İqtisadiyyat naziri Rumıniyanın Azərbaycandakı səfiri ilə görüşüb
İqtisadiyyat naziri, Azərbaycan
Respublikası Hökuməti və Rumıniya Hökuməti arasında elmi-texniki əməkdaşlıq və
ticarət-iqtisadi əlaqələr üzrə Müştərək Komissiyanın həmsədri Şahin Mustafayev Rumıniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Dan
İanku ilə görüşüb.
Görüşdə Şahin Mustafayev Azərbaycan və Rumıniya arasında
əlaqələrin uğurla inkişaf etdiyini, iqtisadi sahədə əməkdaşlığın
genişləndirilməsində qarşılıqlı səfərlərin, keçirilən görüşlərin əhəmiyyətini
qeyd edib. Bu ilin martında ölkəmizəsəfər etmiş RumıniyanınBaş
nazirinin müavini Ana Birçalla görüşünü xatırladan nazir Şahin Mustafayev görüş
çərçivəsində bir sıra məsələlərin müzakirə edildiyini vurğulayıb. Azərbaycan və
Rumıniya arasında ticarət dövriyyəsinin 2017-ci ildə 70%, 2018-ci ilin ilk 3
ayında isə 3 dəfə artdığını vurğulayan İqtisadiyyat naziri sənaye, energetika,
nəqliyyat, kənd təsərrüfatı, o cümlədən "Elektron kənd təsərrüfatı” sahələrində
əməkdaşlıq imkanlarını diqqətə çatdırıb. Azərbaycanın nəqliyyat-tranzit
potensialına və bu sahədə Rumıniya ilə əməkdaşlıq imkanlarına toxunan Şahin
Mustafayev bu ilin fevralında Çində Azərbaycanın tranzit imkanlarına dair
təqdimatın keçirildiyini qeyd edib. Belə tədbirlər davamlı olacaq və Rumıniya
da birgə təqdimata qoşula, Azərbaycanın nəqliyyat-tranzit infrastrukturundan, o
cümlədən Bakı Beynəlxalq Dəniz Limanının imkanlarından istifadə edə bilər.
Rumıniyanın Azərbaycandakı fövqəladə
və səlahiyyətli səfiri Dan İanku ölkəsinin
ikitərəfli əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb. Qeyd olunub ki,
Rumıniya Şərq-Qərb nəqliyyat dəhlizi ilə yükdaşımalarda maraqlıdır. Rumıniyanın energetika sektorunda SOCAR-ın rolunu diqqətə
çatdıran səfir Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində Azərbaycanda yeraltı qaz
anbarlarının tikintisində ölkəsinin maraqlı olduğunu bildirib. Vurğulanıb ki,
Rumıniya kiçik və orta sahibkarlıq, qida təhlükəsizliyi sahəsində böyük
təcrübəyə malikdir və bu təcrübəsini Azərbaycanla bölüşə, kiçik və orta
sahibkarlıq sahəsində əməkdaşlıq edə bilər. Səfir Azərbaycanın qida
təhlükəsizliyi sahəsində Rumıniyanın təcrübəsindən Avropaya məhsul
ixracında istifadə oluna biləcəyini də
qeyd edib.
Səfir mayın 9-da Bakıda keçiriləcək "Gələcəyin limanları: mərkəzlərin
yaradılması, bağlılığın sürətləndirilməsi” Beynəlxalq Konfransında Rumıniyanın
Dəniz Limanları Administrasiyasının rəhbərliyinin də iştirak edəcəyini diqqətə
çatdırıb və dəvət üçün təşəkkür edib.
Görüşdə Azərbaycan və Rumıniya arasında iqtisadi əməkdaşlığın
genişləndirilməsi, Azərbaycan Respublikası Hökuməti və Rumıniya Hökuməti
arasında elmi-texniki əməkdaşlıq və ticarət-iqtisadi əlaqələr üzrə Müştərək
Komissiyanın növbəti iclasının, bu çərçivədə biznes forumun keçirilməsi və
qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Görüşdə Müştərək Komissiyanın 5-ci iclasının və növbəti Azərbaycan-Rumıniya
biznes forumunun 2-3 iyul tarixlərində Buxarestdə keçirilməsi barədə razılığa
gəlinib.