• cümə, 26 Aprel, 10:36
  • Baku Bakı 12°C

İqtisadi sahələrin tam bərpası üçün tələb olunan vaxt

21.08.20 18:52 2872
İqtisadi sahələrin tam bərpası üçün tələb olunan vaxt
Ekspertlərin fikrincə, bu proses həyata keçirilən tədbirlərdən, pandemiyanın təsirinin minimallaşdırılmasından və hər birimizin qaydalara necə əməl etməyindən asılıdır

8 aya yaxındır ki, bütün dünyanı cənginə alan COVİD-19 adlı virus yalnız insanların səhhətinə ziyan vermədi, eyni zamanda iqtisadi sferada da bir çox sahənin fəaliyyətini dayandırmasına səbəb oldu. Belə ki, tətbiq edilən sərt karantin şəraiti səbəbindən, demək olar ki, bütün mağaza və digər ticari obyektlər bağlandı. Sadəcə zəruri ərzaq malları satan marketlər və apteklər fəaliyyət göstərirdi. Amma son bir necə həftədir ki, yoluxma sayında müşahidə edilən müsbət tendensiya sərt karantin şərtlərində yumşalmalara rəvac verdi. Nəticə etibarı ilə bir sıra müəssisələr işlək vəziyyətə gəldi. Düzdür, hazırda onlar fəaliyyət göstərirlər. Amma danılamz faktdır ki, əvvəlki tələb yoxdur. Görünən odur ki, keçən dövr ərzində istehlakçıların davranışında ciddi dəyişiklikər olub. Maraqlıdır, iqtisadiyyatın bu sahələri öncəki vəziyyətini nə qədər müddətə bərpa edə biləcək, bu prosesdə dövlətin və sahibkarların üzərinə hansı yük düşür?

Millət vəkili Vüqar Bayramoviqtisadi sahələrin mərhələli şəkildə açılmasını məqsədəuyğun hesab edir: "Mərkəzi Şərqi Avropa ölkələrinin təcrübəsi də göstərir ki, qaydaları müəyyənləşdirməklə, etaplı şəkildə bəzi sahələrin fəaliyyəti bir tərəfdən iqtisadiyyatın yenidən bərpasına imkan yaradır, digər tərəfdən isə qaydalar çərçivəsində yoluxma sayının lokallaşdırılmasına və nəzarətdə saxlanmasına imkan yaradır. Bu baxımdan yumşalmanın yavaş-yavaş baş verməsi hazırkı şəraitdə ən düzgün addımdır. Amma iqtisadiyyatın hansı müddətdə tam bərpa olacağını demək çətindir. Bu, yalnız həyata keçirilən tədbirlərdən, pandemiyanın təsirinin minimallaşdırılmasından, eyni zamanda hər birimizin qaydalara necə əməl etməyindən asılıdır. Əgər biz ÜST-nin tövsiyə etdiyi qaydalara əməl etsək, daha qısa zamanda iqtisadiyyatın tam bərpası mümkündür. Postpandemiya dövrünün də nə zaman başlayacağı, hələlik bəlli deyil, fərqli proqnozlar var”.
İqtisadçı ekspert Elşad Məmmədovun sözlərinə görə, bərpa prosesi uzun müddət çətin olacaq: "Elə sahələr var ki, orada fəaliyyət göstərən biznes strukturları istiqamətlərini dəyişməli olacaqlar. Çünki hazırkı şərait onu göstərir ki, bir sıra istiqamətlər üzrə menecmentliyin, marketinqin təşkilində sahibkarlar yeni yanaşmalara getməlidirlər. Bu, həm ictimai, iaşə, həm də digər ticarət obyektlərinə şamil edilir. Qeyd olunan sahələrdə xidmətlərin göstərilməsi, çatdırılma sisteminin təşkili mütləqdir. Ona görə də, bir çox sahələrdə, demək olar ki, fəaliyyət yenidən təşkil olunmalıdır. Bu baxımdan, şübhəsiz ki, dövlətin dəstəyinə ciddi ehtiyac yaranacaq. Hesab edirəm ki, həm kreditləşmə, həm də vergi siyasəti ilə bağlı innovativ yanaşmalara gedən biznes qurumlarına dövlət dəstəyi göstərilməlidir ki, belə qeyri-müəyyən iqtisadi şəraitdə bizneslər ayaqda qala bilsin”.
Ekspert qeyd edir ki, bərpası çətin olan sahələr turizm və iaşə obyektləridir: "Çünki bu sahələrin fəaliyyətinin təşkili texniki cəhətdən də çətindir. Digər tərəfdən də həmin sahələrə tələb çox azalıb. Yəni əhalinin maddi gəlirinin aşağı düşməsi ilə bu sahələrə maraq səviyyəsi daralıb”.
İqtisadçı ekspert Rəşad Həsənov bərpanın növbəti mərhələdə dəyişən şərtlərdən asılı olacağanı bildirir: "Gələcəkdə pandemiyanın insanların davranışına qalıcı təsirləri öz effektini göstərcək. Məsələn, turizm sahəsindən danışaq. Gəlmə turizmində pandemiyadan sonra səyahət edənlərin necə davranacağı, virusun onların səyahət qərarlarına necə təsir göstərəcəyi, düşüncədə formalaşmış psixoloji təsirlərin nə qədər müddət sonra aradan qalxacağı və s. kimi nüanslar var. Təbii ki, dövlətlərin bu məqamda apardıqları siyasət də böyük rol oynayır.Yeni bazarlara açılmaqla, yeni təşviqlərlə bərpa prosesini sürətləndirə bilərlər. Və dövlətlərin bu istiqamətdə kifayət qədər alətləri var. Məsələn, Yaponiyada bir neçə ay bundan əvvəl ölkəyə gələn turistlərin gündəlik qida xərclərinin subsidiya şəklində onlara veriləcəyi ilə bağlı proqram hazırlanmışdı. Yəni müxtəlif ölkələr fərqli üsullardan istifadə edərək düşdükləri vəziyyəti müəyyən qədər neytrallaşdırmağa çalışacaqlar”.
Müsahibimizin sözlərinə görə, bu gün qəbul edilən qərarlar heç də bütün sahələrin tam olaraq bərpasına imkan yaratmır: "Məhdudiyyətlər nə zaman tam olaraq aradan qalxacaqsa, o zaman tam bərpa prosesi başlayacaq. Son qərara əsasən iaşə obyektlərinin açıq havada fəaliyyət göstərməsinə icazə verildi. Amma təəssüf ki, hazırda əksər müəssisənin belə şəraiti yoxdur. Həmçinin tətbiq edilən bəzi sanitar qaydalar ucbatından hava nəqliyyatında da qiymətlər artıb. Turizm aspektindən yanaşası olsaq, bu, ölkələrarası səfərlərə təsirsiz ötüşmür”.
"Təbii ki, bərpa prosesində dövlət mümkün qədər çevik iştirak etməli, dəstəkverici, liberallaşdırıcı qüvvə olmalıdır” deyən iqtisadçı ölkə iqtisadiyyatının fundamental problemlərinin aradan qaldırılması istiqamətində müyyən addımların atılmalı olduğunu qeyd edir: "Qısası, bərpa prosesi atılacaq addımlardan asılıdır. Bir məsələni xatırladım. 2016-cı ildə Azərbaycan iqtisadiyyatı 3.1 % itirmişdi və bu itkini ölkəmiz 2019-cu ildə bərpa edə bildi. Hələ bu, normal şərtlər daxilində idi, yəni postpandemiya dövrü deyildi. Hazırkı rəsmi rəqəmlərə görə isə iqtisadiyyatımızda 2.8 % kiçilmə var. Kiçilmə ilin sonuna qədər bu şəkildə davam edərsə, qeyd olunan rəqəmlərin 7.5-ə qədər yüksələcəyi proqnozlaşdırılır. Əgər bərpa prosesi əvvəlki templə olarsa, biz istənilən nəticəni 6 ilə əldə edə bilərik. Lakin burada bir nüans var. İqtisadiyyatda olan əvvəlki azalma böhrandan qaynaqlanmışdı. İndi isə vəziyyət bir qədər fərqlidir. Bu azalma faktiki olaraq bilərəkdən, qəbul edilmiş qərarlardan dolayı baş verib. Ona görə də, hesab edirik ki, verilən qərarlarda dəyişiklik olduğu, məhdudiyyətlər götürüldüyü təqdirdə, bərpa prosesi daha sürətli və çevik olar”.
R.Həsənov əhalinin alıcılıq qabiliyyətinin aşağı düşməsinin bərpa prosesinə təsir göstərən faktorlardan olduğunu deyir: "Mal və xidmətlərə tələbin aşağı düşməsi bərpa prosesini ləngidən amillərdəndir. Dünya ölkələrində hazırda istehlak gücünü dəstəkləyən tədbirlər həyata keçirilir. Nəticə etibarı ilə də iqtisadiyyatın bir çox sahəsində inkişafı tətikləmiş olurlar. Azərbaycanda isə vəziyyət bir qədər fərqlidir. Eksponsiyaya rahat şəkildə getmək olmur. Çünki manatın məzənnəsi də təzyiq altındadır. Buna görə də, hazırkı vəziyyətdə bərpa ilə bağlı konkret fikir söyləmək mümkün deyil. Hər şey həyata keçiriləcək sosial, iqtisadi siyasətdən asılı olacaq”.

Günel Azadə


banner

Oxşar Xəbərlər