AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İstedadlı alim, ictimai xadim, gözəl qadın...

İstedadlı alim, ictimai xadim, gözəl qadın...

Cəmiyyət
19 Sentyabr 2020, 09:00 888
Onun fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib
 
"Aida İmanquliyeva bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən Azərbaycan modelidir. Onun həyat və yaradıcılığı milli ziyalı qadınlar içərisində bənzərsizliyi, yüksək dəyərli xüsusiyyətləri ilə seçilirdi”. Bu fikirləri, görkəmli şərqşünas alim Aida İmanquliyeva haqqında onu yaxından tanıyanlar, iş yoldaşları həmişə böyük məhəbbət, dərin hörmət hissi ilə söyləyirlər. Həmkarları onu dünya şərqşünaslığı tarixində, ümumən çağdaş ərəb ədəbiyyatının tədqiqində yeni bir səhifə açan alim kimi dəyərləndirirlər. Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru və ilk professor qadın olan Aida İmanquliyevanın haqqında cild-cild kitablar yazılıb, xatirəsinə sanballı verilişlər həsr olunub. Onu, görkəmli tədqiqatçı olması ilə bərabər, Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətləri təcəssüm etdirən qadın kimi səciyyələndirirlər: "İstedadlı alim, ictimai xadim, gözəl qadın və ana... Onun ömür yolu həyatın, varlığın əsasında duran mənəvi bağları qurmağa, tamlığa, vəhdətə can atan bir insan idrakının, bir ana, bir qadın ruhunun təcəssümü olub. Onun bütün elmi-bədii yaradıcılığı, ictimai fəaliyyəti də bütövlüyə, vəhdətə can atan xarakterin ifadəsi olub. Bəlkə də elə bu xarakterin ifadəsidir ki, xalqımızın tarixində ilk azərbaycanlı qadın - ərəbşünas - elmlər doktoru olan bu böyük alim, öz həyatını xalqının tarixinin, ənənələrinin minillik dərin köklərlə bağlı olduğu Şərq mədəniyyətini və ədəbiyyatını öyrənməyə sərf edib və özünün şəxsiyyəti və yaradıcılığı timsalında dünənimizlə bugünümüz arasındakı əlaqə bağlarını bərpa etməyə çalışıb”.
 
Elmin sahələrinə nüfuz etmək bacarığı
 
Aida xanımın elmi yaradıcılığı çox zəngindir. Onun nəzəri tədqiqat dairəsini ümumiləşdirən "Ərəb filologiyası məsələləri”, "Şərq filologiyası məsələləri”, "Şərqin problemləri: tarix və müasirlik” və onlarca digər məqalə və elmi əsərləri alimin elmi maraq və tədqiqat əhatəsinin çox geniş və müxtəlif sahələrə, yalnız filologiya elminin deyil, digər ictimai-humanitar elmlərin sərhədlərinə də nüfuz etdiyinin göstəricisidir. 
 
Aida xanım İmanquliyeva aktiv bir ərəbşünas - alim, elmi ictimaiyyətin hörmətini qazanmış nüfuzlu elm xadimi idi. Keçmiş SSRİ-də Ümumittifaq Şərqşünaslar Cəmiyyəti Rəyasət Heyətinin, Şərq ədəbiyyatlarının tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının üzvü olub. O, Azərbaycan şərqşünaslar məktəbinin nümayəndəsi kimi, Moskvada, Kiyevdə, Sankt-Peterburqda, Poltavada, Düşənbədə, Tbilisidə və başqa şəhərlərdə keçirilən elmi konqreslərdə, simpoziumlarda, sessiyalarda məruzələr edib.

Alimin çoxsaylı elmi əsərlərində (3 monoqrafiya ("Mixail Nuayme və Qələmlər birliyi”, "Cübran Xəlil Cübran”, "Yeni ərəb ədəbiyyatının korifeyləri”) və 70-dən artıq elmi məqalə) Qərb və Şərq mədəni ənənələrinin sintezi, yaradıcı üslubun inkişafı və yeni bədii cərəyanların təşəkkül tapması tədqiq olunur ki, bu da nəinki ərəb ədəbiyyatının, həmçinin bütün yeni Şərq ədəbiyyatlarının gələcəkdə tədqiqi üçün çox mühüm zəmin yaradır.

Aida xanım yalnız yaradıcılığı ilə deyil, həm də təşkilatçılıq bacarığı, rəhbərlik fəaliyyəti ilə öz həyatının missiyasına - yaşadığı mühit və rejim çərçivəsində Azərbaycan milli özünüdərkinin qorunub saxlanılması, inkişafı idealına sadiq qalıb.

Aida xanım İmanquliyeva elmi işlərlə yanaşı, pedaqoji fəaliyyətlə də məşğul idi. O, Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsində ərəb ədəbiyyatından dərs deyirdi. Elə məhz buna görə də SSRİ Nazirlər Soveti yanında fəaliyyət göstərən Ali Attestasiya Komissiyasının qərarı ilə ona "Xarici Asiya və Afrika xalqları ədəbiyyatı” ixtisası üzrə 1991-ci ilin mart ayında professor elmi rütbəsi verilib.
 
Gənc yaşda müdrik 
 
AMEA Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin aparıcı elmi işçisi Laura Orucova Aida İçanquliyeva kimi insanların nadir hallarda doğulduğunu söyləyir: "Onu Tanrı yaratmışdı, sanki vaxtsız da öz yanına apardı. Ancaq Aida xanım bu qısa vaxtda öz missiyasını ləyaqətlə yerinə yetirdi. O, özü də çox yaşamaq istəmirdi. "Mən istəyirəm insanların yaddaşında həmişə cavan və gözəl qalım, istəmirəm ki, məni qoca görsünlər” - deyirdi. O, qocalmaq istəmirdi. Biz ona bu fikri ilə bağlı etiraz edəndə də yenə eyni sözləri deyirdi. Bəlkə də buna görə 57 yaşında dünyadan köçdü...” L.Orucova özünə yaxın rəfiqə hesab etdiyi Aida İmanquliyeva ilə ilk tanışlığını xatırlayır: "Aida xanım universitetin Şərqşünaslıq fakültəsinin Ərəb şöbəsində məndən yuxarı kursda oxuyurdu. O, beşinci kursda oxuyanda mən birinci kursa daxil olmuşdum. Mən onun gözəlliyinə heyran olmuşdum. Bir dəfə bufetdə onu gördüm və gözəlliyinə tamaşa edə-edə qaldım. O, Azərbaycanın ən gözəl xanımlarından idi. Mən Azərbaycan xanımlarını necə təsəvvür edirdimsə, bu gözəlliyi onda gördüm: boy-buxun, incəlik, mədəniyyət. O, qadına aid bütün gözəl xüsusiyyətləri özündə təcəssüm etdirirdi. Mən onunla tanış olmağı çox istəyirdim. Ancaq ona yaxınlaşmağa utanırdım. Tale elə gətirdi ki, aspirant kimi Şərqşünaslıq İnstitutuna gələndə Aida xanım da Moskvada aspiranturanı bitirib qayıtmışdı. Yenidən onunla burada qarşılaşdım. Ona yaxınlaşdım, salamlaşdım. Aida xanım sanki məni illərlə bundan əvvəl tanıyırmış kimi görüşdü. O, heç kəsdən küsülü qalmazdı. Həddən artıq ziyalı idi. Çünki əsl ziyalı ailəsində böyümüşdü. Mən sonradan onun valideynləri ilə də tanış oldum. Onu yaxından tanıdıqca, müdrikliyinə heyran olurdum. Aida xanım gənc olmasına baxmayaraq, çox müdrik idi. Ona görə də çox xüsusiyyətləri ondan götürürdüm. Mən bir az ərköyün böyümüşdüm. Onu tanıyandan sonra davranışıma diqqət yetirməyə başladım. Mən ona oxşamaq istəyirdim”.
 
Qərb və Şərqin mənəvi dəyərləri
 
Aida İmanquliyeva bir mütəfəkkir alim kimi düşüncə sistemi və təfəkkür tərzi ilə Qərbin və Şərqin mərkəzində yerləşən bir Azərbaycan modelidir. Aida İmanquliyevanın qələmi ilə düşüncələrdə çəkdiyi "İpək yolu" - dünyanın Qərbi ilə Şərqini birləşdirən ədəbi-fəlsəfi fikir sistemi, özlüyündə həm dünya mədəniyyətinin, ümumbəşəri mənəvi dəyərlərin öyrənilməsi, həm də və ən başlıcası isə milli özünüdərkin ifadəsi olub.

Şərqşünaslıq İnstitutunun elmi, ictimai-siyasi həyatında yaxından iştirak edən Aida İmanquliyeva işgüzar fəaliyyətinə görə 1988-ci ildə institutun elmi işlər üzrə direktor müavini vəzifəsinə təyin olunub, bir il sonra isə uzun illər üzərində işlədiyi doktorluq dissertasiyasını müdafiə edərək filologiya elmləri doktoru adına layiq görülüb.

Beləliklə, Azərbaycanda ərəb ədəbiyyatı üzrə ilk elmlər doktoru, ilk professor - qadın olan Aida İmanquliyeva vəzifə pillələrində irəliləməkdə davam edirdi. O, 1991-ci ilin avqustundan Şərqşünaslıq İnstitutunda direktor vəzifəsini icra etməyə başlayıb və həmin ilin dekabrında isə direktor vəzifəsinə təyin olunub.

Ərəbşünas alim, professor Vilayət Cəfərovun xatirəsindən: "Ərəb filologiyası şöbəsi Aida xanımın rəhbərliyi altında 1978-ci ildə fəaliyyətə başlayıb. Bu şöbə onun rəhbərliyi ilə çox böyük uğurlar qazanıb. Aida İmanquliyeva Qərb və Şərqin mənəvi dəyərlərini özündə birləşdirib. O, müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açıb”. V.Cəfərov deyir ki, Ərəb filologiyası şöbəsi Aida xanımın xatirəsini yad etmək üçün son illərdə də bir çox əsərlər çap etdirib. Həmin əsərlərdən bir çoxu sırf şərqşünas alimin parlaq xatirəsinə həsr edilib: «Azərbaycan şərqşünaslığında yeni dövrün ərəb ədəbiyyatı araşdırıcısı və ərəb dili üzrə ilk elmlər doktoru olan Аida хаnım İmanquliyeva müasir ərəb ədəbiyyatının öyrənilməsində yeni səhifə açaraq məktəbin əsasını qoydu. Onun fundamental tədqiqatları Azərbaycan və dünya şərqşünaslığını zənginləşdirib. İlk qadın şərqşünasın tədqiqat işləri və tərcümələri Azərbaycan ədəbiyyatının sərvətidir. AMEA Şərqşünaslıq İnstitutunun direktoru işlədiyi illərdə elmin bu sahəsinin inkişaf etdirilməsi üçün çox böyük işlər görüb. Aida xanım aramızda olmasa da, onun təsis və rəhbərlik etdiyi Ərəb filologiyası şöbəsi, o cümlədən Şərqşünaslıq İnstitutunun əməkdaşları bu müddət ərzində onu heç zaman unutmayıb, onun xatirəsini həmişə yad edirlər”. 
 
Gözəllik, ağıl, nəcabət...
 
Aida xanımın öz qısa ömrünün yarısını Azərbaycan elminin inkişafına, Azərbaycan şərqşünaslığının təşkilinə həsr etdiyini deyən filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü bildirir ki, Aida xanımı tanıyanlar, onun tələbələri görkəmli alimi dərin biliyinə, mənəvi zənginliyinə görə sevirdilər: "Aida xanımda Azərbaycan qadınlarına xas olan ən nəcib keyfiyyətlər təcəssüm edirdi. Tələbələri onun davranışına və rəftarına, mühazirələrinə heyran idi. Onun hər bir hərəkətində nəciblik duyulurdu. Ulu Tanrı ondan heç nəyi əsirgəməmişdi: gözəllik, ağıl, nəcabət. Aida xanım İmanquliyevanı səciyyələndirən əsas cizgilər, insani keyfiyyətlər özünə qarşı tələbkarlıq, ailəsinə tükənməz sevgi hissi idi”. 

Gündəlik gərgin iş rejimi Aida xanımı xanımlıqdan məhrum edə bilməmişdi. O, hər şeydən əvvəl öz ailəsini, həyat yoldaşını çox sevən gözəl qadın, qayğıkeş bir ana idi. Aida xanım sevimli qızları Mehriban xanımın və Nərgiz xanımın təlim-tərbiyəsi ilə çox ciddi məşğul olardı. Aida xanım elmi-inzibati işlərlə həddindən çox yüklənməsinə baxmayaraq, sevimli nəvələrini bir an unutmaz, onların qayğısını və nazını çəkərdi.

Sentyabrın 19-u Aida İmanquliyevanın vəfat etdiyi gündür. Görkəmli alim özündən sonra dilçilik elmi üçün hər zaman lazımlı tədqiqatlar, əsərlər yadigar qoymayıb, həmçinin insanların yaddaşında bütöv bir şəxsiyyəti təcəssüm etdirən abidə ucaldıb.
 
Təranə Məhərrəmova