İqtisadiyyat naziri Lənkəranda vətəndaşları qəbul edib
Azərbaycan Prezidentinin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət
göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması barədə
tapşırıqları İqtisadiyyat Nazirliyi tərəfindən daim diqqətdə saxlanılır, bölgələrdə
vətəndaşların qəbulu davam etdirilir.
İyulun
1-də İqtisadiyyat naziri Şahin Mustafayev Lənkəran şəhərində Lerik, Astara və Lənkəran
rayonlarından olan vətəndaşları qəbul edib. Nazirliyin aidiyyəti struktur bölmələrinin
rəhbərlərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciətləri nazir
Şahin Mustafayev tərəfindən diqqətlə dinlənilib, bir sıra məsələlər yerindəcə həll
edilib, digər müraciətlərin operativ araşdırılması və qanunvericiliyə uyğun həlli
üçün Nazirliyin müvafiq struktur bölmələrinə konkret tapşırıqlar verilib.
İqtisadiyyat
Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı müraciətlər barədə
vətəndaşlara ətraflı izahat verilib, icrası nəzarətdə saxlanılmaqla aidiyyəti
strukturlara çatdırılacağı bildirilib.
Ümumilikdə
qəbula gələn vətəndaşlar sahibkarlıq fəaliyyəti,
güzəştli kreditlərin alınması, müvəkkil kredit təşkilatı kimi Sahibkarlığa Kömək Milli
Fondu ilə əməkdaşlıq, region üçün ənənəvi sahələrin inkişafı, istehsal və emal
müəssisələrinin yaradılması, sosial və s. məsələlərlə bağlı müraciət ediblər.
Bundan
başqa, qəbula gələn sahibkarların təklifləri müzakirə edilib, heyvandarlıq, quşçuluq,
arıçılıq, taxılçılıq, çayçılıq sahələrinin inkişafı, istixanaların, soyuducu
anbarların, yaradılması, süd və süd məhsulları, dəmir məmulatları istehsalı və s.
sahələr üzrə investisiya layihələrinin maliyyələşdirilməsi, alkoqolsuz içkilər
zavodunun və sənaye-mexanikləşdirmə müəssisənin fəaliyyətinə dəstəyin göstərilməsi
barədə müvafiq göstərişlər verilib.
Sahibkarlar
özəl bölmənin inkişafı istiqamətində həyata keçirilən islahatlardan - lisenziyalaşdırma
sisteminin sadələşdirilməsi, sahibkarlıq subyektlərində aparılan yoxlamaların
dayandırılması, qeyri-neft məhsullarının ixracının stimullaşdırılması, gömrük
prosedurunun sadələşdirilməsi, investisiya təşviqi sənədinin tətbiqi və s. tədbirlərdən
razılıqlarını ifadə ediblər.
Qəbul
günü digər rayonlardan olan vətəndaşlar da nazir Şahin Mustafayev tərəfindən qəbul
edilib, onların müraciətlərinə diqqətlə yanaşılıb, müraciətlərin operativ həlli
üçün qanunvericiliyə uyğun olaraq, müvafiq tədbirlər görülüb.
Qəbula
gələn vətəndaşlar əhaliyə göstərilən hərtərəfli qayğıya, mərkəzi icra hakimiyyəti
orqanları rəhbərlərinin bölgələrdə vətəndaşların qəbulunun təşkilinə və
yaradılan şəraitə görə dövlət başçısına minnətdarlıq ediblər.
Ümumilikdə,
Lənkəranda keçirilmiş qəbulda 50-ə yaxın vətəndaş müraciət edib.