AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

İşsizlər üçün 190 manat həcmində birdəfəlik ödəmə

İşsizlər üçün 190 manat həcmində birdəfəlik ödəmə

İqtisadiyyat
09 Aprel 2020, 17:52 3960
Aprelin 1-nə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə qeydiyyata alınanlar da bu birdəfəlik ödəməni ala biləcəklər

Prezident İlham Əliyevin 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı Nazirlər Kabinetinin təsdiqlədiyi Tədbirlər Planı koronavirus pandemiyasının milli iqtisadiyyata, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması, mövcud şəraitdə sosial rifahın dəstəklənməsi üçün genişmiqyaslı, təsirli və məqsədəuyğun tədbirləri özündə əhatə edir. Sənəddə iş yerlərinin qorunması, məşğulluğa və sosial rifaha dəstəyin təmin olunması əsas istiqamətlər sırasındadır. Tədbirlər Planına əsasən, məşğulluğa və sosial rifaha dəstək, o cümlədən işçilərin işsizlik riskindən qorunması və sosial müdafiəsi məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən bir sıra istiqamətlərdə tədbirlər görülür. Həmin tədbirlərdən biri işsiz və işdən azad olunmuş şəxslərin məşğulluğu və sosial müdafiəsi üçün nazirlik tərəfindən 50 min haqqı ödənilən ictimai iş yerinin (2020-ci ilin aprel-may ayları) yaradılmasıdır. Belə iş yerlərində işsiz şəxslərin müvəqqəti məşğulluğu təmin ediləcək. Bunun üçün 30 milyon manat vəsait nəzərdə tutulub. Eyni zamanda, nazirlik yanında Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan şəxslərə (200 min nəfər) 2020-ci ilin aprel-may aylarında hər ay üçün yaşayış minimumu həcmində (190 manat) birdəfəlik ödəmə veriləcək. Bunun üçün isə 70 milyon manat yönəldiləcək.
 

 
Əmək qabiliyyətli, lakin faktiki işsiz
 
ƏƏSMN-in İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsindən "Kaspi” qəzetinə verilən məlumata görə, işsiz şəxslər üçün nəzərdə tutulan birdəfəlik ödəmə (190 manat) ailədə əmək qabiliyyətli, lakin faktiki işsiz olan və sosial ödəniş almayan övladlara da veriləcək. Belə ki, əgər ailədə ər və arvad ikisi də işsizdirsə, onlardan birinə, eyni zamanda, ailənin digər üzvləri (məsələn ailənin oğlu və ya qızı) işsizdirsə və sosial ödəniş almırsa, onlara da veriləcək. Aprelin 1-nə qədər işsiz kimi qeydiyyata alınanlarla yanaşı, xüsusi karantin rejiminin davam etdiyi dövrdə işsiz kimi qeydiyyata alınan şəxslər də bu birdəfəlik ödəməni alacaqlar. Artıq bir dəfə müraciət etmiş şəxsin təkrar müraciətinə ehtiyac yoxdur. Həmçinin şəxsiyyət vəsiqəsinin müddəti bitmiş şəxslər üçün də xüsusi karantin rejimi dövrünə müraciət imkanı yaradılıb. Onların şəxsiyyət vəsiqəsinin müddəti xüsusi karantin rejiminin sonunadək uzadılıb.
 
 
Birdəfəlik ödəmə ilə bağlı müraciət imkanları
 
Birdəfəlik ödəmə ilə bağlı müraciət imkanlarına gəlincə, işsiz vətəndaş ilk növbədə e-sosial.az portalında "e-xidmətlər” bölməsinə daxil olaraq "Vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması, qeydiyyatdan müvəqqəti çıxarılması və qeydiyyatın müvəqqəti ləğv edilməsi” linkinə daxil olmalıdır. Bunun üçün "ASAN imza” və ya elektron imza tələb olunur. Lakin daha rahat yolu e-sosial.az portalında "onlayn müraciət” bölməsindən istifadə etməklə, hər hansı bir qeydiyyat proseduru tələb olunmadan işsiz və ya işaxtaran kimi uçota alınmaqdır. Burada müraciət şəxsiyyət vəsiqəsi və FİN nömrələrini daxil etməklə, "İstiqamət” bölməsində "məşğulluq sahəsində göstərilən xidmətlər”, "Xidmət növü” bölməsində isə "vətəndaşların işaxtaran və işsiz kimi qeydiyyata alınması və qeydiyyatdan çıxarılması” bölmələrini seçmək lazımdır. İnternetə çıxış imkanları olmayan işsizlər isə qeydiyyata alınmaq üçün müvafiq rayon (şəhər) Məşğulluq mərkəzlərinin telefon nömrələrinə (Telefon nömrələri: http://sosial.gov.az/laq-nomrlri) zəng edə bilərlər.
 
 
 
Ölkənin şəhər və rayonları üzrə elektron qaydada müraciət günlərinin aprelin 12-dək olan dövr üçün qrafiki də təqdim edilib (http://sosial.gov.az/post/3321). Hələlik hər bir işsiz vətəndaş olduğu rayon üzrə qrafikdə qeyd edilən gün elektron qaydada müraciət edir. Sonrakı günlərdə hər bir işsiz şəxs istənilən gün elektron qaydada müraciətini edə biləcək.

Ödəmə vəsaitləri nağdsız qaydada çatdırılacaq
 
Onu da xatırlatmaq yerinə düşər ki, məşğulluq haqqında qanunvericiliyə əsasən, işi və qazancı olmayan, işsiz kimi qeydiyyata alınan əmək qabiliyyətli şəxs – işsiz şəxs hesab olunur. Qanunla muzdla (əmək müqaviləsi ilə) işləyənlər, mülki-hüquqi xarakterli (xidməti) müqavilələrlə işləyənlər, sahibkarlar (VÖEN-i olanlar), mülkiyyətində kənd təsərrüfatına yararlı torpaq payı olanlar (müvafiq dövlət aktı və çıxarışı olanlar), əyani təhsil alan tələbələr, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmət edənlər və başqaları məşğul şəxslər hesab olunduğundan onlara işsizlik statusu verilmir. Məhz buna görə də birdəfəlik ödəmənin hazırda dövlətdən sosial ödəniş alanlar istisna olmaqla, ünvanlılıq prinsipi əsas götürülərək pandemiya dövründə zərərçəkən işsizlər alacaq. Yəni birdəfəlik ödəmənin işsiz olan və məhz heç bir gəliri olmayan şəxslərə verilməsi nəzərdə tutulur. İşsiz vətəndaşların qeydiyyatı prosesi tam başa çatdıqdan sonra birdəfəlik ödəmə vəsaitləri nağdsız qaydada (bank xidmətləri vasitəsilə) ünvanına çatdırılacaq.
 

 
Vətəndaşlarımızın sosial müdafiəsi
 
Mövzu ilə bağlı fikirlərini qəzetimizə bölüşən Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri, Yeni Azərbaycan Partiyası Siyasi Şurasının üzvü Musa Quliyevbildirib ki, koronavirusun ölkəmizin iqtisadi və sosial həyatına vura biləcəyi zərərin qarşısının alınması ilə bağlı hökumət tərəfindən müvafiq tədbirlər planı təsdiq edilib. Millət vəkili pandemiya və onun fəsadları ilə mübarizə sahəsində dövlətimizin gördüyü tədbirləri qənaətbəxş sayıb: "Prezidentin sərəncamının icrası olaraq Nazirlər Kabineti ilk mərhələdə görüləcək tədbirlər paketini təsdiq edib. Əsas 3 istiqməti - iqtisadi artıma və sahibkarlığa dəstək , məşğulluq və sosial rifaha dəstək, makroiqtisadi və maliyyə sabitliyinin təmin olunması istiqamətlərini nəzərdə tutan tədbirlər planı bir milyard manatdan çox vəsaiti əhatə edəcəkdir. Bu planın artıq icrasına başlanılıb və təxminən iki milyona yaxın vətəndaşımızın sosial müdafiəsini nəzərdə tutur. Görüləcək tədbirlər dövlət sektorunda 910 min, özəl sektorda 664 min muzdlu işçinin, habelə iş axtaran vətəndaşların, sosial müdafəyə ehtiyacı olan şəxslərin, tənha ahılların, ödənişli əsaslarla təhsil alan tələbələrin və sair kateqoriyadan olan vətəndaşlarımızın sosial müdafiəsini təmin edəcəkdir. Cənab Prezident xalqa müraciətində yeni, daha əhatəli, və böyük maliyyə tutumlu dəstək proqramının hazırlanması barədə məlumatı da bir xoş müjdə kimi qəbul edilməlidir. Əlavə hesablamalara uyğun olaraq ən azı 2,5 milyard manatın ayrılması planlaşdırılıb. Burada məqsəd Azərbaycanda iqtisadi sabitliyi təmin etməkdən, məşğulluqla bağlı problemləri həll eləməkdən, makroiqtisadi və maliyyə vəziyyəti sabit saxlamaqdan ibarətdir. Ona görə də tədbirlər planı daha geniş və əhatəli olmaqla, bütün kateqoriyadan olan vətəndaşlarımızın, o cümlədən, əmək müqaviləsi olmadan, günəmuzd çalışan, hazırda isə işsiz qalmış insanların sosial müdafiəsini təmin etməyə imkanlar tanıyacaqdır. Dövlət Məşğulluq Xidməti orqanlarında işsiz kimi qeydiyyata alınan və alınacaq şəxslərə 2020-ci ilin aprel-may aylarında hər ay üçün 190 manat həcmində birdəfəlik ödəmənin verilməsi istiqamətində görülən işlər də qeyd olunanlara daha bir nümunədir”.
 
Rufik İSMAYILOV