• cümə, 29 Mart, 05:09
  • Baku Bakı 7°C

Çinlə iqtisadi əməkdaşlıq üçün yaxşı potensial mövcuddur

02.06.16 10:53 1650
Çinlə iqtisadi əməkdaşlıq üçün yaxşı potensial mövcuddur
Prezident İlham Əliyev mayın 31-də Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaolinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Görüş zamanı ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərindən danışılıb. Gələcəkdə bu münasibətlərin daha da genişləndirilməsi məsələləri müzakirə edilib.
Ölkə başçısı Çin investisiyalarının iqtisadiyyatımızın müxtəlif sahələrinə yatırılmasının təqdirəlayiq addım hesab edildiyini qeyd edib. Çin şirkətlərinin Azərbaycanın inşaat sektorunda uğurla iştirak etdiklərini deyən Prezident İlham Əliyev ölkələrimiz arasında turizm, mədəniyyət, təhsil, enerji, nəqliyyat, yüksək texnologiyalar, kənd təsərrüfatı, rabitə-kommunikasiya texnologiyaları və digər istiqamətlərdə əməkdaşlığın inkişafı üçün yaxşı potensialın mövcud olduğunu vurğulayıb.
Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun daimi üzvü, Çin Xalq Respublikası Dövlət Şurası Sədrinin birinci müavini Can Qaoli əməkdaşlıq üçün bir çox sahələrin olduğunu deyib. Bildirib ki, Çin şirkətlərini Azərbaycan iqtisadiyyatına investisiya qoymağa təşviq edəcəklər.
Millət vəkili Tahir Mirkişili qəzetimizə açıqlamasında Çin ilə iqtisadi əməkdaşlığın böyük əhəmiyyətə malik olduğunu dedi. Bildirdi ki, Çin Xalq Respublikası dünyanın ən böyük ikinci iqtisadiyyatına sahibdir. Eyni zamanda, Çin dünyada ən çox investisiya ixrac edən ölkələr sırasındadır. Təkcə 2015-ci ildə Çin Avropa ölkələrinə 23 mlrd., ABŞ-a isə 15 mlrd. Dollar investisiya yatırıb: "Böyük İpək Yolu infrastrukturunun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması kimi beynəlxalq layihələrdə Azərbaycan və Çin arasında çox sıx əməkdaşlıq mövcuddur. Çin şirkətləri kommunikasiya texnologiyaları, infrastruktur layihələri, neft-kimya emalı sahələrində Azərbaycana investisiya yatırmaqda öz maraqlarını bildirirlər”.
Millət vəkili bildirdi ki, Çin Azərbaycanın ən iri 10 ticarət tərəfdaşından biridir. Çin şirkətləri ümumilikdə Azərbaycan iqtisadiyyatına 300 mln. dollara yaxın investisiya yatırıblar: "Hesab edirəm ki, Çin şirkətləri ilə əsasən kommunikasiya texnologiyaları və infrastruktur sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları mövcuddur”.
İqtisadçı Pərviz Heydərov bildirdi ki, Çin bütün sahələrdə çox böyük dövlətdir, dünyanın ikinci iqtisadi nəhəngidir. Belə bir ölkə ilə qarşılıqlı iqtisadi əlaqələr ölkəmiz üçün olduqca vacibdir: "Düzdür, bu əməkdaşlıq Çin tərəfinə də xeyirlidir, lakin Azərbaycanın qazancı daha çox ola bilər. Çinlə Azərbaycan arasındakı iqtisadi əməkdaşlıqdan danışarkən Prezident İlham Əliyevin keçən il bu ölkəyə səfərini xatırlamaq yerinə düşər. Səfər zamanı iki ölkə arasında əməkdaşlığa dair 10 sənəd imzalandı ki, bunlar sırasında iqtisadi nöqteyi-nəzərdən "Azərbaycan Respublikası Hökuməti və Çin Xalq Respublikası Hökuməti arasında "İpək Yolu İqtisadi Kəməri”nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu”nu, "Azərbaycan Respublikasının Nəqliyyat Nazirliyi və Çin Xalq Respublikasının Nəqliyyat Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu, "Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi ilə Çin Xalq Respublikasının Kommersiya Nazirliyi arasında ikitərəfli iqtisadi əməkdaşlığın təşviqi üzrə Anlaşma Memorandumu”nu, o cümlədən "Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti ilə Çin Xalq Respublikasının Milli Dəmir Yolu Administrasiyası arasında dəmir yolu nəqliyyatı sahəsində əməkdaşlıq haqqında Saziş”i xüsusən qeyd etmək lazımdır. Azərbaycan Çin ilə bütün istiqamətlərdə əlaqələri inkişaf etdirmək üçün çalışır və iqtisadi sahədə əməkdaşlıq sahəsində isə xüsusən yaxşı potensial mövcuddur”.
P.Heydərov deyir ki, bu gün Azərbaycana idxal olunmuş məhsulların ümumi dəyərində Çinin də payı var. Bu isə heç də az rəqəm ifadə etmir: "Statistik rəqəmlərə baxsaq, ölkəmizə idxal edilən məhsulların 13,7 %-i Rusiyanın, 10,9 %-i Birləşmiş Krallığın, 9,8 %-i Türkiyənin, 9,3%-i ABŞ-ın, 6,6%-i İtaliyanın, 5,5%-i isə Çinin payına düşür. Çin tərəfinin Azərbaycanın təbii sərvətlərinin işlənilməsində, neft-qaz emalı sahəsində yaxından iştirak etmək istəyi var: "Lakin ən mühümü, şübhəsiz ki, Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülən qədim İpək Yolu üzrə iqtisadi zolağın yaradılması təşəbbüsünün tam olaraq gerçəkləşməsi istiqamətində görülən işlərdir. Azərbaycan bu yolun üzərində yerləşir. Və dövlətimiz ölkədə nəqliyyat infrastrukturunun inkişafında son illər ərzində gördüyü işlər nəticəsində elə istiqamət götürüb ki, hər bir detal yüksək standartlar əsasında təmin edilib və bu iş sürətlə davam etdirilir.
Belə ki, Çin mallarının bu gün ölkəmizdən Türkiyəyə, oradan da Avropaya çıxarılması üçün əlverişli coğrafi mövqeyə malik olmağımız, üstəlik, həm də yüksək infrastruktur imkanlarımız Çin üçün ən böyük önəm kəsb edən məsələdir”.
İqtisadçının sözlərinə görə, Azərbaycana investisiya yatırılmasına nail olmaq üçün, Çin üçün cəlbedici ölkə olduğumuzu real olaraq sübut etmək baxımından indiyədək çox işlər görmüşük və bu, Pekinin nəzərindən heç də kənarda deyil: "Dövlət başçımızın Çinə səfəri zamanı bu ölkə şirkətlərini investor və podratçı qismində Azərbaycanda fəaliyyət göstərməyə çağırması qeyd olunan siyasətin tərkib hissəsi idi. Ölkəmiz sənaye istehsalında, texnoparkların yaradılmasında, informasiya-kommunikasiya texnologiyaları sahəsində Çin şirkətləri ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Çinin də Azərbaycandan qazana biləcəyi şeylər var. Çin şirkətləri əlverişli coğrafi mövqeyi, zəngin təbii sərvətləri, böyük enerji potensialı olan ölkəmizdə infrastruktur, istehsal, energetika, dəmir yolu və eyni zamanda, texnoparkların yaradılması sahələrində yaxından iştirak etməkdə maraqlı olduqlarını bildirirlər”.
Aygün Asimqızı
banner

Oxşar Xəbərlər