• çərşənbə, 08 May, 16:15
  • Baku Bakı 16°C

İşçini işindən edən peşə xəstəliyi – Müsahibə

30.04.15 08:42 12038
İşçini işindən edən peşə xəstəliyi – Müsahibə
Sevda Xəlilova: “Diaqnoz vaxtında qoyulsa, şəxs təmasda olduğu maddələrdən və istehsal prosesindən uzaqlaşdırılsa, xəstəlik tədricən insandan kənarlaşır”
Hər hansı peşə üzrə çalışmağımızdan asılı olmayaraq, sağlamlığımızı diqqətdən kənarda qoymamalıyıq. Lakin elə peşələr var ki, orada sağlamlıq üçün xüsusi diqqət tələb olunur. Həmin işlərdə çalışmaq üçün xüsusi qoruyucu vasitələrdən istifadə edilməsi mütləqdir. Əməyin təhlükəsizliyi baxımından bu cür təhlükəsizliyə əsasən işəgötürənlər cavabdeh olsalar da, işçi də öz sağlamlığının qeydinə qalmalıdır. Əks halda, peşə xəstəlikləri ilə üz-üzə qala bilərsiniz.
Peşə xəstəlikləri haqqında bu gün çox adam məlumatsızdır. Lakin bir çoxlarımızın yaxınları, tanışları məhz elə işlərdə çalışırlar ki, onların peşə xəstəliklərinə məruz qalma riski yüksəkdir. Bununla bağlı Vəli Axundov adına Milli Elmi-tədqiqat Tibbi Profilaktika İnstitutunun Peşə xəstəlikləri klinikasının baş həkimi, tibb üzrə fəlsəfə doktoru Sevda Xəlilova ilə söhbət apardıq. Peşə xəstəliklərinin yaranması, müalicəsi, bu xəstəliklə əlaqədar əmək qabiliyyətinin itirilməsi və s. mövzulara aydınlıq gətirdik.
- Peşə xəstəlikləri klinikası nə vaxtdan fəaliyyət göstərir?
- İlk dəfə 1924-cü ildən N.A.Semaşko adına xəstəxananın nəzdində peşə xəstəlikləri şöbəsi açılıb. 1925-ci ildə həmin şöbənin əsasında Bakı Peşə Xəstəlikləri İnstitutu yaradılır. İkinci Dünya müharibəsi illərində institutun fəaliyyəti bir müddət dayanır. 60-cı illərdə fəaliyyəti yenidən bərpa olunur. 1966-cı ildə Sumqayıt şəhərinə köçürülən Elmi-Tədqiqat Peşə Xəstəlikləri və Əmək Gigiyenası İnstitutu 1988-ci ilədək fəaliyyət göstərir. 1988-1994-cü illərdə bir neçə struktur dəyişikliyi aparıldıqdan sonra 1994-cü ildən bu günədək V.Axundov adına METTPİ-nun Peşə xəstəlikləri klinikası kimi fəaliyyət göstərir.
- Peşə xəstəlikləri günümüz üçün nə dərəcədə aktualdır?
- Çoxşaxəli iqtisadiyyata (neft-qaz, metallurgiya, kənd təsərrüfatı və s.) malik inkişaf edən ölkəmiz üçün peşə xəstəlikləri aktual olmaya bilməz. Bütün sənaye sahələrinə görə Azərbaycan inkişaf etmiş sənaye ölkələrindən heç də geri qalmır. SSRİ məkanında bütün istehsal sahələri bir-biri ilə sıx təmasda olduğuna görə, SSRİ dağılandan sonra ölkəmizin sənayesində bir qədər durğunluq oldu və bu bizim sahədə də hiss edilirdi. “Əsrin müqaviləsi” Azərbaycanı dünyaya neft-qaz ölkəsi kimi tanıtdırdı. Neft-qaz sənayesində istərsə də digər sənaye sahələrində əlverişsiz iqlim və istehsalat amillərinin kompleks təsiri orada çalışan işçilərdə peşə və peşəyönümlü xəstəliklərin əmələ gəlməsinə səbəb olur.
- Xəstəliyin növləri hansılardır?
- Ölkəmizdə peşə xəstəliklərinin siyahısı Nazirlər Kabinetinin 14 yanvar 2002-ci il tarixli qərarı ilə təsdiq edilib. Peşə patologiyasında klassifikasiya şərti qəbul edilib, çünki hər gün yeni maddələr istehsal olunur, yeni sənaye, kənd təsərrüfatı sahəsi və s. yaranır. Orqanizmə təsir edən maddələr və iş prosesi amilləri müxtəlif olduğuna görə bunları konkret bölmək mümkün deyil. Fiziki, kimyəvi, bioloji və əmək prosesi amillərinin təsirindən yaranan peşə xəstəlikləri var. Peşə xəstəlikləri bu qruplarda birləşdirilir. Əvvələr stress amilləri peşə xəstəlikləri kimi qəbul edilmirdi. Bu gün elə bir sahə yoxdur ki, peşə stresləri ilə üzləşməyək. 2005-ci ildən Ümumdünya Əmək Təşkilatında stress amillərinin törətdiyi fəsadlar peşə xəstəlikləri sırasına daxil edilib. Bunun Azərbaycada tətbiq olunması üzərində çalışırıq. Hər bir sahədə olduğu kimi, burada da milli xüsusiyyətlər nəzərə alınmalıdır.
- Peşə xəstəlikləri ilə bağlı müraciətlər ilkin varinatda olur, yoxsa gecikmiş?

- İl ərzində klinikamıza müraciət edən peşə xəstələrindən 10-15 faizi ilkin müraciət edən peşə xəstələri olur. Peşə xəstəlikləri kəskin və xroniki olmaqla iki qrupa bölünür. Kəskin peşə xəstəlikləri qısa müddətdə - bir andan bir sutkaya qədər zərərli və zəhərli istehsal amillərinin insan orqanizminə təsiri nəticəsində yaranır. Bu da müəssisələrdə fövqəladə hal və ya hər hansı qəza vəziyyətində meydana çıxır. Xroniki peşə xəstəlikləri isə uzun müddət əlverişsiz, zərərli və zəhərli, təhlükəli istehsal amillərinin təsiri nəticəsində yaranır.
- Bu xəstəlik necə aşkar olunur?
- İcbari tibbi müayinələr və xəstələrin tibb müəssisələrinə müraciəti zamanı aşkar edilir. Həmin müraciətlər əsasında tərəfimizdən peşə xəstəliyinin olub-olmaması haqqında rəy hazırlanır. Peşə xəstəlikləri ilə bağlı mübahisəli məsələlər isə institutda yaradılan xüsusi komissiya tərəfindən araşdırılır.
- Peşə xəstəliklərindən qorunmaq mümkündürmü?
- Əlbəttə, mümkündür. Hər bir peşəyə uyğun qorunma vasitələri var. Bunun üçün istehsal sahəsinin avtomatlaşdırılması və mexanikləşdirilməsi, qoruyucu vasitələrdən istifadə (xüsusi maskalar, əlcəklər, geyimlər, ayaqqabılar və s.), əməklə istirahətin düzgün reqlamentləşdirilməsi, tibbi müayinələrin vaxtlı-vaxtında keyfiyyətli aparılması, düzgün və profilaktik qida rasionu seçilməsi əsas şərtlərdəndir.
- Peşə xəstəliklərində ən ağır variant əmək qabiliyyətinin itirilməsidir?
- Bəli, xəstəliyin ən son variantıdır. Əmək Məcəlləsinə görə, 3, 6 ay və bir il müddətində əməkhaqqı saxlanılmaqla həmin peşədən uzaqlaşdırılır. O müddətdə müalicə və profilaktik tədbirlər aparılır. Əgər profilaktik tədbir və müalicələr yaxşı effekt verirsə, xəstə yenidən həmin vəzifəyə qaytarılır. Yaxşı effekt vermədikdə isə, xəstə həkim ekspert komissiyasına göndərilir və əmək qabiliyyətini itirmə dərəcəsi təyin edilir.
- Peşə xəstəliklərinin müalicəsi hansı qaydada aparılır?
- Bu xəstəliklərin də müalicəsində müvafiq dərman preparatlarından istifadə edilir. Fəqli xüsusiyyət ancaq bəzi zəhərlənmələrdə zəhərin orqanizmdən qovulması üçün istifadə edilən antidotlar və həmin işçilərin çalışdıqları istehsalat mühitindən uzaqlaşdırılmasıdır. Bu xəstələrdə peşə ilə təmas kəsildikdə xəstəliklərin erkən mərhələsində orqanizmdə bərpa prosesi gedir və xəstəliyin qarşısını almaq daha rahat olur. Xəstəlik nə qədər erkən aşkar edilirsə, müalicə də o qədər effektiv olur. Əvvəllər ancaq xəstələnəndən sonra həkimə müraciət edirdilər. Amma indi gecikmiş formada müraciətlər azdır. Əsasən xəstəliyin erkən formasında müraciət edirlər və elə hallarda xəstəliyi 100 faiz müalicə etmək olur.
- Peşə xəstəliyindən müalicə olunanlar, yaxud əmək qabiliyyətini itirənlər üçün hansısa sosial güzəştlər varmı?

- Burada əmək qabiliyyətinin itirilməsi dedikdə, şəxsin tamamilə iş qabiliyyətini itirməsi nəzərdə tutulmur. Xəstəliyin diaqnozu vaxtında qoyulsa, şəxs işdən, təmasda olduğu maddələrdən və istehsal prosesindən uzaqlaşdırılsa, xəstəlik tədricən insandan kənarlaşır. Yalnız xəstəliyin əlamətləri qala bilər. Bu əlamətlər isə 100 faiz əmək qabiliyyətini itirməyə gətirib çıxarmır. Başqa sahələrdən fərqli olaraq peşə əlillərinə həmin peşəyə uyğun iş yerləri əks göstərişdir. Qalan yerlərdə onlar işləyə bilərlər. Müəyyən müddət keçdikdən sonra onlarda reabilitasiya həyata keçirilir. Bəzi xəstəliklər var ki, işçilər işdən uzqlaşdıqdan sonra yaranır. İşlədiyi müddətdə bəzi istehsalat tozları ilə təmasda olan işçilərdə əvvəllər bronxit və ya hansısa yüngül ağciyər xəstəlikləri qeydə alındığı halda, işdən uzaqlaşdıqdan sonra xəstəlik yarananda deyirlər ki, axı bu həmin işdə işləmir, bu xəstəlik necə yarana bilər? Ümumi xəstəlikdən fərqli olaraq peşə xəstələrində belə hallara da rast gəlinir. İşdən təmas kəsildikdən sonra tam, yəni sağalma ilə yanaşı, ağırlaşma halları da olur (silikoz, pnevmokanioz və s.).
- Çalışdıqları işdə uzun müddət sağlam fəaliyyət göstərmək üçün insanlara nələri məsləhət görürsünüz?
- İlk növbədə bunlar - həmin müəssisələrdə avadanlıq və cihazların saz vəziyyətdə saxlanılması, avtomatlaşdırıma və mexanikləşdirilmə, iş yerlərinin attestasiyasının aparılması, əməklə istirahətin düzgün reqlamentləndirilməsi, vaxtında icbari dövri tibbi müayinələrin keçirilməsinin təşkili və keyfiyyətli aparılması, xəstəliklərin erkən diaqnostikası, xəstəliklərin gizlədilməməsi, verilən məsləhətlərə qulaq asılması, sağlamlıqlarını qorumaq üçün peşələrinə uyğun vitamin və minerallarla zəngin qidalanma, əməyin mühafizəsinə uyğun bütün vasitələrdən istifadə edilməsidir. Əgər hər hansı xəstəlik üzə çıxarsa, tezliklə həkimə müraciət edib xəstəliyin qarşısının alınması üçün məsləhətləri yerinə yetirsinlər.
Aygün Asimqızı

banner

Oxşar Xəbərlər