• cümə axşamı, 25 aprel, 22:50
  • Baku Bakı 21°C

İqtisadi və sosial islahatların nəticəsinə verilən beynəlxalq qiymət

13.07.20 20:25 1356
İqtisadi və sosial islahatların nəticəsinə verilən  beynəlxalq qiymət
Ekspertlər deyirlər ki, aparılan islahatlar inkişafın növbəti illərdə də davam etməsi üçün zəmin formalaşdırır

Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” sənədində dünyanın 166 ölkəsi arasında "davamlı inkişaf məqsədləri indeksi” üzrə 54-cü pillədə qərarlaşıb. Bu mənada "Davamlı inkişaf məqsədləri indeksi”nə görə Azərbaycan regional liderdir. Ölkəmiz 54-cü yerdə qərarlaşaraq bütün qonşularını geridə qoyub. Qeyd edək ki, hesabatda Rusiya 57-ci, Gürcüstan 58-ci, İran 59-cu, Qazaxıstan 65-ci, Türkiyə 70-ci, Ermənistan 75-ci və Türkmənistan 114-cü mövqedədir. Azərbaycan səhiyyə, rifah, yoxsulluq, qidalanma, təmiz su, təmiz enerji, davamlı şəhərlər və icmalar, sülh, ədalət və güclü institutlar kimi BMT-nin Davamlı İnkişaf Məqsədləri üzrə irəliləyişlər edib. Ölkəmiz "davamlı inkişaf məqsədləri indeksi”nin mümkün 100 balından 72,6 bal toplayıb. Məlumat üçün bildirim ki, Şərqi Avropa və Mərkəzi Asiya regionunda "davamlı inkişaf məqsədləri indeksi” üzrə orta göstərici 70,9-dur. Bundan başqa, hesabata əsasən Azərbaycanda gündəlik gəliri 3,2 dollardan az olan yoxsul qeydə alınmayıb. Azərbaycanda hər 100 min nəfərə ana və körpə ölümü kimi göstəricilərdə yaxşılaşma olub.
Bununla yanaşı, bərabərsizliyi ifadə edən Cini əmsalı Azərbaycanda 38,6 olmaqla dünyada ən yaxşı göstəricilərdən biridir. Bütün bunlar Azərbaycanda həyata keçirilən sosial siyasətin nümunəvi xarakter daşıdığını deməyə əsas verir. 2019-cu ildə reallaşdırılan sosial paketlər ölkə əhalisinin rifahının yüksəlməsinə mühüm təsir göstərmişdir. Yoxsulluğun aradan qaldırılması, səhiyyə sisteminin müasir standartlara uyğun yenidən qurulması, əhalinin kommunal problemlərinin, o cümlədən içməli su probleminin səmərəli həlli, ölkənin enerji təhlikəsizliyinin təmin olunması, ölkədə mövcud olan təhlükəsizlik, milli həmrəylik mühiti, ümumiyyətlə, son 17 il ərzində Azərbaycanın inkişaf strategiyasının uğurla reallaşdırılması beynəlxalq səviyyədə, dünyanın aparıcı siyasi, iqtisadi, maliyyə və digər qurumları tərəfindən də təsdiq olunur. Azərbaycanın BMT-nin davamlı inkişaf məqsədləri üzrə regional liderə çevrilməsi Prezident İlham Əliyevin BMT-nin xüsusi sessiyasının keçirilməsi təşəbbüsü ilə üst-üstə düşür. Bütün bunlar onu deməyə əsas verir ki, Azərbaycan qlobal gündəliyin formalaşması və həyata keçirilməsində əhəmiyyətli rola malik ölkədir.
İqtisadçı millət vəkili Vüqar Bayramov deyir ki, BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” dünyanın aparıcı hesabatlarından biri kimi qiymətlənidirilir. Çünki bu hesabat hazırlanan zaman fərqli indikatorlardan istifadə olunur: "Həm iqtisadi, həm sosial sahədə aparılan islahatların nəticəsi, makro-iqtisadi göstəricilər bu hesabatda öz əksini tapır. Sevindirici haldır ki, Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” hesabatında regionun lider ölkəsidir. Biz regionun aparıcı ölkələri hesab olunan Rusiya və Türkiyədən də öndəyik. Eyni zamanda, Azərbaycanın göstəricisi Mərkəzi Şərqi Avropa, Orta Asiya regionları üzrə də orta baldan daha yüksəkdir. Bu da ondan xəbər verir ki, Azərbaycan hesabatda Mərkəzi Şərqi Avropa ölkələri ilə müqayisə olunur. Azərbaycanın indeksində həmin ölkələrin davamlı inkişaf indeksinə uyğun olaraq artımlar müşahidə edilir. Bu hesabatda Azərbaycanın mövqeyinin daha da yaxşılaşdırılması dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi və sosial islahataların nəticəsinə verilən beynəlxalq qiymət kimi xarakterizə olunmalıdır. Həyata keçirilən islahatalar iqtisadiyyatın inkişafı, dayanıqlılığın və inklüzivliyin təmin edilməsinə imkan yaradır. Digər tərəfdən sosial təminatın gücləndirilməsi üçün yeni imkanlar yaradır. 2019-cu ildə prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə iki sosial paket tətbiq olundu. Bu paketlər minimum və orta aylıq əmək haqqının məbləğinin iki dəfəyə yaxın artımı ilə nəticələndi. Bu da sosial indekslərin daha da yaxşılaşdırılmasına və vətəndaşlarımızın sosial təminatının daha da gücləndirilməsinə imkan yaradır. 2020-ci ildə pandemiyanın təsiri və qlobal neft bazarında dalğalanmanın yüksək olmasına baxmayaraq, sosial proqramlar icra olunur. Bu isə davamlı inkişafın Azərbaycan üçün prioritet olmasından xəbər verir. Aparılan islahatalar bu inkişafın növbəti illərdə də davam etməsi üçün zəmin formalaşdırır”.
Millət vəkili Azər Badamov bildirdi ki, bu göstərici bizim bir dövlət kimi apardığımız siyasətin düzgünlüyünü sübut edir: "Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” hesabatında 54-cü yerə layiq görülüb. Bu hesabat dünyanın 166 ölkəsi arasında bizim inkişaf səviyyəmizi müəyyən edən bir hesabatdır. Təbii ki, bu hesabatı hazırlayarkən bir sıra vacib məqamlar araşdırılır və beynəlxalq ekseprtlər tərəfindən ətraflı öyrənilir. Bu illər ərzində ölkəmizdə bir sıra iqtisadi inkişaf proqramları həyata keçirilib. Həmin proqramlar bütün sahələri əhatə edib və hesabatdakı mövqeyimizin yaxşılaşdırılmasına gətirib çıxarıb. Sözügedən hesabat Azərbaycanın tuduğu mövqenin yüksək olduğunu bir daha sübut edir. Əslində BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” günümüzün reallığına işıq tutur. Biz öz inkişafımızı hansısa hesabata görə qurmuruq. Dövlət siyasətimizin təməlində Azərbaycan vətəndaşının rifahı dayanır. Görülən işlərin nəticəsi isə beynəlxalq arenada yüksək qiymətləndirilir. BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” hesabatına əsasən deyə bilərik ki, Azərbaycan iqtisadiyyatı öz inkişaf dövrünü yaşayır”.
İqtisadçı ekspert Rəşad Həsənov söylədi ki, Azərbaycan daha ciddi nəticələr əldə etmək potensialına sahibdir: "Azərbaycan BMT-nin "Davamlı inkişaf hesabatı - 2020” 17 fərqli istiqamət üzrə BMT və ona üzv olan ölkələr tərəfindən qəbul edilən bir strategiyanın icrası ilə bağlı parametrlərin hansı səviyyədə olduğunu göstərir. Bu kimi reytinq hesabatları mövcud vəziyyəti öznüdə əks etdirən bir göstəricidir. İnvestorlar bu reytinq hesabatlarına əsasən, ayrı-ayrı iqtisadiyyatları müqayisə edib qərar qəbul edir. Ona görə də, bu hesabatda mövqeyimizin yaxşılaşması kifayət qədər vacib bir məsələdir. Azərbaycanın bu hesabatda müsbət mövqeyə malik olması hökumətin prioritet hesab etdiyi sahələr çərçivəsində irəlilədiyini sübut edir”.
Şəbnəm Mehdizadə
banner

Oxşar Xəbərlər