şöhrət qazanması istiqamətində ölkə
rəhbərliyi tərəfindən ardıcıl işlər aparılır. AZPROMO-nun 10 fərqli ölkədəki 13
ixrac missiyası bunun bariz nümunəsidir. Eyni zamanda 2017-ci ildə yerli
sahibkarlar "Made in Azerbaijan” layihəsi çərçivəsində 5 beynəlxalq sərgidə
vahid stend halında iştirak etmiş və proqramdan faydalanmışdır”.
Müsahibimiz bildirir ki, dövlət
tərəfindən təşkil edilən ixrac missiyalarının artması və fəaliyyətlərin
davamlılığı sahibkarların zehnində "Made in Azerbaijan” düşüncəsinin formalaşmasına
gətirib çıxaracaq: "Sahibkarlarda bu düşüncənin formalaşması üçün "Made in
Azerbaijan” çərçivəsində dəstək xarakterli fəaliyyətlər icra olunacaq. Məhz
"Made in Azerbaijan” çərçivəsində Azərbaycanın ilk Marketinq Sammiti
AzMarketinq MMC və AzPromo tərəfindən 23 dekabr 2017 tarixində keçirildi.
Sammitin məqsədi də tam olaraq yerli sahibkarların zehnində "Made in
Azerbaijan” düşüncəsinin formalaşdırılması və dövlətin ixrac proqramına dəstək
olmaqdır. İxrac missiyalarının 2018-ci ildə də artaraq davam etməsi lokal
biznes ilə qlobal biznesin inteqrasiyasına gətirib çıxaracaq. Nəticədə dövlətin
strateji yol xəritəsində vurğulanan biznes, marketinq, menecment, insan
kapitalının inkişafı siyasəti kimi məqsədlərə nail olunacaq”.
Əslində bununla bağlı fəaliyyətin həyata keçirilməsinin Strateji Yol
Xəritəsində nəzərdə tutulduğunu deyəniqtisadçı
Rəşad Həsənov bildirir ki, 2017-ci ildə qəbul edilən qanuna əsasən də ixrac
funksiyalarının təşkil edilməsi, "Made in Azerbaijan” brendinin tanıdılması, həmçinin bu
istiqamətdə fəaliyyətlərin dəstəklənməsi mexanizmi hazırlandı: "Burada əsas
məsələ ondan ibarətdir ki, Azərbaycan sahibkarlarının birbaşa olaraq ənənəvi
olmayan, xüsusilə də Avropa və inkişaf etmiş digər ölkələrin bazarlarına çıxış
imkanları məhduddur. Bu məhdudluğun əsas səbəblərindən biri odur ki,
müəssisələrin qanunvericiliyə uyğun bəzi sənədləri əldə etməsində çətinlik var.
Belə ki, ixrac edilən hər bir məhsul üzrə əlavə sertifikatların alınması tələb
olunur. Bu da bəzi hallarda birdən çox məhsul növü istehsal edən müəssisə üçün
böyük xərc yükü formalaşdırır”.
Ekspert bildirir ki, edilmiş dəyişikliyə əsasən bu xərcin müəyyən bir
hissəsini, təxminən 50 faizini dövlət kompensasiya edəcək: "Düşünürəm ki, bu,
ixrac potensialının artmasına səbəb olacaq. Və ümumilikdə qeyri-neft sektorunun
inkişafına əhəmiyyətli təsir edəcək. Bu sahədə təşəbbüslərin artması, dövlət
dəstəyinin gücləndirilməsi və kompleks yanaşmanın ortaya qoyulması əsas
məsələlərdən biridir. Məncə, bütün bunlar 2018-ci ildə ixracın çeşidinin və
həcminin artmasına öz əhəmiyyətli təsirini göstərəcək”.
Günel Azadə