• şənbə, 27 Aprel, 04:34
  • Baku Bakı 14°C

İqtisadi, həm də sosial baxımdan sərfəli layihə

22.12.16 11:30 1368
İqtisadi, həm də sosial baxımdan sərfəli layihə
İtaliyanın "Daniele” şirkəti ilə "Baku Steel Company” arasında ölkəmizdə dəyəri 1,225 mlrd. avro olan kompleksinin inşasına dair saziş imzalanıb. "Kompleks dəmir konsentratı, hazır dəmir istehsalını nəzərdə tutan 5 zavodu əhatə edəcək. Kompleks növbəti 3 il ərzində inşa olunaraq istifadəyə veriləcək. Tikinti dövründə 4 min nəfər işlə təmin olunacaq və tikintidən sonra 1200 yeni iş yerinin yaradılmasına imkanı yaranacaq. Kompleks tamamilə rəqəmsal bir istehsal olacaq. Məhsullar öz keyfiyyəti ilə seçiləcək və beynəlxalq standartlara cavab verəcək.

Kompleksin inşası yekunlaşdırıldıqdan sonra ölkə illik 500 mln. dollara qənaət edəcək. Kompleks xammaldan tutmuş hazır məhsula qədər olan prosesi əhatə edəcək. Kompleksin inşasından sonra həmin Azərbaycandakı müvafiq zavodlar da xammala olan tələbatını yerli valyuta ilə elə Azərbaycandan alacaq.
Valyuta axınının qarşısı alınacaq
Kompleksin Azərbaycan iqtisadiyyatına verəcəyi töhfələrdən danışan millət vəkili Vahid Əhmədov deyir ki, bu layihə xaricdən asılılığımızı aradan qaldıracaq və ixracı genişləndirməyimizə səbəb olacaq: "Xaricə metallurgiya məhsulu ixrac etməklə həm ixrac potensialımız artacaq, ölkəyə valyuta daxil olacaq, həm də daxili tələbatımızın qarşılanmasına yardım edəcək və bununla da ölkədən gedən valyuta axınının qarşısı alınacaq. Hazırda xaricdən idxal etdiyimiz məhsulları 3 il sonra artıq öz valyutamızla daxildən ala biləcəyik. Bu baxımdan, sözügedən kompleksin tikilməsi iqtisadiyyatımız üçün çox böyük əhəmiyyət kəsb edir”.
Kompleks fəaliyyətə düşəndən sonra ölkədəki ehtiyatların xammal üçün kifayət edib etməməsinə gəlincə, V.Əhmədov deyir ki, onsuz da heç bir ölkədə elə bir hal yoxdur ki, xammalın hamısını ölkə özü təmin etsin: "Müəyyən komponentləri ola bilsin, xaricdən gətirsinlər. Amma əsas filiz yataqlarıdır, o da Azərbaycanda var. Bilirsiniz ki, Sumqayıtda heç bir problem olmadan Boru Prokatı Zavodu fəaliyyət göstərirdi. İndi isə modernləşdirilmiş texnologiyaya uyğun zavod tikiləcək. Tikinti zamanı burada minlərlə insanın işləməsi, tikintidən sonra 1200 nəfərin çalışması işsizliyin aradan qaldırılması baxımından da böyük uğurdur”.
Bazarda qiymətlər düşəcək
İqtisadçı ekspert Arzu Qafarlı hesab edir ki, İtaliyanın "Daniele” şirkəti ilə "Baku Steel Company” arasında ölkədə dəyəri 1,225 mlrd. avro olan kompleksinin inşasına dair saziş imzalanması Azərbaycan üçün həm iqtisadi, həm də sosial baxımdan sərfəlidir: "İqtisadi baxımdan onu qeyd etmək olar ki, ölkəyə xarici valyuta axını olacaq, valyuta ixracının isə qarşısını alacaq. Bu layihə baş tutduqdan sonra, bazarda bu növ məhsulların qiymətləri qaneedici olacaq. Çünki zavodlar xammala olan tələbatını yerli valyuta ilə aparacaq. Danılmazdır ki, bu gün ölkəmizdə fəaliyyət göstərən müəssisələrin xammalı xarici bazarlardan alması, bazarda qiymətlərin yüksək olmasına gətirib çıxardır”.

Layihənin sosial baxımdan ölkəmizə hansı müsbət təsirlərinə gəlincə, A.Qafarlının fikrincə, minlərlə insanın işlə təmin olunması minlərlə ailənin dolanışığı deməkdir: "Onu da qeyd edim ki, bu sahədə bizdə təcrübə olduğundan peşəkar kadrlarımız da çoxdur”.
İqtisadçı Rəşad Həsənov da düşünür ki, yeni iş yerlərinin açılması baxımından çox uğurlu layihədir: "Amma bilmirəm, xammal baxımından ölkədəki resurslar zavodun fəaliyyəti üçün kifayət edəcək, ya yox. Çünki layihəyə kifayət qədər böyük yatırım qoyulur. Ümumiyyətlə, neft ölkələri ağır sənayeyə həmişə üstünlük verir. Biz də neft ölkəsi kimi bu ənənəni davam etdiririk. Ümid edirəm ki, layihədən iqtisadiyyatımız qazanacaq”.
"Güclü iqtisadiyyatlar ağır sənayelər üzərində formalaşır”
İqtisadçı Qadir İbrahimli deyir ki, sənayenin inkişafı iqtisadiyyatın inkişafına həmişə stimuldur: "Güclü iqtisadiyyatlar yüngül sənaye əsasında deyil, həmişə ağır sənayelər üzərində formalaşır. Düşünürəm ki, bütün hallarda sözügedən kompleksin iqtisadiyyatımıza təsiri pozitiv olacaq. Bu kimi istehsal müəssisələrinin formalaşması Azərbaycanın gələcəkdə ixracat potensialına da öz töhfəsini verəcək. Ümumiyyətlə, Azərbaycanda hər hansı istehsal müəssisələrinin yaradılmasını dəstəkləyirəm. Burada təkcə həmin müəssisələrdə işləyən insanlar deyil, törəmə müəssisələr də faydalanacaq. Törəmə müəssisələr artıq Azərbaycanda fəaliyyət göstərən zavoda ehtiyat hissələri və s. məhsullar sifariş edəcəklər. Beləliklə, bu əmək tutumlu sahələr məşğulluq probleminin həllinə də öz töhfəsini verəcək”.

Lalə

banner

Oxşar Xəbərlər