İşçilərin həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülməlidir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək
Müfəttişliyi Xidməti ölkəmizin ərazisində yanvarın 16-dan 17-ə keçən gecədən
başlayaraq 18-i gündüzədək gözlənilən ifrat təhlükəli hidrometeoroloji hadisə
ilə əlaqədar işəgötürənlərə müraciət edərək, qeyd olunan vaxtlarda açıq havada
işləyən işçilərin həyat və sağlamlığının qorunması üçün qanunvericiliyin tələblərinə
əsasən müvafiq tədbirlərin görülməsi barədə məlumat verir.
Azərbaycan
Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və
şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında
qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr
verilməli və ya iş dayandırılmalıdır.
Məcəlləyə 2-ci əlavəyə
əsasən, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən
bütün növ işlər, tikinti işləri görülərkən küləyin gücü 2 baldan artıq olduqda
kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların
quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri,
6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri
dayandırılmalıdır.
Dənizdə işləyərkən
küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində
qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri
vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və
estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə
yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu
bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən
qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.
Dənizdə işləyərkən
küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr,
qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar
vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və
dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının
asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin,
kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və
quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı
təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri
dayandırılmalıdır.
Küləyin gücü 6
baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri,
daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari
yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin
quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı
meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur.
Əgər küləyin
gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün
işlərin dayandırılması təmin edilməlidir.
İşlərin
dayandırılması zamanı işəgötürənlə həmkarlar
təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr
iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif
maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının
işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə
iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir.