İnfrastruktur qurulub, gecə səfərə çıxmaq olar, amma...
Hər il milyonlarla yol qəzası olur ki, onların da bir çoxu gecə saatlarında
baş verir. Gecə vaxtı olan hadisələrin əsas səbəbi isə sürücülərin yorulmuş,
yuxulu vəziyyətdə sükan arxasında oturmalarıdır. Bu problem bütün dünyanı
narahat edir. Ona görə də, bu istiqamətdə olan problemləri həll etmək üçün
müxtəlif çıxış yolları təklif edilir. Məsələn, beynəlxalq təcrübəyə nəzər
salsaq, sürücülərin və digər vətəndaşların təhlükəsizliyini təmin etmək üçün
elektron bilərziklərdən istifadənin təklif olunduğunu görərik. Belə ki, bir
müddət əvvəl Latviyanın "Creative Mode”
şirkəti "STEER” bilərziyi layihəsini həyata keçirmək qərarına gəlib. Kiçikölçülü qurğu, sürücülərin yorulma zamanı yuxulamalarının
qarşısını alaraq özlərinin və ətrafdakı insanların həyatını avtomobil qəzası
təhlükəsindən qorumağa imkan verəcək. Trend ola biləcək bilərzik real
vaxt rejimində sürücünün ürək döyüntüsünü və dərisinin elektrik keçiricilik
qabiliyyətini monitorinq edən 15 ötürücü ilə təchiz edilib. Qurğu sürücünün
yorğunluğunun onun həyatı üçün təhlükəli səviyyəyə çatmasını müəyyənləşdirən
zaman, bilərzik onun əlinə az miqdarda elektrik enerjisi ötürəcək. Bu, insanı
yuxudan ayıltmağa və özünə gəlməsinə kömək edəcək. Cərəyan zərbəsindən sonra
orqanizmdə serotonin, noradrenalin və kortizol səviyyəsi yüksəlir, yuxu hormonu
melatonin isə əksinə, azalır. "STEER” qurğusu sürücünün
orqanizminin vəziyyətini daim izləyərək, onu təhlükədən qoruyacaq.
Akkumulyatoru bir dəfə enerji ilə doldurmaqla bilərzikdən 2 həftə istifadə
etmək mümkündür.
Bu kimi qurğuların isə qeyd edilən mövzuda nə qədər effektiv
olacağını tam istifadəyə verildikdən sonra demək olar. Ölkəmizdə isə gecə
saatlarında baş verən qəzaların qarşısını almaq üçün gecə reysləri ləğv
edilmişdi. Lakin gecə reyslərinin bərpa olunması təklif olunur. Belə ki,
Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) avtobusların paytaxtdan regionlara
gecə reyslərinin bərpa olunması ilə bağlı hökumətə təkliflər planı təqdim edib.
Bu barədə DANX-ın ictimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə
Allahyarova deyib. O bildirib ki, sərnişin daşınmasında təhlükəsizlik
tədbirlərinin gücləndirilməsi ilə əlaqədar 2010-cu il mayın 6-dan etibarən Bakı
Beynəlxalq Avtovağzal Kompleksindən şəhərlərarası istiqamətdə uzaq məsafələrə
yola düşən avtobusların qrafikində dəyişiklik edilib. Belə ki, gecə saatlarında
avtobusların Bakıya doğru və əks istiqamətdə hərəkətinə qadağa qoyulub: "Lakin
ötən 9 ildə yol infrastrukturunda ciddi irəliləyiş əldə edilib. Təhlükəsizlik
baxımından daşıyıcıların qarşısına qoyulan avtobus parkının yenilənməsinə dair
tələblər icra olunur, şəhərlərarası istiqamətdə fəaliyyət göstərən avtobusların
vəziyyəti yaxşılaşdırılıb. Buna görə də, avtobusların regionlara gecə reysləri
bərpa oluna bilər”.
Reyslər bərpa olunur, bəs,
təhlükəsizlik məsələsi necə, təmin ediləcək, bu istiqamətdə hansı işləri görmək
olar ki, bərpadan sonra peşmançılıq yaşanmasın?
Nəqliyyat
məsələləri üzrə ekspert Elməddin Muradlı qeyd etdi
ki, nəqliyyat sahəsində təhlükəsizliyin bərpası bir çox səbəblərdən zəruridir:
"Bir neçə il əvvəl gecə reysləri rəsmi qaydada ləğv edildi. Əvəzində bəzi
işbazların - qanunsuz sərnişindaşıma fəaliyyəti ilə məşğul olanların sayı artdı
və bunun nəticəsi də göz qabağındadır. Bu yaxınlarda baş verən, 8 nəfərin
öldüyü qəza buna nümunə ola bilər. Bunun kimi bir çox qəzalar məhz sürücünün gecə
yatmadan, yuxulu yola çıxmasından baş verib. Yəni bu kimi sürücülər şəxsi
nəqliyyatları ilə fəaliyyət göstərirlər. Bəzi insanlar da təhlükəsizliklərini
düşünmədən belə sürücülərə güvənib onunla birlikdə yola çıxırlar. Gecə qanunsuz
şəkildə reysə çıxan sürücülər məsuliyyətsizlik edirlər. İnanın ki, mümkün olsa,
gündə 4 dəfə reysə çıxarlar. Ona görə, bu sahədə müəyyən mənada nəzarətə, ciddi
dəyişikliyə ehtiyac var. Gecə reysləri mütləq şəkildə Dövlət Avtomobil
Nəqliyyat Xidmətinin nəzarəti altında avtovağzaldan avtovağzala hərəkət etməklə
bərpa edilə bilər. Amma burada xüsusi olaraq dispetçer xidməti yaradılmalıdır.
Məhz həmin dispetçerlər peşəkar sürücülərlə qrup yaradıb məsuliyyətli şəkildə
iş görmədilər. Gecə reysinə ən peşəkar sürücülər çıxmalıdır. Həmin sürücülər də
tək yox, növbətçi sürücü ilə birlikdə fəaliyyət göstərməlidir. Yəni bir
avtobusda iki sürücü olmalıdır. Biri yorulanda, özünü halsız hiss edəndə digəri
onu əvəzləməlidir. Qeyd etdiyim metod beynəlxalq təcrübədə də istifadə olunur. Bu
baxımdan qanunsuz fəaliyyətlə məşğul olan, insanları ölümə aparan sürücülərin
xidmətinin üstündən xətt çəkib, onları lazımı səviyyədə cəzalandırmaq lazımdır”.
Nəqliyyat
məsələləri üzrə ekspert Azər Allahverənovbildirdi
ki, gecə saatlarında baş verən qəzalar gecə reyslərinin dayandırılmasına səbəb
olmuşdu. Yəni həmin qərar qəbul edilənə qədər kifayət qədər ağır qəzalar olmuşdu:
"İstər-istəməz, təhlükəsizlik məsələsi gündəmə gəldi və nəticə etibarilə gecə
reysləri ləğv edildi. Bəzi hallarda yol infrastrukturu da qəzalara səbəb olurdu.
Digər tərəfdən hər yerdə müşahidə kameraları yox idi. Bu sadaladıqlarımın
hamısı gecə reyslərinin ləğvinə təsir edən amillərdir. İndi isə vəziyyət
dəyişib. Artıq bir müddətdir ki, gecə reyslərinin bərpası ilə bağlı danışıqlar
gedir. Bilirəm ki, burada vətəndaşlarımızın da müəyyən qədər rolu var. Belə ki,
gecə reyslərinin bərpası ilə əlaqədar çoxsaylı müraciətlər olub. Yol
infrastrukturunun yaxşılaşdırılması, magistral yollarda müşahidə kameralarının
quraşdırılması və s. bu kimi məsələlər gecə reyslərinin bərpasına zəmin yaradır”.
Günel