• cümə, 19 Aprel, 19:46
  • Baku Bakı 24°C

İslahatlara alternativ yoxdur

18.10.19 18:48 1281
İslahatlara alternativ yoxdur
Prezident İlham Əliyevin sədrliyi ilə oktyabrın 15-də iqtisadi müşavirə keçirilib. Dövlət başçısı cari ilin doqquz ayının sosial-iqtisadi göstəricilərinin müsbət olduğunu, iqtisadi artımın təmin edildiyini diqqətə çatdırıb.
O qeyd edib ki, əsas vəzifə iqtisadi artımı daha da yüksək rəqəmlərə qaldırmaq və islahatları davam etdirməkdir: "Onu da bildirməliyəm ki, bu gün iqtidarda olan bəziləri də islahatlara qarşı çıxış edirlər. Bu islahatlar onların şəxsi maraqlarına toxunur. Onlar hər vəchlə bizim işimizə əngəl törətmək istəyirlər. İslahatlara meyilli olan, yeni təfəkkürə malik kadrları qaralayırlar, o cümlədən mətbuatda. Mətbuat bir növ daxili mübarizə növünə çevrilib. Bu, dözülməzdir. Dözülməz vəziyyətdir. Əgər kimsə hesab edir ki, biz bununla barışmalıyıq, səhv edir. Çünki islahatlara alternativ yoxdur. Kim bu yolun yolçusudursa, əlbəttə, işləyəcək. Amma kim buna qarşı çıxır və altdan-altdan bizim işimizə mane olmaq istəyir, əlbəttə ki, biz belə adamlarla bir yolun yolçusu ola bilmərik”.
Prezidentin bu fikirləri onu deməyə əsas verir ki, Azərbaycan xalqının rifahının yaxşılaşdırılması istiqamətində aparılan islahatlar daha da sürətli və əhatəli olmaqla davam etdiriləcək.
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı Hikmət Məmmədov bildirdi ki, Prezident İlham Əliyev iqtisadi müşavirədə ölkəmizin inkişafı ilə bağlı çox mühüm məsələləri diqqətə çatdırdı: "Prezident ölkəmizdə həyata keçirilən və bütün sahələri əhatə edən ardıcıl islahatların uğurlu nəticələr verdiyini bildirərək Azərbaycanın "Doing Business" hesabatında 20 ən islahatçı ölkə sırasında yer aldığını xüsusi vurğuladı. Dövlət başçısı, həmçinin ölkəmizin daha yüksək inkişafına mane olan məsələləri, nöqsanları diqqətə çatdıraraq müvafiq tapşırıqlar verdi. Müşavirədə Prezident İlham Əliyev qeyd etdi ki, bu gün iqtidarda olan bəziləri aparılan islahatlara qarşı çıxış edirlər. İslahatlar həmin şəxslərin şəxsi maraqlarına toxunduğu üçün onlar hər vəchlə ümumi işə, komandanın uğurlu fəaliyyətinə əngəl törətmək istəyirlər. Bu zaman isə ən müxtəlif üsullara əl atırlar ki, bunlardan biri də cənab Prezident tərəfindən yüksək etimad göstərilərək vəzifəyə təyin olunan və ötən müddət ərzində effektiv, sədaqətlə fəaliyyət göstərən yenilikçi, islahatlara meylli və bu islahatları müvəffəqiyyətlə həyata keçirmək potensialına, iradəsinə malik kadrlara qarşı aparılan qarayaxma, şantaj kampaniyasıdır.
Əlbəttə, eyni komandada təmsil olunan bir məmurun digərinə qarşı bu cür davranışı qətiyyən yolverilməzdir. Vəzifəsindən asılı olmayaraq, hər bir məmur Prezident tərəfindən onun qarşısına qoyulan tapşırıqları yerinə yetirmək məcburiyyətindədir. Prezident isə hər bir məmurdan vicdanla, ləyaqətlə xalqa xidmət tələb edir. Ümid edirik ki, sözügedən şəxslər cənab Prezidentin xəbərdarlığından düzgün nəticə çıxararaq özlərinə çəki-düzən verəcək, bu cür qəbuledilməz davranışlarından əl çəkəcəklər. Dövlət başçısının da vurğuladığı kimi, islahatlara alternativ yoxdur və siyasi hakimiyyətdə bu islahatları ən yüksək səviyyədə davam etdirmək üçün güclü iradə mövcuddur”.
H.Məmmədov qeyd etdi ki, Azərbaycan mediası ictimai institut kimi, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və Azərbaycanın uğurlu inkişafını təmin edən islahatları dəstəkləyir: "Təsadüfi deyil ki, Prezident İlham Əliyev də Azərbaycan mediasının fəaliyyətinə həmişə yüksək qiymət verib və mediamızın sərbəst fəaliyyəti üçün münbit şərait yaradılıb. Dövlət başçısı dəfələrlə vurğulayıb ki, o özü də ölkəmizdə baş verən bir çox məsələlərdən məhz Azərbaycan mətbuatı vasitəsilə xəbər tutur və dərhal reaksiya verərək lazımi addımları atır. Dövlət başçısının müşavirədə də bildirdiyi kimi, bu gün iqtidarda olan bəzilərinin islahatlara, islahatçı kadrlara qarşı həyata keçirdiyi kampaniyalar bir çox hallarda media orqanları vasitəsilə aparılır və bəzi media qurumları islahatlara qarşı çıxış edən məmurların əlində alət rolunu oynayırlar. Görünür, hələ də bəziləri köhnə vərdişlərindən əl çəkə, mediada bu cür çirkin fəaliyyət üsulunu davam etdirmək arzusunu cilovlaya bilmirlər”.
Millət vəkili Eldəniz Səlimov bildirdi ki, dövlət başçısı tərəfindən keçirilən müşavirələrdə əldə edilən uğurlarla yanaşı, həllini gözləyən məqamlara toxunulur, yol verilən nöqsanlarla, məmur bürokratiyası ilə bağlı məsələlərlə əlaqədar birmənalı mövqe ortaya qoyulur: "Lakin oktyabrın 15-də keçirilən iqtisadi müşavirədə dövlət başçısı xüsusilə, islahatlar prosesinə mane olan və olmağa çalışan qüvvələrlə bağlı daha sərt danışaraq, ciddi xəbərdarlıq etdi. Prezident müşavirədə çıxışı zamanı bu gün iqtidarda olan bəzi şəxslərin islahatlara qarşı çıxdığını konkret şəkildə bəyan etdi. Dövlət başçısı söylədi ki, aparılan və uğurla davam etdirilən islahatlar onların şəxsi maraqlarına toxunur. Əgər bu mesajlardan, xəbərdarlıqlardan nəticə çıxarılmasa, həmin şəxslər layiqli şəkildə cəzalandırılacaq, iqtidarla birdəfəlik yollarını ayırmaq məcburiyyətində qalacaqlar. Çünki doğrudan da, əgər dövlətimizin inkişafını, tərəqqisini, çiçəklənməsini, dünya siyasətindəki yerini və rolunu daha möhkəmləndirməsini istəyiriksə, islahatlar prosesinin genişlənməsində, dərinləşməsində, bütün sahələrə sirayət etməsində maraqlı və iştirakçı olmalıyıq”.
E.Səlimov vurğuladı ki, hər kəs öz müsbət işi ilə hədəflərə nail olmaq üçün əlindən gələni əsirgəməməli, gedən müsbət proseslərə töhfəsini verməyə çalışmalıdır: "Onsuz da bu proses geridönməz və qarşısıalınmaz bir hərəkata çevrilib. Kimsə bu prosesi yarımçıq saxlaya, durdura bilməz. Çünki bu prosesdə Azərbaycan dövlətinin, ən əsası, dövlət başçısının qətiyyəti, iradəsi ortadadır”.

BƏXTİYAR
banner

Oxşar Xəbərlər