• şənbə, 27 Aprel, 03:42
  • Baku Bakı 14°C

İtalyanları Azərbaycanda cəlb edən prioritet sahələr

23.07.18 18:56 996
İtalyanları  Azərbaycanda cəlb edən prioritet sahələr
Azərbaycan prezidenti İlham Əliyevİtaliya Respublikasının prezidenti Sercio Mattarellanın şərəfinə keçirilən rəsmi qəbulda söyləyib ki, ikitərəfli münasibətlərimizin tarixində ilk dəfədir ki, İtaliya Respublikasının prezidenti Azərbaycana rəsmi səfərə gəlmişdir. Əminəm ki, bu əlamətdar hadisə əlaqələrimizin inkişafında yeni bir səhifə açacaqdır: "Bu gün Azərbaycan ilə İtaliya arasında əməkdaşlıq bütün istiqamətlərdə, o cümlədən siyasi sahədə uğurla inkişaf edir. İqtisadi sahədə əməkdaşlığımızı xüsusilə qeyd etmək istərdim. İtaliya Azərbaycanın ticarət tərəfdaşları arasında birinci yerdədir. 2017-ci ildə ölkələrimiz arasında ticarət dövriyyəsi və Azərbaycandan İtaliyaya ixracın həcmi artmışdır. Uzun illərdir ki, energetika sahəsində əlaqələr mövcuddur. Azərbaycan bu sahədə fəaliyyət göstərən İtaliya şirkətləri ilə sıx əməkdaşlıq edir. Bu ilin may ayında Cənub Qaz Dəhlizinin rəsmi açılışı nəticəsində energetika sahəsində Azərbaycan-İtaliya əlaqələri üçün yeni imkanlar açıla bilər. Azərbaycan nefti böyük həcmdə İtaliyaya nəql edilir. İtaliyanın neft idxalında Azərbaycan birinci yerdədir və ölkəmizin İtaliyanın xam neft idxalında payı 15 faiz təşkil edir. İşə saldığımız polipropilen zavodu sənaye istehsalı sahəsində əməkdaşlığımızın gözəl nümunəsidir. Digər sahələrdə, o cümlədən infrastruktur, inşaat, nəqliyyat, kənd təsərrüfatı sahələrində də ölkələrimiz əməkdaşlıq edir”.

Azərbaycan prezidenti İtaliya şirkətlərini Azərbaycana investisiya qoymağa da çağırıb. İtalyan şirkətlərini Azərbaycanda cəlb edəcək prioritet sahələr hansılardır?

"Ekonomiks” Beynəlxalq İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Fikrət Yusifovbildirdi ki, İtaliya ilə Azərbaycan arasında iqtisadi əlaqələr başqa Avropa ölkələri ilə müqayisədə daha genişdir: "Bunu iki ölkə arasındakı ticarət dövriyyəsinin həcminə dair göstəricilər təsdiq edir. Azərbaycandan İtaliyaya əsasən neft və neft məhsulları, həmçinin kimya sənayesi məhsulları ixrac edilir. İtaliyadan ölkəmizə isə texnika, yüngül və yeyinti sənayesi məhsulları gətirilir. İki ölkə arasında ticarət əlaqələrinin yüksək olmasına baxmayaraq, 2013-cü illə müqayisədə ticarət dövriyyəsi 3 dəfə azalaraq, 6,2 milyard dollardan 1,9 milyard dollara düşüb. Bu, əsasən Azərbaycan neftinin ixracının azalması və ümumiyyətlə, dünya bazarlarında neftin qiymətlərinin kəskin azalması ilə bilavasitə bağlıdır. Lakin bu rəqəmin özü də indiki xarici ticarət dövriyyəmiz üçün heç də kiçik deyil. Cənub Qaz Dəhlizi layihəsi tam istismara verildikdən sonra "Şahdəniz-2” qazının TAP xətti vasitəsilə İtaliya sahillərinə çatdırılması ölkələrimiz arasında ticarət dövriyyəsinin yenidən artmasına səbəb olacaqdır”.

İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun aparıcı elmi işçisi Pərviz Heydərovbildirdi ki, İtaliya Avropa ölkələri içərisində Azərbaycanın ən böyük ticarət tərəfdaşıdır: "İtaliya Azərbaycandan neft ixrac edən böyük Avropa ölkəsidir. Digər tərəfdən, İtaliya ilə Azərbaycan arasında fərqli istiqamətlər üzrə böyük ticarət əlaqələri var. İtaliyanın prezidenti burada olarkən dövlət başçısı İlham Əliyev bir daha qeyd etdi ki, yaxın gələcəkdə Cənub Qaz Dəhlizi layihəsinin icrasından sonra iki ölkə arasındakı əlaqələr daha da sıxlaşacaq. Hazırda Azərbaycanda əsas prioritetlərdən biri də qeyri-neft sektorunun inkişaf etdirilməsidir. Bu mənada, Azərbaycan İtaliya kimi ölkənin böyük şirkətlərinin Azərbaycanın qeyri-neft sektoruna investisiya yatırmasında maraqlı olan tərəfdir. Bunu hökumət özü də açıq şəkildə bəyan edir. Prezidentlərin görüşü çərçivəsində İlham Əliyev qeyd etdi ki, Azərbaycan İtaliya şirkətlərinə qapılarını hər zaman açıq saxlayır. Şirkətlər istənilən sahə üzrə investisiya yatırımı edə bilər. Qeyd edim ki, propilen zavodunun inşasında birbaşa İtaliya şirkəti iştirak edib. Bu, bir daha onu sübut edir ki, İtaliya şirkətləri ilə qeyri-neft sektorunda əməkdaşlıq üçün böyük imkanlar var. Bu gün Azərbaycanda sözügedən ölkənin kifayət qədər şirkətləri fəaliyyət göstərir. İnşaat, aqrar, ağır sənaye sahələri üzrə gələcəkdə də bu şirkətlərlə əməkdaşlığa böyük ehtiyac var. İtaliya şirkətləri qeyri-neft sektorunun bütün istiqamətlərində böyük inkişaf yolu keçərək, professional statusa yüksəliblər. Bu şirkətlərin Azərbaycanda kənd təsərrüfatı, yüngül və ağır sənaye sahələri üzrə əməkdaşlıq etmələri bizim üçün olduqca vacibdir. İmzalanan sazişlərin gələcəkdə bu əməkdaşlığın inkişafında böyük rol oynayacağına ümid edirəm”.

Şəbnəm Mehdizadə

banner

Oxşar Xəbərlər