• çərşənbə axşamı, 19 mart, 12:47
  • Baku Bakı 8°C

İşğal olunmasaydı, azad iqtisadi zona idi

28.11.20 15:32 2492
İşğal olunmasaydı, azad iqtisadi zona idi
Ağdam həm sənaye, həm də kənd təsərrüfatı cəhətdən ölkə iqtisadiyyatında xüsusi paya malik olub

Dəzgah avadanlıqları, konserv, yağ-pendir, pambıq, mexanikləşdirilmiş çörək zavodları, xalça fabriki, ət kombinatları və s. sahələrin inkişaf etdiyi, adı və dadı ilə nəinki Azərbaycanda, bütün SSRİ-də məşhur olan şərablara sahib Ağdam rayonu. Qeyd etdiklərimiz, sadəcə cüzi bir hissədir. Amma bu belə, rayonun necə bir iqtisadiyyata malik olduğu haqqında fikir demək üçün əsas verir.


Bir tərəfdə sənaye şəhəri, digər tərəfdə kənd təsərrüfatı rayonu

Ancaq 1993-cü ildə Ağdam şəhəri və rayonun 123 kəndindən 89-u işğal altına düşür. 27 il ərzində işğal altında olan torpaqlarımızdakı bu imkanlardan istifadə edə bilmədik. Nəhayət ki, 27 ildən sonra Ağdam da işğaldan azad olundu. Amma düşmən əlində olan torpaqlarda bütün infrastruktur dağıdılıb. Yəni hər bir şey yenidən qurulmalıdır ki, ölkə iqtisadiyyatına öz töhfəsini versin. Bəs bu proses necə olacaq? Əvvəllər rayonun iqtisadi inkişafına töhfə verən hansı sahələri yenidən dirçəltmək mümkün olacaq?
Ağdamı Milli Məclisdə təmsil edən millət vəkillərindən biri Bəxtiyar Əliyev deyir ki, bu ərazi həm sənaye, həm də kənd təsərrüfatı cəhətdən böyük potensiala malik idi: "Ağdam şəhər statusunu hələ 1828-ci ildə almışdı və çox sürətlə inkişaf edirdi. İşğala qədər burada 160 minə yaxın əhali yaşayırdı. Ağdam bir tərəfdən sənaye şəhəri, digər tərəfdən kənd təsərrüfatı təyinatlı rayon idi. Belə ki, Ağdamda bir neçə böyük sənaye müəssisəsi fəaliyyət göstərirdi. Həmin müəssisələrdə müxtəlif təyinatlı məhsullar istehsal olunurdu. Bunlar arasında Ağdam şərab zavodları xüsusi yer tuturdu. Hansı ki, əsası 19-cu əsrin birinci yarısında qoyulmuşdu. Sovet dövründə Ağdam şərabları SSRİ-də çox məşhur idi. Həm də bu səbəbdən Azərbaycanda üzümçülüyün inkişafı ilə bağlı Ağdamda da böyük işlər görülmüşdü və rayonun büdcəsində və gəlirlərində üzümçülüyün xüsusi yeri var idi. Eyni zamanda konserv zavodları, yağ-pendir zavodu, xalçaçılıq fabriki mövcud idi. Pambıqçılıqla bağlı zavod, pambığın toplanması və emalı ilə məşğul idi. Müxtəlif avadanlıqlar istehsal edən bir sıra sənaye zavodları da fəaliyyət göstərirdi. Ağdamda məşhur atçılıq zavodu yaradılmışdı və məşhur Qarabağ atları məhz Ağdamda yetişdirilirdi”.
B.Əliyev deyir ki, Ağdamın 27 il işğal altında olması ölkə büdcəsi üçün böyük itkidir və bunlar ciddi şəkildə hesablandıqdan sonra dəyən maddi zərərlə bağlı rəqəmlər səsləndirmək olar: "Ağdamın ərazisi 1150 kvadrat kilometr idi. Təkcə sovet dönəmində Ağdamın 20-dən artıq Sosialist əməyi qəhrəmanı var idi. Bu onu göstərir ki, Ağdamda necə böyük iqtisadi tərəqqi və inkişaf var idi. Eyni zamanda, qeyd etdiyim zavod və fabriklərin gəlirləri ölçüyəgəlməz məsələdir. Bütün bu müddət ərzində Ağdam şəhəri və 123 kəndinin 89-u və şəhərin özü işğal altında idi deyə, tamamilə dağıdılmışdı. Burda həm dövlətə, həm rayona, həm də vətəndaşlara böyük maddi ziyan vurulub. Dövlət başçısının tapşırığına əsasən, beynəlxalq ekspertlərin də cəlb edilməsi ilə bütün bu dəymiş ziyanlar hesablanacaq. Üstəlik, işğalda olduğu müddətin özü də rayon üçün böyük itkidir. Bu müddət ərzində nələr qazanıla bilərdi? Əlbəttə ki, bütün bu amillərin beynəlxalq metodologiyaları var, hesablanacaq və bunun üçün yaradılmış xüsusi dövlət komissiyaları bu məsələləri araşdırıb beynəlxalq qurumlar qarşısında qaldıracaq. Amma bu barədə dəqiq rəqəmlər səsləndirməkdə çətinlik çəkirik, çünki həcm həddən artıq böyükdür və eyni zamanda bunlar tam dəqiqliklə və elmi əsaslarla hesablanmalıdır. Ermənistan dövləti vurduğu ziyanı təzminat olaraq ödəməlidir”.


"Uzun müddət gözləməyimizə ehtiyac qalmayacaq”

B.Əliyev bildirdi ki, Ağdamın işğalda olmayan hissəsi işğaldan azad edilən hissəsinin bərpasında böyük təkan olacaq: "Ağdamın təxminən 23 faizə qədəri işğal altında deyildi. O hissədə işğala qədər yerli əhali 25 min idisə, bu gün orda 95 min nəfər yaşayır, çünki həmin ərazidə dövlət başçısının sərəncamına uyğun olaraq 18 yeni qəsəbə tikildi və məcburi köçkün olan ağdamlıların bir hissəsinin həmin o 18 qəsəbəyə qayıtması ilə əhalinin sayı orda 95 minə çatdırıldı. Həmin ərazidə insanlarımız həm kənd təsərrüfatı ilə məşğul idi, həm də emal sənayesi ilə. Xalçaçılıq da Ağdamda önəmli sahələrdən olub, belə bir fabrik və kiçik emal sexləri Ağdamda açılıb. Bu gün Ağdamın Quzanlı qəsəbəsində olimpiya kompleksi, muğam mərkəzi tikilib, böyük infrastruktur qurulub. Başlanğıc üçün Ağdamın işğal altında olmayan hissəsi böyük təkandır. Ağdam rayonu bu fəaliyyətlər əsasında özünün yerli büdcəsinin müəyyən hissəsini formalaşdırır. Ümidvaram ki, qısa bir zamanda, bu potensiala söykənərək, Ağdamda böyük işlər görüləcək”.
B.Əliyev qeyd etdi ki, Ağdamda iqtisadi inkişafı uzun müddət gözləməyimizə ehtiyac qalmayacaq: "Bütün ərazilər minalardan təmizləndikcə, mərhələ-mərhələ istifadəyə veriləcək və orda əvvəlki fabrik və zavodların hamısı qurulacaq. Kənd təsərrüfatı təyinatlı torpaqlardan isə çox sürətlə istifadə olunacaq. Çünki Ağdam iki çayın arasında yerləşir, Qarqar və Xaçın. Xaçın çayının da üzərində vaxtilə böyük su anbarı tikilib. Suqovuşan su anbarı da düşmən tapdağından azad edilib. Ordan da kanal gəlirdi. Ağdamın ərazisinin böyük bir hissəsi suvarılan, bərəkətli torpaqlardır. Ümidvaram ki, Ağdam qısa müddət ərzində bərpa ediləcək və yüksək texnologiyalara əsaslanan sənaye müəssisələri işə salınacaq. Çünki vaxtilə bunlar olub. İstər Azərbaycanda, istərsə də xarici ölkələrdə Ağdamın kifayət qədər elm adamları var və onların da imkanlarından istifadə edərək Ağdamda yenidən çox yüksək texnologiyalara söykənən müəssisələrin elmi fəaliyyəti də, şübhəsiz ki, təmin ediləcək”.

Strateji coğrafi mövqe

Tədqiqatçı, Ağdamla bağlı kitabların müəllifi Vüqar Tofiqli deyir ki, Ağdam həm əhalisinin sayı, həm də yüksək iqtisadi potensialı ilə işğal altında olan digər rayonlardan fərqlənirdi: "İşğaldan öncə Ağdam Qarabağın iqtisadi mərkəzi hesab edilirdi. Həmin ərazidəki regional satış, təchizat və s. bazaların böyük əksəriyyəti Ağdamda yerləşirdi. Bu da regional ticarətdə önəmli faktor hesab olunur. Ağdam həm də sənaye mərkəzi idi. İki böyük zavod burda fəaliyyət göstərirdi. Bu da ərazinin iqtisadi çəkisini artırırdı. Yəni demək istəyirəm ki, Ağdamın Qarabağdakı iqtisadi çəkisi çox yüksək səviyyəyə gəlib çıxmışdı. Bu iqtisadi çəki isə kökdən - Ağdamın şəhər, yaşayış məntəqəsi kimi salınması dövründən, xüsusilə də Qarabağ xanlığının təşəkkül tapdığı illərdən gəlirdi”.
V.Tofiqli bildirdi ki, Ağdamın yerləşdiyi coğrafi mövqe də iqtisadi inkişafına təkan verib: "Müəyyən ticarət əlaqələrinin genişlənməsi, inkişaf etməsi cəhətdən rayonun yerləşdiyi ərazinin mövqeyi də önəmlidir. İstər İran, istər Rusiya, istər də Türkiyə tərəfdən bu mövqeyi qiymətləndirsək, strateji coğrafi mövqe idi. Təxminən orta bir ərazidə yerləşirdi. Hər üç ölkə ilə əlçatanlığı var idi. Şuşa strateji baxımdan yüksəklikdə yerləşdiyindən və müəyyən mənada qış aylarında ora gedib-gəlmədə problemlər olduğundan, hələ xanlıq dövründən başlayaraq Ağdamın iqtisadi inkişafına daha çox diqqət yetirilirdi. Artıq həmin dövrdə Ağdam bazarı formalaşmışdı, xanlıq dövründən sonrakı proseslərdə, müəyyən karvansaraylar inşa edilmişdi, bəy evləri var idi. Yəni artıq bir yaşayış məntəqəsi kimi formalaşmışdı. 1828-ci ildə artıq şəhər statusunu alandan sonra, Ağdamın iqtisadiyyatı yüksək sürətlə inkişaf etməyə başladı. Həmin dövrdə başlayan inkişaf prosesi ötən əsrin 80-ci illərində artıq pik səviyyəsinə gəlib çatmışdı. Elə səviyyəyə gəlib çatmışdı ki, Ağdamda dünyanın hər bir naz-neməti satılırdı. Bu proseslər elə tənzimlənmişdi ki, hər şey rahatlıqla, dürüstlüklə və halallıqla həyata keçirilirdi”.

V.Tofiqlinin sözlərinə görə, bu iqtisadi inkişafı dəstəkləyən amillərdən biri də Ağdam ətrafında yaradılan nəqliyyat infrastrukturu idi: "Dağ magistral yol xəttinin, Yevlax-Ağdam yolunun çəkilməsi, sonra Yevlaxdan Ağdama gedən dəmiryol xəttinin inşa edilməsi, Ağdamda Novruzluda aeroportun tikilib istifadəyə verilməsi, yəni bu nəqliyyat infrastrukturunun qurulması, həm də ticarət və iqtisadiyyat əlaqələrinin daha da genişlənməsinə, bir növ imkan, şərait yaratmışdı. İşğaldan azad olunandan sonra da bu məsələnin önəmi bizə məlumdur və bu istiqamətdə işlərə başlanıb. Cənab Prezident bir neçə gün öncəki sərəncamı ilə Ağdama dəmiryol xəttinin bərpası üçün beş milyon manat vəsait ayırdı. Nəqliyyat işinin təşkili ilə bağlı infrastruktur layihələrinə start verilib”.
V.Tofiqli deyir ki, Ağdam işğal altında olmasaydı, bu gün regionda azad iqtisadi zona kimi inkişaf edə bilərdi: "Ağdama kifayət qədər maddi ziyan dəyib. Əgər Ağdam 30 ilə yaxın müddət ərzində işğal altında olmasayadı, bu gün regionda azad iqtisadi zona kimi çox yüksək inkişaf etmiş rayona və şəhərə çevrilərdi. Düşünürəm ki, bundan sonrakı bərpa prosesində layihələr Ağdamın regionun iqtisadi mərkəzi olması istiqamətində nəzərdə tutulacaq. Ağdamın əvvəlkindən daha yüksək səviyyəyə gəlib çatacağına inanıram. Atılan addımlar mənə bunu deməyə əsas verir”.
V.Tofiqli qeyd etdi ki, işğal altında olan torpaqlara dəyən zərərin qiymətləndirilməsi işi artıq indiyə qədər həll olunmalı idi. Bu zaman hansısa rəqəmlər səsləndirmək mümkün olardı: "Son 20 ildə Azərbaycanın inkişaf səviyyəsi onu yardım alan ölkədən donor ölkəyə çevirib. İqtisadi potensialımız yüksək səviyyədə inkişaf edib. Hər bir sahədə inkişaf göz qabağındadır, bunu inkar etmək olmaz. Bu müddət ərzində bizim çatışmayan və çox axsayan istiqamətlərimizdən biri də ölkəmizə dəymiş maddi-mədəni ziyanın hesablanması və siyahıya alınmasıdır. O cümlədən, iqtisadi proseslərə dəymiş ziyanın ölçülərinin hesablanması və bunun təqdimatı prosesi icra edilməyib. Bununla bağlı Nazirlər Kabineti yanında işçi qrupu da yaradılıb, həmin qrupun saxlanmasına əlavə maliyyə vəsaiti də ayrılıb. Son 10 ildə müəyyən təşəbbüslər olsa da, nə işçi qrupu konkret olaraq bu istiqamətdə ortalığa bir fakt qoya bilib, nə də digər proseslərdə dövlət səviyyəsində elə də ciddi addım atılmayıb. Yəni biz vaxtında həmin hesablama və leqallaşdırma məsələlərini və yaxud da digər əmlak məsələlərini ortalığa qoyub konkretləşdirməli idik ki, torpaq işğaldan azad ediləndə, ermənilərdən tələb edəcəyimiz təzminatın həcmini təxminən bilək. Bu sahədə indiyə kimi müəyyən ləngimələrimiz olub. İndi bu prosesi təcili və sürətli şəkildə icra etməliyik ki, bundan sonra bu qalibiyyətlərin arasında səhvə yol verməyək”.
Aygün
banner

Oxşar Xəbərlər