• şənbə, 27 Aprel, 07:17
  • Baku Bakı 12°C

İpoteka kreditləşməsi niyə 32 faiz azalıb?

18.06.16 12:02 2009
İpoteka kreditləşməsi niyə 32 faiz azalıb?
Hər növbəti il ölkəmizdə ipoteka kreditləşməsi üçün ayrılan maliyyənin məbləği artırılır. Bu il üçün dövlət büdcəsindən bu sahəyə 50 milyon manat ayrılması, eyni zamanda daxili bazardan 200 milyon manat cəlb edilməsi planlaşdırılırdı.
Bu məbləğin bazara daxil olmasının isə, əmlak bazarında, tikinti sektorunda canlanmaya səbəb olacağı gözlənilirdi. Lakin ilin yarısının tamam olmasına az bir müddət qalsa da, hələ ki bu sahədə hansısa iş görüldüyünü demək olmaz. Üstəlik, statistik rəqəmlər də bu sahədəki vəziyyətin acınacaqlı olduğunu göstərir.
31,7 faiz azalma
Belə ki, Mərkəzi Bankın (AMB) məlumatına görə, 2016-cı ilin yanvar-aprel aylarında Azərbaycan İpoteka Fondunun (AİF) vəsaitləri hesabına ipoteka kreditləşməsinin həcmi 1,1 mln. manat təşkil edib. Bu, ötən ilin eyni dövrünün göstəricisindən 31,7 dəfə azdır.
AİF-in məlumatına görə, yanvar-aprel aylarında 730 mln. 702,42 min məbləğində 17 min 995 ipoteka krediti verilib. AMB-nin məlumatına görə, AİF yanvar-aprel aylarında 21,6 mln manat (mənfi 1,4%) krediti təkrar maliyyələşdirib. Bu müddətdə fond dövlət büdcəsindən sosial ipoteka üçün 14,5 mln. manat alıb. 2015-ci ildə 97 mln. 273,98 min manat məbləğində 2 min 146 kredit, bir il əvvəl 99 mln. 927,74 2 min məbləğində 2 275 kredit verib.
Statistikadan göründüyü kimi, 32 faizə yaxın azalma var. Bəs ipoteka üçün bu il planlaşdırılan işlərin reallaşması niyə gecikir? Niyə bu cür azalma qeydə alınıb? Burada sosial evlərlə bağlı məsələnin gündəmə gəlməsinin hər hansı rolu ola bilərmi?
Maliyyə resurslarının həcmi azalıb
İqtisadçı alim Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirdi ki, ipoteka kreditləşməsində azalmaların olacağı gözlənilən idi: "Çünki Mərkəzi Bankın nəzdindəki İpoteka Fondu ləğv edildi və İpoteka Fondu ASC yaradıldı. Hələ ki fondun əsasnaməsi təsdiq edilməyib. Bu da bu sahədə maliyyələşmə imkanlarına təsir göstərir. Maliyyə resurslarının həcminin azalması İpoteka Fondunun müvəkkil banklara təqdim etdiyi maliyyənin həcminə təsir göstərir. İpoteka Fondu daha çox adi ipoteka kreditlərini vermək üçün ipoteka istiqrazlarını yerləşdirirdi. Əldə etdiyi vəsaiti ipoteka krediti formasında müvəkkil banklara təklif edirdi. İpoteka istiqrazlarının illik gəliri 3 faizdir. Xüsusilə 2-ci devalvasiyadan sonra ipoteka istiqrazlarının yerləşdirilməsi ilə bağlı çətinliklər var. Çünki illik təklif edilən 3 faiz divident banklar üçün cəlbedici deyil. Buna görə də istiqrazların satışında azalmalar var. Bu da özünü cəlb edilən vəsaitlərin həcmində göstərir”.
İqtisadçı deyir ki, İpoteka Fondu nə qədər az vəsait cəlb edirsə, banklara da o qədər az vəsait verilir. Bu isə bankların daha az kredit təklif etməsinə gətirib çıxarıb: "Kommersiya bankları İpoteka Fondundan aldıqları kredit vəsaitini milli valyuta ilə kredit formasında verirlər. İpoteka Fondu banklara nə qədər az vəsait verəcəksə, banklar da o qədər az kredit verəcək. Çünki kommersiya bankları öz vəsaitlərini ipoteka kreditləri formasında verməkdə maraqlı deyillər. Nəzərə alaq ki, İpoteka Fondunun təklif etdiyi kreditlər manatla verilir. Manatla verildiyi üçün cəlbedicidir. Sosial ipoteka illik maksimum 8, güzəştli ipoteka isə maksimum 4 faizlə verilir. Deməli, cəlbedicidir. Manatla verildiyi üçün bu, cəlbediciliyini qoruyub saxlayır. Ona görə ipoteka kreditlərinin məbləğinin azalması birbaşa İpoteka Fondunun müvəkkil bankları lazımi məbləğdə vəsaitlə təmin edə bilməməsi ilə bağlıdır. Bu da nəticə etibarilə müvəkkil bankların kreditləşməsinə təsir göstərir”.
"İpotekaya maraq azalmayıb”
V.Bayramovun sözlərinə görə, İpoteka Fondunun əsasnaməsinin tətbiqinin yubanması növbəti dövrdə də kreditləşməyə təsir göstərəcək, kreditlərin həcmində azalmalar müşahidə olunacaq: "Ölkə Prezidentinin sonuncu fərmanı İpoteka Fonduna birbaşa beynəlxalq bazarlara çıxış imkanı verir. Birbaşa beynəlxaq maliyyə qurumlarından vəsaitin cəlb edilməsi hüququ verir. İpoteka Fondu bu imkanlardan faydalanmağa çalışmalıdır ki, daha çox maliyyə vəsaitləri cəlb etsin və daha çox kredit verilməsini təmin edə bilsin”.
İqtisadçı deyir ki, sosial evlərin gündəmə gəlməsi ipoteka kreditləşməsinə marağı azaltmayıb: "İpoteka krediti götürmək istəyənlərin sayı çoxdur. Banklar kredit vermədiyi üçün azalıb. Banklar kreditləşməni bərpa etsələr, vətəndaşlar ipoteka krediti götürməyə başlayacaqlar. İpoteka təklifinin azalması ipoteka kreditləşməsinin sayına təsir edib”.
"Mövcud iqtisadi tendensiyalar ipotekaya əlçatanlığı azaldır”
Əmlak Ekspert Mərkəzinin rəhbəri Ramil Osmanlı ipoteka kreditləşməsinin demək olar ki, dayandığını bildirdi: "İlin yarısı tamamlanmaq üzrə olsa da, hələ ki il ərzində verilən ipoteka kreditinin sayı bəlkə də 10-a çatmayıb. Proses demək olar ki, dayanıb. Burada vəsaitlərin ayrılması, onların səmərəli istifadə və digər məsələlər aktualdır. Təxminən 2007-ci ilin sonu, 2008-ci ildə belə bir proses baş vermişdi. Yalnız 2009-cu ilin ortalarından yenidən ipoteka kreditinin verilməsinə başlanıldı. İndiki vəziyyət təqribən mənə onu xatırladır”.
R.Osmanlı bildirdi ki, Azərbaycanda ipoteka kreditlərinin verilməsi üçün indiki halda müəyyən zəruri addımlar atılmalıdır: "Düzdür, dövlət büdcəsindən 50 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Amma hələ ki maliyyələşmə getməyib. Eyni zamanda, İpoteka Fondunun özünün problemləri var. Bu da ondan ibarətdir ki, ötən ilin oktyabr ayında cənab Prezident Mərkəzi Bankın nəzdində fəaliyyət göstərən İpoteka Fondunun Səhmdar Cəmiyyətə çevrilməsi ilə bağlı sərəncam verdi. Müvafiq qurumlara 4-5 ay müddətində normativ hüquqi aktların, bazanın yaradılması və digər öhdəliklərin icrası, təqribən 2 ay müddətinə fondun nizamnamə və əsasnaməsinin hazırlanması, təsdiq olunması, eyni zamanda, bu prosesin işlək mexanizm halına gətirilməsi tövsiyə olunmuşdu. Amma təəssüf ki, müddət bitməsinə baxmayaraq hələ ki bununla bağlı konkret ciddi addımlar müşahidə olunmur”.
Yeni tikililərdə sənədləşmə məsələsinin yaratdığı problem
Çünki bir tərəfdən ağır iqtisadi şərtlər çərçivəsində ipotekanın şərtlərinə cavab verən əmək qabiliyyətli insanların sayı tədricən azalmaqdadır. Eyni zamanda, 2016-cı ilin büdcəsi təsdiq olunarkən minimum istehlak zənbilinin məbləği artırılıb, 140 manat civarında müəyyən edilib. Bu da o deməkdir ki, 4 nəfər ailə üzvü olan bir ailə başçısının əvvəlki kimi 800-850 manat civarında əmək haqqısı varsa, ipoteka götürə bilməz. Onun ən azından indiki şərtlərdə əmək haqqısı minimum 1100 manatdan yuxarı olmalıdır. Bu sadaladıqlarım ipoteka kreditlərinin verilməsində problemlərin mövcudluğuna işarədir. Məsələnin ən ciddi tərəfi ondan ibarətdir ki, hələ ki mövcud vəziyyətdə maliyyə qurumları, konkret desək, Maliyyə Nazirliyi ipoteka kreditlərinin verilməsinə o qədər də maraq göstərmir. Eyni zamanda, hətta ilkin ödənişlərin, faiz dərəcələrinin və s. azaldılması ilə bağlı hər hansı ciddi addımlar müşahidə olunmur”.
R.Osmanlı onu da bildirdi ki, indiki şərtlər daxilində ipoteka kreditlərinin verilməsi ciddi dəyişikliyə gətirib çıxarmayacaq. Çünki Azərbaycanda 1150-1200 manat əmək haqqısı olan insanların sayı xeyli dərəcədə azalıb. İpoteka kreditləşməsinin tikinti, əmlak bazarında canlanmaya səbəb olması isə şərtlərə ciddi dəyişikliklər ediləcəyi halda baş verə bilər: "Eyni zamanda, cənab Prezidentin dediyi kimi, bazara 200 milyon manat vəsait ayrılardı, mənzil sektorunda, xüsusilə ilkin mənzil bazarında paralel olaraq sənədləşmə problemləri həll olunardı. Nə qədər ki yeni tikililərdə sənədləşmə problemi həll olunmayıb, ipoteka bazarının əsas hissəsini məhz köhnə tikililər təşkil edəcək. Bunun da mənzil tikintisinə, tikinti sektoruna hər hansı formada təsiri olmayacaq.
Statistik rəqəmlərə baxsaq, görərik ki, ümumi ipoteka kreditləşməsində fərdi yaşayış evlərinin və yeni tikililərin payı olduqca azdır. Bu da onu deməyə əsas verir ki, ipoteka krediti ilə fərdi yaşayış evləri alanların sayı azdır. Bu proses hələlik sürətlənmə mərhələsində deyil. Yeni tikililərdə sənədləşmə probleminin mövcudluğu bu sahədə aparılacaq əməliyyatların qarşısını alır. Konkret olaraq həmin mənzillərin girov, ipoteka əməliyyatlarına cəlb olunmasına imkan vermir”.
"50 milyon manat ilin sonuna qədər istifadə ediləcək”
Millət vəkili Vahid Əhmədov deyir ki, əslində ipotekaya ayırlan məbləğdə azalma yoxdur. Problemin səbəbi başqadır: "Azalmalar əslində olmamalıdır. 2015-ci ilin büdcəsindən ipotekaya 40 milyon manat vəsait ayrılmasını nəzərdə tutmuşduq. Amma 2016-cı ilin dövlət büdcəsində 50 milyon manat ayrılması planlaşdırılır. Maliyyədə azalma yoxdur. İlin ilk 4 ayında devalvasiyadan sonra bir sıra problemlər yarandı. Maliyyə Nazirliyi Mərkəzi Bankla bir yerdə manatı qoruyub saxlamaq, inflyasiyanın azalması üçün maliyyə bazarında müəyyən qədər qıtlıq yaratdılar. Əlavə vəsait buraxılmadı. Ona görə də bu cür problem ilin əvvəlində özünü göstərib. Amma 50 milyon manat vəsait ilin sonuna qədər istifadə ediləcək. Orada heç bir problem yoxdur. Əsas məsələ 50 milyon manatda deyil, əlavə 200 milyon manatın bazara daxil edilməsi ilə bağlıdır. Hələlik bu məsələ öz həllini tapmayıb”.
Millət vəkili bildirdi ki, burada vacib məqam ipoteka şərtlərinin yüngülləşdirilməsidir: "İlkin ödəniş, faiz dərəcəsi, ümumi məbləğ - bu kimi məsələlərdə Azərbaycan hökuməti öz sözünü deməlidir. Bu istiqmaətdə müəyyən təkliflər səsləndirilib”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər